ƏDİBİN
ARZUSU
Ağaddin BABAYEV
Cəfər
Cabbarlı - 120
Görkəmli Azərbaycan dramaturqu və teatr xadimi
Cəfər Cabbarlı
ömrünün qısa,
lakin mənalı illərini, demək olar ki, əvvəldən
axıra kimi Bakı şəhərində
keçirmişdir. Lakin buna
baxmayaraq o, mütəmadi
olaraq əyalət teatrlarının fəaliyyəti
ilə də maraqlanmış, həmin
sənət ocaqlarında
çalışan aktyor
və rejissorlardan dəyərli məsləhətlərini
əsirgəməmişdir. Lənkərana xüsusi məhəbbəti
olan ədib bütün ömrü boyu bu əsrarəngiz
cənub şəhərində
olmaq arzusu ilə yaşamışdır.
Köhnə arxiv sənədlərində
teatr rejissoru Əli Mənsur Quliyevin Cəfər Cabbarlı ilə görüşləri barədə
xatirələri bu gün də mühafizə olunmaqdadır. "1934-cü
ildə Lənkəranda
işçi-kolxozçu dövlət
teatrı yaratmaq haqqında təşəbbüs
irəli sürdüm,
- deyə Ə.M.Quliyev
yazır. – İlk tamaşanı həmin ilin dekabr ayında göstərməli idik.
Mən Bakıya gəlib Cəfərlə (C.Cabbarlı
ilə - A.B.) görüşdüm.
Onu Lənkərana dəvət etdim və dedim ki,
teatrın təntənəli
açılışı olacaq. Opera teatrından,
dram teatrından, xalq maarif komissarlığından
da nümayəndələr
çağırmışıq. Cəfər gülə-gülə:
- Paraxod məni tutmaz? – dedi. Mən isə: - Yox, "Kalantay” çox böyük paraxoddur, - deyə cavab verdim.
C.Cabbarlı belə məsləhət
gördü ki, açılışı yanvar
ayında edək. Mən razılaşdım.
Ancaq sənətkarın qəfil
ölümü bu arzunu ürəyimdə qoydu. Dəfn mərasimindən bir neçə gün sonra Lənkərana qayıtdım”.
Bununla belə
dramaturqun çox sevdiyi şəhərlə
"görüşü” onun
əsərinin tamaşaya
qoyulması ilə baş tutdu. 1935-ci il fevralın 14-də
Lənkəran teatrı
C.Cabbarlının "Almaz”
pyesinin premyerası ilə öz pərdəsini qaldırdı.
İlk tamaşanın quruluşunu
teatrın direktoru və rejissoru Əli Mənsur Quliyev vermişdi. Tamaşada iştirak edən aktyor heyəti rayon xalq teatrının yetirmələrindən və
Bakı teatrlarından
dəvət olunmuş
bir neçə artistdən ibarət idi. Ən təqdirəlayiq cəhət isə onda idi ki,
Lənkəran teatrına
həm də Cəfər Cabbarlının
adı verilmişdi.
Lakin 1940-cı ildə
məlum olmayan səbəblərdən C.Cabbarlının
adı Lənkəran
teatrından götürüldü. İndi artıq
bu sənət ocağı azərbaycanın
tragik aktyoru Hüseyn Ərəblinskinin
adını daşımağa
başlamışdı. Bizim fikrimizcə, Azərbaycanın ikinci böyük şəhəri
Gəncədə fəaliyyət
göstərən teatrın
da Cəfər Cabbarlının adına
olması kiminsə xoşuna gəlmədiyindən
belə bir qərar qəbul olunmuşdu. Buna baxmayaraq,
görkəmli dramaturqun
əsərləri heç
vaxt Lənkəran teatrının repertuarından
yerə düşməmişdir.
C.Cabbarlının yaradıcılığı bu sənət ocağında çalışan
yeni aktyor və rejissor nəslinin həmişə
nəzər-diqqətini özünə
cəlb etmişdir.
1973-cü ildən fəaliyyətini bərpa edən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının kollektivi də əvvəlki ənənəyə sadiq qalaraq dəfələrlə Cəfər Cabbarlının yaradıcılığına müraciət eymiş, ədibin "Oqtay Eloğlu”, "Aydın”, "Sevil”, "Solğun çiçəklər” kimi dram əsərlərini müvəffəqiyyətlə tamaşaya qoymuşdur. Hazırda isə teatrdra dramaturqun 120 illik yubileyinə tohfə olaraq onun "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" dramının məşqləri gedir. Rejissor, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu tamaşa ilin ortalarında sənətsevərlərə təqdim olunacaq.
Ədalət.-2019.-3 may.-S.7.