Oqtay RZA

ÇIXARMA YADDAN!

Alın yazısıdır sanki təzadlar,

Ümid – bəxt işığı, qəm yığın-yığın;

Xalqım, nə yaxşı ki, nikbinliyin var,

Fəqət faciədir unutqanlığın.

Dəhşətli anları çıxarma yaddan,

İçilən qanları çıxarma yaddan!

Bir vaxt ustadımız Mirzə Cəlilə.

Ömər Faiqə də az qulaq asdıq;

Dost kimi yaşadıq nankorlar ilə,

«Kür, Araz, Ararat» şeirini yazdıq.

Müdhiş talanları çıxarma yaddan,

Əfi ilanları çıxarma yaddan!

Namərdi tanımaqhalal , savab,

Min zərbə alsa da düzlük sınmayıb;

Bəzən bilməmişik deyib Nəvvab,

Çox vaxt Veliçko da xatırlanmayıb.

Gültək solanları çıxarma yaddan,

Darda qalanları çıxarma yaddan!

Əyilməz vüqarın, dağ mənliyin var,

Özünə arxalan, özünə sığın!

Xalqım, nə yaxşı ki, nikbinliyin var,

Fəqət faciədir unutqanlığın.

Şəhid olanları çıxarma yaddan,

Heç zaman onları çıxarma yaddan!

Ədalət 2019.- 30 mart.- S.11.