Qafar Cəfərlinin
nəsri haqqında bəzi qeydlər
(əvvəli ötən sayımızda)
Qafar Cəfərlinin kitabında üç novella
("Koma", "Alıcı" və "Hədiyyə")
maraqlı, həqiqətən gözlənilməz əhvalat
üzərində qələmə alınmışdır. Qeyd edərdim ki, nəsrimizdə
bu "törəmə janr"a az hallarda
rast gəlirik; səbəbi "hekayə"dən fərqli
olaraq əhvalatın - hekayətin oxucunun yoza bilmədiyi,
gözləmədiyi şəkildə qurtarmasıdır. Xatırladaq ki, rus nəsrində bu janrın ən
kamil yazarı Anton Çexov, bizdə isə Mir Cəlal
olmuşlar. A.Çexovun
"Çinovnikin ölümü"nü vaxtilə orta məktəb
dərsliyinə salmışdılar. Deməli,
novellanı hər hekayəçi yazmır, yaxud mövzu
tapmır.
Qafarın
iki novellası: "Koma" və "Alıcı"
omonim-qrammatik anlayış (termin) üzərində
qurulmuşdur. Düzü, mən
başlığı oxuyanda komanı tibb baxımından, xəstənin
ağır vəziyyətində təsəvvürümə
gətirdim. Sən demə, yanılmışam və bu halıma sevindim o baxımdan - müəllifin nəsr
təfəkkürünün çevikliyinə,
axtarışına. Bir də
personajlarının psixologiyasını məharətlə
çatdırmasına. Nağının
və Davudun xarakterlərini yazıçı zərif
örtükdən çıxarır, dialoqları ilə
özlərinin psixologizmini göstərir. Biz insanlara məxsus münasibətlərimizdəki
soyuqluq, axtarıb tapmamaq vərdişimiz və ilaxır.
Bu dəfə Davud qohumu, Nağının
müəllim qardaşı Tağını soruşur, durumu
ilə maraqlanır. Müəllif ustalıqla müəllim
tayfasının məişət qayğılarının
heç də yaxşı olmadığına işarə
vurmasını alqışladım bir pedaqoq - müəllim
kimi: "Altmış yaşından üç-dörd ay
ötmüşdü ki, bərk xəstələndi. Həkimlərin məsləhəti ilə müəllimlikdən
bir dəfəlik ayrılıb həyət-bacasını əkib-becərməyə,
mal-qara saxlamağa və repetitor kimi ildə
üç-dörd uşaqla məşğul olmağa
başladı. Bu epizodun
xatırlanmasına böyük dəyər verirəm, ona
görə ki, nəsrimizdə titullu yazıçılar da
müəllim həyatına, ömrünü siniflərdə
yaşayan müqəddəs peşə sahiblərinə
müraciət etmirlər. Çünki
onlar müəllim-məktəb həyatından bixəbərdirlər,
az-çox yazanlar da müəllim xarakterini təhrif edirlər
(yaxşı ki, yazmırlar). Qafar Cəfərlinin
novelladakı qısa süjet çərçivəsinə
salınmış həyatı, sonda kiçicik komada
yaşaması bir povestə dəyər. Biz
onun da şahidiyik ki, təcrübəsinin kulminasiya
vaxtında - 60 yaşlarında müxtəlif süni bəhanələrlə,
kağız üzərində donmuş əmrlərlə təqaüdə
urvatsız yola salınması cəmiyyətimizə yalnız
xəcalət gətirir. Cüzi təqaüdün
ucbatından şərəfli ad daşıyan, halal
maaşı ilə dolanan, yüksək rəsmi vəzifədə
olanlara dərs deyən müəllim hətta naxıra gedir! Bəli,
bu, cəmiyyətimizin novellasıdır! "Faciə"
sözünü yazmağa əlim gəlmədi. Bəli,
Qafar Cəfərlinin əzabla yazdığı kimi: "Mən
dedim ki, Tağı müəllim komada, yəni köhnə,
balaca evində qalır".
