Aydın CANIYEV

 Tanrının ən gözəl zarafatı!

Uşaq vaxtı bir Şəki, bir də bolqarların Qabrovo lətifələrini oxuyurduq! Sovet hökuməti zarafatı elə də çox xoşlamırdı. Bizim üçün uzaqbaşı 1 aprel vardı - adamaldatma günü. Adam aldatmağı zarafat sayardıq. Daha doğrusu, ancaq bir gün rəsmən aldatmaq olardı. O da zarafatla. Qalan günləri qeyri-rəsmiydi adamaldatmaların. Həqiqətdə isə biz Allahın bu dünyasında hər gün aldadılmışıq, aldatmışıq! Qəribəsi də odur ki, aldatmağımız üzə çıxanda deməmişik də zarafatdır eləmişik, briqadir atları kimi üzə durub yalanımıza həqiqət demişik! Nadir hallarda zarafata salıb ayıbımızı ört-basdır eləmişik.

Məsələn:

Ata-anamız bizi məktəbə göndərir, oxutdurur ki, ali təhsil alaq, elmli olaq. Əgər ali təhsil alsaq, elmli olsaq, xoşbəxt olarıq!

Həyatımızın ilk və ən böyük yalançıları ata-analarımızdır! Sonra müəllimlərimiz! Day hökuməti demirəm - hökumət elə yalançı deməkdir! Seneka (səhv eləmirəmsə, "Siyasət" əsərinin müəllifi olub, guya da ki, dövlətçilik haqqında ilk əsərin müəllifi olan filosofdur) özü vəzifəyə təyin olunandan 6 ay sonra sərvət yiyəsinə çevrilir, villaları paparatsilər tərəfindən çəkilir, o dövrün Hafiz Hacıyevi də o dövrün dövlət televiziyasında bunu yıxıb sürüyür, ona sual verir ki, alə, dümbələk, yazdığın nədir, düzdüyün nədir? Bu Seneka düdük də deyir ki, nəzəriyyə ilə praktika bir-biri ilə tərs mütənasibdir, get tullanmağının dalınca.

O birisi gün 1 apreldir!

Adamaldatma, yaxud gülüş, həm də eyni zamanda zarafat günüdür. Heç bu baxımdan da maraqlı olmasın gərək ki! Guya o biri günlərdə neynirik ki?

Müxalifət ciddi-ciddi aldadır, zarafatlaşır, iqtidar məzələnə-məzələnə aldadır, zarafatlaşır, ədəbiyyat, jurnalistika yalandan aldadır, zarafatlaşır və məlum olur ki, bütün tarixi məhz bircə günün anlamında olan ölkəmizdə bu zarafat bizi güldürmür: ağladır e, nəyi var!

"1 aprel” adlı bizim ölkəmizdə yaxşı olan cəmi bir ürəkaçan məqam var: iki gözəl və zarafatcıl insan dünyaya gəlib, özü də ikisinin ikisi də yalan danışan kimi, yalanları üzə çıxır! "1 aprel"in biri o biri "1 aprel"dən də tez 1 apreldə dünyaya gələn Aqil Abbasdır!

Aqil Abbas Tanrının ən gözəl zarafatıdır!

 

Aqil Abbas kimi istəsən güldürə bilər, necə ki mən elə bir adam yoxdur ki, onu söyüşə və latayır danışmağa cəzb edə bilməyim!

Aqil Abbas ən qəddar, ən dana, ən "xudayar” kimin gözünün yaşını istəsən tökə bilər, özü də gözünün yaşını parçalaya-parçalaya ağladar a (deyim ki, mən bunu bacarmaram)!

Aqil Abbas haqqında ən gözəl sözlərlə 100 yazı yazıla biləcək mətbuat və ədəbiyyat adamıdır! Bu ölkədə ən azı (ən azı deyirəm!) 100 imza var ki, Aqil Abbas haqqında sözə qızırqalanmaz, 100 yazı yazar! Özü də yazanlar minlərin, on minlərin sevimlisi olan dəyərli imzalar olacaq - bunu da xüsusi vurğulayım! Azərbaycan jurnalistikasının və ədəbiyyatının ən parlaq və populyar imzası kimi haqqında yazılan yazılar anonim olmayacaq e, indiki dillə desək, trollar yazmayacaq, hər kəs öz adıyla yazacaq və imza qoyacaq - yazdıqları da bəy tərifi olmaz! Çünki ədəbiyyat və jurnalistika adına ən azından 100 faktın-əməlin yiyəsi, sahibidir Aqil Abbas (çox monitorinq-monitorinq deyirsiniz, baxın, izləyin və qənaətə özünüz gəlin). O faktlardan azı beşini bu yazıda mən yazaram!

