Yol Üstündə Qəsr
İradə
TUNCAY
Tarix və coğrafiya... Bildiklərim, bilmədiklərim.
Gördüklərim, görmədiklərim. İnkar
halında təsəvvürlərim daha çoxdu təbii. Xəritə
üzərində yol daha asan idi, miqyası da
kiçiltmişdilər. Bu miqyasa daxil olmayan hisslərim də
var amma. Gedib də görəndən sonra miqyas dəyişir
və heç bir xəritəyə sığmır.
Duyğu üzvləri aciz qalır təsvir
üçün... Öncə sənə elə gəlir ki,
unuda bilməyəcəksən. Sonra asta-asta sakitləşirsən.
Qeydlərinə arxayınsan. Yazacam deyirsən. Sabah,
birigün... Beləcə adi günlər, məişət
yeyir içindəki fırtınanı. Zaman öz diqtəsini
edir. İll çayının sahilindən reportaj
alınmır. Janr uyğun gəlmir. Düşdüyün
nağıl, gördüyün nağıl
danışacağın nağılı üstələyir.
Sonra yuxularında veyillənirsən həmin yerlərdə. Və...
Fırtına lal dənizə dönür. Sakitdi...
Sonra isə nəsə olur sənin bu boz, rəngsiz
günlərində... Əsəb yaradan nəsə...
Dağıdan kim, sökən kim... İçi
dağılıb-sökülən kim... Biçarə şəhərin
içəri dərdləri yadına salır dərk edib də
yazmadıqlarını. Anlayırsan – mane olurdu nəsə.. Nəsə...
Bu "nəsə” ağrıydımı, həsədiydimi,
parıltıydımı... Hər halda 2015-ci ilin avqust nağılını
indi yazmağa başladım.
***
Şəhərin almanca adı "Ştrassburq”du. Ştrass - yol, küçə (çox işlətdiyimiz trass sözcüyün xatırlayın), burq isə "qala, qəsr” anlamını verir. Bütün Avropa şəhərlərinin əsasını Romalılar qoyub. Qədim adı isə Arqentoratdı. Mənşəyi barədə müxtəlif fərziyyələr var . Hər halda şəhər çayın mənşəyində salınıb –Arqento isə məhz bu mənanı verir. Roma İmperiyasının şimal sərhədlərində yerləşib.Vaxt keçdikcə feodal dağınıqlığı dövründə, şərq-qərb yolları üzərində kiçik alman dövlətlərini birləşdirdiyinə görə strateji əhəmiyyəti artmağa başlayıb. Çay, körpü öz rolunu oynayıb.VI əsrdən indiki adını daşıyır: Strasburq – Yol Üstündə Qəsr... Hə, bunu da deyim – vaxtilə Atilla buralarda alemannları məğlub edib... Yəəni... Həm də alman əsası var şəhərin. Bu da yəəni...Tarixə çox dalsaq üzüb çıxa biləcəyikmi? Üzü VII əsrdən bu tərəfə tarixin müxtəlif dönəmlərində şəhər də dəfələrlə sahibini dəyişib. Kilsənin öz oyunu, hakimlərin öz oyunu... Amma əksər dövr kommuna sayılıb. Elə indi də kommuna adlanır. Yenə yəəni deyək. Orta əsrlərdə biz jurnalistlərin bir həmkarı burda yaşayıb. 1492 -ci ildə qəbul olunmuş şəhər konstitusiyası ta Böyük Fransa İnqilabına qədər dəyişmədən qalıb. Orta əsrlərdən universitet mövcuddu. İndi də universitetlər çox olduğuna görə şəhər gənc görkəmdədi. Avropada ən böyük su resursları burdadı. Və ən əsası, daim iki xalqın rəqibliyi bu şəhərə öz möhürünü vurub: almanlar və fransızlar. İki böyük mədəniyyət... Burda iki çay qucaqlaşıb görüşür. İki ölkənin sərhədində yerləşir və iki ölkə daim münaqişə edib bu şəhərə görə... İndi adı almanca səslənsə də, Fransanındı bu gözəl yer.
