MASALLILARIN
NOVRUZ OVQATI
“Asan həyat”da Bahar festivalı
Novruz insanların xoş ovqat, arzu, ümid, istək, gələcək
günlərə ərməğan bəxş edən
bayramıdır. Təbiət oyanır: torpaq donunu dəyişir,
çöl-çəmən al-əlvan rəngə
bürünür, ağaclar tumurcuqlanır, çiçəkləri,
yarpaqları ləçəkləyir. Yazın
gəlişi özü ilə insanlara qeyri-adi ab-hava gətirir.
Taxıl zəmiləri torpağın sinəsinə
bərəkət bəxş edir, küsənlər
barışır, qonum-qonşular bir-birinə qonaq gedir, deyib
gülür, sevinc dolu günlər yaşanır. Bu bayram xalqımızın tarixində gözəl
izləri olan xoş bir məqamdır. Yurdumuzun
daha da gözəlləşməsinə, inkişafına,
abadlaşmasına, təmizliyinə, bin-bərəkətinə
qapı açır. Bu qeyri-adi gün bizi
daha xoşbəxt gələcəyə, bahar təravətli
günlərə aparır. Bahar müjdəsi
insanların sağlamlığına rəvac verir.
Bayramqabağı günlərdə Masallının hər
guşəsində səliqə-sahman yaradılır. Şəhər
bayram libasına bürünür. Bu ovqat
şəhərin hər küçəsində, rayonun hər
kəndində hiss olunur. Bu baharı
Masallı gözəl tikililəri, səliqə-sahmanlı
küçələri, bağ-parkları, ən ucqar kəndlərə
gedən rahat asfalt yolları, yaradılmış
yaşıllıqları ilə qarşılayır.
Şəhər, qəsəbə, kənd və şirkətlərdən
Bayram festivalına gələnlərin yolu "Asan xidmət”in
meydanında birləşir.
Gözəlliyi ilə Masallını yaraşığa
gətirən "Asan həyat” kompleksinin
qarşısındakı geniş meydanda düzənlənən
Bahar festivalında min bir nemətli süfrələr
könülləri riqqətə gətirir, insanların
üzündə sevinc-səadət cilvələnir. Xalçaların
üstündəki hər nemət, hər əşya
insanların marağına səbəb olur. Ötən illərdən fərqli olaraq bu Bahar
festivalında xarici ölkələrin - Türkmənistan,
Özbəkistan, İran İslam Respublikası səfirliklərinin
nümayəndələri də iştirak edir, maraqlı
eksponatlarını reklam etdirirlər. Azərbaycan
Respublikası yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
tabeliyində olan "İnnovasiyalar Mərkəzi”nin
Masallı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil
etdiyi festivalın əsas məqsədi xalqımızın qədim
milli dəyərlərini özündə ehtiva edən Novruz
adət-ənənələrinin gələcək nəslə
estafet etməkdir.
"Azad
həyat” kompleksinin geniş meydanında süfrə
açmış insanların ürəyi də geniş və
açıqdır, xalqın milli-mənəvi dəyərləri,
qonaqpərvərlik ruhunu nümayiş etdirir.Masallı Rayon
İcra Hakimiyyətinin başçısı cənab Rafil
Hüseynovfəallar, ağsaqqallar, qonaqlar, idarə-müəssisə
rəhbərləri, hüquq-mühafizə işçiləri
ilə meydana daxil olur. Rayon rəhbəri ilə
festival iştirakçıları arasında söhbət
başlayır. RİH
başçısı hər kəndin, şirkətin
süfrələrə, stollara düzdüyü
çeşid-çeşid şirniyyat və milli xörəklərlə
maraqlanır, fikir mübadiləsi aparır,
razılığını bildirir, tövsiyələr verir.
"Masallı
nemətləri” MMC-nin çəltik emalı zavodunun reklam
etdirdiyi 900 qram, 3, 5, 10, 15 kiloqramlıq kisə qablardakı
"Haşimi”, "Apollo”, "Okean” sortlu düyülər
maraq yaradır. Masallı brendi adını
almış bu məhsulları indi alıcılar bazar və
mağazalarda həvəslə alırlar. Bu
həm də rayonda çəltikçiliyin inkişafına
rəvac verir.
İlin bu vaxtında Şərəfədəki
Masallı Aqro istixana kompleksinin yetişdirdiyi pomidor diqqəti
cəlb edir.
Ərkivandan gətirilən dulusçuluq məhsulları-
nehrə, küplər, piti bərniləri, səhəng,
çölməklər, habelə irili-xırdalı
sandıqlar əsl xalq sənəti nümunələridir.
Masallı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində
sənətkarlıqla hazırlanan əl işləri
hamının marağına səbəb olur.
Bakı "Loqos” Psixologiya Mərkəzinin Lənkərandakı
filialının kollektivi uşaqların nitq mədəniyyətini
yaxşılaşdıran müxtəlif müasir aparatlar, bu
sahədə sınaqda özünü təsdiqləyib.