Aqil Abbas məramı, məqsədi, istəyi özünə bəlli adamdır və mənim 30 illik müşahidəm bunu deməyə əsas verir: elə bir iş, istək olmayıb ki, Aqil Abbas ürəyində istəsin, əldə etməsin, nail olmasın!

Bu... Aqil Abbasın bir xarakterik məqamı.

İkincisi, 30 il Azərbaycanı aşağı-yuxarı, sağ-sol, dal-qabaq gəzdim. Kimi istəyirsən qapılarda ya gördüm, ya qapılarda olduğunu dedilər. Aqil Abbas hər yerə ya dəvət olunub, ya da ayağına gəliblər! Day niyə, nə üçün, nəyə görə, orası çözülməz!

Yəni, jurnalist adına Aqil Abbasın jurnalist imicini şərəfə mindirdiyi üçün təşəkkür edirəm ona!

Aqil Abbas yaşı 60-ı keçmiş jurnalistlərin içində tək imzalardandır ki, zamanla keçmişini populist və konyunktur çıxışlarla ört-basdır edib özünə demokrat, mübariz, vətənpərvər imici formalaşdırmayıb.

Tələbəlikdən bu yana "po...fiqist”, "ataman", "yaxşı oğlan”, "lotu kişi”, "söz sahibi” obrazını sərgiləyib! Nəyi niyə elədiyini bilən olub! Olduğu istənilən yerdə adamların hər birinə məclisdə iştirakını çatdırıb. Bilinib ki, Aqil Abbas da burdadır! Bəzən hətta ranq, mənsəb, mövqe, sərvət baxımından üstün olanların varlığı hiss olunmayıb, amma Aqil Abbasın səsi məclisin hər tərəfinə yayılıb, hər kəs eşidib, hər kəs dinləyib! Bu da danılmazdır!

Burada incəlik lazımdır anlamaq üçün, o ştrixi də əlavə edirəm: "Azərbaycan" nəşriyyatı çoxlu insanlarla təmas imkanı yaradıb mənə. İkinci kursdan mən mətbuatın və mətbuatda çalışan ədəbiyyat nəhənglərinin tam əksəriyyətini tanımışam, söhbətləşmişəm, dostlaşmışam. Hətta bacısı, oğlu mənimlə dost olan biriləri bir balaca imkan yiyəsi olan kimi, yolda-küçədə demirəm e, iş otağına təşrif gətirdiyim zaman özümü təqdim edib bütün olub keçənləri yadına salmışam, qayıdıb ki, tanımıram, yadıma düşmürsən! Halbuki mən adamla uzun illər salam-əleyk etmişdim və çoxdandır görmürdüm deyə, ürəyim istədiyindən görüşmək üçün gəlmişdim. Adam hələ müdir deyildi, vaxtilə arvadını söydüyünün müavini idi!

Amma Aqil Abbas... 30 il əvvəl kiminlə necə rəftar edirdisə, kim onun üçün kim idisə, bu gün də "planka”nı saxlayır - nə artırır, nə azaldır. Day orasını bilmirəm ki, onun çörəyini itirənlərlə münasibəti də qoruyur, ya yox - şəxsi müstəviyə çox da nüfuz etmək mənlik deyil.

Aqil Abbasdan yazanlar, haqqında danışanlar elə bilirlər onu tanıyırlar, ona bələddirlər, amma əslində... bir "Batmanqılınc”ını oxuyub o əsərə layiq söz deyilməyib, yazılmayıb hələ!

Aqil Abbası ittiham edənlər, dodaq büzənlər, tatamiyə, rinqə çəkmək istəyənlər hələ bilmir ki, Aqil Abbas dağlıq ərazidə döyüşənlə aran zonasında keşik çəkənin də fərqini bilir, hər birinin qələbəsinə və məğlubiyyətinə qədərində sevinir, qədərində ağlayır!

Hər bir adamın özünəməxsus, regional, milli, məhəlli, sahəvi, intellektual zəif yeri var.