***
Təzə söz demirəm – bir ölkə haqqında ilk təəssüratlar onun yollarından başlanır. Və hər dəfə hər yeni ölkə ilə tanışlığımda bu sual məni düşündürür. Biz nə vaxt belə yaşayacağıq? Niyə bu səliqə-sahman, təmizlik, gözəllik bizim şüurumuzda özünə yer eləyə bilmir? Yolboyu sıralanmış yaşıl çəmənləri, xudmani bağları, gül sıralarını gözünə doldurub özünlə götürmək istəyirsən. Daha doğrusu, gözünə təpmək.
Əgər bu çiçəklənmə
bir vaxtlar müstəmləkələrdən
daşıyıb gətirdiyi var-dövlətlə
bağlıdırsa, onda Rusiya niyə heç zaman belə
olmadı? Var-dövlətin miqdarı yox, nəyə sərf
olunması önəmlidi. Bizim heç zaman vətəndaşını
sevən vətənimiz olmadı.
Avropa hər yerdə Avropadı – öz
standartları ilə. Amma avropalılar özlüyündə
fərqlidilər. İstiqanlı, emosional italyanlar bir
cürdü, avantürist fransızlar bir cür, quru,
özündənrazı ingilislər bir cür, pedant almanlar
bir cür, qaynar ispanlar bir cür. Öz yeməkləri,
öz ənənələri, öz sənətləri, ədəbiyyatları...
Amma standart birdir – rahatlıq, gözəllik, sağlamlıq,
mədəniyyət. Onlar zahiri dəbdəbəni əsla
sevmirlər. Sərvət onların başını gicəlləndirməyib.
Əvvəl gördüklərin elə bil
gözünə bir pərdə çəkir. Baxırsan, hər
şeyi görürsən, həm də görmürsən.
Bir-birindən ayıra bilmirsən. Hər şeydə
parıltı, işıq, xəfif bir duman...
Almaniyanın Baden-Baden şəhərindən
bura 57 km. uzaqlıqdadı. Biz də səhər tezdən
avtobusla Strasburqa yol almışıq. Turist olanlar bilir – dincəlməyə
azacıq vaxt tapan kimi yararlanmaq istəyirsən. Mürgülədim...
Yuxulu-yuxulu avtobusun şüşələrindən
ətrafa baxıram. İlk gördüyüm, daha doğrusu,
diqqətimi çəkən bütün səkilərdə
və yolun ortasındakı parkda park olunmuş
maşınlardı. Cərimə meydanı yoxdu burda? Evakuator
necə? Maraqlı gəlir mənə, hələ ki
suallarımı saxlayım deyə, düşünürəm.
Bir yay səhəri ekskursiya avtobusunda şəhərə
daxil olduq. Yad şəhərlərdə heç bir
kiçik detalı, nüansı qaçırmamağa
çalışıram. Təmiz-tarıq Avropanın, həm
də yaşıl Avropanın, bütün yaşayış
məskənləri bir-birinə bənzəyir. Lap
böyük şəhərlərindən tutmuş, lap kiçik
qəsəbələrinə qədər. Əzəmətli
kilsələr, kitabxana, bələdiyyə binası, pəncərələrdən
asılmış gül-çiçək, köhnə
şəhərin dar küçələri... Nədənsə
əksər Avropa şəhərlərindən çay
axır. Dayanır avtobus – turistlər enirlər. Gidimiz məlumat
verir – bura Avroparlamentdi. Və söhbətə
başlayır. O, danışmağında olsun, biz binaya
yaxınlaşıb düzülmüş bayraqları
ayırd eləməyə çalışırıq. Hə,
bu da bizim bayraq... Hələ bayraq dirəyin qucaqlayıb
doluxsunmaq da varmış Avropanın hüquq paytaxtında.
