Gecənin vahiməsi

 (hekayə)

Vahid MƏHƏRRƏMOV

(əvvəli ötən sayımızda)

Ondan eşitdiyimiz sözlər bizi sevindirdi. Di gəl ki, sevincimizin uzun sürməyinə imkan verməyən Fətəli dedi:

- Bu, o qədər inandırıcı deyil. qədər ki, kolxozun qoyun sürüləri yaylağa getməyib, canavarlar qışlaqdan uzaqlaşan deyil. Diqqətli olun, bəlkə yırtıcılar yan-yörəmizdə fırlanıb bizi güdürlər.

Fətəlinin sözündən sonra həyəcanımız bir az da artdı. Daxilən qorxu hissləri keçirsəm , üzdə özümü ürəkli göstərir, hələ arada qızlara təskinlik verirdim. Əgər özümü qorxaq göstərsəydim, onlar sabah məktəbdə mənə lağ edib güləcəkdilər.

Qismət düz deyirdi, vahiməli gecədən sağ-salamat çıxmaq üçün ehtiyatlı olmalıydıq. Daha durduğumuz yerdə, əcəl gəlməmiş ayağımızı uzadıb ölməyəcəkdik ki. Bu bizim üçün ağır bir sınaq idi. Gərək mübarizə aparaydıq, düşdüyümüz bu işdən kişi kimi çıxaydıq. Məhəmməd hamımıza təskinlik verib deyirdi ki, qorxmayın ürəkli olun.

Bir görəcəksiniz ki, budur, sağ-salamat kəndə çatmışıq. Yorulsaq da ruhdan düşmür, addım-addım irəliləyirdik. Onu dəqiq bilirdik ki, istiqaməti düz seçmişik. Şükür, qaranlıq düşəndən bəri ilana, əqrəbə, canavara rast gəlməmişdik.

Amma yaman yorulmuşduq, aclıq, susuzluq da bir tərəfdən bizi əldən-dildən salmışdı. Suyumuz tamam qurtarmış, dodaqlarımız qurumuşdu. Danışmağa, ağzımızı açıb bir kəlmə kəsməyə ərinirdik. Bir-birimizlə asta-asta, pıçıltı ilə danışırdıq. Həmişə eşitmişdim ki, mal şirin olar. Doğrudan da beləymiş. Bu qədər yorulmağımıza, qorxmağımıza baxmayaraq, ağzınacan şomunla dolu iri torbaları çiynimizdən yerə qoymurduq.

Ay doğandan sonra ətraf bir az aydınlaşdı. Elə bil ürəyimizə işıq düşdü. Gecələr qaranlıq səmanın yaraşığı olan ulduzlar heç nədən, heç kimdən qorxmadan arın-arxayın sayrışırdılar. Əsən sərin meh yovşanın, gül-çiçəklərin xoş ətrini ətrafa yayırdı.

Ayın zəif işığı çöllərə, dərələrə süzülüb gözəl mənzərə yaradırdı. Bir-iki saat əvvələ baxanda indi ayağımızın altını görə bilirdik. İsaq-Musaq quşlarının səsi güclə eşidilirdi.

Deyəsən, getdikcə onlar bizdən, biz onlardan uzaqlaşırdıq. Ayaq səslərimizdən bir torağayların qəfil pırıltısından başqa heç eşitmirdik. İrəli addımladıqca geniş çöllər, sıralanıb bir-birinə söykənmiş dərələr ötüb bizdən arxada qalırdı.

Hərdən oturub dincəlir, düşdüyümüz vəziyyətə özümüz gülürdük. Bir vaxtlar oxuduğumuz əsərlərin qəhrəmanlarının başlarına gələn qorxulu hadisələri indi özümüz yaşayırdıq. Heç bilmirdik ki, durduğumuz yerdə bizi haqlamış təhlükə harada bitəcək? Kəndə sağ-salamat gedib çata biləcəyikmi?

Gecə yarıdan keçmişdi. Qaranlıq düşəndən bəri xeyli yol getsək , bir tərəfə çıxa bilməmişdik. Deyəsən, kəndə hələ çox qalmışdı. Gündüz olsaydı yəqin ki, evə çoxdan çatmış olardıq.

Məsafənin belə uzanmasından şübhələnib tez-tez bir-birimizdən soruşurduq ki, görəsən, yolu düz gedirik, azmamışıq? Yaxınlıqdakı qaratikan kollarından, iri daş qayalardan tanıyırdıq ki, deyəsən, kəndə az qalıb. Dözümlü, səbirli olsaydıq, sağ-salamat evə çatardıq. Tez-tez sırada yerimizi dəyişirdik. Gah mən qabaqda gedirdim, gah Qismət, gah Məhəmməd, gah da Fətəli.