Yazıçı Q.Cəfərlinin novellalarında məişətimizin,
quruluşumuzun daha ağrılı yerlərinə toxunulur. Yaşamaq, haqqını
almaq üçün süni baryerlərlə
qarşılaşırlar, halal pulları əllərindən
alınır "Alıcı"da olduğu personajlar vasitəsilə:
qızlarına elçi gəlib, ailə quracaq ata Elqəm və
ana sevinirlər. Bəs el adətilə
qızları Əminəyə cehiz qoşmalıdılar,
buna isə maddi imkanları yoxdur, çarə oğlanları
(Rusiyaya çörək pulu qazanmağa getmişdir, bu isə
daha acınacaqlı vəziyyətdir) üçün
ayrılmış torpaq sahəsini satmasıdır,
alıcı tapmaqdır. Tərəddüdlər,
ata etirazı, ana əzabı və əlacı kəsilmiş,
razılığa gəlmək. Bu yolda idarələrin
qapısını döyən, çox ustalıqla ondan
rüşvət götürən məmurların həyasızlığı,
Elqəmin etirafı: "Öz halal torpağımı satmaq
üçün kəndin icra nümayəndəsi, bələdiyyəsi,
torpaq şöbəsi və kadastr idarəsi arasında bir
aydan çox süründüm. Hər birində
də işi elə qurdular ki, yalvara-yalvara pul verdim. Artıq beşinci dəfədir ki, bura reyestr idarəsinə
gəlirəm".
Novellada Alıcı adlı şəxs, şöbə
müdiri imiş, soyadı Bacarani. Hansı ki, o, mənfi adam, Pənahın tayı deyilmiş:
"Müəllim abırrı adama oxşayır, onu incitməyək.
Kupçasını hazırlayıb verin" -
deyir. Maraqlı bir nüans da novellada yox deyil: həm
hadisə, həm də şöbə müdirinin özü
gözlənilməz təsiri oyadır. "Hədiyyə"
də maraqlı hadisə üzərində qurulmuşdur.
Məktəb həyatının bir
parçası təsvirini tapmışdır. Qafar Cəfərlinin "ədəbi təcrübəsi"
daha bir uğurunun üstündən keçmədən
alqışlamaq yerinə düşər. "Saatın
61-ci dəqiqəsi" nəsr kitabında "Namus
yarası", "Xəyanət" və "Xoşbəxt
əsirlər" adlı üç dedektiv povesti
verilmişdir. Bu janrın uğur qazanması təbiidir,
müəllifin mövzunu seçməsi, hadisələri macəraçılığa
aparması və oxucunu intizarda saxlaması. Bu sıraya yazıçının konkret təhkiyəsini
də əlavə edərdim. Nəsr
nitqinin (dialoq da istisna deyil) mühüm forması mülahizə,
diskurs mühakimədir. Hər bir söz,
işarə olacaq (yaxud olmuş) hadisələrin
"yolunu" açır, baş verən əməliyyatlar
yazıçı düşüncəsi və təhlilinə
ehtiyac yaradır. Məsələlərin
həm sosial, həm də mənəvi aspekdə qoyuluşu bəzi
rakurslardan aydınlıq gətirir. Bu
sözləri Qafar bəyin dedektiv povestlərini oxuyandan sonra
deməyi özümə borc bildim. Və məşhur ədəbiyyatçı
X.L.Borxesin: "Ədəbiyyat - idarə olunan uyğudur"
- fikrini xatırladım. Necə ki, Q.Cəfərli
hadisələri bədii situasiyalarda, səs-küysüz, təmkinlə
məcrasına qoyur və ideyalara çevirir. "Namus yarası" povesti, hərçənd,
oxucuya bir növ mövzunu yozdurur (bu, olmasa daha
yaxşıdır, ad seçməklə bağlıdır),
lakin oxucu əhvalatların sosial-əxlaqi mahiyyətinə
varanda düşünməli olur. Ailə-məişət
zəminində baş verən, bacısının (bəlkə
də digər bacısı Kubranın) namusu qonşu Rafiq tərəfindən
tapdalandan sonra Xəyalənin acı taleyini görürük.
Əsərin iki (bəlkə də üç)
görünən tərəfi ibrət almağa zəmanət
verir. Birincisi ailədə atanın
nümunə olması, övlad tərbiyəsində rolu məsələsidir.
