Naxçıvanda Novruz ənənələri
(əvvəli ötən
sayımızda)
Dünyanın türk erası da buradan başlanğıc götürmüşdü. Türklər hər yerə yayılıb gündoğanda da, günbatanda da mədəniyyət ocaqları qalamışdılar. İki çay arasına köçənlər də, Altayda bayraq qaldıranlar da, İtil boyunda at çapanlar da Gəmiqayanı unutmamışdılar. Türkün ədalət üstündə qurulan böyük dövlətlərinin mayası Əshabi Kəhfin haqq xəmirindən yoğrulmuşdu.
Dünyanın xəritəsinə baxanda Naxçıvan Muxtar Respublikasının sahəsi başqa bölgələrlə nisbətdə çox kiçikdir, əhali də burada çox deyildir.
Lakin yer
üzünün ümumi
xəritəsində nöqtə boyda
görünən bu diyarın tarix boyu yetirdiyi
şəxsiyyətlərin sayı-hesabı yoxdur.
Stefan Sveyq özündən sonra şan-şöhrət, iz qoyan yaradıcı insanların, qüdrət və zəka sahiblərinin doğulduğu çağları dünyanın ulduzlu və ən işiqli günləri sayırdı. Əgər əsrlərə baş vursaq, təkcə son min ildə Naxçıvanın yetişdirdiyi belə simaları sadalamağa vaxt darlıq edər və bu diyarın ulduzları Yer üzünü günəş qədər işıqlandıra bilər.
Azərbaycan türklərini gəlmə,
köçəri tayfalar hesab
edən bəzi alimlərin uydurmalarına cavab
Naxçıvanın qədim qalaları və memarlıq abidələridir.
Bu qalalar folklorumuzda nağıl və əfsanənərdə
gen yaddaşına düşmüşdür.
Təsadüfi deyildir
ki, nağıllarda qəhrəman həmişə
alınmaz qala divarlarını
aşır,şər üzərində qələbəsini başa çatdırır. Ümümilikdə
Naxçıvan Azərbaycanın alınmaz qalasıdır, bu gün də tarixi yolunu uğur
və qətiyyətlə davam etdirir.
Ordubadda xanbəzəmə
mərasimi Min il
lərdir, el-obamız Novruza ürəyinin başında, gözünün üstündə yer verib, ağ gününü, sevincini, şadlığını, bəxtəvər çağını, inamını, sevgisini, gümanını, ruzi-bərəkətini onun adıyla bağlayıb. Bənövşə ətirli, nərgiz qoxulu Novruz ən uzun dövranı olan bayramdır; bizlərdə deyərlər, tut sovuşanacan, gilas ağaranacan Novruzdur. El-oba Novruzun bayram taxt-tacına ürəkdolusu, gözdolusu məhəbbətlə baxıb; bəlkə, buna görə Novruza "bayramların sultanı" deyilib. Həmin günlər torpaqdan boylanan çiçəyə "Novruz gülü", əsən küləyə "Novruz yeli" (bayram yeli, vədə yeli), yandırılan tonqala "bayram tonqalı", açılan süfrəyə "bayram süfrəsi" deyilib. Beləcə, olan-qalanı, necə deyərlər, özününküləşdirib, əzəlləşdirib, gözəlləşdirib bu bayram. Çillələrdən keçə-keçə qışın çiləsi sovuşub, gələn yaz ilaxır çərşənbələrin su, od, yel, torpaq müqəddəsliyi ilə qışa öz qalib, məğrur sifətini göstərib. Su, od, yel, torpaq sevindikcə gələn yazın da sevincdən çiçəyi çıtlayıb.
Naxçıvanda belə bir
inanc var:
"Xızır peyğəmbər kiçik
çillənin ilk günlərində
atını havaya çıxarır.
Atın ayaqları torpağa dəyən kimi aləm dəyişir". Qarşıdan
gələn yazın hələ qışın oğlan çağında "aləmi dəyişmək"
gücünə də beləcə inanıblar. Bu bayramla bağlı nə
varsa, elin nəzərində
əzizdir, müqəddəsdir. İnanclara
görə, Nuh Peyğəmbər quruya Novruz günü
çıxıb.
Elə ki, elimizə,
obamıza yaz gəlir, gəlişi ilə
elə biləsən ulu dağların
dilinə söz gəlir, sözünə
avaz gəlir. Çaylar,
çeşmələr də qoşulur buna. Sanki hərəsi bir tərəfdən naz-qəmzə nəğməsi
oxuyur. Oxunan nəğmələr
də cümlə-cümlə, söz-söz
cilalanıb bütün mahala
yayılır. Mahala yayılan bu sözlər qar
altından çıxan çiçəklərdən bənövşətək
rəng alır, əsən mehdən ahəng alır.
