Biz niyə beləyik?!.
SİYASƏT və
MƏNƏVİYYAT
Daş kimi asılmış bu sualın
ağırlığı aylardır ki, ürəyimdə
qövr edir...
Ərkin, gileyin, umu-küsünün, məzəmmətin, bir qədər də utancın aynasında görünən həyat mənzərələri hərdən əhdimi kəsir, qəlbimdəki yükü yeganə təsəllim olan qələm-kağızla az da olsa, yüngülləşdirməyə sövq edir.
Fikirlərimi sizinlə bölüşüb,
sualıma cavab tapmaq istəyirəm...
Əminliyim budur ki, yazıya çevrilmiş narahatlığa, bu giley-güzara siz də şərik çıxasınız...
Düşüncələrimdə bu sualla birgə
yüz illər əvvəl ona cavab axtaran ürəyi nisgilli,
əli qələmli ziyalılarımızın oyaq
vicdanı, fədakarlığı, yorulmazlığı qədər
parlaq nümunələr də var.
Onlar da heç o iddiada deyildilər ki, hamı
onların yazdıqlarını oxuyacaq, düşünəcək,
nəticə çıxaracaq...
Amma yenə yazırdılar...
Yazırdılar ki, bu sual təkcə bir müəllifin
yox, onunla qarşılaşan minlərlə oxucunun narahatlığına
çevrilsin...
Hərə
öz payını götürsün, özünü və
cəmiyyəti müsbətə doğru dəyişməkdən
ötrü xeyirli yol arasın və beləliklə,
düşüncələrdə işarıb əməllərə
sirayət edən zərrələrdən bir Günəş
doğsun...
Mənim də yeganə umacağım - bəlkə də elə o Zərrəyədir...
***
Ömrün müxtəlif məqamlarında
qarşımıza çıxıb bizi bu böyük sualla
üz-üzə qoymuş həyat anları bitməz-tükənməz...
Bəzilərinin bəlkə heç fərqinə də
varmırıq, bəzilərinin üstündən
ötürük...
Amma bu sual ümumən Vətənin,
xalqın, dəyərlərin taleyini əhatə edəndə
laqeyd qalmaq mümkünsüzləşir...
Bir insan üçün dünyada ən müqəddəs olanlara - öz Vətəninə, Dövlətinə, Xalqına, mənəvi dəyərlərinə asi çıxanları görəndə, belələrinin qəzəbli ritorikasını, düşmən tərzini müşahidə edəndə düşüncələrim darmadağın olur...
"Biz niyə beləyik” sualının
içimdə dolaşan dağ yükü bir az da
ağırlaşır...
Fikirləşirəm:
xalqının istiqlalından, milli dövlətinin getdikcə
artan gücündən, vətəndaşının təhlükəsizliyindən,
gündəlik halal ruzisindən insan üçün daha
fövqəl nə ola bilər ki, kimsə bu qədər
aqressivləşsin, hirs-hikkəyə dolsun, düşmən
kəsilsin?!.
Xalq olaraq istiqlal haqqımıza qovuşmaq üçün nə məşəqqətlərdən keçmişik, necə acılar yaşamışıq - bunu yalnız Tarix yox, elə hər birimiz aydın xatırlayırıq.
Azərbaycan xalqı öz istiqlalı
uğrunda nə qədər qurbanlar verə bilərsə,
ondan da çoxunu verib...
Necə ağır sınaqlar, maneələr
keçib...
Daha
kimlərinsə öz şəxsi iddialarını gerçəkləşdirməkdən
ötrü bu xalqı ağır faciələrə,
qana-qadaya sürükləmək haqqı yoxdur və ola da
bilməz!..
Tarixdə heç zaman bu qədər güclü olmamış Azərbaycanın indiki əzəməti, sözünün kəsəri həm də vaxtın göz yaşlarımızla qaraladığı həmin o hüznlü günlərdə bu yurdun müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını vermiş əzizlərimizin çin çıxan arzularıdır...
***
Uzun illər cəmiyyəti müxtəlif miflərə inandırmış siyasi ideologiyanın iflasından sonra ideyalara böyük inamsızlığın yarandığı o dönəmlərdə Heydər Əliyev insanlarda torpağa, Vətənə, bu məmləkətin daha gözəl gələcəyinə inam formalaşdırdı.
