MƏCNUNLARIN MƏCNUNU

Hüseynqulu Sarabski –140

Mustafa Çəmənli

 

Bizlər boş səhrada toxum əkmişik.

Lakin onu suvarmağa və göyərtməyə qüvvə lazım idi.

Hüseynqulu Sarabski

Səhnəyə, sənətə məcnuncasına

Məcnunumuz təkdi, gəldi və getdi.

Füzuli gözünün yaşından doğan

Məcnunumuz təkdi, gəldi və getdi.

Süleyman Rüstəm

Hər axşam həsrət və intizarla yola saldığım günəşi səhərlər Xəzərin aynasına boylanan görəndə uzaq səfərdən sonra sahilə yan alan nəhəng bir gəmini xatırlayıram. İnsanlar da belədi, onlar da doğan və batan günəşə bənzəyirlər. Lakin hər doğulan işıq saça bilmədiyi kimi, hər dünyasını dəyişən də yenidən doğulmur. Ancaq elə tarixi şəxsiyyətlər var ki, illər keçsə belə, öz böyük əməlləri sayəsində yenidən doğulur, minnətdarlıq hissi ilə daim yad olunurlar.

XX əsrin ilkin çağlarında, geniş xalq kütləsi teatrın nə demək olduğunu başa düşmədiyi bir vaxtda, belişallı hacıların, ağzıyava mollaların, əlitapançalı qoçuların mənəm-mənəm dediyi bir zamanda, təkcə qadınların deyil, kişilərin də aktyor olması cəsarət tələb edirdi. Əgər yoldan ötən bir nadan tində qabağını kəsib sənin şəxsi işinə qarışırdısa, hətta bığını qırxmağa «icazə» vermirdisə, belə bir dövrdə aktyorun faciəsini, yaşayışını təsəvvür etməmək, illər keçsə belə, ürək döyüntüsünü eşitməmək mümkün deyil. Hüseynqulu Sarabskinin xatirələrindən tək bircə misal:

«Hacı Qənbər – Cəbi, get molla Səfini çağır gəlsin!»

Hacı Qənbər rolunu o zaman mən oynayırdım. Günahkar oldum bu sözü dedim. O günün sabahı İçərişəhərdə Qala küçəsi ilə gedirdim. Bir nəfər şişpapaq qabağımı kəsdi. Məndən soruşdu:

– Keçən gecə teatrda Hacı Qənbər olan sən idin?

Dedim: «Bəli».

– Balam, teatr oynamağınız bəs deyil, bizim mollalarımızın adını niyə çəkirsiniz, – deyə mənə bir sillə vurub qaçdı» (Bax: H.Sarabski. «Köhnə Bakı», «Yazıçı», Bakı, 1982, səh. 41).

Minlərlə tamaşaçını güldürəsən, ağladasan, düşündürəsən, küçəyə çıxanda ətirli gül dəməti əvəzinə sənə yağlı bir şapalaq bəxş edələr?! Çox qəribədi, çox utandırıcı, acıdan da acı bir mənzərədir!!! Yox, bütün bu cəfalara dözməyin böyük bir səbəb olub. Nə? Pul qazanmaq? Yox! Şöhrətmi? Əgər şapalağı şöhrətdən qabaq yeyirsənsə, onda necə? Yox! Yox! Yox! Ancaq sənətə məhəbbətdən, xalqın gələcəyinə, teatrın yüksəlişinə inanan insan – sənətkar bu cür əzab-əziyyətə, təhqirlərə dözə bilərdi. Hüseynqulu Sarabski də dözdü. Yox, ancaq dözmək az idi. Hər küçədə bir artist peyda olurdusa, onların içərisindən parlayıb çıxmaq da böyük istedad tələb edirdi.

 

 

 

Əlbəttə, o zaman gənc Hüseynqulunun «artistliyə qurşanmasını» sənət dostlarından başqa heç kəs sevinclə qarşılamadı. Əksinə, ilk çıxışından sonra onu səhnədən çəkindirmək üçün «çıxışlar», «müzakirələr», hədə və təhniz, nəsihət dolu başgicəlləndirici «iclaslar» qarşıladı. Hüseynqulu iki yol ayrıcında qaldı. Nə etmək, hansı yolu seçmək? Çox götür-qoydan sonra o, ürəyini Nəriman Nərimanova açır və ondan belə bir cavab alır:

«Hüseynqulu, sən əgər istəyirsən camaat arasında adın olsun, mətbuatdan xəbərdar olub camaatına qulluq eləyəsən, gərək ziyalılardan əl çəkməyib heç bir boş sözə qulaq asmayasan. Avam camaatın və qohumların zərbəsinə davam edib səhnədə çalışmalısan. Bizim teatrımız belə qalmayacaq, bizim səhnəmiz yüksələcək».