Bir az irəliləmişdik ki, uzaqdan çaqqalların ulaşmasını eşitdik. Ayaq saxladıq, bir-birimizə sığınıb yerə çökdük. Bir neçə dəqiqə susub sakitcə onların səsinə qulaq verdik. Deyəsən, ulaşma aşağı tərəfdən gəlirdi. Aramızdakı məsafə çox deyildi. Çaqqallardan elə qorxumuz yox idi. Eşitmişdik ki, bu heyvanlar insanların üstünə o tək olanda hücum çəkirlər. Bizsə, maşallah səkkiz nəfər idik. Yolumuza çaqqallar ulartısını kəsəndən sonra davam etdik.

Arada sakitlik olanda hərdən torpağın altından ürək döyüntüsünə bənzər ritmik səslər eşidirdik. Bunu hiss edəndə əvvəl bir az duruxduq, çaşıb qaldıq. Zəlzələ baş verdiyini zənn etdik. Amma sonra fikir verəndə gördük ki, yerin dərinliyindən gələn səs kəsilmir. Elə asta-asta dayanmadan döyünür. Deyəsən, çöl düzlərin insanlar kimi ürəkləri var idi. Gecənin qaranlığında aram-aram öz ritmi ilə vururdu. Yəqin elə bu döyünən yerin, kainatın, dünyanın ürəyi idi. Gündüzün səs-küyündə bunu eşitmək olmurdu. Gecənin sakitliyində isə biz yer kürəsinin ürək çırpıntılarını aydınca hiss edirdik. Bəlkə dünyanın ürəyi elə bizim dərə-təpələrin altındaydı. Ona görə bu yerlər belə gözəl yaraşıqlı, torpağı bərəkətli idi.

Qəflətən qarşımıza bir ilan çıxdı. Tez ayaq saxlayıb geri çəkildik. İlan əvvəlcə başını qaldırıb o tərəf-bu tərəfə boylandı. Hiss etdik ki, deyəsən, üstümüzə atılmaq istəyir. Bir müddət hərəkətsiz dayanandan sonra başını çevirdi, cığırı keçib öz yolu ilə sürünüb getdi. Şükür, hər şey yaxşı qurtardı. Təhlükənin sovuşduğunu görüb özümüzə gəldik, dərindən nəfəs alıb kəndə tərəf üz qoyduq.

Özümüzü unudub evdəkiləri düşünürdük. Fikirləşirdik ki, yəqin onlar bizdən narahat olub dərə-təpələrə üz tutaraq bizi axtarırlar. İndi doğmalarımız da bizim kimi qaranlığa bürünmüş çöllərdə əsir-yesir idirlər. Axı valideynlərimiz, yaxınlarımız bizi harada axtara bilərdilər? Güman min yerə idi. Onlar hara gedəydilər, hara üz tutaydılar? Qarşıdakı hündür dərəni aşıb çaylaqla xeyli qabağa getdik. Birdən Bənövşə həyəcanla qışqırıb dedi:

- Ora baxın, ora baxın, qarşıdakı dərənin üstündə tez-tez işıqlar yanıb-sönür, məşəllər yellənir, yəqin ki, onlar bizi axtaran doğmalarımızdır!

Tez Bənövşə deyən səmtə baxdıq. Ordakı işıqları, məşəlləri görəndə ürəyimiz yerinə düşdü, gözlərimizdə sevinc parladı. Addımlarımızı yeyinlədib dayanmadan qabağa qaçdıq. Daha ilandan, əqrəbdən qorxmağı yaddan çıxarıb necə gəldi yüyürürdük.

Bir az irəliləyəndən sonra qarşıdan gələn səsləri eşitdik. Dərənin üstünə toplaşanlar gecənin bu vədəsində axtarışığımıza çıxmış yaxınlarımız doğmalarımız idi. Bu geniş çöllükdə, dərə-təpələrin ətəyində, zülmət bir gecədə qurd-quşa yem olmayıb sağ qalmışdıq. Sanki qollarımıza, ayaqlarımıza güc gəlmişdi, sevincdən yaşarmış gözlərimiz elə bil işıqlanmışdı. Qızlı-oğlanlı hamımız şomun dolu torbaları çiynimizə ataraq cığırla qabağa qaçırdıq. Mən ürəyimdə böyük məhəbbət bəslədiyim, amma ürəyimi aça bilmədiyim Gülcamalla yanaşı adımlayırdım.

Axtarışımıza çıxan yaxınlarımız Quru dərənin ən uca nöqtəsində - Küm qayanın yanında dayanmışdılar. Gecənin qaranlığında yanan məşəllərin sayı-hesabı yox idi. Hiss olunurdu ki, orada xeyli adam var. Deyəsən, kənddə hamı bir-birinə dəymişdi, camaat bizi axtarırdı.

Çaylaqdan keçdikcə xırda daşlar ayaqlarımızın altında qalıb kənara sıçrayırdı. Qaçmaq, uçmaq, doğmalarımıza bir az da tez qovuşmaq istəyirdik. Yuxarıda dayananlar yenə də bizi çağırırdılar. Biz də qışqırıb onlara hay verirdik. Sevincdən ağlayırdıq. Qəribə idi, nə qədər yorğun-arğın, üzgün olsam da, bizi haraylayıb çağıranların içində anamın və qardaşımın səsini aydınca eşidirdim.

Ədalət  2019.- 1 mart.-  S.7.