Və Azərbaycan xalqı Prezident İlham
Əliyevin rəhbərliyi ilə bir zamanlar Ulu Öndərin
nişan verdiyi bu gözəl günlərə gəlib
yetişdi...
Milli dövlətçilik tarixinin ən qüdrətli dönəminə çatdı...
Elə bir dönəminə ki, dünyanın
siyasi xəritəsində Vətənin yeri hələ bu qədər
uca, mətin, vüqarlı, yuxarı başda görünməyib...
***
Bədxahlarımız inamımızı hədəf seçməyə, nailiyyətlərimizə kölgə salıb cəmiyyətdə şübhə toxumu səpməyə, təfriqə salmağa çalışırlar.
Bəd niyyət bəllidir. Azərbaycançılıq
düşüncəsindən, dövlətçilik təfəkküründən
uzaq kəslərin küfrlü dili ilə istəklərinə
çatmaq istəyənlərin ölkəni öz inkişaf
yolundan iraq salaraq, yenidən tarixin sərt sınaqları
qarşısında qoymaqdır arzuları...
Azərbaycan gücləndikcə, bu qara niyyət
də ağ kağıza düşmüş qara mürəkkəb
ləkəsi misalı ətrafa yayılır...
Uğurlarımızın sırası genişləndikcə,
canımıza, qanımıza yerikləyənlərin təlaşı
da artır.
Güclüsənsə, sarsıtmaq istəyəcəklər...
Uğurlusansa, mane olmağa çalışacaqlar...
Dayanmadan irəli gedirsənsə, yoluna daş yuvarlatmaq istəyənlər olacaq - təbii...
Ancaq başa düşülməyən bircə məqamdır: bu torpaqlarda doğulub göz açan, bizimlə eyni dildə danışan, özünü eyni milli mənsubiyyətə, eyni Vətənə aid bilənlərin Azərbaycanı oda qalamaq istəyənlərin əlində həvəslə maşa olmaları...
Bəs bu gün xaricdəki havadarlarının dirijor çubuğu ilə sosial şəbəkələrdən Azərbaycan dövlətinə, bu dövlətin rəmzlərinə, xalqın dəyərlərinə qarşı nifrin püskürənlər kimdir?!.
***
Azərbaycandakı inkişaf prosesləri davamlıdır, ardıcıldır, tarixi təkamül qanunauyğunluqlarını əks etdirir.
Bu prosesdə hansısa məqamların
ilk baxışda mahiyyətinə uyğun
qavranılmaması, müəyyən yeniliklərin gözlənildiyindən
gec və ya tez baş verməsi, yaxud bir qisim insanların
inkişaf proseslərinə uyğunlaşa bilməyib, istənilən
vəziyyətin tənqidinə köklənmələri də
bəlkə təbiidir və bütün bunlar cəmiyyətin
inkişaf məntiqindən irəli gəlir.
Ancaq belə bir məqamda bizə ən çox lazım olan məhz Siyasi Mədəniyyətdir!..
Müstəqilliyimizin ilk illərindəki
siyasi təlatümlərin durulmasından, ölkənin
sosial-iqtisadi inkişafı ilə bağlı böyük
nailiyyətlərdən, insanlarımızın gün-güzəranının
yaxşılaşmasından sonra indi cəmiyyətdə
siyasi mədəniyyət barədə daha ciddi
düşünmək lazım gəlir.
Fikrimcə, tarixi uğurlarımızı ancaq
belə bir mədəniyyətin gücü ilə qoruyub
inkişaf etdirə bilərik.
Cəmiyyətin nizamı, dəyərlərin
öz yerini tutması, birgəyaşayış
qaydalarının formalaşması üçün buna
çox böyük ehtiyacımız var...
***
Əfsus ki, demokratiyanı, insan hüquq və azadlıqlarını hələ də özbaşınalıq, hərki-hərkilik, başqasının şəxsiyyətini təhqir etmək imkanı kimi anlayanlar var.
