Əbülfət
MƏDƏTOĞLU
İÇİMDƏKİ
İNANC
Şübhə etmirəm ki
Hər dəfə ayrılıqlardan, ölüm-itimdən,
həsrətdən, ağrı-acıdan söhbət düşəndə istər-istəməz bir anlıq duruxursan. Gözünün
önünə ötənləri, ötmüşləri,
olanları, olmuşları gətirirsən. Və sənə elə gəlir
ki, dünyasını dəyişənlərin,
ağrı-acı çəkənlərin durumunda, yaşamında
azacıq da olsa sənin də günahın var. Yəni ən
azından son nəfəsə yetişə bilərdin... və
yaxud da son sözünü eşitmək fürsətini
qaçırmazdın... yanğısına bir damcı su
damızdırardın... barmaqlarının ucuyla
yanağında tumurcuqlayan yaşı silərdin...
ağrıdan yastığa söykənməyən
başını ovuşdurardın, tellərini
sığallayardın... ya da əllərini, ayaqlarını
ovardın... Bütün bunları düşünə-düşünə,
içindən, xəyalından keçirə-keçirə
həmin o itirdiklərin üçün göynəməklə
yanaşı, həm də özünün bəraət
haqqını tapmağa, ondan təsəlli kimi yararlanmağa
çalışırsan... Amma bütün hallarda necə deyərlər,
karvan gedib və sən də o karvanın arxasınca baxa-baxa
qalmısan...
Bəli, indi arxada qalan atasızlığın bir ilini,
arxasızlığın bir yaşını, güvənsizliyin
365 gününü düşünüb özüm-özümə
heyrətlənirəm. Ona görə ki, bir gün, bir həftə, bir ay
ayrılığnı ağlıma belə gətirə bilmədiyim
atamdan düz bir il ayrı qala bilmişəm.
Deməli, həqiqətən torpaq güclü imiş, soyuda
bilirmiş hər şeyi... dondura bilirmiş içimdəki
ağrını da, acını da, göz yaşını
da... susdura bilirmiş dili də, ürəyi də, hətta
perik salırmış səni özündən... Və bir də...
Hə, bir də zaman da dəyirmanını
boş-boşuna işlətmirmiş. Üyütdüyünün nə
olmasından asılı olmayaraq, onun da qüdrəti, onun da
gücü böyük imiş, o da susdururmuş, diz
çökdürürmüş adamı olmuşların
qarşısında...
İndi
bütün bu yazdıqlarım, daha doğrusu, bilgisayara diqtə
etdiklərim mənə, yəni bir övlada nə qədər
ağır və hətta belimi bükəcək qədər
ağır olsa da, həmin o üzü soyuq torpaq mənim 365
gün yaşamağımın bir növü yönəldəni,
dayağı olubdu. Yəni üzümə elə qabarıb
ki, ondan o yana keçid, yol
olmadığını anlamışam. Başa
düşmüşəm ki, sondan sonra son yoxdur. Qatardan düşdün, yəni dünyadan
köçdündə, qayıdış ancaq xatirələrlə,
xəyallarla mümkündür, əgər onu qoyub gedə
bilmisənsə.
Əks halda, unudulmaq olub-olmamağının fərqini
kimsəninsə yaddaş kitabında görməmək təbii
haldır. Necə deyərlər, bu qaçılmaz həqiqətin
önündə bəşər övladı
gücsüzdür. Axı hər şey
"olum” "ölüm” arasında baş verir. Bir az da gerçək, bir az da dəqiq desəm,
olursan və ölürsən. Sadəcə
olaraq, olanda bəndə, öləndə İNSAN olmaq
lazımdı. Bunu bacarsan arxanca heç kim
də gəlməsə, rəhmət gələcək. Və
elə bu məqamda yadıma düşür ki:
Şübhə
etmirəm ki,
məni
daha
yaxşı anlayar
dörd
divarla, tavanla
içində danışanlar...
Şübhə
etmirəm ki,
mənim
qocalan
ahımla
ahımdan
üşüyən Allahımla
içimdə etdiyim
söhbətləri
duyğusuzlar
yanlış anlar...