Xəyalənin atası bu mühüm
funksiyanı itirmişdir, uşaq üstə ölən anadan
sonra özü üçün yaşayan ata və ailənin
ağır maddi yükünü erkən daşıyan Xəyalə
obrazlarını son vərəqədək izləyirik. Xəyala hətta Dağıstana gedir, aylarla alver
edib pul qazanır, ailəni dolandırır. Bu isə Xəyalənin açıq etirafı
olmasa da məntiqlə iki bacısını
başlı-başına buraxmaya, qonşu Rafiqin evində
qulluqçu kimi işləməyə gətirir və Xəyala
bununla əsla barışmaq istəmir, əvəzində
ömrünü doğmalarının yaxşı
yaşamalarında görür. Polis zabiti Əli Zaminli
ilə söhbətində hisslərini gizlətmir: "Mən
əvvəlki qaydada yenə evə gəlib-gedərdim. Yenə istəyim çıxırdı, amma mən
ərə getməyə razılıq vermirdim. Mənim
bacı-qardaşım sahibsiz, imkansız qalacaqdısa, mən
necə xoşbəxt ola bilərdim? Bircə
onları el qaydası ilə, ləyaqətlə yerbəyer edə
bilsəydim!. Kubradan xahiş
edirdim ki, Rafiqin evində işini görüb qurtaran kimi tez
qayıtsın". Bu duyum Xəyalənin
daxilindən gələn xəbərdarlıqdı. Arvadı ölmüş bişərəf
qonşunun atacağı binamus addımın səsiydi və
biçarə qız yanılmamışdı. Bu məsələdə
Qafar bəy bir pedaqoq kimi hadisələrə yanaşır,
obrazlarının davranışını ortaya qoyur: nəzarətsizliyin
acı nəticələri uzaqda deyil, qonşuluqdadır, od alışıb hər şeyi kül edər,
necə ki, yandı da! İkincisi qisas məsələsidir
ki, Rusiyada yaşayan Rafiqin Elşad adlı oğlunun kəndə
pis niyyətlə dönməsi və atasının qazda
boğulmasının baiskarının Xəyalə
olduğunu yəqinləşdirib, onu öldürmək və
aradan çıxmağa hazırlaşmasıdır.
Sual yaranır: Bacısı Şəfiqənin namusuna
sataşan, hətta ondan hamilə qalan Rafiqin
amansızcasına məhv edilməsi Xəyalə tərəfindən
nə dərəcədə düzgün addımdır. Əli Zaminli demişkən, bir qarışqanı
yaratmaq iqtidarında olmayan insan - Xəyalə
haqlıdırmı? Bu hərəkət,
yoxsa qadın hikkəsidir, ruhi həyəcanın - akselerativ
yaşantıdır? Bu hərəkəti
müəyyən niyyətlidir - dizpozisiyalıqdır? Bu hərəkət vəhşilikdir -
hanniballıqdır? Hər üçü və daha əlavəlisi
də ola bilər. Üçüncüsü
hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların
operativliyi, yeri gələndə "yazılmamış
qanunlara" rəvac vermələridir. Bu
sonuncunun povestə daxil edilməsi eyni zamanda Qafar Cəfərlinin
ədəbi cəsarətidir, icraçısı polisdə
şöbə rəisinin müavini Əli Zaminlidir (bu obraza
yazıçının bir hekayəsində və povestində
də rast gəlirik) və inandırıcı hərəkətlər
edir. Cavanlığı, sağlamlığı həbsxanada
sovrulmuş, 12 il barmaqlar altında vərəmə
tutulmuş bir namuslu azəri-türk qızının binamus,
ləyaqətsiz kişini ölümə məhkum etmişi təzədən
həbsə almaq nə dərəcədə Allaha xoş gedərdi?
Əli Zaminli Xəyalənin səmimi, yana-yana
söylədiklərini, əməllərini dinlədikcə
haqlı olaraq bu kriminalda belə, daxili təmizlənməni -
katarzisi duyur və qarşısındakına haqqa
qazandırır.