Sanki ana
təbiət qış yuxusundan oyanan bu nəğməyə
qoşulur. Sanki bütün təbiət insanlara
naz satır. Beləcə, nənə-babalar
bütün bunlardan ilham alıb təbiətin səsinə səs
verirlər.
Nəğmələr, bayatılar, deyimlər yaradırlar. Demək, xalqın yaratdıqlarında təbiətin də öz payı var.
Zaman-zaman
yaratdığı söz
düzümünə rəng verən ulularımız bu nümunələri füsunkar
dağ otlarının ətri, boynu bükük bənövşənin
düzümüylə ərsəyə gətirib.
Elə ki yaz
gəldi, Azərbaycanımızın incisi
Ordubadda meydan
açılır. Al-əlvan rənglərlə bəzənən
meydana ilkkim gəlir, əlbəttə
ki, xan gəlir. Hər
il olduğu kimi, bu ildə
qışın tar-mar etdiklərini,
yazın təbiətə və insanlara bəxş
edə biləcəklərini uzaqgörənliklə öz ələyindən keçirmək üçün xan meydana üz tutacaq. Bu adətə qədim
Ordubad elində "xanbəzəmə"
deyirlər.
Geyinib keçinən xan əvvəlcə Ordubadı gəzib-dolanır,
sonra isə meydanda onun üçün
hazırlanmış taxtına çıxır. Elə ki xan öz
yerini aldı, şənlik
başlayır. Cəngi havaları altında pəhləvanlar
uz-uzə dayanaraq öz
məharətlərini göstərməyə
çalışırlar. Pəhləvanları dövrəyə
alan ordubadlılar bu nəgməni
oxuyurlar:
İki iyid
çıxdı meydana,
İkisi də bir-birindən mərdana.
Həzrəti Həmzə pirimiz,
Aradıq, tapdıq bir-birimiz.
Əl başda, diz yerdə,
Güləşəyim düz yerdə.
Pəhləvanlar məharətlərini göstərəndən
sonra meydana kosa çıxır. Kosa gülməli
oyunları ilə bayram iştirakcılarını
əyləndirir.
Yerli sakinlərdən
ibarət vəzir-vəkil,
yaraqli-yasaqlı fərraş,
qırmızı geyimli,
əli baltali cəllad əmrə muntəzir dayanaraq, xanın gözlənilməz
əmrlərini yerinə
yetirməyə calışırlar. İki nəfər
xanın başının
üstündə dayanaraq
onu yelpiklə yelləyir.
Həmin gün könüllü olaraq hər kəs xana qulluq
edir. Xanın ətrafına bəzədilmiş
xonçalar, səmənilər
düzülür. Xan
əmr verir, hamı çalıb-oynayır;
rəqs edən kim, mahnı
oxuyan kim; hər kəs çalışır ki,
xanı əyləndirsin.
Kosayla təlxək də tez-tez meydana girib xanı güldürməyə çalışırlar.
Adətə görə, xan
gülməməli, qaş-qabaqlı
oturmalıdır.
Əgər gülərsə, onu taxtdan salıb suya basarlar. Ona görə
də xan taxtından düşməmək
üçün bütün
şənlik boyu qaş-qabaqlı oturur, taxt-tacıni kimsəyə
verməməkdən ötrü
adətlərə əməl
etməyə çalışır.
Xanbəzəmə mərasimində maraqlı
bir cəhətdə vardır. Əgər xan üç
gün vəzifəsinin
öhdəsindən yaxşı
gələrsə, meydana
düzülmüş xonçalar,
gətirilmiş xalatlar
ona çatacaq.
Yox əgər
gəlməzsə, bu
xalatlar şənlik iştirakçılarına paylanılır
və xan yeni xanla əvəz
olunur. İncilər-incisi qədim Ordubadın
xanbəzəmə mərasimi
beləcə maraqlı
səhnəciklərlə düz
üç gün davam edir.
Novruz
"hesab-kitabında" yeddi hökm-fərmandır.
Ordubadda axır çərşənbəyə
"yeddiləvin" deyilir. Yeddi ləvində günün
batmağını gözləyən ordubadlılar tonqal qalayıb, od
yandırmaq adətini də unutmurlar.
Tonqalınüstündən tullanaraq deyərlər:
"ağırlığım, uğurluğum
bu tonqalın ustünə".
Elimizdə, obamızda bayram adətlərinin gələn Novruzacan xeyir-bərəkət, uğur gətirəcəyinə inanılıb. Biz də elimizin, ulusumuzun söz çələnginə qoşulub deyirik: ilimiz uğurlu, ruzili-bərəkətli olsun!
Şölə
Qadirqızı
Ədalət.-2019.-28 mart.-S.7.