Aqil Abbasın zəif yeri Azərbaycandır. Bax, bu, Tanrının Aqil Abbasla zarafatıdır. Aqil Abbası aldadıb Azərbaycanda dünyaya gətirməsidir Tanrının zarafatı.

Aqil Abbasın ürəyini, ruhunu bilənlərin hamısı onu aldatmağa meyllidir - xeyirxahlığından yana. Amma onu da deyim ki, onun xeyirxahlığından Tanrı da sui-istifadə edib onunla belə zarafat edib!

Hərdən fikirləşirəm ki, Aqil Abbas Ağcabədidə yox, Los-Ancelosda dünyaya gəlsəydi, Ağdamda yox, Antverpendə yaşasaydı, jurnalist, yazıçı olsaydı, onu necə dəyərləndirərdilər bu xarakterlə, bu istedadla, bu ürəklə!

Qənaətim Ağcabədi, Ağdam bir yana, Azərbaycanın xeyrinə deyil.

Düzdür, xeyirxahlıq insana əclaflıq və namərdlik etməyə haqq qazandırmır. Eləcə də istedadlı yazar olmaq da. Həmçinin vətənpərvərlik də. Amma axı istedadlı, xeyirxah, vətənpərvər Aqil Abbas adına əclaflıq və namərdlik deyə biləcəyimiz heç nə etməyib!

Lap belə dedi ki, soğan əkin!

Nə oldu, Bəhlul Danəndə "soğan ək” deyə bilir məsləhətə gələnə, Aqil Abbas niyə deməsin ki, seçicilərinə?

Bax, elə lap belə deyib e, lap belə doğru deməyib e, lap belə yersiz deyib e, kişi, sənə Aqil Abbasın "soğan ək” deməyindən nə ziyan dəydi? İndi get soğanı 1 manat 50 qəpiyə al - soğan 50 qəpik olanda demişdi Aqil Abbas. Axı göstərdiyin haqlı münasibəti niyə haqsız yerə Aqil Abbasa da göstərirsən?

Sənə ziyanın hardan dəyməsini bilmirsən ki? Guya desəydi mitinqə gəlin, hakimiyyəti devirək, gələcəkdiniz, əməl edəcəkdiniz?

1993-cü ildə AXC-Müsavat hakimiyyəti devriləndən sonra cənub rayonlarından birinin qəzet redaktoru icra başçısının müavini aparıldı. Danışanda cəbhəçi kimi danışan, "Azadlıq”dakı yazılarımı alqışlayan bu dost tam sərasər iki il məndən qaçdı, bilirdim də bir-iki il qabaq yanımda patriot kimi danışdığından yana utanır qaçır, axır ki, icra başçısının otağında qarşılaşdıq. Çox səmimi şəkildə etiraf elədi: utanıram səninlə üz-üzə gəlməyə. Qayıtdım ki, arkadaş, sənin bu icra hakimiyyətində müavin işləməyinə səndən çox sevinirəm, ona görə ki, ayrısı müavin olsa, şikayətə, dərdinə əlaca, işinin həllinə gələn 50 nəfərin 50-sini də qapı dalında gözlədər, heç dinləməz də, amma sən o qədər vicdanlı adamsan ki, 50 nəfərdən heç olmasa, heç olmasa, 5-nə yardımçı olarsan! Onsuz da biz gücsüzük, imkanımız heç nəyə çatmır, sən burdasan deyə bir az ürəyimiz toxtaqlıq tapır.

Aqil Abbas heç olmasa hər köşəsində Qarabağ dərdindən yazır - torpaqlarından ta futbol komandasına qədər! Heç olmasa, "Dolu" romanını yazıb! Heç olmasa, Ağcabədidə bir kitabxana açıb, heç olmasa...

 

Sizi kimin sözüylə başa salım axı? Lenini bəyənmirsiniz, o pəltək ola-ola, bütün dünya siyasətçilərinə başa saldı ki, siyasət mümkün olanı əldə etməkdir! Guya Aqil Abbas deputat kimi gördüyü xeyirxah işləri görməsəydi, vətənpərvərlik ruhunda yazılar yazmasaydı, neyləyəcəkdiniz ki?

Bunları niyə deyirəm?

İçində sizi düşünənləri küsdürməyin. Hər kəsin beş barmağını hər istəyinizdə batırası bal terminalı yoxdur ağzınıza salmağa!

Özünüz bilərsiniz e, aldanmağa öyrənmişlərin, doğma övladını aldadanların nəyinə gərək doğru söz!