Düzdür, belələrinin sırası getdikcə seyrəlir, müstəqilliyimizin ilk illərindəki küçə-meydan dövrünə xas qaragüruhçu yanaşma öz yerini dövlətə, hakimiyyətə sivil münasibətə, normal tənqidə verir. Amma qaragüruh havasında yaşayanlar yenə ara-sıra ortaya çıxır və belələrinin ritorikası, tərzləri istər-istəməz ətrafı təəccübləndirir.
Axı bu cür tərzlər, belə
yanaşmalar cəmiyyət olaraq bizim üçün
çoxdan keçilmiş mərhələdir. Mitinqlər,
aksiyalar, şüarlar problem həll etmir. Siyasi aksiyalar
dünyanın heç yerində siyasi mədəniyyət
formalaşdırmır. Yeri gəldi-gəlmədi insanları
küçə-meydanlara çağırmaq həvəsi
ciddi bir sosial bazası olmadığı halda ətrafındakılarla
hakimiyyəti bu cür üsullarla təhdid etmək şakəri
keçmədimi?
Tale üzümüzə
baxdı ki, ötən əsrin sonlarına doğru tarixin bu sərt
imtahanı qarşısına zamanın özünü
yönəldəcək qədər güclü zəkaya
malik Heydər Əliyev kimi Böyük Şəxsiyyətin
liderliyi ilə çıxdıq.
Xatırlayırsınızmı?
Heydər Əliyevin televiziyadan bircə
çağırışı ilə yüz minlərlə
adam gecəyarı meydana axışmışdı...
İndi Azərbaycandakı bu inkişaf, milli birlik, vəhdət mühitində necə, XALQ İlham Əliyevin bircə çağırışı ilə meydana çıxmazmı?!
Səfimizi pozmaq istəyənlərin üzərinə
yeriməzmi?!
Son günlərin əzəmətli
yürüşü - Xocalı soyqırımı abidəsinə
kütləvi axın - xalq və iqtidar birliyinə əyani
sübut deyilmi?..
Küçə - meydan mübarizəsi
dövrünü yenidən siyasi gündəmə qaytarmağa
nə hacət?!
Vaxtilə
başı hakimiyyət davalarına qarışıb
Qarabağı əldən verənlər, indi "Qarabağ”
şüarını Prezident İlham Əliyevə
qarşı çevirməyə uğursuz cəhd edirlər...
O Şəxsiyyətə qarşı ki, Qarabağın işğaldan azad edilməsi üçün ondan çox zəhmət çəkən yoxdur.
Diplomatik səngərlərdə
düşmən üzərində qazandığı
üstünlüklərlə, Azərbaycanın beynəlxalq
aləmdə yüksələn mövqeyi ilə, qurduğu
ordunun getdikcə artan qüdrəti ilə və bu ordumuzun
ardıcıl, uğurlu zəfərləri ilə, ən əsası
bu məsələdə tutduğu prinsipial mövqe ilə
bizi addım-addım torpaqlarımızın
azadlığına yaxınlaşdıran ondan başqa şəxs
yoxdur...
Və
ondan çox sevinən də yoxdur!..
Adını Azərbaycan tarixinə
"Qarabağı azad etmiş Prezident” kimi yazmaq cənab
İlham Əliyevin taleyidir!..
Və inşallah, bu, belə də olacaq!..
Bunu anlayaq, bacarırıqsa, kömək etməyə çalışaq, bacarmırıqsa, mənasız çəkişmələrlə, ucuz şüarçılıqla baş qatmayaq, heç olmasa, mane olmayaq...
***
Prezident peşəkar strateq,
dövlət adamı kimi cəmiyyətdə gedən
müzakirələrin, hökumət qarşısında irəli
sürülən maraqlı təkliflərin problemlərin həlli
və dövlətin gələcəyi üçün nə
qədər böyük önəm kəsb etdiyini bilir,
faydalı təklifləri dəyərləndirir, ölkənin
inkişafından ötrü nəsə real iş görmək
istəyənlərə şans verir.
Azərbaycanda deməyə
sözü olan hər kəsin əlində bu imkan var. Ölkədə
yazılı və elektron media kifayət qədər
inkişaf edib, söz azaddır, insanların öz fikir və
rəylərini ənənəvi mediada, sosial şəbəkələrdə
sərbəst şəkildə ifadə etmələrinə hər
cür şərait təmin edilib.
