POETİK DUYĞULARIN
KÖVRƏK DÜNYASI
BALAYAR SADİQ
(Esmira
Məmmədlinin “Yazı gözləməyə dəyərmi”
kitabı haqqında qeydlər)
Min illərdi
söz var, sözə könül verənlər,
sözün işığında yol gedənlər var. Bəzən
adama elə gəlir ki, deyiləsi yeni söz qalmayıb, bir
ömür yaşayan insanla, onun həyata gəlişi və
həyatdan gedişi arasında Allaha, cəmiyyətə, təbiətə
sevgiylə bağlı hər şey deyilib və
yazılıb. Ancaq insan təfəkkürünün
və düşüncəsinin sərhədləri nəhayətsizdir.
Dünyanın, təbiətin, cəmiyyətin
saysız-hesabsız görüntüsü mövcuddur və
bu vizuallığı uşaqdan tutmuş qocayadək hər kəs
özünəxas rakursdan qəbul edir. Şairlər
bu görüntüləri, bu mövcudluğu özünəməxsus
formada poetik duyumla ifadə edirlər. Bununla
da insanı həm riqqətləndirən, heyrətləndirən,
həm sarsıdan, həm də heyran edən estetik duyğu aləmi
yaradırlar. Şairləri yaşadan da bu
estetik aləmdir. Bunların məxsusi
lirik, romantik dünyası oxucu üçün maraqlı səyahəti
xatırladır. Virtual səyahəti sevənlər,
virtual səyyah olmağı bacaranlar belə məqamları
gözəl anlayırlar.
Hər bir bədii kitab müəllifin duyğu və
düşüncələrinin ədəbi müstəvidə
inikasıdır. Məlumdur ki, şair kitabdan-kitaba öz
yaradıcılıq dünyasının sərhədlərini
genişləndirməli və yeni poetik ovqatı ilə oxucu
marağını qazanmalıdır. Poetik
topluların başqa bədii kitablardan fərqli cəhətləri
də var. Ən başlıca və diqqətçəkən
məziyyət odur ki, bircə şeirlə də müəllifin
poetik gücünü, iqtidarını görmək
mümkündür. Bəzən bir
şeir bütöv bir yaradıcılığın, bir
şair taleyinin poetık indeksinə çevrilir və bu
uğur müəllifə sənətkar etiketi qazandırır.
Tutduğu vəzifə mövqeyindən,
qazandığı titullardan, fəxri adlardan asılı
olmayaraq hər bir şair şeirindən, misrasından
boylanır. Şeirin bədii səviyyəsini
ifadə edən elementlər sırasında başlıca məharət
müəllifin qələmə aldığı mövzuya
yanaşmada öz baxış bucağını göstərə
bilməsidir. Digər ədəbi janrlar
kimi şeirdə də bədii ümumiləşdirmə səriştəsi
şairin yetkinliyinin, dolğun əsərlər yaratmaq
bacarığının əyani təzahürüdür.
Mahiyyət etibarı ilə ədəbiyyatda
bütün mövzular işlənmişdir. Lakin istedadlı qələm sahibləri,
"köhnə” mövzulara da öz poetik nəfəsi ilə
yeni ruh verə bilir, məhz poetik ruhun canlılığı,
təravəti şairin özünəməxsusluğunu
şərtləndirən amillər sırasındadır.
Cağdaş
poeziyamızda Vətən ağrısını, Qarabağ həsrətini,həmçinin sevgi, məhəbbət, intizar,
həsrət duyğularını bədii sözün
aynasında canlandıran, poetik sözə səmimi ovqatla xidmət
göstərən istedadlı şairlərdən biri Esmira Məmmədlidir.
O,
"Yazı gözləməyə dəyərmi” adlı ilk
poetik toplusu ilə oxucuların görüşünə gəlib.
"Elm və Təhsil” nəşriyyatında
tanınmış şair Məlahət Yusifqızının
redaktorluğu və "ön söz”ü ilə nəfis
şəkildəçap olunmuş kitabda toplanmış
şeirlər beş bölmədə
oxuculara təqdim olunur.