Hirslənməyin, məni də Aqil Abbasa qatıb 933 dəfə dədəmi söyməyə hazırlaşmayın - ciddi-ciddi fikirləşin ki, bizim həqiqət bildiklərimiz, balalarımıza həqiqət adına dediklərimiz haracan yararlıdır?

Mənim indi məcburən gəldiyim Moskvada gözəl bir aforizm var: "indi aferist, "moşennik” olmayan və aldatmayan azərbaycanlı yoxdur!" Əlbəttə ki, istisnalar var, amma söhbət əksəriyyətdən gedir!

Həə, həm də bir gün rəsmən aldatmağa icazə verdiyimiz məmləkətdə mənə də icazə tanıyın: yaxşı tanıdığım yaxşıları, xeyirxah insanları təbrik edim. Bu mənim və onların doğal haqqıdır. Qalan günlərdə elə mənim qədər fb-də "kupçalı-lisenziyalı bir neçə sot” meydanınız var, orada siz də yazın, dinmərəm. Necə ki, 932 dəfə söyəndə dinmədim!

Və nəzərə alın ki, bunu Aqil Abbas sizin "əməyinizə” qiymət verərək açıqladı. Saymasaydı, deməsəydi, səsləndirməsəydi, hardan biləcəkdiniz? Adam da bu qədər səmimi adamı konstitusion haqqından məhrum edər, fikrini ona çox görər? Nə vaxtacan səmimiyyəti adamın əleyhinə çevirməkdən əl çəkməyəcəksiniz? Özüm qabaqdangəlmişlik edib qələt elədim yazdım ki, ay belə içdim, ay elə içdim, bir status yazan kimi altında peyda olub yazırlar: pənco-pənco yaxşı gedər, gəl araq içək! Zalım balası, mən mənə böhtan atanların ağzını yummaq üçün onu yazıram ki, həə də həə, de görüm nə deyirsən, araq içməyi mənə qaxınc edirsənsə, lap belə özüm yazaram harda, nə vaxt, kiminlə içmişəm! İstəyirsiniz onu da yazım hansı qadınla neyləmişəm, harda necə sevişmişəm? Axı bu məişət iyrəncliyinə qədər xırdalanmağın sizə nə faydası var? Məgər hər bir insana onun ən yaxşı bir yana, elementar bir humanist addımını, fikrini qiymətləndirib dəyər verməklə, üstün tutmaqla, ucaltmaqla onu pis əməllərdən, yersiz fikirlərdən uzaqlaşdırmaq taktikası və strategiyası doğru olmazmı?

Bir polis işçisi mənə, ailə üzvümə çox pis söyüşlər söymüşdü, dəfələrlə cəhd etsəm də adamla anlaşmağa, alınmadı, hətta təhqirə, hədəyə keçdi. "Dardanel boğazı”na gətirdim, son söz mənim idi, soruşulanda ki, sistemdən uzaqlaşdıraq, dedim yox, qətiyyən yox. Təəccüb etdilər ki, bəs dünyanı qaldırmışdın ayağa. Cavabım:

- Mən adamı başa salmaq və yaddaşına əbədi həkk etmək istəyirdim ki, heç kimlə sərt danışmaq olmaz. O nə qədər ki, dövlət qulluğundadır, onun bir qorxusu olacaq. Amma elə ki, o cəzalandırıldı, əməlinin bədəlini aldı, onun qarşısında düşmən olaraq dayanmaq olmaz! Mənim məqsədim buydu!

Mənim doğru olan bu səmimiyyətimə inandılar. Çünki adam 5 min manata qədər pulla qapıya minnətə 20 illik naxçıvanlı dostumu göndərmişdi, imtina etmişdim.

Biz bir-birimizə düşmən kimi baxmaqdan yorulmalıyıq, ən pisi belə islah edib özümüzləşdirməliyik, bir-birimizi özümüz bilməliyik, bir-birimizin qapısını döyəndə "kimsən” sualına "sən” deməliyik, yoxsa ki, mən... Aydın Canıyev... möhtərəm... möhtəşəm... Onda nəinki möhtərəm-möhtəşəm, heç zırt da olmuruq!

Bu fikirləri yalnız Aqil Abbas haqqında düşünəndə, ondan yazı yazanda qələmə almaq olur. Çünki Aqil Abbas bizim hər birimizi özü bilir!