Bəs biz bu imkanlardan necə istifadə edirik?!
Bu barədə
düşünmək belə ağrıdır adamı, amma
həqiqətdən də qaçmaq olmur...
Azərbaycanda sosial şəbəkə "sosial şəbədə”
məzmunu alıb, fikri-niyyəti maariflənməkdən
çox əylənməkdə, başqalarını
qaralamaqda olan insanların cılız hisslər tribunasına,
lağ-lağı meydanına, təhqir, şantaj arenasına
çevrilib.
Dövlət rəsmilərindən, millət vəkillərindən,
tanınmış insanlardan kimsə peşmandır ki, ictimai əhəmiyyət
kəsb edən hansısa məsələ ilə bağlı
rəy bildirsin, müəyyən məqamların izahına
çalışsın. Dərhal sosial şəbəkələrdə
hər kəlməyə bir şunquruq qoşan bir kimsə
peyda olacaq. Söyüşün, təhqirin
biri bir qəpiyə enəcək. Özü də
yalançı imzalarla, saxta profillərlə...
Mənəvi sərhədləri bir anda adlayıb
keçirlər. Ağıllarına gələnləri
yaza-yaza günlərlə əylənib yorulur və mövzu
boyatlaşandan sonra başqa birinin növbəti
açıqlamasını gözləyirlər. Bu
olmayanda, digər mövzu mənbələrinin təftişi,
yox yerdən ortaya çıxarılan məsələlərin
dövriyyəsi başlayacaq ki, bəlkə virtual əyləncə,
qaralama kampaniyaları üçün nəsə
alındı...
Daha məsələlərin mahiyyətinə varmaq, bir qədər
dərinə getmək, problemlərin həllinə
çalışmaq, cəmiyyət üçün
faydalı cəhətlər üzə çıxarmaq,
dövlətə ağlabatan təkliflər vermək, beləliklə,
sağlam düşüncə mühiti formalaşdırmaq
söhbəti yoxdur.
Qəribədir...
Böhtan olsun, təhqir olsun - təki nəsə olsun...
Bəs dəyərlər? Dəyərlər yaşamasa da olar?!.
Bu nədir,
olurmu belə?!.
***
Mən hələ
uşaq ikən, "erməni barmağı” sözünü
tet-tez eşidərdim…
Harada əlləm-qəlləm
iş, fitnə-fəsad, xəyanət, üzə
gülüb arxadan qılınclama olurdusa, buna "erməni
barmağı” deyərdilər...
Bu
sözün yaranma səbəbi ilə bağlı "Amerika
kəşf etməyə” nə hacət?!.
Ermənini
də, onun xislətini, cılız mahiyyətini də
bütün dövrlərdə bilmişik və zərərini
çox çəkmişik…
İndi
dünyanın bu çətin, təlatümlü dövründə
də Azərbaycana, onun Liderinə qarşı aparılan
böhtan, şər kampaniyasında "erməni
barmağı” dinc durmur, sağa-sola məkr
yağdırır!..
Bir
anlıq düşünək: dünyanın ən
ünlü kinoindustriyalarının məhsulu olan filmlərin
(sənədli, ya bədii) hansının subtitrlərində
erməni soyadı yoxdur?..
Qlobal
media holdinqlərini onların inhisarı olmadan təsəvvür
etmək mümkünmü?!.
Böyük
dövlətlərin KİV-nin istisnasız hamısında erməni
və onun barmağı var və hər birində də
azı bir "yan” soyadı...
Və bu
qara ləkəli barmaqlar birləşib, şər-böhtan,
bədheybət bir əli - erməni lobbisini, dünya erməniliyini
yaradırlar...
Bəs
bizim ziyalılarımız, teatr-kino xadimlərimiz, alimlərimiz,
tarixçilərimiz?..
Açıq
danışmalı, hansı cəbhədə kimə
savaş açdığımızı bilməli, hədəfləri
düzgün göstərməli, qətiyyətimizi
artırmalı və ən nəhayət, layiqli vətəndaş
olmağı bacarmalıyıq!..
Meydanda
biz olmalıyıq, savaşı biz aparmalıyıq, biz
danışmalıyıq, xain və xəbisləri biz
susdurmalıyıq!..