Xoşbəxtlikdən Hüseynqulu Sarabski görkəmli ictimai xadim, yazıçı-dramaturq Nəriman Nərimanovun dediyi yolla getdi. Bir-birinin ardınca Fərhad («Gaveyi-ahəngar»), Vəli bəy («Dövləti bisəmər»), Ərəb («Əlimənsur»), Karl («Qaçaqlar»), Yaqo («Otello») və başqa rollarda oynadı.

Əlbəttə, bir aktyor kimi bu surətlərdən onun ruhuna doğma olanlar da, uyğun gəlməyənlər də vardı, həyatı qədər sevdiyi, adı ilə yanaşı çəkilən Məcnun obrazı da…

Hüseynqulu Sarabski deyərkən, ilk növbədə, onun yaratdığı Məcnun obrazı yada düşür. O bizim üçün bu rolla əfsanələşib, nağıllaşıbdır. Əlvan boyalarla yaratdığı Məcnun surətinin əzəməti oynadığı digər rolların üstünə kölgə salmışdır. Hüseynqulu Sarabski mədəniyyət tariximizə təkcə böyük müğənni, aktyor, rejissor kimi deyil, həm də «Cəhalət», «Axtaran tapar», «Nə tökərsən aşına, o çıxar qaşığına» kimi öz dövrü üçün xarakterik olan dram əsərlərinin, eləcə də «Azərbaycan milli kostyumu», «Hüseyn Ərəblinskinin tərcümeyi-halı», «Bir aktyorun xatirələri», «Köhnə Bakı» adlı əsərlərin müəllifi kimi də daxil olmuşdur.

Bəs necə olmuşdur ki, ilk Azərbaycan operasının banisi olan Üzeyir bəy Hacıbəyli onlarca aktyor, xanəndə içində Məcnun rolu üçün məhz H.Sarabskini seçmişdir? Aktyor az idimi, yoxsa geniş diapazonlu səsi olan xanəndələr yoxdu? Vardı! Ancaq birinin səsi, digərinin aktyorluğu çatışmırdı. Üzeyir bəyə isə elə bir aktyor lazım idi ki, bu keyfiyyətlərin hər ikisi onda olsun. O, belə bir istedadı təsadüfən Heynenin «Əlmənsur» tamaşasına baxarkən Hüseynqulu Sarabskidə tapmışdı. Həmin tamaşada Hüseynqulu Sarabski «Hicaz» oxuyurmuş və özünün dediyi kimi, bundan sonra çox şöhrət qazanıbmış. Müğənni yazır ki, «Bir gün Üzeyir mənə yanaşıb, «Nə gözəl «Hicaz» oxudun, çox xoşum gəldi. Mən bir «Leyli və Məcnun» operası başlamışam... İki gündən sonra yanıma gələrsən – dedi». Sarabski sonra yazır: «İki gün sonra getdim, yazdığı əsərin havalarından mənə oxutdurdu, çox asanlıqla oxudum. Üzeyir daha da həvəsləndi. Ondan sonra gedib hər gün Məcnun roluna hazırlaşırdım. «Leyli və Məcnun» hazır oldu. Əsəri «Nicat»a gətirdik. Çünki artistlərin hamısı orada oynayırdı».

 

 

 

«Leyli və Məcnun» əsərinin müvəffəqiyyət qazanacağına şübhə ilə yanaşanlar, əsərin müəllifini, Məcnunun ilk ifaçısını ruhdan salanlar, qorxudanlar da vardı.

Əsas rolun ifaçılarından biri kimi Hüseynqulu Sarabskini bir məsələ çox düşündürmüşdü: əfsanə və nağıllarımızın, Nizami və Füzuli kimi nəhənglərin sevimli qəhrəmanı olan Məcnunun səhnə obrazı necə olmalıdır? Hətta Məcnunun xarici görünüşü belə aktyoru maraqlandırırdı.