Rayon icra
hakimiyyəti başçısı digər köşkdə
Boradigahdan gətirilmiş misgərlik məmulatları, qeyrət
simvolu olan papaqlarla tanış olur,
bunların əsl sənətkarlıq nümunəsi kimi dəyərləndirir.
Rayon rəhbəri burada Türkoba sənətkarlarının
toxuduğu zənbillərə, Sərçuvarın şan
balına da rəğbət bəsləyir.
"Azərsun Holdinq” şirkətinin nümayiş
etdirdiyi günəbaxan və qarğıdalı
yağları diqqət çəkir.
Bahar festivalında iştirak edən Şəki, Quba və
Mingəçevir "Asan həyat” mərkəzləri isə
bir əsrdən çox yaşı olan, bu gün də məişətimizdə
işlədilən müxtəlif mis qabları, güyüm,
dəmir şəbəkələr, habelə meyvə, bayram
çərəzləri nümayiş etdirirlər.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin
gətirdiyi noxud, meyvə quruları, "Kənddən şəhərə”
reklamı ilə təqdim edilir.
Çaxırlıda
qadınların məşğulluğuna dəstək
göstərildiyindən bu gün ərazidə iki Qadın
İnkişaf Qrupunun yaradılmasına nail olunub. "Cənub” çörək təndirində və
"Bahar” tikiş qrupunda 24 nəfərdən çox
qadın çalışır. Bu günlərdə
RİH başçısı R.Hüseynov "Bahar”a Yaponya
istehsalı olan 3 tikiş maşını hədiyyə verib.
Bu da qadınların iş şəraitinə, fəaliyyətlərinə
müsbət təsir göstərir. Pavilyonda qadın əməyinin
məhsulları – müxtəlif növ
çörəklər, mələfələr, balış
və yorğan üzləri, yataq dəstləri,
çağalar üçün bürünmələr və
s. nümayiş etdirilir.
İran İslam Respublikasının nümayəndələri
bəzəkli kaşı kuzələri, Şərqin nəhəng
şairləri – Hafizin və Xəyyamın çapdan
çıxmış əsərlərini, nəfis şəkildə
hazırlanmış müqəddəs "Qurani- Kərim”i təqdim
edirlər.
Türkmənistan Respublikası səfirliyinin
hazırladığı masanın üzərindəki
qadın tacları, dəmə qoyulmuş çayniki isti
saxlamaq üçün yundan toxunmuş üstlük, 2 simli qədim
milli çalğı aləti olan Dütar hamıda maraq
yaradır.
Özbəkistan nümayəndələri isə tədbir
iştirakçılarını gözəl tablolar, keramika və
ağacdan hazırlanmış çay dəstləri,
mücrülər, suvenirlər, böyük ustalıqla
toxunmuş araxçın – doppelərlə heyrətləndirə
bilirlər. Daşkənddə yaşayan azərbaycanlı
Şahidə xanım insanlarla tez ünsiyyət yarada bilir.
Yurd-çadır görüntüsü hamını
heyran qoyur. Rayon rəhbəri və onu müşayiət edənlər
çadırın içindəki yataq və istirahət dəstlərini
yüksək dəyərləndirirlər.
Şəhərin İsgəndərli yaşayış
massivinin sakini Adil İsgəndərlinin ağacdan
hazırladığı eksponatlar möcüzəli
görünür. Mücrülər, şamdanlar, gül
qabları, quş yuvaları, güzgü qeyri-adiliyi ilə
seçilir. Adilin hazırladığı
gizli qadın seyfinin sirrini ondan başqa bilən yoxdur. Cənab R.Hüseynov bu istedadlı gəncin
hazırladığı suvenirlərin nümayişi və
"Abad həyat”a daxil edilməsi barədə
tapşırıq verir.
"Masallı”, "Viləş” otellərinin,
"Qamo” istirahət mərkəzinin hazırladıqları
növbənöv yeməklər xalqımızın ən
nümunəvi mətbəxini nümayiş etdirir.
"Baba bulağı” istirahət mərkəzinin
pavilyonunda əsasən salatları reklam etdirir. Mərkəzin
direktoru Əfqan Babayev rayon rəhbərinə məlumat verib
deyir ki, ötən payızda 15 hektarda feyxoa və müxtəlif
növ ağaclar əkilmişdir. Bu
kampaniya yazda da davam etdiriləcək.
Xıl,
Köhnə Alvadı, Qızılavar, Lürən ərazilərindən
gələnlərin də bayram süfrəsini zənginləşdirmək
səyləri qiymətləndirilir.
Şıxlar və yeyənkəndlilərin də
süfrələri bayram sovqatları ilə bəzədilib.