Biz Azərbaycanlılar!..
Amma XAN
ÇİNARA - Azərbaycana, onun Liderinə nəinki bu
baltalar, heç bu hoqqabaz barmaqlar da zaval toxundura bilməzlər!...
Bu, həqiqətdir
və onu ucadan deməliyik...
***
Bir də
görürsən biri dodaqaltı qımışıb gəldi:
"Oxudunuz?! Filankəsdən yaman yazıblar yenə...”
(Bəlkə
də daha kobud deyirlər - mən yumşaq yazıram...)
Əllər
bir andaca telefona uzanır, kiminsə tapıb oxumasını
istəyirlər...
Baxıb görürsən ki, yazılanlar ya
iftiradır, ya kiminsə fikirlərinin məqsədli təhrifidir,
ya da ki, içində cəmiyyət üçün
faydalı bir informasiya dəyəri və fakt yoxdur. Amma bu, yenə də kiməsə
əyləncəli gəlir, kimsə özünün deyil, məhz
başqasının adının bu şəkildə
hallanmasından sanki məmnun olur və "məndən
ötdü, qardaşıma dəydi” prinsipi ilə
oxuduqlarının üstünə beşini də qoyub
başqalarına çatdırmağa tələsir...
Daha
heç kim fərqində olmur ki, bu cür yanaşmalar həm
də konkret bir fərdə deyil,
DƏYƏRLƏRİMİZƏDİR, cəmiyyətdə əxlaq
normalarını qorumalı olan, bu dəyərlərin birləşdirdiyi
İNSANLARADIR!..
Biz niyə
beləyik?!.
Və əgər
bu gün hamılıqla o dəyərlərə sahib
çıxmasaq, cəmiyyətin mənəvi təmizliyinə
çalışmasaq, siyasi mədəniyyətin yüksəlməsi
üçün bir araya gəlməsək, sabah
ayağı büdrəyənlərin və arxasınca min
şəbədə qoşulanların biri də
Özümüz olacağıq...
Sən, mən,
o - hamımız!..
Növbəylə,
sırayla...
***
Bəlkə,
nəhayət, anlayaq ki, axı başqa cür də
yanaşmaq, yaşamaq, fikirləşmək olarmış?!.
Dəfələrlə
fikir vermişəm: biri dünyadan köçəndə dəfn
mərasimi zamanı məzar başında hamı, elə bil,
mələyə dönür...
İnsanların hüznlü çöhrəsinə nəzər
salırsan, bütün sifətlərdə bir təəccüb
donub qalır.
Hamı
bu gəlimli-gedimli dünyanın sonunun, ömrün əvvəlindən
sonuna qədər çalışıb-çarpışan,
dünyalara sığmayan insanın axırının,
iqbalının ikicə addımlıq qara torpaq olduğuna
heyrətlənir, bu həqiqətdən nə qədər
qaçmaq istəsə də, yenə onunla
barışmalı olur...
Mərasim
bitəndən sonra çoxu heç işinin başına da
dönmək istəmir, elə buradan birbaşa evinə, ailəsinin,
doğmalarının arasına qayıtmağa, ömrün
qalan bütün qismini ancaq sevdiklərinə həsr etməyə
can atır...
Amma... Elə
ki, qəbiristanlığın qapısı geridə
qaldı, yenə yollar haçalanır, hər şey tərsinə
dönür...
Sifətlər
də dəyişir, emosiyalar da, iddialar da...
Fərqli,
təzadlı istiqamətlər başlanır, kin-küdurət
alovlanır, nifrət, dedi-qodu, hirs-hikkə... Hər
şey yenidən öz köhnə axarına qayıdır.
Yenə mənasız
ehtiraslar, qarşıdurmalar, insan üçün heç bir
mənəvi dəyəri olmayan dünya malından,vəzifə kürsülərindən, sosial
statuslardan ötrü boşuna sərf edilmiş
ömür...
İnsanları
bir-birindən iraq salan cılız hisslər
toplandıqca böyüyür, böyüdükcə, hikkəyə
çevrilir, içimizi parçalayıb
dağıdır...
Hikkəmiz
çəkimizdən ağır gəlir...