Strasburqun Avropa kvartalını bəzəyən iki tikili var –
Avroparlamentin binası və Avropa sarayı. Bu binalarda Avropa
İttifaqının inzibati orqanları yerləşir. 1999-cu
ildə tikilib şüşə və poladdan. Düz İll
çayının sahilində yerləşir. Çayın
axarı, məcrası istiqamətində tikilib. Day
çayın axışını dəyişməyiblər.
Peyzajı dəyişməyiblər. Parlamentin binasını
60 metrlik dairəvi qüllə əhatə edir... Qüllə
bitməmiş kimi görünür. Yarımçıq...
Görünür deyəndə ki, elə elədir. Bu,
memarın eyhamıdır – eynən Babil qülləsi kimi. Bu
qədər milləti bayrağının altında qardaş
eləməyə çalışmaq yəqin absurd fikirdi.
Kompleks tikildiyi vaxt dünyanın ən böyük tikilisi
sayılırmış. Memarlıq üslubu isə şəhərin
əsasını qoyan insanlara təşəkkür elementlərini
ehtiva edir özündə – qotika üslubunu xatırladır.
Və həm də yazdıqlarına görə demokratiya
prinsiplərini əks etdirir. Yazıblar yazmağına –amma mən
baxdım, fikirləşdim, amma bilmədim bu necə olur. Yəqin
demokratiya mövzusu üzərində çalışmaq
lazımdı hələ. O zaman memarlıqda necə əks
olunacağını dərindən dərk etmək
mümkün olacaq. Bütünlükdə isə,
hündürdən baxanda bina gəmiyə bənzəyir. Yəni
demokratiya sularında üzən gəmi.
Hər ayın dörd günü iş olur
burda. İldə 12 iclas keçirilir. Bax, həmin günlərdə
ekskursiyalara icazə verirlər. Biz gələndə iclas yox
idi. Və demokratiya - hüquq məsələlərinə kənardan,
qapı ağzından baxmalı olduq. Problem deyil... Biz öyrəncəliyik...
Elə qıraqdan seyr edərək də bir qərara gəlmək
olar. Ya da taleyin gərdişi filan demək...
Yolun o biri tərəfi Oranjeri parkıdı. Bu
parkı çoxdan salıblar. 25 hektardı sahəsi,
yaşıllıq, güllər, ekzotik ağaclar... Adı
Oranjeri olsa da, portağal ağacı görmədim. Bəlkə,
diqqətli baxmaq lazım imiş. Həm də dedilər ki,
Napoleon xanımı Jozefinanın şərəfinə
pavilyon da tikib burda. Onu da görmədim... Leyləklər
Strasburqun simvoludu və bu parkda yuvaları çoxdu. Özlərini
görmədim. Amma parkda oturduğum az vaxt ərzində
qazonun üstünə sərələnib dincələn nə
qədər insan gördüm. Yaşlı, gənc,
uşaq... Park özü sanki çağırır
adamları – gəlin, həyatın dadını
çıxarın. Sevinin, deyin, gülün... Onlar da
gülür...
Gid bizi hüquq sarıdan maarifləndirəndən
sonra parka dəvət edir, deyir orda unikal heyvanxana da var. Zoopark
yəni... Deyir bir saata qədər orda gəzəcəyik.
"Siz gedin” deyirəm – həyatımızda heyvanlarla
tanışlıq sarıdan heç korluq çəkmədim.
Lap elə sizin parkda olan kimi arın-arxayınların da
çox gördüm. Bilmədiyim haqq-hüquq məsələsidi.
Bir az burda gəzinim...
Məni həmişə maraqlandırıb ki,
bu haqq-ədalət deyilən şey nə boydadı, nə rəngdədi,
nə biçimdədi? Niyə kimsə (yəni bizlər)
onun dadını bilmir? Niyə hamı ədalət
axtarışındadı?
Avropanın azadlıq havası təsir edib deyəsən. Fəlsəfi fikirlər gəlib...Və çəmənlikdə oturub gözümü zillədim "İnsan hüquqları” heykəlinə...
(Ardı var)
Ədalət 2019.- 4 may.- S.1;3.