Onun poeziyasının əsas mövzusu milli-mənəvi,
bədii-fəlsəfi dəyər, vətənpərvərlik
düşüncəsi, insanın fərd olaraq daxili aləmindəki
təbədüllatlar, həmçinin ləyaqətli insan
şəxsiyyətinin səmimi və obrazlı tərənnümü,
bununla yanaşı, əzəmət və gözəlliyin, həssaslıq
və qayğıkeşliyin təbliğidir.
Şairin əsərləri bədii məziyyətlər,
poetika baxımından nəzəri cəlb etməklə bərabər,
həm də məxsusi yaradıcılıq fəaliyyətinin
xüsusiyyətləri ilə də maraq doğurur. Səmimi ahəngdarlığı,
rəvanlığı ilə seçilən şeirləri vətəndaşlıq
möhürü ilə təsdiqlənərək, xalqın
ruhunu oxşayan şair dəst-xəttini müəyyənləşdirir
və geniş oxucu sevgisinin ünvanına çevrilir.
Müəllifin bu kitabına toplanmış poetik
nümunələr yetkin şair düşüncəsinin sənət
müstəvisində əyaniləşməsidir. Esmira Məmmədlinin
şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən
önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin
səmimiyyəti və dolğunluğudur. Şairin müxtəlif mövzularda yazılan
şeirlərini səmimiyyət, həyat hadisələrinə
poetik baxış, xeyirxahlıq duyğularının təbliği,
saf sevgi kimi amillər birləşdirir. Bütün
bu məziyyətlər Esmiranın sözə məsuliyyətlə
yanaşmasının nəticəsi olmaqla bərabər, həm
də sənətə dərindən
bağlılığına zəmanət verir.
Şairin ədəbi uğurunu şərtləndirən
cəhətlərdən biri də onun qələmə
aldığı mövzuların mahiyyətinə dərindən
vara bilməsi, gördüyü problemlərin səbəbini
sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi
dəyərlərimizə bağlılığı, milli
özünüdərk mövzularına daha dərindən
vaqif olması diqqətdən yayınmır. Onun şeirlərində yalnız milli
ağrılarımız göstərilmir, həm də bu bəlaları
doğuran səbəblər bədii sənət
güzgüsündə işıqlandırılır. Esmiranın poetik nümunələrində Vətən,
insan, təbiət və zamanla bağlı fikirlər,
düşüncələr təqdim olunan mahiyyətin
mühüm tərkib hissəsi kimi üzə
çıxır.
Esmira Məmmədlinin
"Yazi gözləməyə dəyərmi” adlanan bu
kitabının ilk şeiri müstəqilliyimizin, milli məfkurəmizin,
istiqlalımızın şanlı atributu olan üçrəngli
bayrağımızın tərənnümünə həsr
olunub.
Döyüş
əzmi böyükdü türkün əzəldən bəri,
Vətən sevgisi ilə tanınır igidləri.
Boyuna
qurban olum, Azərbaycan əsgəri!
Şərəfini
uca tut, əldən qoyma yarağı!
Vüqarla
dalğalansın Azərbaycan Bayrağı!
Sən
türkün övladısan, özünə dön, millətim!
Əyilməz
ol, dönməz ol, sözünə dön, millətim!
Layiq ol
soy-kökünə, izinə dön, millətim!
Sönə
bilməz heç zaman bu millətin çırağı,
Vüqarla
dalğalansın Azərbaycan Bayrağı!
Vətən sevgisi, yurd məhəbbəti onun
yaradıcılıq kredosunun əsasını təşkil
edir. Özünəməxsus obrazlar yaratmaq
bacarığı, sözü yerində və ustalıqla
işlətmək məharəti, həmçinin sadə
deyimlə zəngin poetik məna ifadə bilməsi onun yetkin
şairlik xüsusiyyətini əyaniləşdirir. İstedadli şairin "Vətən” şeiri də
öz poetik dəyəri, ictimai-bədii sanbalı ilə diqqətəlayiqdir.
