Vida

 Hekayə

Adəm Əkbərov

Məşədi Əlməmməd kişi səhər tezdən durub qarısı Zibeydə arvadla sübh namazını qıldıqdan sonra yenidən yatağa uzanmış və özləri demişkən bir-iki saatlığa huş aparmışdı. İndi yatağından qalxanda artıq saat səkkizi keçmişdi. Sırıqlısını çiyninə atıb axşamdan su ilə doldurub otağın bir küncünə qoyduğu vedrəni də götürüb həyətə çıxdı. Tövləyə baş çəkdi. İnəyin altını təmizləyib vedrəni onun qarşısına qoydu. Axurda qalmış samanquru yonca qırıntılarını təzə yemlə əvəzlədi. Qış olsa da, havalar soyuq keçsə də tövlənin soyuq olmadığındanrazı qaldı.Geriyə döndü. Evə daxil olub dəhlizdəki əlüzyuyanda yuyunub içəri keçdi. Həyat yoldaşı Zibeydə arvad da öz adəti üzrə artıq çay süfrəsini açmışdı və elə süfrə arxasında da ərini söhbətə tutdu:

- Ay Məşədi, ağsaqqal kişisən. Şükür camaat arasında da hörmətin var. Səni eşidirlər. Deyirəm bəlkə Qızıllı ilə bir sən də söhbət edəsən. A kişi heç belə də olar? Üç günmeyit saxlayarlar?

- Doğrusu, ay arvad, mən Qızıllının qırımından gördüm ki, deyəsən dediyindən dönən deyil. Amma molla Mir Hadi ilə birlikdə bu gün yenə bir ağzını arayaram.

Qızıllı arvad Əlməmməd kişi gilin ata-baba qonşusu idi. Əri Qələndər kişinin üç gündür ki, rəhmətə getdiyinə baxmayaraq Qızıllı arvad meyiti dəfn etməyə icazə vermir, gözləyirdi ki, aman zaman oğlu Əlqəşəm gəlib atası ilə vidalaşsın. Əlqəşəm Qələndərlə Qızıllının tək oğlu idi. Ondan əvvəl iki uşaqları dünyaya gəlməmiş tələf olduğundanƏlqəşəmi necə deyərlər əllərinin içində böyütmüş, bütün güclərini onun böyüməsinə, təhsilinə sərf etmişdilər. Əlqəşəm institutu, sonra isə Moskva şəhərində aspiranturanı bitirmişdi. Orada birlikdə oxuduğu bir qızlada evlənmiş və elə Moskvada dövlət qulluğunda, yaxşı vəzifədə çalışırdı.

Məşədi Əlməmməd kişi səhər yeməyini yeyib çay içdikdən sonra Qızıllı arvad gilə yollandı. Molla Mir Hadibir neçə kənd ağsaqqalı artıq burada idi. Həyətdə qurulmuş çox da böyük olmayan çadırda odun sobası yanırdı. Əlməmməd kişi salam verib əyləşdi. Cavanlardan biri onun qarşısına çay gətirdi. Mir Hadi dodaqaltı dua oxuyub ucadan "Fatihə” deyə səsləndi. Hər kəs dua edib salavat çevirdikdən sonrasöhbət hərlənib-fırlanıb mərhumun üstünə gəldi. Molla:

- Ay Məşədi,- deyə Əlməmməd kişiyə müraciət etdi,- deyirəm bu gün də keçsə qorxuram sonra bir əmması çıxa. Meyid şişər eləyər... gəlsənə sən də bir Qızıllı ilə söhbət edəsən. Mən deyəndə deyir hava soyuqdur, heçolmaz.

Əlməmməd kişidən bir-iki yaş kiçik olan, iyirmi ildən artıqdır ki, təqaüddə olduğuna baxmayaraq əvvəllər uzun müddət kənd məktəbinin direktoru işlədiyindənindi də hamının "müəllim” deyə müraciət etdiyi Əzim müəllim:

- Vallah siz bilən məsləhətdir, ancaq arvada dəfn sözünü deyən kimi daş atıb başını tutur,- deyə söhbətə qoşuldu,- Məndən xahiş etdi Əlqəşəmə zəng elədim, zəng çatmadı. Sonra Qızıllı başqa bir nömrə verdi ki, bəs telefonudur. O nömrədən də bir qız cavab verdi ki, bəs Qaşam Qalandaroviçanetnarabote.

- Nə dedi, nə dedi?- Əlməmməd kişi soruşdu.

- Dedi ki, Əlqəşəm işdə deyil, xaricdə - Fransadadır. Mən də məsələni izah edib xahiş etdim ki, onunla əlaqə yaradıb atasının rəhmətə getdiyini çatdırsın. Öz telefon nömrəmi də verdim ki, Əlqəşəmə çatdırsin ki, mənə zəng etsin.

- Nə oldu? Zəng etdi?- Əlməmməd kişi təkrar sual etdi.

- Zəng etdi. Heç yarım saat keçməmiş zəng etdi. Qızıllı bərk-bərk tapşırmışdı ki, sadəcə atasının vəziyyətinin ağır olduğunu deyib təcili gəlməyini tapşırım.Ölüm xəbərini ona qəfil bildirməyim ki, Allah eləməmiş uşağa bir şey olar. Ancaq telefonda mənimlə danışan qız artıq atasının ölüm xəbərini Əlqəşəmədeyibmiş. Mən eləcə bu xəbəri ona təsdiq edib tez gəlməyini tapşırdım.