Bədəlanlılar
isə dəmirdən hazırlanmış əmək alətləri
– düz və əyribellər, maşa və daraq, yuxayayan, ələk
və s. ilə festivala gəliblər.
Öncəqalalıların pavilyonunda bayram
şirniyyatları ilə bərabər tanınmış rəssam
Ehtiramın çəkdiyi tablolar və portretlər yüksək
sənətkarlıq nümunəsi kimi yadda qalır.
Sığdaşlılar isə qədim daş alətləri
ilə baxanları heyran qoyur. Qarğalıq, Miyankü,
Qızılağac, Mahmudavar nümayəndələri bayram
şirniyyatlarının zənginliyi ilə xoş ovqat
yaradırlar.
Kolatanlılar isə ağac alətlərini
nümayiş etdirirlər. Nəfis şəkildə
hazırlanmış beşik ana laylasını yada salır.
Təəssüf ki, körpələrin bu rahat yuvasından
indi az istifadə olunur.
Şərəfə aqroistixana kompleksi təzə-tər
pomidoru, bayram sovqatları, "Həcər” isə xalq folkloru
nümayiş etdirir.
Xırmandalı, Həsənli, Təzə Alvadı,
Qodman, Qəriblər əraziləri də festivala bol nemətlərlə
gəliblər.
Masallı Dövlət Regional Kollecinin tələbələri
iştirakçıları Bahar mahnıları ilə
sevindirirlər.
Səməni baharın ən dəyərli və sevimli
atributudur. Bütün süfrə və masalara səməni
düzülüb. Meydanın ortasında
qurulan tonqal birazdan məşələ dönəcək.
Qaranquş geyimli balalar tonqal ətrafında rəqs
edir, mahnı oxuyurlar.
Bayram tonqalları da xalqın birliyindən, insanların
xoş münasibətindən, xoş növraqdan xəbər
verir.
Rayon icra hakimiyyətinin başçısı
R.Hüseynov məşəli tonqala
yaxınlaşdırır. Yanan tonqalın
şöləsi, hərarəti ətrafa yayılır.
Bu hərarətdən insanlar güc-qüvvət
alır, ölkəmizin çiçəklənməsi
üçün birlik, doğmalıq nümayiş etdirirlər.
Baharın atributları Keçəl və Kosa bayram
sovqatları ilə dolu heybələrilə rəqs edir, Novruz
mahnıları oxuyurlar.
Bahar qız da balacaların arasındadır. Kosa, Keçəl
və Bahar qız festivala xoş arzularını bildirir, rayon
rəhbərini, tədbir iştirakçılarını
salamlayır, bayram sovqatı paylayır, yumurta
döyüşdürürlər.
"Halay”ın, "Həcər”in folklor nəğmələrində
su, od, yel, torpaq çərşənbələri vəsf
olunur.
Son illərdə ölkəmizdə idmanın
inkişafı göz qabağındadır. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində rayonumuzda da idmana maraq, və
qayğı var. Olimpiya İdman Kompleksi, Taekvonda, Boks mərkəzləri bunun bariz nümunəsidir.
Tatami düzülmüş meydan bir an
boş qalmır.
Balaca gimnastların bir-birindən maraqlı hərəkətləri
alqışlanır. Onları taekvondoçular, güləşçilər,
cüdoçular əvəz edir. Masallı
idmançılarının inamlı
çıxışları rayonumuzda idmanın sabahkı
uğurlarından xəbər verir.
"Viləş” uşaq bağçasının
fidanlarının bahar ovqatlı mahnı və rəqsləri
tamaşaçıları riqqətə gətirir. Masallı rəqs
qrupu hamıya sevinc paylayır.
Keçən bahar şənliyində olduğu kimi bu dəfə
də Həsənli gəncləri qədim Novruz
oyunlarından birini nümayiş etdirirlər. "Qayış
götürdü” adlanan bu el oyununda altı gənc
dözümlülük, çeviklik nümayiş etdirir.
Qayışdan mühafizə olunan da,
qayış götürən də alqışlanır.
Meydan Əhidimali pəhləvana verilir. "Tərəkəmə”nin
sədaları altında bu güclü insanın heyrətamiz
hərəkətləri qeyri-adiliyi ilə seçilir. Üç pudluq daşı dişləri ilə
qaldırır. Sinəsində qoyduğu
kubik daş sındırılır. İyirmilik
armaturu dişi ilə əyir. Şıdırğı
rəqsi ilə hamını heyran edir.
Bayramda nə edərlər? Çalıb oxuyarlar,
yallı gedər, Keçəli, Kosanı atmacalayarlar.
Bahar festivalını respublikanın, Masallının incəsənət
ustaları rövnəqləndirir, insanlara xoş ovqat bəxş
etdilər.
Novruz
bayramınız mübarək!
Əlihüseyn ŞÜKÜROV,
Həsənağa
ƏLİYEV.
Masallı.
Ədalət.-2019.-28 mart.-S.5.