Ümumi danışmayım, keçim konkret faktlara, demişdim axı beşini deyəcəm.

1994-cü ildə çox yaxın bir qohumumu ali məktəbdən qovmuşdular. Kişinin oğlu guya qəzetdə işləyirdi, jurnalist idi, dərsə getmirdi, rektora xox gəlirdi. 10 ədəd 10-luq Nikolay qızılı, 2,5 milyon yarım da pul vermişdi girmişdi. Atası Bakı Dövlət Universitetinin qabağında, küçənin ortasında bağıra-bağıra deyirdi ki, bir kişi yoxdu bu 1000 dolları götürsün, oğlumu heç olmasa birinci kursa qaytarsın. Əlli adamı minnətçi saldım. Axırda Aqil Abbas Mail Cəbrayılovu göndərdi rektorun yanına, bərpa etdirdi. Heç kursda da saxlamadı. Həmin o qohum gəlib nəşriyyatın dəhlizində Aqil Abbasa deyəndə ki, sizə bir qoyun göndərəcəm, Aqil müəllim əlini atdı onun Bakı küləyinin gərməyə döndərdiyi yaxalığına və dedi ki, bu yaxalıqlı kişidən mən heç nə istəmirəm, get, köynəyini yudurt, özünə köynək al, oğluna da başa sal ki, sənin kimi kişinin oğlu dərsə getməlidir, bunu da Aydına görə elədim.

İkincisi. Aqil Abbasın 60 illiyindən yazı yazmışdım, "Şöhrət" ordeni almasına görə təbrik etmişdim. Lənkəranda olanda o yazını oxuyanlardan biri və həm də Etibar Cəbrayıloğlunun köhnə silahdaşlarından olan dost mənə qayıtdı ki, niyə Aqil Abbasdan elə yazırsan ki? Qayıtdım soruşdum:

- Etibar Cəbrayıloğlu necə jurnalistdir?

- Yaxşı! Əla! Canlara dəyən oğlan!

 

- Əvvəla, Etibar Cəbrayıloğlu nə yaxşı oğlandır (niyəsini də açıqlayaraq), nə də bir qəpiklik jurnalist deyil (yenə də niyəsini açıqlayaraq), yaxşı dost olmadığını da sən mənə danışmısan! Ancaq həmin o Etibar Cəbrayıloğlu üçün evi jurnalistlər binasından Aqil Abbas nəinki iki ayağını bir başmağa dirəyib, hətta ən pis söyüş söyüb verdirib! Bu, Ağcabədi əsilli ağdamlı Aqil Abbasın hərəkəti! Sənin lənkəranlın pul xərcləyib lənkəranlı jurnalisti tutdurub! Kimdən yazmalıyam ki?

Üç. Kişinyovda dərin yanıqlar üzrə ordinaturanı bitirən mütəxəssis-həkimi Cəbhə hakimiyyəti dönəmində rəqibləri icra hakimiyyətindəki vəzifəli şəxsin əliylə zərərsizləşdirib aparıb vermişdilər Fəhmin Hacıyevin ixtiyarına ki... xəstələrin sarğısını açıb bağlasın. Mahir cərrah, dərin yanıqlar üzrə mütəxəssis, elmlər namizədi olmağa hazırlaşan perspektivli bir həkimə, hətta müharibə dövrünün qanunlarına görə belə möhlət hüququ olana tibb bacısının işini gördürürdülər. 2,5 milyon pul da təklif etmişmiş hərbi komissarlıqda, buraxmamışdılar. Martın 20-də Aqil Abbasa müraciətdən sonra mayın 28-də tərxis olundu. Həmin həkim tərxis olunandan sonra özü mənə deyirdi ki, o pula özümə bir "06” aldım, bacımı köçürtdüm. Sözümün eşidilməyini görüb, İrana da viza aldırdı mənə - Əlövsət Əliyev rəis idi Lənkəranda. Təbii ki, mən təmənnasız bunu edirdim. İrana gedəndə soruşdu ki, sənə nə gətirim, dedim gəlinlik. Toyuma üç gün qalmışa gələcəkdi. İrandan gəlinlik paltarının qutusunu gətirmişdi, içinə... bir başqa xanımın 5 il qabaq toyda geyindiyi gəlinliyi qoymuşdu. Bu ana qədər də üzünə vurmamışam. Amma Aqil Abbas tam təmənnasız etdi!