Xəyalə Rafiqin mənzilinə gəlir, onun
etirafını eşitsəydi güman ki, qəzəblənməzdi,
mezantronik xasiyyətli adamı bağışlayardı. Əvəzində nə
eşidir bacısını ləkəyən bir əclafdan:
"Elə fikirləşirdin ki, Şəfiqəni
özümə arvad edəcəyəm? Bir
gün ölsəm var-dövlətim də sizə qalacaq?
Elə sizin kimi cındırlarla qohumluğum
çatmırdı! Axmaqlar! Layiq olsaydınız,
elə Kubra ilə evlənərdim də. Öz
yerinizi bilin. Bu evdə keyf görməyiniz elə sizə
bəsdir! Beləsini daha heç yerdə görə bilməzsiz!
Bu cür rahatlıq, cah-cəlal! Kubra da əl
çəkmirdi. Başa saldım, o, tez
başa düşdü". Və sair
kişiyə və kişiliyə sığmayan çərənləmələr.
Povestdə Xəyalə obrazlı güclü
alınmışdır, hətta oxucu əsərin
dedektivliyini ikinci plana keçirir, xalis mənəvi-əxlaqi
prizmada onu təsəvvür edir. Cavan, sağlam qız
olasan namusu tapdalayan güclü kişini və namusu
oğurlanan zərif bacısını qətlə yetirəsən,
sonuncunu boğasan! Xəyalə
danışdıqca ürəyini boşaldır, sakitləşir,
sirr saxlamır. Ondakı namusun, bu namusun
qisasını çıxmaq həddinə
çatdırır özünü, bu psixoloji məqamlarda
medibasiyaya vadar edir, yəni dərin fikri və hissi birləşmədə
axtarıb tapır, ağır namus yükündən xilas
edir varlığını. Lakin
yazıçının ustalığını qiymətləndirərdim;
Xəyalənin haqqına atdığı bu addım
hendofnik-həzzalma deyil personajının
tolerantlığından irəli gəlir.
Qafar Cəfərlinin "Xəyanət" povesti bir ailənin
faciəsi üzərində yazılmışdır. Hümmət
kişinin arvadı Türə, qızları Maya və səkkiz
yaşlı Könüldür. Onların
həyat tərzi, Hümmətin əvvəllər, qəzaya
düşməzdən əvvəl yaxşı
yaşamaları, sonradan təkayaqlı olaraq arvadı və
böyük qızı tərəfindən
"atılması" məişət səviyyəsində
oxucuya təqdim edilir. Hümmətin əsgər
yoldaşı Əli Zaminlinin bu hadisəni eşidib
başsağlığı üçün dostugilə gəlişi
dərdi təzələyir və cinayətkarın - qatilin
mütləq tapılmasını xahiş etməsi povestin
süjet xəttini daha da zənginləşdirir. Bu şəxsi
- Əli Zaminlini təkrarən iş başında (təqaüddən
sonra), kriminal aləmdə görürük: yenə peşəsində
ayıq və mahir, dostluqda sadiq və ədalətli
görürük. Bu məsələdə elə
düşünürəm ki, yazıçı "köhnə,
bişmiş kadr" məsələsində bir
çağırış edir ki, yaş məsələsi,
xüsusilə, kriminal (və müəllimlikdə) aləmdə
son dərəcə lazımlı fiqurlardır.
Əslində cavan müstəntiqlər onlardan öyrənməlidirlər;
rəis Rəşid Mürsəlov vaxtilə Əli Zaminlinin
işçisi olmuşdur, cari cinayətin
açılmasında rolu az deyilg
Povestdə
"Namus yarası"nda olduğu kimi, cinayətin fərqli
olaraq "görünməyən" tərəfilə tanış oluruq. Xəyalə
aşkara cinayətə əl atmış, bacısını
və Rafiqi qətlə müxtəlif vəziyyətlərdə
yetişdirmişdir. Və diqqət Xəyalə
obrazının mənəvi əzablarına yönəldilmişdir,
"Xəyanət"də əsas diqqət ata Hümmət
kişinin ağır itkilərdən, xüsusilə,
Könül körpəsinin ölümündən təsirləndiyi
diqqət mərkəzində dayanır. Lakin
Qafar Cəfərli kriminal məsələlərin mahiyyətinə,
onun açılması mizanlarına üstünlük verir.
