A.Həsənlinin özü
və sözü haqqında düşünəndə
Şair-publisistin 65 yaşına
Oqtay Abbas,
pedaqoji elmlər
üzrə fəlsəfə doktoru, şair.
(əvvəli
ötən sayımızda)
Ağacəfər də bu barədə öz
yazılrında yazıb. O mənim dünyaya göz
açdığım Dəvəçi (indi Şabran)
rayonunun Çaraq kəndində çox olub. Zarafatla
deyirəm ki, Ağacəfər, sən Çarağın fəxri
vətəndaşısan. O da elə həmin tonda cavab
verib: Belə yanaşanda gərək sənin də Rvarudun fəxri
vətəndaşı olduğunu nəzərə alaq. Çaraqda olanda bəzən səhəri
"dirigözlü" açmışıq. Dünyanın keşməkeşlərindən,
klassik və müasir ədəbiyyatdan
danışmışıq. Sözün
qüdrətinə heyran olmuşuq. Ağacəfər
hər dəfə söhbəti məharətlə gətirib
bağlayıb böyük Füzuliyə. Ağacəfəri tanıyanlar onun M.Füzulini, demək
olar ki, əzbər bildiyini bilirlər. Kənd
axşamları qarışıb Füzuli poeziyasının
nuruna. Elə səhər də
açılıb bu işıqla.
Sözdür
gühəri-xəzaneyi-dil,
İzhari-sifati-zatə
qabil!
Can
sözdür əgər bilirsə insan,
Sözdür
ki, deyərlər özgədir can.
Billah, bu
yamanmıdır ki, hala,
Əmvatə
söz ilə verdin əhya?...
Mən də
Ağacəfərin doğulub boya-başa
çatığı kənddə- Lerikin Rvarudunda az olmamışam. Bir-birindən
maraqlı keçib günlərimiz. Ağacəfərin
atası, indi haqq dünyasında olan Hüseyin əmi də
söhbətlərimizə qoşulub, məclisi daha da
şirinləşdirib. Onun xatirələri
bizi aparıb bizim dünyada olmadığımız illərə.
Canlanıb o günlər gözlərimizin
qarşısında. Represiya illərindən
söz düşəndə Hüseyin əminin çöhrəsinin
necə tutulduğu, sifətinin necə qaraldığı
yadıma düşəndə sanki o illəri mən də
yaşamışam kimi hiss edirəm özümü. Bu söhbətlərdən başımız
açılan kimi üz tutmuşuq Lerikin
görümlü-baxımlı yerlərinə. Belə yerlər də istədiyin qədər.
O illərdən çox zamanlar keçib. Amma
indi də yada salanda görüşdüyümüz
adamların Ağacəfərə doğma münasibətini
xatırlayıram. Hamı səmimiyyətlə,
doğmaları ilə rastlaşıblarmış kimi, hal-əhval
tuturdu. Ağacəfər də eyni səmimiyyətlə
cavab verir, bu görüşdən çox sevindiyini ifadə
edir, kitablarından onlara hədiyyə verirdi. Oxumağı bacarmayanlar da bu kitablara sevinclə
baxır, razılıq edirdilər. Bir ağsaqqalın
dediyi sözlər indi də yadımdadır: Nəvəmə
oxudacağam bu kitabı, sonra da verəcəyəm onda
qalsın.
Onsuz da həssaslığı ilə seçilən
Ağacəfər ağsaqqala bir qədər də yaxın gəldi. Nəvəsinin
adını, neçənci sinifdə oxuduğunu soruşdu.
Sonra kitablarından birini açdı, nəsə yazdı və
həmin kişiyə təqdim etdi.-Verərsiz nəvənizə,-dedi.
"Nəsə yazdı" ifadəsini işlətdim. Amma müəllif
sözü yazdığına əminəm və buna da əminəm
ki, kitaba yazılmış müəllif sözləri həmin
uşaq üçün dünyanın ən yaxşı
sözləri olacaq, onu daha yaxşı oxumağa
ruhlandıracaq, bəlkə də şeir yazmağa həvəsləndirəcəkdi.
