Serbiyada “Nəsimi medalı” təsis edildi
Serbiyanın nüfuzlu və qədim tarixə malik "Serbiya Kral Akademiyası”nın rəyasət heyəti Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin adına yubiley medalının təsis edilməsi barədə qərar qəbul edib.
Bu barədə Azərbaycanın
Serbiyadakı səfirliyindən məlumat verilib.
2019-cu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Nəsimi ili” elan edilməsi münasibətilə Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyi tərəfindən Serbiya Kral Akademiyasına müraciət edilib və Azərbaycanın dahi şairinin adının daşıyan medalın təsis edilməsinin nəzərdən keçirilməsi xahiş olunub.
Müraciət əsasında Serbiya Kral Akademiyasında cari ilin 8 və 11 fevral tarixlərində rəyasət heyətinin müşavirəsi keçirilib və 20 fevral tarixində Azərbaycanın dahi şairi İmaməddin Nəsimi adına yubiley medalının təsis edilməsi barədə müvafiq qərar qəbul edilib. Qərarla həmçinin Serbiyanın dahi yazıçısı, şair, Nobel mükafatçısı İvo Andriçin adına xatirə medalı təsis edilib.
Nəsiminin 650 illiyinə həsr ediləcək yubiley medalı ilə Azərbaycan və Serbiyada öz fəaliyyəti ilə xüsusi fərqlənən yazıçı və şairlərin təltif edilməsi nəzərdə tutulur.
Müşavirədə həmçinin Azərbaycanın Serbiyadakı Səfirliyi və Serbiya Kral Akademiyasının dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Nəsiminin 650 illik yubileyinə həsr edilmiş simpoziumun keçirilməsinə dair təklif müzakirə edilib və təklif yekdilliklə qəbul olunub.
Ədalət 2019.-
1 mart.- S.4.