Mən fikrimdə israrlıyam ki, müəllif
bu məsələləri yaxşı bilir, kritik
situasiyaları peşəkarlıqla "açır",
bunu Əli obrazının simasında təsvir edir. Bu, dedektiv müəllifləri üçün
xarakterikdir, sırf macəraçılığa yol
açmamaqdır, janrın tələblərini gözləməkdir.
Məsələn: Adətən, belə çətin məqamlarda
dara düşən insan özünə yaxın adamla təmas,
ondan kömək ummağa çalışır. Qaynatası ilə dostluğumu bilirsə, demək, məni
də özünə yaxın, məhrəm hesab etməlidir.
Bu inamı qazana bilsəm Qadir ürəyini mənə
açacaq. Yaxud: "Qadiri dinlədikcə Zaminli onun
gözlərində bir qorxu, səsində bir titrəyiş
olduğunu hiss etdi. Bu, səbəbsiz ola
bilməzdi. Uzun illərin təcrübəsi
imkan verirdi ki, günahkarlarla günahsızın səs tonunu,
danışıq tərzini, göz ifadələrini,
mimikasını bir-birindən ayıra bilsin. Bir anlıq ona elə gəldi ki, Qadir hadisə ilə
bağlı nəsə bilir və ya nəyisə gizlədir.
Əməliyyat fəndinin vaxtı idi: birbaşa həmlə
xarakterli qəfil sualla müsahibini şoka salmaq". Q.Cəfərlinin
"Xoşbəxt əsirlər"i də səviyyəli,
günün, ilin, əsrin ən yaralı nöqtələrindən,
insanların (cinayətkarların) insanlıq müstəvisindən
"oyana" çıxmasından bəhs edir və biz yenə
də əməliyyatçı-polis zabiti Əli Zaminli ilə
qarşılaşırıq.
Qafar Cəfərlinin bu üç dedektiv povestində təbii
ki, paralellər yox deyil, orada cinayət prosesləri
mövcuddursa, açılırsagoxşarlıq inkaredilməzdir. Məncə, müəllif
bu "triada"nı bir başlıq
altında ayrılmaz şəkildə versə daha məqsədəuyğun
olardı, oxucu hadisələri bir-birindən həm
ayırıb, həm də birləşdirib qavrayardı. Buna əsası Əli Zaminlinin baş qəhrəman
olması da əsas yaradır. Nəsrdə
"tendensiyalı roman" anlayışı vardır ki, bu ədəbi
məhsulu əsərin həcmilə yox, müəllif fikrini,
ideyasını yeni ənənələr (tendensiyalar) çərçivəsində
təsdiqləyir. Bu "üçlük"də
ambivalentlik - hisslərin, həyəcanların ikili mahiyyətini:
simpatiya və antipatiyanın sonu haqqında oxucuda təsəvvür
yaranır və düşünməli olursan: bu cinayət
(yaxud hərəkət) nə üçün baş verdi, buna ehtiyac vardımı? Günahsız
insanı öldürməyə dəyərdimi? Bəlkə
insan həyatına "uf" belə demədən qəsd
edən adam üçün
dünyanın sonudur? İstədiyini həyata keçirsin,
sonrasını Allah bilər! Dedektiv əsərlərdə
teza və antitezalıq: dəlil və əks dəlil
aparıcı olur ki, kriminalistlər üçün bu
yanaşmanı obyektiv araşdırıb açmaq vacib faktor
sayılır. Sadaladığım və sadalamağa imkan
tapmadığım anlamımı, yozumumu Qafar Cəfərlinin
həm hekayələri (novellaları da), həm də povestləri
verdi, daha başqa nüanslar da həmçinin.
O, sanki mövzunun tapılması üçün
darıxmır, çün, təhkiyənin
axarlığı da bunu göstərir, oxucu
"ilişmir" nahamvar yolla gedərkən. Hadisələr,
onların davamı və açılması
yazıçı düşüncəsinin öz predmetinə
istiqamətlənir və sözlər ( müəllifin
dili) bir-birini tamamlayır, məna çalarlarının
üzərinə işıq salır.