Bu xatirələr Ağacəfərin
tanıdığı insanlara münasibəti ilə onun
yazılarındakı səmimilik arasında assosiasiya
yaradır. Görürsən ki, Ağacəfərin nəsrində,
publisistik yazılarında da bir şeir ovqatı var. Asan
oxunur. Dili aydındır.
Çatdırmaq istədiyi məsələni
dolğunluğu ilə təqdim edir: "Adil Cəmil yer-yurd
itirdi, el-obası, ixtiyar yaşı, şair təbiətli
atası Kəlbəcərdən gen düşdü. Qurbanini,
Tufarqanlı Abbası, xəstə Qasımı, Sarı
Aşığı, Şəmşiri sinədəftər bilən
nurani atası ağsaqqal ömrünün ahıl
çağlarında həsrətə dözmədi, taleyini
qarğıdı, əlindən heç nə gəlmədi
və nisgillə barışdı. İndi o, Kəlbəcəri
əbədi olaraq Masazır məzarıstanına dəyişib,
orada rahatca uyuyur. Ancaq Savalan atanın
nigaran ruhu yenə Dəli Dağın, Murovun
sorağındadır". Bu parça
Ağacəfərin "Qu quşunun nəğməsi
kimi..." adlı kitabındakı "Tale ortağım və
nəsildaşım" adlı yazısındandır.
Görkəmli şair və dəyanətli dost Adil Cəmil
haqqındadır yazı. Nümunə nəsrdən
çox nəzmə bənzəyir. Və
qeyd etdiyimiz kimi, Ağacəfərin nəsr əsərlərində,
publisitikasında bu xüsusiyyət onun yazılarını
daha şirin, daha yaddaqalan edir. Müasir
dünya insanları vaxt qıtlığı ilə
sınağa çəkir. Hamı
vaxtın sürətlə getdiyindən, zamanın
çatışmazlığından şikayətlənir.
Bu isə insanlardan bütün sahələrdə
konkretlik tələb edir. Başqa yol
yoxdur. Vaxt
çatışmazlığının
qarşısını, qismən də olsa, ancaq fəaliyyətdəki
konkretliklə almaq mümkündür. Yazıda
da belədir. Adamların "uzun
yazılar" oxumağa hövsələsi çatmır.
İnsanlar roman, povest, poema oxumaqdan çox əsərlər
haqqında rəylərlə tanış
olmağa üstünlük verirlər. Təbii,
rəy əsər haqqında dolğun fikir formalaşdıra
bilməz. Orijinaldan oxumağın
hissi-emosional təsiri də öz yerində. Amma nə edəsən? Reallıq
belədir. Açıq görünür
ki, Ağacəfər yazılarında bu reallığı nəzərə
alır. Ancaq konkretlik onun yazılarında
məqsədi duymağa mane olmur, əsərin ideyasını
tutmağı, həyati nəticə çıxarmağı
əngəlləyə bilmir. Qənaətə gəlirəm
ki, Ağacəfərin istər şeirlərini, istərsə
də nəsrini maraqlı edən,
şirinləşdirən cəhətlərdən biri də
elə budur-konkretlik! Konkretliklə məqsədi, mahiyyəti,
məzmunu ifadə edə bilmək! Böyük Nizaminin
misraları düşür yadıma:
Sözün
də su kimi lətafəti var,
Hər
sözü az demək daha xoş olar.
Bir inci
saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Görünür, konkretlik təkcə müasir
dövrün problemi deyil, onun tarixi qədimlərə gedib
çıxır. Amma müasir dövrdə problem ciddi
şəkildə kəskinləşib.
Ağcəfərin yaradıcılığında insan
amili, "İnsan necə olmalıdır"? sualı
qırmızı xətlə keçir. Bu,
yaxşı cəhətdir. Ona görə
belə hesab edirik ki, onun əsərlərində bu suala bəzək-düzəksiz
cavab verilir. Çox vaxt da cavab verilmir.
