BÖYÜK TARZƏN HAQQINDA DƏYƏRLİ MƏNBƏ

 

Elmira AXUNDOVA, Xalq yazıçısı, Milli Məclisin üzvü

 

Yazıçı-jurnalist Rafiq Hacıyev xalq artisti, bir çox mükafatların sahibi, məşhur tarzən Ramiz Quliyev haqqında yazdığı "Şəhrizadın...Tarzən Ramiz Quliyev nağılı" adlı oçerki qələmə alarkən müəllif, oxuculara maraqlı olması üçün fərqli bir yol seçmişdir. Onun həyat fəaliyyətini müasir məqalə janrının dili ilə yox, axıcı, füsunkar şərq nağılları dili ilə oxuculara təqdim edir. "Min bir gecə"dəki kimi hadisələr öz bədii axıcılığı, ardıcıllığı reallığı ilə yanaşı nağıllara xas sirli-sehirli elementlər daşıyır. bu maraqlı vəhdət oxucunu cəlb edərək onu vadar edir ki əvvəldən sona kimi eyni maraqla oxusun.

 

Müəllif hekayədə odlar diyarı Azərbaycanımızın gözəl guşələrindən biri olan, Allah-təalanın heç nəyini əsirgəmədiyi, bal kimi şirin səsə, füsunkar yaraşığı olan tamam yaşıllığa bürünmüş, ecazkar təbiətə malik Qarabağ bölgəsi, Ağdam şəhəri çox gözəl təsvir olunub bu gözəl yerlərin musiqiyə, xüsusən muğam sənətinə necə vurğun olması geniş təcəssüm edilib. Burada Qarabağımızın gözəlliyi ilə yanaşı, insanlarının sadə, təvazökar, qonaqpərvər yumor dolu olması da təsvir edib.

 

Bununla yanaşı oçerkdə Azərbaycan musiqisində daha çox inkişaf etmiş sadəcə Qarabağ bölgəsinə xas olan ecazkar valehedici muğam sənətindən, xüsusilə "Segah" muğamı onun Ramiz Quliyev tərəfindən bənzərsiz ifa olunması, tarzənin təkrarolunmaz, orjinal üslublu ifa tərzi geniş yer tutur. Öz təsvirlərini təsdiq etmək bədii təəssüratını gücləndirmək üçün yazıçı tanınmış insanların müdrik kəlamlarından, məşhur şairlərimizin misralarından geniş istifadə edilir. Bu da mətni daha da zənginləşdirir.

Ağdamda hörmətli, sayılıb seçilən bir ailədə dünyaya gələn Ramiz Quliyevin tar ifası sənətinə uşaqlıqdan yaranan marağı, onun necə məsuliyyətli, əzmkar, təvazökar bir insan olması bunun sayəsində Qarabağın əfsanəvi "Şur" ansamblına gəlib çıxması, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Süleyman Ələsgərov kimi musiqiçilərlə tanış olması, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq, istedadlı pedaqoq Adil Gəraydan dərs alması, daha sonra beynəlxalq müsabiqələrdə iştirak edərək fərqlənməsi, qızıl medallar, mükafatlara layiq görülməsi, onlarla böyük ölkə şəhərlərə qastrol səfərləri edərək buradakı münsiflər heyətini iştirakçıları muğam, tar sənətinə heyran qoymasından, Azərbaycanımızı dünya arenalarında layiqincə təmsil etməsindən söz açılmışdır.

 

Ramiz Quliyevin heyrətamiz ifasının tilsiminə düşən SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanları maestro Niyazi, bəstəkar Fikrət Əmirov, müğənni Rəşid Behbudov, SSRİ xalq artisti, bəstəkar Rauf Hacıyev, Leninqaradlı (Sankt-Peterburq) sənətşünaslıq doktoru, Ümumittifaq Folklor Musiqi Bürosunun və YUNESKO yanında Büynəlxalq Milli Musiqi Şurasının üzvü, xalq musiqisinin tədqiqatçısı İzaliy Zemsovski, tanınmış fransız musiqişünas alim, YUNESKO-nun Ümumdünya folklor musiqi şöbəsinin baş direktoru Jan Dürinq, Əlcazairli musiqişünas alim Əl Səid Ciddi, görkəmli türk bəstəkarı Adnan Sayqun, əlcəzairli musiqişünas alim X.Monser kimi dəyərli insanların tarzən haqqında dediyi fikirlər də təbii formada nəql olunmuşdur.

 

Oçerk Ramiz Quliyevin bütün həyat yolu və yaradıcılığına işıq saçaraq böyük sənətkarımız haqqında ən dəyərli bir mənbə kimi qiymətləndirilməlidir. Mən bu hekayəni görkəmli jurnalistimiz Rafiq Hacıyevin növbəti uğurlu layihəsi kimi qiymətləndirirəm və bu maraqlı yazını kitab şəklində görməyi arzu edirəm.

 

 

Ədalət  2019.- 7 may.- S.6.