4. "Azərbaycan” qəzetinin baş redaktoru Aqil Abbasla dost idi və çox sərt kadr siyasəti aparırdı, azından mən üç nəfəri tanıyıram ki, həm işə götürtdü, həm də neçəsini işdən çıxarmağa qoymadı. Evlənəni də oldu işə götürtdüklərinin içində, hətta sonra baş redaktor gedəni də.

Yeri gəlmişkən, o həkim artıq direktordur, elmlər namizədidir, o qovulan tələbə prezident təqaüdü də aldı, mükafatları da saysızdır, indi də xaricdə kef edir. Amma heç biri Aqil Abbasa təşəkkür də eləmir, "sağ olun” da demir, Aqil Abbas da bunu ummur, əminəm də ki, unudub və təkcə Etibar Cəbrayıloğlu həmişə olduğu kimi, heç bir ictimai-siyasi yükü olmayan mənasız, gərəksiz və lağlağı yazılarını "Ədalət”də köşə kimi yazmaqda davam edir. Hələ qonorar da alır!

5. Ağcabədidə kitabxana açıb. Bakıda kitabxanaları bağlayırlar e...

Bildiyim qalan 95 əməlini yazmıram! Kimə edibsə o yaxşılığı (xüsusi vurğulayım ki, bu yaxşılıqları nə yazıçı, nə jurnalist, nə deputat kimi etmək onun mükəlləfiyyəti deyil!), onlar təbliğ etməlidirlər! Bəyan etməlidirlər. Ki... ittiham həvəsinə düşənlərin bir az fısı yatsın! Həm də hər kəsin özəl həyatındakı mübhəmlikləri niyə icazəsiz faş edim ki? Etik məqamları da nəzərə almaq lazımdır.

Bu sıraya şəxsən özümə etdiklərini də əlavə edə bilərəm: bir dəfə yazmışdım, çox pis xətrinə dəymişdi ki, nə reklam edirsən, bir əlin verdiyini o biri əl bilməməlidir, odur ki, təzədən xatırlatmıram!

Və mən bayaqdan o suallı-tənəli məqamları hiss edirəm üstümdə, yəni ki, sənə yaxşı olub, odur belə deyirsən.

Yox, əfəndilər, mən ayrıları üçün etdiklərinə, amma mənim iştirakımla olanlara görə deyirəm. Aqil Abbas Azərbaycanın hər bir rayonunda ən azı bir nəfərə əlindən gələn yardımı, yaxşılığı edib!

Biz də hər kəsdən imkanı çatdığı və verə biləcəyi fayda qədər ummalı, dəyərləndirməliyik!

Nə olsun ki, Aqil Abbas yalan dünyamızın yalan günümüzdə zühur edib, hökməndi ki, gərək həqiqətləri saxlayıb deməyək?

İnanın ki, Aqil Abbasın bu yazıya ehtiyacı yoxdur, özü özünü gözəl tanıyır, bəlkə də heç oxumayacaq, amma mən ona görə yazdım ki, dimdiyinin sarısı getməmiş gədələrin nəinki özlərinin, heç dədələrinin haqqı yoxdu dilinə Aqil Abbasın adını gətirsin. Amma görürsünüz ki, gətirirlər. Və hamı da elə bilir ki, Aqil Abbas elə onların hər gün gördüyü Aqil Abbasdır.

Elə deyil axı...

Bir dostun mənə etdiyi bir yaxşılığı yazmışdım özündən xəbərsiz. Heç nə demədi mənə. Sadəcə eşitdirdi ki, işdən çıxarıblar. Sonra bir ayrı formada 150 min dollar ziyana düşdüyünü söylədi. Nə qədər soruşsam da səni niyə işdən çıxartdılar, niyə 150 min dollar cərimələdilər, demədi. Qəflətən əleyhinə yazı yazdığım çox yüksək ranqlı bir məmurun məclisində iştirak edəsi oldum. Dostumun işlədiyi şirkətin rəhbəri də ordaydı və mən işdən çıxarılma səbəbini soruşdum. Mənə yalan demək şansı yox idi məni o məclisə aparan adama görə. Sən demə, onu ona görə işdən çıxarıblarmış ki, Aydın Canıyev müxalifətçi jurnalistdir, sən niyə hər gün gedib xəstəxanada onun dərmanlarına 100 dollar pul vermisən!