Paxıllıq,
qısqanclıq, gözügötürməzlik,
başqasının uğuruna sevinməmək, səndən
az-çox qabaqda olana, irəli gedənə bədxah
münasibət, bəyənməmək, ayağından
dartıb yıxmaq hissləri baş alıb gedir...
"Kim mənim
kimi düşünmürsə, məsələyə mənim
kimi yanaşmırsa, deməli, mənimlə birgə deyil...”
Bu nə
düşüncə tərzidir?!.
***
Bu
ömürdən tarixin hansısa səhifələrində,
yaddaşın künc-bucaqlarında nəsə ilişib
qalacaqsa, o da ancaq saleh əməllərdir...
El üçün görülmüş işlərdir.
Fərd
deyil, el-oba namına, böyük mənada Vətən adına edilənlər qalır və
xatırlanır.
İnsan Vətən və bir qədər geniş mənada
götürsək, bəşəriyyət adında
bütünləşən keçmişə, bu gün və
gələcəyə verdiyi faydalarla əbədiyyət
qazanır.
Prezident
İlham Əliyevi tarixiləşdirən, xalq sevgisi
qazandıran da elə budur!
Vətən
üçün gördüyü bu müqəddəs
işlərdir!
Həyata
keçirdiyi siyasətin tarixi mahiyyətli əməllərə
çevrilməsidir!..
Bu əməllərdən
bütün elin faydalanmasıdır!..
Bu faydalar
bizim üçündür, Vətən
üçündür, bu Vətən isə
hamımızındır!..
Azərbaycanın
bağrına daş dəysə, hamımızın qəlbi
qanayacaq...
Vətən
- təkcə coğrafi ərazi, sərhədlər, bayraq,
gerb, ordu demək deyil ki!..
Vətən
- həm də bir dəyərdir!..
Vətənin
ərazisi qədər dəyərləri də
qorunmalıdır!..
Azərbaycan
Respublikasının Prezidenti də bu Vətən kimi müqəddəs
bir Dəyərdir!..
Bu Vətənin
ən böyük vətəndaşı, sərkərdəsi
də, siyasətçisi və iqtisadçısı da,
alimi, müəllimi də, tarix və ədəbiyyat adamı
da, körpədən böyüyə hamının
nazını və cəfasını çəkən də
ODUR!..
O, Azərbaycan
sevgisi ilə, bu yurdun insanlarına isti münasibəti ilə,
dövlətin gələcəyinə aydın və qətiyyətli
baxışları ilə hamımızdan UCADIR...
Dövlət
rəhbərimizin bölgələrə səfərlərinə,
sadə vətəndaşlarla səmimi görüşlərinə,
ən əziz adamları kimi boynuna sarılan insanların ona
olan məhəbbətinə nəzər yetirək...
İlham
Əliyevin bu yurdun insanlarına sevgisini ifadə edən
maraqlı görüntüləri yada salaq...
Şəhid
anasının ayağına gələn, şəhid atasını
ovudan Ali Baş Komandanı, zəlzələdən tifaqı
dağılmış ağbirçəyin köməyinə
Xızır kimi yetişib əlini öpən dövlət rəhbərini,
Vətənin ucqarında insanlarla çiyin-çiyinə,
ürək-ürəyə, səs-səsə "Azərbaycanım”
oxuyan VƏTƏNDAŞI xatırlayaq...
Elə bu
günlərdəcə, prezidentimizin özünün də
"möcüzə” adlandırdığı, geniş və
yaraşıqlı, möhtəşəm Sumqayıt
bulvarında istirahət edən insanların içinə
qarışması, sadə və zəhmətkeş
sumqayıtlıların onunla şəkil çəkdirmək
üçün növbəyə durması necə də
kövrək anlar idi...
Və
düşünək: Azərbaycanı - bu Vətəni və
torpağı hansımız onun qədər sevdik?!.
İnsanlarımızın
rifahı üçün hansımız onun qədər can
qoyduq, fədakarlıqlara qatlaşdıq?!.
Çətinliklərin,
problemlərin, dörd bir yandan üzərimizə yönələn
təzyiqlərin, təhdidlərin üstünə onun kimi
gedə bildik?!.