«Mən özümü bir qara qul eləmişdim. Çünki bir dəfə hacılardan birisi Məkkədən bir qara qul gətirmişdi. Mən də bütün ərəbləri bir qara qul hesab edərək özümü bu şəklə salmışdım».

Xoşbəxtlikdən H.Sarabskinin Məcnunu ilk tamaşadan böyük məhəbbətlə qarşılanır.

«İkinci pərdə düşdükdən sonra camaat, yoldaşlarım və teatrda iştirak edənlər mənim başıma yığılıb «Afərin, afərin deyə təbrik etdilər... Mənə deyirdilər: «Hüseynqulu, əgər üçüncü pərdəni də yaratsan, artist adı alacaqsan». 3-cü pərdəni başladıqda mən cəsarətlə onlara dedim: «Gedin, tamaşa edin, görərsiniz O pərdədə məndə elə hiss oyandı ki, tamam Hüseynqululuğu-mu unudub bir Məcnun kəsilmişdim. Səhnə mənim üçün bir səhranı təmsil edirdi. Mənimlə iştirak edənləri tanımırdım. Gözlərim heç bir şey görmürdü. Pərdə düşdükdən sonra camaatın məni dəfələrlə sürəkli alqışlar içərisində pərdə qabağına çağırması və yoldaşlarımın pərdə dalında məni əhatə edib öpmələri mənə o qədər təsir etdi ki, biixtiyar ağlayırdım... Bu oyundan sonra camaat və səhnə yoldaşlarım məni Məcnun deyə çağırardılar. O ad mənə o qədər əziz idi ki, hər kəs bu adla çağırdıqda fərəhlənirdim».

Məcnuna olan bu böyük sənətkar məhəbbəti H.Sarabskini bütün ömrü boyu tərk etməmişdi. Əsl aktyor üçün təkcə oynayacağı obrazı sevmək azdır, onu sevdirmək də lazımdır. Bunun üçünsə yuxusuz gecələr keçirmək, axtarışlar, tapıntılar etmək gərəkdir. Bu mənada Məcnunu anlamaq və duymaq bir aktyor-müğənni kimi H.Sarabskiyə qismət olmuşdu.

Məcnun kimdir? Dəlidir, ağıllıdır, şairdir, aşiqdir, filosofdur? Məhz H.Sarabski öz oyunu ilə bu suallara cavab verdiyi üçün özündən sonrakı bütün «Məcnunların» ustadı olmuş və olaraq qalmaqdadır. Bizim bəzi gənc müğənnilər səhv olaraq səhnədə Məcnunun «dəliliyini» qabartmağa cəhd edirlər. Bu doğru yol, sənət yolu deyildir. Hüseynqulu Sarabski isə Məcnunun məcnunluğunun səbəblərini tamaşaçılara göstərirdi. Məcnunluğun əsasında isə böyük insani məhəbbət və kədər, özünüdərk, yüksək humanist duyğuların tərənnümü, dövrdən şikayət, bir

 

sözlə, Məcnunun mürəkkəb fəlsəfi düşüncələri, zəngin mənəvi dünyası durur... Məcnun avam, cahil insanların zülmündən çöllərə düşmüşdür, onu insanlara, cəmiyyətə bağlayan yeganə tel sevdiyi Leylidir. Bütün bunlar Sarabskinin oyununda öz böyük mənasını tapırdı.

1914-cü ildə Sarabskinin Tiflisdə qastrol səfərindəki çıxışlarının şahidi olmuş professor Əziz Şərif «Keçmiş günlərdən» kitabında yazır: «Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır, boğazımdan tutub sıxır, gözümdən yaş axıdırdı. Divanə Məcnunun dağlarda dolaşması, inilti və qəhqəhəsi, iztirab və həyəcanları! Bu sehrli mənzərəni, bu əfsanəvi musiqini, Məcnunun sonsuz kədərini unutmaq olarmı?

...Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məhəbbətlə oynadı. O, Məcnunun surətini tam mənası ilə canlandırdı».