Cavabın tapılması sadəcə oxucunun
ixtiyarına buraxılır. "Şəhid"
sözü A.Həsənlidə bir qədər də müqəddəs,
nəvazişli, kövrək səslənir. Ağacəfərin yazılarının qəhrəmanları
çox müxtəlif sahələrin, peşələrin
nümayəndələridir. Bu
adamların xarakterindəki oxşarlıqları və fərqli
cəhətləri müəllif məharətlə yazıya
gətirir. Oxucu yazıları mütaliə
edərkən özünü kitabla deyil, həmin qəhrəmanlarla
üz-üzə dayanmış, ünsiyyət saxlamış
kimi duyur. Bir anlığa onun daxili aləmi
oxucunun gözləri qarşısında canlanır. Əlbəttə, bu yazıçının məharətindən,
ifadə vasitələrindən yaradıcılıqla istifadə
edə bilmək bacarığından asılıdır.
A. Həsənli
yaradıcılığı üçün səciyyəvi
olan cəhətlər çoxdur. Bu xüsusiyyətlər
ona müraciət etdiyi şəxsin obrazını daha
dolğun yaratmaqda, daxili psixoloji aləmini açmaqda kömək
edir. Ağacəfər başqa ölkələrdə
yaşayan azərbaycanlılar haqqında çoxlu
yazıların müəllifidir. Onların arasında fəhlə
də, alim də, mədəniyyət nümayəndələri
də, iş adamları da var. Fərqli adamlardır. Amma
yazılarda onların hamısı üçün oxşar
olan cəhət daha çox diqqəti cəlb edir: Vətənə,
doğma Azərbaycana münasibət. Yazıçı
sanki axtarıb bu adamların arasından elələrini
seçir ki, onların qəlbi həmişə Vətən
sevgisi ilə döyünsün. Azərbaycanın
sevincinə sevinsin, kədərinə qüssələnsin.
Yuxarıda adını çəkdiyimiz kitabda
xaricdə yaşayan onlarla həmvətənimizlə
bağlı bir-birindən maraqlı yazı nümunələri
verilmişdir. İstisnasız olaraq bu
adamların hər biri daha çox vətənsevərliyi ilə
diqqəti cəlb edir. Bu faktın
özü də belə bir nəticəyə gəlməyə
əsas verir ki, müəllif- A.Həsənlinin
özünün daxilində də bir əbədi Vətən
sevgisi, Vətən istəyi vardır. Əks
halda, yazılarında vətənpərvərlik hissi bu qədər
güclü verilə bilməzdi.
Belə düşünürəm ki, hər kəsin
yaradıcılığı özünə oxşayır. Bu barədə
başqa yazılarımda da fikir bildirmişəm. İnsanın xarakteri, yaxşısı, pisi fəaliyyət
məhsullarında öz əksini tapır. Psixoloqlar belə bir qənaətə çoxdan gəliblər.
Ağacəfərdə də belədir: Hər hansı
yazısını, istər şeiri olsun, istər publisistik
yazılar, oxuyanda özü gəlib dayanır gözlərinin
qarşısında.
Özünün dediyi kimi, Ağacəfər Azərbaycanı
qarış-qarış gəzib, onun hər bir guşəsinə
bələddir. Bunu onun yazılarından da sezmək olur;
yaradıcılığında Azərbaycanın bütün
bölgələri, bu bölgələrdə yaşayan
işıqlı insanlar əhatə edilib. İlk
baxışda qeyri-adi bir hiss yaratmır. Amma dərindən
düşünəndə görürsən ki, belə
yanaşma publisistik yazıların dəyərini
artırır, oxucuda tamlıq hissi, dolğunlq təəssüratı
yaradır. Yeri gəlmişkən, tərcümə
sahəsində daha çox bədii əsərlərin
çevrilməsinə üstünlük verilir, publisistik
yazılar diqqətdən kənarda qalır. Bunun hansı məntiqi əsası var? Yəqin, yoxdur. Əksinə,
xalqın dəyərləri, ziyalı insanları, siyasi xadimləri,
ağsaqqalları barədə publisistik yazıların
başqa dillərə tərcümə olunması ölkəmiz,
onun mədəniyyəti, dövlətçilik ənənələri...
barədə dünya ictimaiyyətinə daha yaxşı məlumat
verməyə imkan yaradar. İkili siyasətin
baş alıb getdiyi dünyada bu daha vacib deyilmi?! Bədii əsərlərin tərcüməsinə
etiraz etmək niyyətimiz yoxdur. Sadəcə,
publisistik yazıların başqa dillərə çevrilməsinin
həm də siyasi, beynəlxalq əhəmiyyətini nəzərə
çatdırmaq istəyindən yaranır bu fikir. Elə hesab edirik ki, yazıya gətirdiyimiz fikirlər
barədə ilk növbədə müəlliflərin
özləri, o cümlədən publisistika sahəsində
yaxşı uğurlar əldə etmiş əziz dostum
Ağacəfər də düşünməlidir.