Şübhə
etmirəm ki,
özüm də,
sözüm də
hətta
zamanın
yurdsuzluq
qarasını çəkdiyi üzüm də
sizi
ayağıma gətirəcək
varlığıma
etinasız yanaşanlar!..
***
Doğrudan da hər şey zamana möhtacdır. Amma zamanın içərisində
at oynadanlar da az deyil. Və bu at
oynadanların özləri bir yana,
heç atlarına da yazıqları gəlmir.
Düşünmürlər ki, atdan düşüb piyada
qalanda o atların günü nə olacaq və yaxud da o
atları təzədən minib onların üstünə
çapanda nələr keçirəcəklər, hansı
durumlara düşəcəklər?!
Mən nə münəccimlik etmirəm, nə də
filosofluq. Sadəcə olaraq, gördüklərimi, eşitdiklərimi,
hətta oxuduqlarımı saf-çürük edəndə
onda həmin o söylədiyim fikir
özü-özlüyündə ortaya çıxır.
Və mən də ortada olan həmin o fikrin bir
növü oxucusu, dinləyicisi oluram. İnsan
da oxuduğundan, dinlədiyindən nəticə
çıxarmalıdır. Bax, bu mənada
gəldiyim nəticə sizə söylədiyim fikrin
yaranmasına səbəb olur. Nə isə...
Həqiqətən yaşadığım anların
heç birinin səbəbsiz olmadığına həmişə
inanmışam. Və mən təsadüflərə o qədər
də bel bağlamamışam. İçimdəki
inanc mənə diqtə edib ki, nəyi yaşayırsan, nəyi
edirsən, nəyi görürsən, bütün bunların
hamısı sənin qədərindi, sənin alın
yazındı. Bundan qaçmaq və yaxud
da o yazını silib dəyişmək mümkün deyil.
Bax, ona görə də hərdən
öz-özümə pıçıldayıram. Deyirəm
ki:
Mən
söndürülmüş şamam
Gərəkliyim
itibdi...
Adım
da özüm kimi
Ortalıqda
itibdi...
Nə
ayaqda durmağa,
Nə
axtarış etməyə...
Sevgi Evi də
yoxdu –
Qapısına getməyə.
Əllərimlə
sıxıram
Çiynimə
bük başını...
Aç
ovcunu, göy üzü –
Sal
göydəki daşımı...
Minnətsiz
sığınacaq
Dörd
divar, kağız, qələm...
Allahım,
bu da ruhum –
Gəlmişəm
sənlə böləm...
***
İstənilən yaşantını, istənilən
hadisəni yazıya çevirmək, ömrə hopdurmaq
mümkündü. Amma bunun bir çətinliyi var. O da kimisə
təsiri altına salmaqdı, kiməsə hüfuz etməkdi.
Bax, bu mənada mənim yaşantılarım mənə
nə qədər acı və yaxud şirin gəlsə də,
onu kiməsə söyləmək, yazıya
köçürüb kiməsə oxutmaq heç də
normal sayıla bilməz. Bu mənim məntiqimdi.
Burada bir nüans var, o da mənim çevrəmdi.
Əgər çevrəmdəkilər, ürəyimdəkilər,
hətta mənim ürəyimdə olduqlarım istərlərsə,
arzu edərlərsə, lap duyarlarsa, onda mən öz
yaşantımı onlara bu və ya digər formada
çatdıra bilərəm. Təbii ki, bu da həmin dediyim
insanların öz istəklərindən
qaynaqlanmalıdır...
Bu fikirlərimi uzatmadan dönürəm mətləb
üstünə. Yəni birmənalı şəkildə
vurğulayıram ki, kimliyindən asılı olmadan insan
mövcuddursa, yaşayırsa, problemi də var, problemi
yaradanı da.... çevrəsi də, mübarizə aparmaq
imtiyazı, gücü də. Bax, bu mənada
mən nə qədər qayğılı, nə qədər
nostalji köklərə bağlı olsam da, bilirəm ki,
içimdəkiləri yaşamaq, yaşatmaq mənim öz
missiyamdı, çiynimdəkiləri daşımaq mənim
öz borcumdu. Ona görə də hətta
özüm-özümə ürək-dirək verən, bir az da qürrələndirən bir şeir də
yazmışam. Necə deyərlər,
özüm-özümün tərifini misralamışam.
