Onda 5 yaşim vardı
Qəşəm
İsabəyli
(hekayə)
Anam atamın bir sözünü iki eləyə bilməzdi. Demirəm ki, yersiz yerə
atam anamı danlayırdı. Elə ki, sözləri
düz gəlmirdi, atamın hökmü səsinə keçirdi, anam xırp kəsirdi. Sanki atama da bu
lazım imiş – bir anda sakitləşir,
televizoru yandırır,
anam da durub
öz iş-gücüylə
məşğul olurdu.
Bir gün anam iş
yerini dəyişdi. Gündən-günə anamın sifətinin
qırışığı açılır, qaşlarının
düyü-nü əriyib
gedirdi. Artıq anam evə dodağında gülüş,
üzündə təbəssüm
qayıtmağa başlamışdı.
Təzə yer anamın
yaman xoşuna gəlirdi. Tez-tez Qəmxar adlı
kişidən danışırdı.
–Sevil, – xalama deyirdi, – bilirsən nə alicənab adamdı?! Hamıyla nəzakətlə davranır. Mənə
isə xüsusi hörməti var. Xoş olsun onun arvadının
halına! Yoxsa bizimki kimi?!
Başına daşım
düşüb elə
bil!
Bir ay keçməmiş
anam başladı çil xoruz kimi atamın üzünə durmağa.
–Sənə dil verən var! – Atam bir dəfə
anama bərk təpindi.
–Özün xainsən, elə bilirsən hamı sənin kimi xaindi! – Gözləmədiyim halda
anam atamı qınadı.
Möcüzə baş verdi – günahını
dərk eləmiş kimi atam acıqla
anamı süzüb,
gözlərini yerə
dikdi.
Qəribədi, atamla anamın yeri dəyişmişdi. Anam işdən
qayıdan kimi nəyisə bəhanə
edib, de-yinməyə başlayır, atam da susur-susur... birdən partlayırdı.
Anamın heç vecinə
də deyildi. Əksinə
atamın hirslənməsi
ona ləzzət eləyirdi. O dəqiqə
başlayırdı dodağının
altında mahnı oxuya-oxuya iş görməyə. Açığı
hiss eləyirdim ki, atam anamdan qorxmağa
başlayıb. Bir stəkan
suyu da qrafindən
süzüb içməyən
atam, indi özünə çay dəmləyir, xörək
qızdırır, çəkilib
bir qıraqda otururdu.
–Aaa... zzz... – Bir dəfə xalam bizə gələndə heyrətlə
soruşdu.– Bu kişiyə nə eləmisən, mür-müc
olub?!
–Ha...
ha... ha... – Anam fərəhlə
güldü. –İbişalı,
ay İbişalı, daş
dəydikcə – yumuşalı!
–Sən Allah?!
–Mən bunun qabağından qaçdıqca
az qalırdı
məni tapdasın. İndi ki, bir
deyir, beş
cavabını alır,
kəlməbaşı bəhanə
tapıb, dava-dalaş
salıram, yeddi çağırığına bir dəfə "hə” deyirəm, az qalır ayaqlarıma
düşə.
–Bəs bunun gecəsi nədiii... aaa...z?! – Xalam
gözü məndə,
əyilib anamın qulağına nəsə
pıçıl-dadı.
–Qurban olar canıma!
–Sən Allah?! – Xalam içini çəkdi.
–Anam canı!
Xalam nəsə dedi, eşitmədim.
Anam isə:
– Qəmxar müəllimin mənə münasibəti
var, hiss eləyirəm
ki, yaxşı münasibətdi. O günü
gör nə deyir, sənin kimi qadının qədrini bilirmi görəsən həyat
yoldaşı?! Dərdim açılmadı.
Nə var, hamısını qoydum ovcuna. Təəssüflə başını yellədi. "Bəyim, mən də xoşbəxt deyiləm!”. "Siz niyə, Qəmxar müəllim?!”. "Eee... – təəssüflə
başını yellədi,
– qədrimi bilmirlər!”.
Yenidən xalam astaca nəsə dedi.
–Anam canı, düz sözümdü. Mənə marağı var. Ən gönü qalın qadınlar hətta belə şeyi havada tutur. Bilirsən, mənə necə müraciət eləyir –
"Aynur bəyim!”.
Deyirəm, Qəmxar müəllim, "xanım”
niyə demirsiniz?! Deyir, hamıya "xanım” deyilə bilər, amma hamı "bəyim” ola bilməz. Uçmağa qanadım olmur.
Ürəyimdə, sənin
daşın düşsün
mənim ərimin ulağ başına, deyirəm...
Beş yaşımın
tamamında anam atamla bərk dava eləyib, evdən çıxdı.
***
On beş gün
olardı ki, babamgildə qalırdıq.