Qafar Cəfərlinin nəsr poetikasında Söz dilin
materialı olmaqla yanaşı, linqvistik baxımından
sözün (kəlamın) yaşamasının spesifik
predmeti müəllifin dil təfəkküründən
qaynaqlanır.
Sözün bütövlük funksiyası fərdi
üslubu formalaşdırır. Qafar Cəfərli
yeri gələndə praqmatik süjetə üz tutur, bu, meyl
hekayələr üçün səciyyəvidir ("Səbir",
"Dəyyus", "Çənlibel"də) və
alınır. Yazıçının təsvir
yaddaşı güclüdür, təbiətin fantomu hadisələrin
açılmasına xidmət edir. Mən
Qafar bəyin nəsrində yeni sözlərlə, terminlərlə,
ifadələrlə qarşılaşdım, zəngin
lüğət fondu gənc yazıçı
üçün lazımlı materialdır. Xüsusilə,
sözün deferensiyası, yəni müxtəlif dil
üslubu, sosial dialektlər, peşə ifadələri
(Jarqondan istifadə etməmişdir) və sair maraq doğurur
və gələcəkdə daha iri həcmli romanlar, povestlər,
hekayələr qələmə almağa imkan verir. Bu sıraya yazıçının monoloji və
dialoji nötqini də əlavə edərdim.
İstedadlı
- bu ifadəni - fikri yazıçı Qafar Cəfərlinin
barəsində yazdığım kitabın kontekstindən
çıxış edib, onun nəsr
yaradıcılığında işıq gördüm, nəsr
poetikasına xas ədəbi nüansları sezdim və
ümidləndim ki, ədəbiyyata peşəkar
yazıçı ayaq basmışdır, bu çətin,
iztirablı və sevinc bəxş edən aləmdə rahat nəfəs
almağa qadirdir. Yazıçıya nə lazımdır:
mövzu seçimi və nəsr üslubu, dil (səs)
ponifonikliyi və təhkiyə sadəliyi, obrazlarının
mövcud cəmiyyətin içindən çıxması və
əksliklərdən çəkinməməsig Daha nə
qalır: yeni əsərlərə imza atmaqla oxucusunun
psixologiyasını bütövləşdirmək.
Mən buna inanıram.
P.S. Bir məsələyə
toxunmağı lazım bildim və istəmədim
"açıq" qalsın, çün,
yazıçının fərdi yozumunun əleyhinə
çıxmaq düzgün olmazdı, eləcə də yaradıcılığına
münasibətini bildirən oxucu da fikrindən keçəni
gizlətməməlidir. Ölüm anlamı
qırmızı xətlə keçir, obrazları (qəhrəmanları)
hansısa səbəblərdən dünyalarını dəyişirlər,
hətta bir əsərdə yarıdan çoxu! Bu faciənin
fəlsəfəsində nə dayanır? Fiziki məcburiyyət,
yoxsa mənəvi diqtə? "Qəbir yeri",
"Qumru", "Çənlibel" hekayələrində
və danışdığımız povestlərində. Səbəb
nə? Xeyli düşündüm və bu cismani itkini insan
xarakterilə cəmiyyətin sosial ziddiyyətlərinin nəticəsi
kimi səciyyələndirirəm. Baiskarın bu ağır
yükünü insanın daxili
çatışmazlığında axtardım. Məncə,
bu insanlar "artıq adamlar"dır, təbii və
süni ölümün qurbanlarıdır; onların
yaşamağa haqqı çatırmı? Müəllif
demişkən: bir qarışqanı yaratmaq (hətta diriltmək)
qüdrətindən məhrum İnsan nə üçün
ölümə məhkumdur. Bu barədə xeyli
götür-qoy etdim, müxtəlif variantlar seçdimsə,
yekdil qərar çıxarmaq istəmədim - süni
alınardı. Ən optimal qərarı isə
yazıçı-müəllif verə bilər.
Allahverdi Eminov,
Ədəbiyyatşünas-tənqidçi,
fəlsəfə
doktoru, dosent, pedaqoq
Ədalət 2019.- 1 mart.- S.6.