Hüseynqulu Sarabski vaxtaşırı qastrol səfərlərinə gedərək başqa rollarla yanaşı, Məcnunu Qafqaz, İran və Orta Asiya torpaqlarında da şöhrətləndirmiş, özü də böyük xalq məhəbbəti qazanmışdı. Aktyor 1913-cü ildə Qarabağdakı qastrol səfərini belə təsvir edirdi:

«Müdir gəldi ki, nə etməli, aləm biletli-biletsiz dolub teatra. Dedim gedin zalın pəncərələrini açın, hamı da sakit olsun, tamaşanı başlayaq. Pərdə açıldı, «Şəbi-hicran» oxundu. Camaat sakit idi. Mən səhnəyə çıxdım, camaat tərəfindən gurultulu alqış və gül-çiçək səhnəyə tökülürdü. Mən təzimdən sonra alqışın kəsilməsini gözləyirdim. Amma alqış davam edirdi. Bu halda Əbülfət Vəlini gördükdə nə etmək lazım olduğunu sordum. Əbülfət mənə tez-tez dedi: «Qaç, qaç səhnədən çıx Əbülfət sözünü qurtarmamış yerli gənclər gəlib məni səhnədə atıb-tutmağa başladılar... Leyli rolunu oynayan yoldaşım Ağdamskiyə dedim: «Əhməd, mən bu gecə oxumayacağam, ağlaya-ağlaya oynayacağam. Amma sən oxumalısan». O gecə oynadığım Məcnunu deyə bilərəm ki, nə oynamışam, nə də oynayacağam».

Xalq şairi Süleyman Rüstəm aktyor-müğənniyə həsr etdiyi məqalədə onu belə xatırlayır:

«Yadımdadır, məktəbli çağlarımızda əlimizə pul düşən kimi «Leyli və Məcnun», «Şah İsmayıl», «Əsli və Kərəm» və digər tamaşalara baxmağa gedərdik. Hüseynqulu Sarabskinin aktyorluq istedadı, ürəkləri dindirən məlahətli səsi biz gənclərin ruhunu oxşayardı, həyəcanlandırardı. Onun iştirak etdiyi tamaşalara təkrar-təkrar baxdıqca bu sənətkara məhəbbətimiz qat-qat artırdı. Məcnunu o qədər təbii, canlı, zəngin boyalarla oynayırdı ki, salondakıların gözləri yaşarardı.

O zaman Hüseynqulu Sarabskinin iştirakı ilə verilən tamaşa axşamları teatr qarşısında atlı milis dəstəsi növbə çəkərdi. Çünki billet tapa bilməyənlər nə yolla olur-olsun içəri girib Hüseynqulunu səhnədə görmək istəyirdilər».

 

Yox, Hüseynqulu Sarabski Məcnunu hər zaman, lap yaşlı vaxtlarında belə, böyük ilhamla oynamışdır. Bunu aktyoru səhnədə görənlər, onunla çiyin-çiyinə çalışmış sənətkarlar da etiraf edirlər ki, Sarabskinin Məcnunu əvəzsiz idi.

Onun Məcnunu bir içim su, bir udumluq hava deyildi, axar çaydı, təptəzə bahar havası idi. Sarabski Məcnunun məcnunuydu. Əbədilik qazanmış, həmişəcavan, həmişəyaşar Məcnun!

Üzeyir bəy H.Sarabskinin məzarı başında demişdir: «...Aktyorluq dərsi oxumamış, obraz yaratmaq sənətini keçməmiş, məktəb və darülfünun bitirməmiş olan Hüseynqulu Sarabski olduqca çətin və mürəkkəb bir faciə təmsil edən Məcnun obrazını yaratmaq sahəsində öz-özündən elə bir məharət göstərdi ki, sair artistlər üçün bir nümunə, tam bir məktəb oldu».

P.S. Arzu edərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə anadan olmasının 140 illik yubileyini keçirdiyimiz Hüseynqulu Sarabskinin «Köhnə Bakı» kitabı latın qrafikası ilə yenidən nəşr olunsun. 1982-ci ildə «Yazıçı» nəşriyyatında mənim redaktorluğumla 50 min tirajla nəşr olmuş bu kitaba H.Sarabskinin «Bir aktyorun xatirələri» və «Hüseyn Ərəblinskinin tərcümeyi-halı» xatirələrini də əlavə edərək çap etmişdik. Düşünürəm ki, görkəmli aktyorun «Köhnə Bakı» kitabının nəşri onun yubileyinə ən dəyərli hədiyyə olardı.

Ədalət.-2019.-16 mart.-S.12.