Anlada bildimmi, əzizlərim!? İmkan verin, adamlar qoy işlərini işləsin, adamları 150 min, 500 min, 1 milyon cərimələməsinlər, qoy hər kəs bacardığı qədər yaxşılığını etsin!

Düzdür, mən dostumun sağlığında o ziyanı kompensasiya etdim bircə yazıyla: onun müdiri öz rəhbərinə bir gəmi mal - 2 milyon dollar atmışdı, cəriməsini ödəməli oldu! Amma axı hər yaxşılıq olunan Aydın Canıyev kimi jurnalist deyil!

 

Deyəsən, normadan çox oldu! Belə yekunlaşdıraq söhbəti: Andre Morua Stendal haqqında yazırdı ki, bəşəriyyətdə onun qədər yalançı adam olmayıb, amma bəşəriyyətə onun qədər də həqiqətləri söyləyən ikinci biri yoxdu. Bu ifadəni mənə də şamil etmək olar. Ona görə də mənə sağ ol deyin ki, "1 aprel” ölkəsində "1 aprel” adam haqqında sizə bu qədər həqiqəti dedim. Təbrik edin, lütfən - bir az böyüyün, fb-də və həyatda barrikada qurmayın, dünyaya çıxın, hətta yalan ölkənin yalan günündə belə, amma və lakin... həqiqətlə!

P.S. Elə bilməyin Aqil Abbasdan daha yazmayacam. Nə qədər ömrüm var, yazacam - Aqil Abbas tükənən, keçmiş, bitmiş yaxşılıq deyil, nə qədər nəfəsi gəlirsə, yaralı barmağınıza "ilkin tibbi yardım”ı göstərən yenə də o olacaq!

Və nəzərə alın ki, mənim əleyhimə işləmiş adamları belə kiməsə yaxşılıq edən görəndə təşəkkür edirəm!

Məhz Aqil Abbasın ad günündə fikirləşmək məqbuldur ki, biz yalnız bizə yaxşı olanları təqdir etməli deyilik. O adamlar bunu edə bilər ki, onlar Aqil Abbasdan daha vicdanlı, daha ləyaqətli, daha şərəfli adamın peşindədir!

Son olaraq deyim ki, yazdığım bu yazıda yeganə fikirdir ki, birmənalı qəbul edib üstündən keçmək lazımdır! Ləkələnməyən kimsə saxlamayıblar. Düşünməyə dəyməz və tapmayacaqsınız! "O tərəflərdə" ən yaxşısı elə Aqil Abbasdır! "Başbilənlər”i öz təhdidlərinizlə məcbur etməyin ki, Aqil Abbası daha çox danışdırsınlar, danışdırsınlar (bir dəfə danışmaz, beş dəfə danışmaz, axır bir "səbəb” taparlar) və... bizdən alsınlar! O həm də hələ də bizimdir!

YAZIYA VƏ TƏBRİKƏ SÖZARDI:

Azərbaycanın sevimli ikinci "1 aprel”i Zamin Hacıdır!

Deməli, mənə bu yaxınlarda danışıblar, sizin hamınızın bir yerdə 1 apreldə güləcəyiniz qədər gülmüşəm!

Belə ki, iqtidaryönlü bir xalq şairi ilə Zamin Hacının xanımı müsahibə götürür, deputat qardaş da ölkədə ən çox kitab oxuyan imici formalaşan Zamin Hacıya öz kitablarını avtoqraf yazaraq göndərir ki, istedadlı, vicdanlı qələm sahibinə. Elə xanımının yanında Zamin Hacı avtoqrafı oxuyur və... kitabları atır zibil qabına: "Mənə istedadlı yazır, guya mənim yazdıqlarımdan vəcdə gəlir, ancaq əclaf səhərdən axşama hökumətin yanındadı!"

Əvvəldən dedim axı hamı bir-birini aldadır!

Amma and olsun qələmə, mən aldatmadım. Çünki mən yalan deyəndə o saat bilinir və tam səmimi deyirəm: lap belə söyməsələr də, kimsə götürüb mənim özümün yalan yazanlara yazdığım kimi yazar ki, yalançının anasını...

Mən dözsəm də, anam qoca arvaddır, dözməz!

Tak ışto... bir-birimizi aldatmağa son!

Elə buna görə də... sağ olsun, Aqil Abbas!

Ədalət  2019.- 30 mart.- S.8-9.