Vətən
doğma diyar, müqəddəs torpaq,
Əzəli, əbədi yurd yerimizdir.
Göylərə
yüksələn üçrəngli bayraq
Sarsılmaz gücümüz, zəfərimizdir.
Biz
türk övladıyıq, hər zaman varıq,
Ana vətənimiz Turandır bizim.
Özbək,
türkmən, qazax, qırğız, tatarıq...
Müqəddəs andımız "Quran”dır bizim.
Kitabdakı şeirlərin önəmli məziyyətlərindən
biri də vətənpərvərliklə yanaşı,
insanın mənəvi dünyasının, hisslər,
duyğular aləminin həssas və zərif ifadə
olunmasıdır. Bu poetik nümunələrdə dərin
və saf bir sevginin, hicran və həsrət qoxulu
ömrün səmimi tərənnümü diqqəti cəlb
edir. Lirik qəhrəmanın
yaşadığı yurd ağrısının dərinliyi
ilə bərabər eşqin ucalığını, qüdrətini
daha parlaq və gözəl ifadə etmək üçün
istifadə olunan bədii təsvir və ifadə vasitələrinin
təravəti şairin poetik bacarığının
ehtivasıdır.
Şairin poetik əsərlərinin lirik qəhrəmanı
öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb
edir. Onun fərdi poetik siması yalnız qələmə
aldığı nümunələrin üslüb cəhətlərində
deyil, həmçinin hadisələrə yanaşmasında,
onları seçməsində və qiymətləndirməsində,
lirik "eqo”nun əhval-ruhiyyəsini təravətli, həm də
səmimi çalarlarla ehtiva etməsindədir.
O,
dilimizin zəngin və rəngarəng təhkiyələrindən,
bədii təsvir və ifadə vasitələrindən bacarıqla
istifadə edərək, qələmə aldığı
mövzuların bədii həllini, poetik ümumiləşdirməsini
özünəməxsus ovqatda təqdim edə bilir. Esmira Məmmədlinin
yaradıcılığında məxsusi bir məziyyət
var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş
və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii
zənginlik və müdriklik mövcuddur. Onun
şeirlərinin məğzini təşkil edən dərin və
poetik ictimai məna uğurlu yaradıcılıq səciyyəsi
daşıyır.
Şairin lirikasında həsrət və qəm motivlərinin
yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heç
vaxt duyulmur. Kitabdakı şeirlərində vətənin,
doğma ocağın tərənnümü, həmçinin
milli-menevi deyerlerin, nəciblik, əzəmət və gözəllik
duyğularının bədii müstəvidə səmimi təbliği,
bütövlükdə yaradıcılığına dərin
ictimai-fəlsəfı mündəricə gətirir. Bu baxımdan "Baş Sarıtel”, "Köhnə
kişilər”,"Halallıq” və s. şeirləri səciyyəvidir.
Şairin"Köhnə kişilər” şeirindəki
mənəvi zənginlik diqqətəlayiqdir.
Köhnə
kişilərin görünür yeri,
Duz-çörəyə qiymət verən olublar.
Əməlində
bütöv, sözündə bütöv,
İgid, sədaqətli, ərən olublar.
Qoşun
gizlənərmiş kürəklərində,
Sözüylə əməli tən kişilərin.
Bir el
qızınarmış ürəklərində,
Ürəyi
evindən gen kişilərin.
Bu poetik nümunələri mövzusundan asılı
olmayaraq daxili bir bədii məntiq, ümumi bir məna birləşdirir. Esmira Məmmədlinin
şeirlərində insana inam və etibar motivi güclü
olduğu üçün, bu məziyyət şeirlərinin
bədii siqlətinə nikbin əhvali- ruhiyyə, işıq
və hərarət qatır. Bununla
yanaşı, onun valideyn-övlad, təbiət, dostluq haqqındakı
şeirləri də ictimai siqləti ilə seçilir.
