BAHARDIR, QƏLBLƏRDƏ ARZULAR COŞUR...

İbrahim YUSİFOĞLU, şair-publisist

Yarpızın, nanənin ətridi, vallah,

 

Çəməndən küləyə qoşulub gəlir.

 

Sənin dərgahına min şükür, Allah,

 

Yenə təbiətin yönü dirçəlir.

 

Yenə də bir coşqun həyat başlayar,

 

Hər addım bu yerdə hünər meydanı.

 

Yenə də ellərə müjdə yayılar:

 

- Novruz qonağıdır Azərbaycanın!

 

Külək qapısını döyür, yağış damını. Səma haray salır, şimşək işıq saçır, hamı xoş xəbər üçün tələsir: Gözlərin aydın, ana təbiət, Bahar qızın gəlir, xonçalı-boxçalı Novruza qoşuluruq.

 

Ana təbiət muştuluqçuların nəmərini verir -- başlayır çölü, düzü bəzəməyə. Hamı görür onun üzündəki fərəhi, kipriklərindəki sevinc damlalarını. Dağların başında "ocaq çatır" ana təbiət, sonra səmaya "göz vurur". Səma ilıq su ilə "çimizdirir" çılpaq təpələri, dərələri, düzləri. Göy rəngli donlarını geyəndə hər şeyi unudur təpə də, dərə də, düzən də. Bilirlər ki, Bahar gəlir.

 

Bəxtəvər-bəxtəvər gülümsəyir ana təbiət. Qovuşurlar bir-birinə sevib-sevilənlər: gül bülbülə, bulaq çəmənə, arılar çiçəklərə... Dodaqlarında şən nəğmə, nəfəslərində bir olmaq eşqi, bir də onları qovuşduran Bahar.

 

Analar pərvazlandırıb, uçurub övladlarının hərəsini bir ocaq başına. Novruz günündə əlləri çömçəli, gözləri yolda, qulaqları səsdə plov bişirir analar. Bayram axşamı övladlarının hamısı yığışacaq ana evinə, ata ocağına-- yenə hamı üçün şam yandıracaq analar!

 

Xəyallarına ötən günləri, göz önünə hərəsi bir tərəfdə yuva quran övladlarını gətirən analar səməni bəsləyirlər. Elə bu vaxt açılır qapılar: "Novruz bayramınız mübarək!", deyir balalar. "Sizinlə bahəm, a qadanızı alım, gəlin çıxın də!" -- deyə həm gülər, həm də kövrələr analar. Ev ağbirçəyi birinci səməni halvasını süfrəyə gətirərək bayram xeyir-duasını verər: "Səməni kimi təzə-tər, müqəddəs olasınız, balalarım! Bir də axı, səməni elə Bahar deməkdir. Qoy, həmişə Bahara qovuşasınız, balalarım!".

 

Yarpızın, nanənin ətrinə bürünmüş el-obamızda səməni bəsləyirlər ağbirçək nənələrimiz gülüzlü qız nəvələri ilə. Bağlarında qar altında boynubükük bənövşələr boy atanda babalar ilaxırı tonqal çatır şir biləkli, aslan ürəkli oğlan nəvələri ilə. Novruz bayramı günü açılar analarımızın qırmızı almalı boxçaları. Və bu qırmızı almalarla yaşlı qadın və kişilərin bayramlarını təbrik edirik, baxıb bu gözəlliyə şeir söyləyirik:

 

 

İlin bu vaxtında bu kəndə gəlmək,

 

Arzuya, nübara çatmaqdı, qardaş.

 

Dünyanın ən xoşbəxt bəxtəvəritək,

 

Şirin xatirəyə dalmaqdı, qardaş!

 

 

Boylanıb, boy atır yenə qar altdan,

 

Bu, kövrək baxışlı gül bənövşədir.

 

Geyinib yamyaşıl donunu hər yan,

 

Təbiət pişvaza çıxıbdır, nədir?

 

 

Durnatək uçurlar bulağa sarı,

 

Bilməzsən, hardaydı bu qızlar, harda?

 

Qəlblərə od salar qız baxışları,

 

Ürəkdə cücərər xoş arzular da.

 

Oğlanlar dolaşar, bağçanı-bağı,

 

Bir görüş həvəsli, dilləri andlı.

 

Nişanlı qızların bayram axşamı,

 

Toğlu payı gedər qırmızı bantlı.

 

 

Dəcəl uşaqların fişəngi, şarı,

 

Sayrışar səmada haylı-haraylı.

 

Gəzir qapı-qapı kənd qarıları,

 

Güllü xonçaları səməni paylı.

 

 

Qapı döyənlərə o gün pay düşər,

 

Boyaqlı yumurta qalxar hörmətə.

 

Erkəndən çatılmış təndirdə bişər,

 

Süfrənin bəzəyi ləpəli kətə.