Allahın ver günü
atam zəng edir, məni görmək is-tədiyini
deyirdi. Mən də atamdan
ötrü bərk darıxırdım. Amma anam
istəmirdi ki, atam məni görsün. Axırda nənəm
onu razı saldı.
–Özünü görməmiş
kimi aparma, ha! – Anam atamın gəlməyinə yarım
saat qalmış üstümə qış-qırdı.
–Görməmiş nədi,
ay ana?!
–Çatana yüyürmə
üstünə!
Dinmədim.
–Eşitmədin?!
Başımı yellədim.
–Zəhləm getmiş içəri girəndə
üzünü çevirərsən
divara! –Anam az qala bağırdı.
–Niyə, ay ana?! – Qorxa-qorxa soruşdum.
–Mənim təki qadının qədrini bilməyən sənin qədrini biləcəkmiş!
–Ay ana, atam səni
qovmadı ki, özün acıq eləyib gəldin da babamgilə.
–Az danış! Qədrimi bilsəydi, niyə gəlirdim?!
Qapının zəngi çalınanda ürəyim titrədi.
–Eşitdi-i-i-n?!
Onu görən kimi üzünü çevirirsən
divara.
Nənəm qapını açıb,
yana çəkildi.
–Vaxtınız xeyir! – Atam nənəmə salam verib,
kefini soruşdu. Mənə tərəf gələndə
tez arxamı çevirdim ona.
Nə atam dilləndi, nə nənəm... Bir azdan qapı çıqq elədi.
–Getdi... – Nənəm idi. – Yazıq... – Qolumdan tutdu. – O nə hərəkət idi, ay qız?!
Anamın üzünə baxdım.
–Sən demişdin?! – Nənəm anama sarı çevrildi.
–Mənim qədrimi bilməyən qarnımdan
çıxanın qədrini
biləcəkmiş?!
–Yazıq içəri girib Ayseli görəndə
gözləri işıldadı.
Qız arxasını
ona çevirəndə,
Allah-Allah, sifəti nə
günə düşdü
kişinin!
–Əcəb oldu! Ona bu da
azdı! – Anam az qala qol götürüb oynayacaqdı.
O gecə səhərəcən
yatammadım.
***
Heç
üç ay keçməmiş
anam özündən
beş yaş
kiçik Elman adlı
bir dülgərə ərə getdi. Buna heç ailə
də demək olmazdı. Kişi gəlib bizimlə
yaşayırdı. Amma babamın
ondan acığı gəlirdi. Heç cür özünə sığışdırmırdı ki, kişi
gəlib arvadın evinə girər. Hərdən nənəmə
deyərdi:
–Gözün aydın, ay arvad, tülkü gəlib girib dovşanın yuvasına.
–Ay kişi, qızının
xətrinə gərək
dözəsən! – Nənəm
deyərdi.
–"Ata” deyərsən ha, Elmana, bildi-i-i-n?! – Anam bərk-bərk
tapşırdı mənə.
Dinmədim.
–Eşitmədin?!
–Axı o mənim atam deyil!
–O sənə atandan da min qat artıq
olacaq!
–Ola bilməz, ana!
–Niyə ola bilmir?!
–Axı o mənim atam deyil.
–"Ata” deyərsən, "ata” olar.
–Dilim gəlmir, ana, sən Allah, güc eləmə! –Ağladım.
–Gözün tökülsün!
– Anam hirslə sinəmdən itələyib,
mətbəxə keçdi.
Heç iki ay çəkmədi ki, oğlan anamı gözüyaşlı
qoydu. Anam dözmədi – özünü
balkondan atdı.
Yaxşı ki, pilləkən
varmış, yoxsa sağ çıxmazdı.
Sol qıçı şikət qaldı.
İndi də axsayır.
***
Düz 20 il
atamın üzünü görmədim. Bu 20 ildə özüm də
ailə qurmuşdum, ana
olmuşdum. Hər dəfə
də istəyirdim, atam bizə gəlsin,
nəvələrini görsün, boyu bərabəri qaldırıb üzündən
öpsün. İstəyirdim xəbər
göndərəm ki, ata,
gəl bizə. Amma... qorxurdum,
sözümü yerə sala.
Əslində gəlməyini də istəmirdim. Gəlsəydi,
üzünə necə baxardım atamın?!
Üç gün
idi anamla nənəm
özlərini qəribə aparırdı. Ha
çalışırdım, başa
düşə bilmirdim bunlara
nə olub.
Demə,
atam rəhmətə gedibmiş.
Bu xəbəri
eşidəndə 20 il ürəyimdə
yığılıb qalmış hirsimi tökdüm
anamın üstünə. O da əl çantasını əlinə
alıb, ağlaya-ağlaya çıxıb getdi nənəmgilə.
Ədalət.-2019.-16 mart.-S.16.