Şairin "Ana” şeiri öz səmimi
poetikası, kövrəkliyi baxımından yaddaqalandır.
Səpdin
qayğılara şirin ömrünü,
Əritdin qəlbinin hərarətini.
Qışın
soyuqluğu üşüdür səni,
Biz
ilıq görürük məhəbbətini,
Üşüyən
könlünə qurbanam, ana!
Payıza
bənzədi ömrünün yazı,
Düşdü
qismətinə çən, duman, ana!
Əridin
şam kimi həsrət içində,
Ömrün
vəfasına yox güman, ana!
Tənhalıq
dərdinə qurbanam, ana!
Esmiranın rəvan və təbii üslubu, şeirlərinin
vəzn, bölgü, qafiyə və poetik strukturun digər
elementlərindən məharətlə istifadə etmək
bacarığı onun yaradıcılıq yetkinliyini şərtləndirən
keyfiyyət kimi önəmli səciyyə daşıyır. Poetik
yükündən bədii mahiyyətindən asılı
olmayaraq, Esmiranın bütün şeirlərindən vətəndaşlıq
sevgisi boylanır, vətən ətri gəlir, nəciblik, məhəbbət,
halallıq qoxusu duyulur. Bu şeirlərdə
insanın insanlar qarşısında, bəşəriyyət
qarşısında insanlıq borcunun və ləyaqətinin
vicdanla, ədalətlə, namusla icrası məsələsinə
böyük diqqət verilir. Bu xüsusiyyətlər
onun şeirlərinə ictimai dərinlik, geniş vüsət
və məzmun bütövlüyü gətirir. Sairin bir çox şeirlərinin ifadə tərzindəki
məxsusilik, fıkrin misra-misra incələnməsindən
yaranan dolğunluq, incə lirizm, sakit və təmkinli ahəng,
bədii-ictimai düşüncələrin doğurduğu
poetik sanbal onun yaradıcılıq fərdiyyətinin keyfiyyət
göstəricisidir.
Məlumdur ki, lirik əsərlərdə yenilik ruhu o
vaxt diqqət kəsb edir ki, orada həyati müşahidə bədii
materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş
tərəflərinə nüfuz etmiş olur. Esmira Məmmədlinin
şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və
halallıq mövzusu geniş yer tutur və onun
dünyagörüşünün, bədii-estetik
idealının müəyyənləşməsində,
formalaşmasında əhəmiyyətli rol oynayır. Bu poeziyanın ən səciyyəvi xüsusiyyətlərindən
biri onun müasirliyidir, yəni şair müasir həyatımızın
təzadlarını, onun insanlara səadət bəxş edən
məqamlarını və eyni zamanda, insanları əzab məngənəsində
sıxan anları poetik məzmunda ehtiva edərək, onu
yeni-yeni məna çalarları ilə zənginləşdirir.
Esmiranın şeirlərində milli kolorit qüvvətli
olduğu üçün böyük maraq doğurur. Bu cəhət
şeirlərin mövzusunda, mütəmadi müraciət
olunan qoşma janrının ahəng və ritmində, bədii
təsvir vasitələrində nəzərə
çarpır. Məlumdur ki,
poeziyamızda qoşma janrı həmişə öz xəlqiliyini
və müasirliyini qoruya bilmişdir. Qoşmada
şirinlik, axıcılıq, səmimiyyət və sadəlik
vardır. Qoşma lakonikdir,
yığcamdır, şairi sözə məsuliyyətlə
yanaşmağa, sözə qənaət etməyə məcbur
edir. İstedadlı şair qələmində
qoşma mənalı, ahəngdar musiqiyə, gözəl nəğməyə
çevrilir. Esmira Məmmədlinin
yaradıcılığında belə poetik nümunələr
çoxdur. "Dünya”, "Könlüm istəyir”,
"Sevirəm səni” və s. qoşmaları bu qəbildəndir.