 

 

Novruz bayramında gülüş də, söz də,

 

Arzu da, ümid də noğuldu qardaş.

 

Kim ki, macal tapıb gəlirsə kəndə,

 

O, elə-obaya oğuldu, qardaş!

 

İlk yaz yağışının da öz yeri, öz sevgisi var. Səma qayğıkeş ana kimi Yer üzünü öz ilıq damcıları ilə yuyur, təbiət yaşıl don geyinir. Çayların, bulaqların suları coşub-daşır, sahillər boyu yarpız, nanə, bulaqotu göyərir. Çəmənliklər, təpələr yamyaşıl ormanı xatırladır. Qız-gəlinlərimiz, analarımız, nənələrimiz yemlik, qazayağı, şomun yığırlar. Oyanır torpaq, bol məhsul vermək üçün qucağını açır insanlara:

 

 

Bir də ələ düşməz bu yaz yağışı,

 

Ay ana təbiət, nurdu elə bil.

 

Qoynuna aldığın hər bir toxumun,

 

Bəhrəsi tükənməz olacaq bu il.

 

 

Bir də ələ düşməz bu yaz yağışı,

 

Bulaqlar gözündən çağlayacaqdır.

 

Sığmayıb dağ çayı öz məcrasına,

 

Dağların qəlbini dağlayacaqdır.

 

 

Bir də ələ düşməz bu yaz yağışı,

 

Lalələr, nərgizlər üzə gələcək.

 

Görüb təbiətin gözəlliyini,

 

Ceyranlar, cüyürlər düzə enəcək.

 

 

Bir də ələ düşməz bu yaz yağışı,

 

Gülüm, bir sevinc var gül baxışında.

 

Gəl çeşmə başına bu saat, bu an,

 

İslanaq, islanaq yaz yağışında.

 

 

Hələ qəlbimizdə tumurcuq olan,

 

Eşqimiz görməsin sazağı, qışı,

 

Gözləyək, gözləyək toylu günləri,

 

Bir də ələ düşməz bu yaz yağışı.

 

Baharın -- Novruzun gəlişini, Günəşin can qızdıran, qəlboxşayan ilıq nəfəsini budaqlarında hiss etcək gəlin köçən qızlar kimi ağappaq geyinər badam ağacı, hər il beləcə, Novruz bayramını ağ donda qarşılayar. O qədər çiçəyi olar ki, elə bil ulduzlar ələnibdi budaqlarına. Çiçəklə, badam ağacı, sənin çiçəklərin saflıq, bolluq rəmzidir. Ağaclar quşların ağırlığını budaqlarında duycaq oyanırlar qış yuxusundan, badam ağacı! Səni çiçəkli görüb, utanırlar yatıb yuxuya qalmalarından. Dilləri nəğməli, ürəkləri təbiət vurğunlu balalarımız kövrək qanadlı alabəzək kəpənəklər ardınca qaçırlar. Güldən-gülə qonan kəpənəklər elə bil Baharın rəngarəng gözəlliklərini gül balalara göstərir.

Yurdumuza Novruz gəlir. Günəşin al şəfəqləri yenə dağlarımızı, obalarımızı nura boyayır. Yenə də sözümüz-söhbətimiz sənədir, yenə də donunda qarşılayırsan Baharımızı, badam ağacı. Sabahın bol məhsulundan xəbər verir çiçəklərin. Çiçəklə, çiçəklə, badam ağacı. Çiçəklərin qəlbimizdə xoş xatirələr oyadır:

 

 

Bahardır, qəlblərdə arzular coşur,

 

Boylanır bənövşə -- Baharın tacı,

 

Bülbül qızılgülə mahnılar qoşur,

 

Çiçəklə, çiçəklə, badam ağacı.

 

 

Çəmənlər, çiçəklər xoş ətir saçır,

 

Dağ çayı dağları yarıb, yol açır,

 

Uşaqlar kəpənək ardınca qaçır,

 

Çiçəklə, çiçəklə, badam ağacı.

 

 

Qartallar boylanır dağlarımızdan,

 

Şən nəğmə səslənir bağlarımızdan,

 

Ellər söhbət açır bol varımızdan,

 

Çiçəklə, çiçəklə, badam ağacı.

 

 

Səmadan nur yağır yenə hər yana,

 

Tarla da, bağlar da gəlibdir cana,

 

Sən bolluq rəmzisən Azərbaycana,

 

Çiçəklə, çiçəklə, badam ağacı.

 

Gözlərimiz önündə canlanır yamyaşıl dünya.

 

Bu dünyanın düzləri yaşıl, təpələri yaşıl, dağları yaşıl. Bu dünyanın yaşıl düzlərində, yaşıl təpələrində, yaşıl dağlarında təzəcə pardaxlanıb açmış gülləri rəngarəng, xoş ətirlidir. Bu dünyanın sükutunu kəkliklərin nəğməsi, quşların cik-ciki sındırır.