Qəribə
haldır: yaxşı bir iş görüləndə,
xoş bir nəticə ortada olanda hamı onu öz adına yazmağa çalışır, hər
kəs sinəsini irəli verib min vəchlə can atır ki,
özünü bu nəticəyə hansısa formada aid etsin,
bu nəticədə adı görünsün.
Amma xoşagəlməz
nəsə ortada olanda, tənqid məqamı yetişəndə,
yaxasını kənara çəkib şəhadət
barmağını havaya qaldırır, yuxarını
göstərirlər...
Bütün
bunları birbaşa dövlət rəhbərinin adına yazdırmaq istəyirlər...
Sanki bu
ölkədə, bu cəmiyyətdə bütün
yaxşı əməllər, ürəkaçan nəticələr
başqalarına, problemlər isə Prezidentə aiddir...
"Əhsən”,
vallah...
Bu nə
"səmimiyyətdir”?!.
Bu nə
yanaşmadır?!.
Belə ədalətsiz
münasibət yetməzmi?!.
***
Bir
dövlət adamının şəxsiyyətinə, həyat
və fəaliyyətinə qiymət verməkdən
ötrü gərək biləsən: Dövlət nədir,
Dövlətçilik, Liderlik nədir?! Tarix
üçün yaşamaq nədir?!
Biz böyük dövlətlərin rəhbərlərinin
cənab İlham Əliyevə ünvanladıqları
teleqramlara, təbrik məktublarına baxaq, onlardakı məzmuna
diqqət yetirək. Onda bir Lider kimi İlham Əliyevin
ucalığını anlayacağıq, onun
çağdaş dünya siyasətində necə
aparıcı rola, güclü mövqeyə sahib olduğunu,
öz şəxsiyyəti ilə tarixdə necə
böyük ad qazandığını görəcəyik.
Dünya
liderlərinin onun haqqındakı yüksək rəyləri
- İlham Əliyevin şəxsində belə bir Lideri
yetirmiş Azərbaycan xalqına verilən dəyərdir...
Bəs
Prezidentimizin adı ətrafında simvollaşan milli dövlətçilik
dəyərlərinə kim sahib çıxmalıdır?!.
Bu ölkənin insanlarının Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsiyyətinə
olan sevgisinə və inamına nəzər salaq. Ömür-gün
yoldaşı ilə birgə cəmiyyətin xoşbəxtliyi
üçün çalışan bu Azərbaycan
qadınının fədakar zəhmətinin cəmiyyətdə
necə böyük rəğbət yaratdığını
müşahidə edək...
Onun
köməyə, şəfqətə, xeyirxah münasibətə
ehtiyacı olan insanların problemlərinə necə həssaslıqla,
anındaca reaksiya verdiyini, bu insanların qəlbində
MEHRİBAN ANA kimi ümid çırağı
yandırdığını görək...
Onların
hər ikisinin bəşəri ideyaları öz nəcib əməlləri
ilə yaydığını, tarixdən gələn milli-mənəvi
dəyərləri necə böyük sevgi ilə
qoruduğunu və bütün dünyada təbliğ etdiyini
vətəndaş baxışı, vicdanı ilə izləyək
və qiymətləndirək...
Həm də
örnək götürək!..
Bax, belə!..
Suallar
bitmir, tükənmir...
Siz deyin,
Azərbaycana tarixin ən böyük nailiyyətlərini
qazandırmış bu ŞƏXSİYYƏTLƏRİ kim
qorumalıdır?!.
Dəyərlərimizə
kim sahib çıxmalıdır?!.
Arxada gizlətdiyin,
guya yumruq kimi birləşmiş və yumruq kimi təsəvvür
etdiyin əl kimə lazım?!.
Əllərimizi
irəli qaldırıb, hamılıqla - hamının
gördüyü şəkildə, bir yumruq kimi birləşdirməyi
bacarmalıyıq...
Böyük
Ailəmizi - Müstəqil Azərbaycanımızı qorumaq
üçün...
Sən, Mən
və O...
Azərbaycan
adında bütünləşən hər kəs...
Biz...
Biz azərbaycanlılar!..
Sevgili həmvətənlərim!..
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı, Əməkdar
journalist
Ədalət 2019.- 1 mart.- S.5.