Yazmışam ki:
Yaxınları,
uzaqları bilinən
Dodaqları
ad çəkməklə ilinən...
Kirpikləri
təbəssümlə silinən –
Sənsən,
Əbülfət!
Gecəsinə
ağrı, acı, dərd sıxan
Gündüzünə
göz qırpmadan dərd yığan...
Həsrətinə
dözümdə də mərd çıxan –
Sənsən,
Əbülfət!
Səsi
batan, bəxti yatan bir aşiq
Pir olubdu
sevgisinə, pir aşiq...
Bu
dünyada Məcnun kimi sirr aşiq –
Sənsən,
Əbülfət!
İç
dünyanı çöl dünyana üyütmə
Kədərini
çox da öyüb böyütmə...
Yaşa
haqla, sev Allahla öyünmə -
Sən –
Əbülfət!
***
Həqiqətən
mən özümlə, qələmimlə və bir də ağ kağızla baş-başa qalanda
dünyanın bütün kədər yükünü
daşımaq, hətta diz altına almaq gücünə malik
oluram. Bu bir az pafoslu səslənib
böyük görünsə də, amma həqiqətən
insan öz içində, öz xəyalında, öz
dünyasında hamıdan güclüdü. Çünki
həmin o dünyada hər kəsi əli Allahın ətəyində,
ruhu göy üzündə olur. Belə
adama kimin gücü çata bilər ki?!
Bəli, indi mən də göy üzündən, ruhlar
aləmindən, xəyallar dünyasından özümə,
necə deyərlər, kəndimə qayıdıram. Və
qayıtdığım yol uzunu ağlıma gələn ilk
bu olur ki, hardasa bir kədəri də ovutdum, bir acının
da göz yaşını sildim, bir sitəmin də içimdə
dəfn olunmasına şərait yaratdım. Və bütün bunlar da mənim yazacağım,
daha doğrusu, duyğularımdan misralara çevriləcək.
Onda həmin misralar da oxucu önünə
çıxanda məhz bu donda, bu biçimdə olacaqdı.
Siz oxucular görəcəksiniz ki, mən nə
demişəm və necə demişəm.
İçimdəki
kədəri
İçimdə
də ağladım...
Kipriklərimi
hörüb –
Selin yolun
bağladım...
Dizlərim
torpaq yemi
Tutdum
üzümü göyə...
Əllərim
qalxmadı ki,
Çırpam
– dizimi döyə...
Bəlkə
də bu bir günah
Boyun bərabərində...
Allahdan
başqa kimsə -
Bilmir,
yaram dərində...
Ovunmağa
yetməyən
Gücümün
dili gödək...
Halım
gün kimi bəlli –
Dur, əlimdən
tut gedək...
Hə,
bütün gerçəklərin və gerçək ola biləcəklərin həyatımdakı
izlərini heç vaxt silməyə cəhd etməmişəm.
Və bir də ki, bunu silməklə nəyi dəyişmək
mümkündü ki?! Onsuz da hər kəs
özünü hansı dona salır
salsın, gec-tez pərdələr çəkiləcək,
maskalar söküləcək və... Bir az
obrazlı desəm, qaranlıqların aydınlıqları
ortaya çıxacaq. Ramiz Rövşənin təbirincə
desəm, qaranlıqda qəfil günəş doğacaq və
kimin kimin evindən çıxdığı görünəcəkdi.
Ona görə də mən heç vaxt tərəddüd
etmədən düşündüyümü və ürəyimdəkini
yazmışam və indi də yazıram.
İçimdəki
ən şirin
Duyğu
adındı sənin...
Dilimdəki
bal, şəkər –
Bil ki,
dadımdı sənin!
Bu göy
üzü, bu yer də
Yuvadı
min bir dərdə...
Onlar, mən
olan yerdə -
Özgən,
yadındı sənin!
Könlüm,
gizli dolduğun
İçin-için
solduğun...
Pərvanəsi
olduğun –
Bir tək QADINDI sənin!
Son: bu yazını necə yazdım və niyə
yazdım onu düşünmək haqqını sizə verirəm.
Özüm isə öz içimdə nə çəkirəm,
onu Tanrımla bölüşürəm.
Ədalət 2019.- 30 mart.- S.7.