 

Hardansa baş alıb gələn yan tütəyin səsi ovsunlayır təbiəti, daha da şirinlədir Novruzun gəlişi -- ilin son gecəsinin nəşəsi:

 

Göy üzündə hər bulud bir uşaqdır,

 

Bir-birilə dalaşırlar gör necə,

 

Ürəyimiz qəm-qüssədən uzaqdır,

 

İlin axır gecəsidi bu gecə.

 

 

Bu qış bizi çox yandırdı, çox yaxdı,

 

Göy kişnədi, ildırımlar da çaxdı,

 

Gözləyirdik biz bu vaxtı havaxtı,

 

Gecə-gündüz yaşayırlar "heç-heçə",

 

İlin axır gecəsidi bu gecə.

 

 

Novruz gəlib, müjdəçidi səməni,

 

Göz oxşayır göy zəmini, çəməni,

 

Tanrı sevir torpaqdakı hər dəni,

 

Üstlərinə nur ələnir gör necə,

 

İlin axır gecəsidi bu gecə.

 

 

Od vurulub qalaxlanan oduna,

 

Dərd tökülüb tonqalların oduna,

 

Hamı gülür Kosanın hap-gopuna,

 

Plov gəlir, üstündə də kök beçə,

 

İlin axır gecəsidi bu gecə.

 

 

Nənəm odun eşələyir közünü,

 

Dua edir, pıçıldayır sözünü:

 

"Ay üzərrik, çıxart paxıl gözünü,

 

Kaş, qan-qada torpağımdan gen keçə",

 

İlin axır gecəsidi bu gecə!

 

 

 

Novruz bayramının çox əlamətləri, min bir gözəllikləri vardır. Bunlardan biri də Novruz adətləridir. Bu adətlərdən görürük ki, Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Burada ulu babalarımızın ən müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunmuşdur. Həqiqi mənada, insan mənəviyyatına təmizlik gətirir Novruzla bağlı xalq deyimləri.

Milli dəyərlərimizin bir nümunəsi olan Novruz kimi ulu, qədimdən də qədim bayramımız məhz sevimli Bahara təsadüf edir. Bu, qədim el bayramı əcdadlarımızın müqəddəs etiqadları, ənənələri, inamları, sıx duyğuları ilə bağlı olduğundandır ki, bu gün hər birimiz onun gəlişini böyük həvəslə, arzularla qarşılayırıq.

 

NOVRUZLA BAĞLI XALQ DEYİMLƏRİ

- həyət-bacanı təmizləyər, paltar-palazı təmiz suya çəkərlər;

 

- ağacların dibini belləyər, quru budaqlarını kəsib atar, bağların xəzəlini

 

yığıb yandırarlar;

 

- səməni göyərdər, səməni halvası bişirərlər;

 

- niyyət edib bayram süfrəsi açarlar;

 

- tonqal yandırarlar;

 

- üzərlik yandırıb, tüstüsünü ev-eşiyə, oğul-uşağa, mal-qaraya verərlər;

 

- təzə paltar alar, oğul-uşağı, qız-gəlini təzə donla sevindirərlər;

 

- ox atmağa hazırlaşar, at çapmağa tədarük görərlər;

 

- şənliklərə gedərlər;

 

- xonça bəzəyərlər;

 

- yumurta boyayarlar;

 

- qəmgin oturmazlar;

 

- qız çeşməyə çıxar, qıza mətləb açarlar;

 

- küsülü qalmazlar;

 

- qohum-qardaşa qonaq gedərlər;

 

- nişanlı qıza Novruz payı apararlar;

 

- söyüş söyməz, qarğış eləməz, qeybət qılmaz, başqası barədə pis söz danışmazlar;

 

- valideynlərin qəbrini ziyarət edərlər;

 

- ailə üzvlərinin sayına görə şam yandırarlar;

 

- qohum-qardaşa, tanış-bilişə mehribanlıq eləyərlər;

 

- şirni paylayarlar;

 

- atı, iti, ilanı vurmazlar;

 

- mollaya getməz, dua yazdırmazlar;

 

- evə nərgiz gətirməzlər;

 

- novruzgülü dərər, təzə yarpız yığarlar;

 

- qızlar qırmızı geyinərlər;

 

- evin sahibi evdə olar;

 

- sağmal mal-qaranı oxşayarlar;

 

- dalaşmazlar;

 

- bacadan sallanan, qapıya atılan torbanı boş qaytarmaz, ona Novruz xonçasından pay qoyarlar;

 

- xəstə yatanlara pay, evin ağsaqqalına Novruz şirniyyatı göndərərlər;

 

- novruzqabağı qovurğa qovurarlar;

 

- xonça tutarlar;

 

- balıq bişirərlər;

 

- Novruz şənlikləri düzəldərlər.

Ədalət  2019.- 16 mart.- S.10.