Söz-sözü çəkər deyirlər. Yadıma Ağacəfərin heç də uzaq olmayan zamanda təqdim etdiyi "Müəllimin həyat dastanı" adlı digər kitabı düşdü. Bir nəfəsə oxudum. Bəlkə də kitabın olduqca maraqlı olması, bəlkə özümün də müəllim olmağım səbəbindən əsər məni belə çəkdi. Bilmirəm, amma onu bilirəm ki, dəyərli bir insana, min əzablara qatlaşmağı göz önünə lap gənclik illərindən alan müəllimə, uzun bir dövrdə məktəb direktoru işləmiş, el ağsaqqalı kimi nüfuz qazanmış Şahbaba Mirbaba oğlu Poladova həsr olunub. Şahbaba müəllim Şabran rayonunun ucqar bir dağ kəndində çalışıb. Layiqli övladlar tərbiyə edib. Dərs dediyi şagirdlər indi müxtəlif sahələrdə çalışırlar. Amma Şahbaba Poladovu yenə özlərinə müəllim sayır, xətir-hörmətini saxlayırlar. Daha maraqlısı isə budur ki, kitabı oxuduqca Azərbaycanın ümumiləşdirilmiş bir müəllim surəti canlanır gözlərim qarşısında: bu müəllim peşəsinin vurğunudur, gözünün nuru, qəlbinin hərarəti ilə formalaşdırdığı şagirdlərini sevir. Aldığı məvacibin onu necə təmin etməsindən asılı olmayaraq (hərçənd bu, çox vacib məsələdir), sevgisi heç vaxt azalmır. Bu sevgi uşaq və gənclərin ürəyinə böyük hərflə yazılan İnsan sevgisidir. Yazılanlar Ağacəfərin ümumiləşdirmə bacarığından, yazmaq istədiyi adamı dəqiq və ətraflı öyrənə bilməsi üçün çəkdiyi zəhmətdən xəbər verir.
Ağacəfərdə dilə, sözə qibtəedici bir həssaslıq var. Yazılarını oxuyanda heç vaxt "bu söz, bu cümlə burada yox, başqa yerdə işlədilməliydi" kimi fikirlər oxucunu yormur, diqqəti "orfoqrafik, üslub" problemlərinə dağıtmır. Nəticədə müəllif-oxucu ünsiyyəti soyuqluqdan, birtərəflikdən xilas olur. Oxucuda kitabla deyil, müəlliflə üz-üzə dayanıbmış kimi bir gözəl hiss yaradır. Bunun əhəmiyyəti nədir? Fərdlər, cəmiyyət nə fayda qazanır belə yanaşmadan? Şübhəsiz, fərdi fayda daha çoxdur. Amma bunun oxumağa həvəsi olan bir təbəqənin formalaşmasındakı rolunu da unutmamalıyıq. Təbii, o iddiada deyilik ki, oxucu təkçə A. Həsənlinin əsərlərini oxuyan kimi dönüb çevriləcək kitabsevərə. Problemin həlli hamımızdan-yazıçılardan, müəllimlərdən, valideynlərdən... asılıdır.
Bəli, təqdim olunan bu portret-yazı gözəl Azərbaycan ziyalısı, yaxşı şair, nasir, jurnalist, dəyərli dost, səxavətli insan olan Ağacəfər Həsənli haqqında ürəkdən gələn fikirləri özündə əks etdirir. İnanırıq ki, hələ uzun illər sonra da A.Həsənli yaradıcılığı qədirbilən oxucular tərəfindən seviləcək və maraqla izlənəcək.
Ədalət 2019.- 1 mart.- S.6.