Ortalıqda çay paylayan cavanın Əzim müəllimə yanaşıb:

- Qızıllı xala deyir bir dəqiqəliyə bayıra çıxsın,- deməsi söhbəti kəsdi və Əzim müəllim qalxıb dışarı çıxdı. Ancaq çadırın böyründə etdikləri söhbət onsuz da içəridə aydınca eşidilirdi:

- Ay Əzim müəllim, keçib zəhmətdən, Allah atana rəhmət eləsin, bəlkə bir də zəng edəsən?YəniFirəngistandan gəlmək belə çətindir? Deyirəm Allah eləməmiş, qulaqlara qurğuşun, bəlkə uşağın başına bir gəlib.

- Narahat olma, ay Qızıllı, dünən axşam da danışdım. Özü zəng vurmuşdu...

- Narahatdır da, anası ölmüş, əli çatmır, nayrandı da..., -Qızıllı arvad doluxsundu,-nə dedi anası ölmüş?

- Dedi ki, sabah, yəni bu gün səhər Bakıya çatacaq. Təyyarədən düşən kimibirbaşa kəndə gələcək. Bakıdan da burayavar ki, uzağı üç saatlıq yoldur. İnşallah gələr.

Əzim müəllim çadıra daxil olub əvvəlki yerində əyləşdi. Qızıllı arvad isə evə tərəf getdi. İçəri daxil oldu, bardaş qurub oturduqdan sonra sual dolu nəzərlərlə ona baxan qonşu qadınlara:

- Danışdım. Axşam anası ölmüş özü zəng edibmiş. Bu gün gəlib çıxar inşallah,- deyə xəbər verdikdən sonra bərk-bərk tapşıraraq əlavə etdi:

- Bura baxın, uşaq gələndə hərəniz bir tərəfdən haray-həşir salıb qanbağır etməyin onu. Qoy ağlayıb toxtasın, vidalaşsın.

Günortadan azca keçmişdi. Bu müddət ərzində molla Mir Hadidən savayı məclisdə olanların hərəsi bir saatlığa, saatyarımlığa "bir evə dəyim, gəlirəm” deyərək gedib qayıtmışdı. Bir neçə nəfər ağsaqqal və nisbətən yaşlılarçadırda, cavanlar isə çöldə söhbət edirdilər. Bu vaxt cavanlardan biri içəri daxil olub Əlqəşəmin gəldiyini xəbər verdi. Hamı qalxıb çadırdan çölə çıxdı. Mir Hadi cavanlara son tapşırığını verdi:

- Elə ki, bir az toxtadı, mən işarə edən kimi irəli keçib tabutu qaldırarsınız. Qalanını mən deyəcəyəm. Tabutu üç dəfə qaldırıb yenidən yerə qoyub sonra çıxaracağıq.Quranını oxumuşam. Namazını da dəfn edəndə qılacağıq.

Qara rəngli xarici maşın doqqazın ağzında dayanınca Əlqəşəm maşından enibhəyətə daxil oldu.Digərlərindən bir az irəli çıxmış molla Mir Hadi və Əlmmmədkişi ilə salamlaşıbelə onların müşayiəti ilə evə daxil oldu. Qızıllı arvad təkcə "Sən gələn yollara anan qurban, bala, gəl, evimiz yıxılıb” deyə bildi. Hönkürtüsünü, demək istədiyi ağı və oxşamanı uddu – həm oğlunu çox həyəcanlandırmaq istəmədi, həm də Mir Hadi ilə Əlməmməd kişidən həya etdi. Yaxınlaşıb Əlqəşəmin sinəsinə sığındı və için-için ağlamağa başladı. Əlqəşəm əlini anasının çiyninə qoyaraq susub baxırdı. Bir müddət beləcə baxdıqdan sonra:

- Otetsumer da (atam ölüb hə)?Nuçtopodelayeş (nə etmək olar ki),- anasını özündən yüngülcə kənarlaşdırıb,- uspokoysya, mama (sakit ol, ana), Allaxrexmetelesin - deyərək yaxınlaşıb qapının ağzında dayanmış mollanın yanında durdu. Molla Mir Hadi öz-özünə, dodaqaltı:

- Elə bundan ötrü üç gündür gözləyirdilər?,- deyə deyinərək üzünü cavanlara tutdu:

- Hə keçin görək, keçin yapışın. A bala, sən keç qabağa. Sən isə arxadan yapış. Siz ikiniz bu tərəfə keçin.

Cavanlar mollanın dediyi kimi etdilər.

Birininçaşqınlıqla, digərinin təəccüblə, bir başqasının maraqla ona baxdığını görənƏlqəşəmhiss etdi ki, nə isə deməli, nə isə eləməlidir.Və birdən:

- İndi isə üç... – deyə tabutu üç dəfə qaldırıb yerə qoymağa göstəriş vermək istəyən mollanın sözünü kəsib dilləndi:

- Ras, dva, tri, vzyali (bir, iki, üç, götürün).

Bakı, fevral – 2018

Ədalət 2019.- 30 mart.- S.10.