Şair klassik qoşmanın ən yaxşı
xüsusiyyətlərindən, məzmun vəhdətindən,
obrazlılıqdan məntiqi ardıcıllıqdan, dil və
ifadə oynaqlığından məharətlə istifadə
edərək, gözəl nümunələr
yaratmışdır. Esmira Məmmədli dilimizin zəngin və
rəngarəng təhkiyələrindən, bədii təsvir
və ifadə vasitələrindən ustalıqla bəhrələnərək,
mövzunun bədii həllini, poetik ümumiləşdirməni
məxsusi ovqatda təqdim edə bilir.
Heç
bilən olmadı sənin işini,
Yüz
yerə baş alır güman, a dünya!
Qanmaza gərdişin
yağla bal kimi,
Qanana
çətindi yaman, a dünya!
Səhv
düşüb doğruyla yalanın yeri,
Yaxşılar qalıbdır pislərdən geri.
Uzunqulaq yeyir al çiçəkləri.
Gülə bərabərmi saman, a dünya?!
Uca
dağlarını duman, çən gördüm,
Namərdləri baxıb, sevinən gördüm.
Bəzən
mərdlərini əyilən gördüm,
Gəl, əymə
mərdləri aman, a dünya!
Şair bəzən bir bənddə lakonik poetik detallarla
oxucu xəyalında orijinal lövhələr canlandıra
bilir. Onun bir sıra şeirlərində mürəkkəb
psixoloji vəziyyətlər, anlar və duyğular, hisslər
aləmi çox zərif və dəqiq ifadəsini, bədii
həllini tapmışdır. O, bədii dilin estetik
gözəlliyinə, emosionallığına məsuliyyətlə
yanaşaraq, məzmuna uyğun forma rəngarəngliyindən
səriştəylə istifadə etməyi bacarır. Esmiranın yaradıcılığında mənəvi-əxlaqi
zənginliyin harmoniyası vardır.
Esmira Məmmədlinin təbiət mövzusunda
yazdığı şeirləri öz poetik təravəti ilə
könül oxşayır.
Bənövşə
güləcək kolun dibindən,
Quşlar yuvasından çıxacaq yenə.
Göylər
kövrələcək sevindiyindən,
Buludlar
gözünü sıxacaq yenə:
-
Torpaqdan, havadan yaz ətri gəlir.
Yenə
canlanacaq anamız torpaq,
Çöllər bürünəcək çiçəyə,
gülə.
Körpəcə
budaqlar yarpaqlayacaq,
Güllər
naz edəcək şeyda bülbülə,
Elə bil, hər yandan naz ətri gəlir.
Bacalardan
çıxan tüstülərə bax,
Ruzi-bərəkətlə dolub teşt-tabaq.
Hər evdə bir şənlik, açıq, qaşqabaq,
Elimin,
obamın öz ətri gəlir,
Torpaqdan, havadan yaz ətri gəlir.
Bu mənada o, daim inkişaf edən həm forma və məzmun
əlvanlığı, həm də poetika baxımından təkmilləşən
bir istedadın sahibidr.
Kitabda müəllifin uşaqlar üçün qələmə
aldığı şeirlər də uğurludur.
Bəllidir ki, bədii sənətin gücü
böyük ideyanın, dəyərli fikrin obrazlı təcəssümündə,
səmimi və təravətli ehtivasındadır. Bu keyfiyyətlər
qələm sahibindən bədii sözün məna
çalarlarını, dilin incəliklərini duymağı,
poetik obrazlar sistemində əsərin forma və məzmun vəhdətini
yaratmağı, sənət qarşısında daim məsuliyyət
hissini qorumağı tələb edir. Bütün
bu məziyyətlər istedadlı şair Esmira Məmmədlinin
yaradıcılığında öz əksini
tapmışdır.
İstedadlı şairin bu şeirlər toplusunu onun ədəbi
uğuru, yaradıcılıq nailiyyəti kimi səciyyələndirmək
olar. Poeziya
yolunda ona daha boyuk ugurlar diləyirəm!
Ədalət.-2019.-3 may.-S.8.