Yol Üstündə Qəsr
İradə
TUNCAY
(II hissə)
Mən orda zilləmişdim gözümü
hüquq heykəlinə. İndi isə sizi bir az əvvələ
aparmaq istəyirəm. Hüquqa gələnə qədər
olanları demək. Sonra bir qərara gələrik.
Gedək Respublika meydanına. Sözə bax eee
–Respublika... Avropalılar üçün əyyami-qədimdən
doğma sözdü Respublika. Respublika – idarəetmə
forması. İctimai iş anlamı verən idarəetmə
forması. Antik dövrlərdən mövcud idarəetmə.
Və bu forma qullara aid deyilmiş. Azad insanların
respublikasıymış. İnkişaf mərhələlərin
keçə-keçə gəlib bu günə
çıxıblar... Dünyada mövcud olan 200 dövlətin
129-u rəsmi olaraq respublika sayılır. Bəşəriyyət
kef eləyir... Günümüzün respublikalarının
ümdə əlaməti nədi? Təbii ki seçki...
Qayıdaq Strasburqun ictimai iş meydanına.
Böyükdü, dairəvi formasıyla sanki ətrafda yerləşən
hər şeyi qucaqlayır. Binaları da, ağacları da,
çəməndəki gül-çiçəyi də.
Prussiya kralı I Vilhelm (o vaxt Strasburq almanların imiş)
meydanın şəhərdə ən böyük və fərqli
görkəmdə olmağını arzu edib, nail də olub
buna. Yeni tikilən sahələrlə şəhərin
köhnə hissəsini də birləşdirib. Maraqlı da
alınıb –avropalıların monarxları da zövqlü
olublar...
Beş bina ilə əhatə olunub meydan – Reyn
sarayı, Dövlət Universiteti kitabxanası, Dövlət
teatrı, Bələdiyyə binası və Vergi idarəsi.
Sonuncu iki bina əkizdi – yəni eynidi.
Turistləri mütləq bura gətirirlər.
Avtobusdan meydana enəndə heç bilmədim hansı tərəfə
baxım, amma qəribədir, nəzərlərimi bir az
aralıda tramvay dartdı özünə. İndi bizə
ekzotika kimi görünən tramvay... Eh, bir zamanlar bizim şəhərimizdə
də bu nəqliyyatdan vardı... Vaxt az idi deyin, xatirələri
uzun-uzadı seyr etməyə imkan olmadı. Saraylara da
baxmalıydım axı...
Antik klassik üslubun, renessansın, barokkonun
birlikdə təqdim olunduğu Reyn sarayı. Kral
üçün tikilib. Krallara layiq tikilib. İndi isə burda
mədəniyyət və gəmiçilik idarəsi yerləşir.
"Sehrli xalat” filmi yadıma düşdü – xan sarayı,
pionerlər sarayı. İndi də əksinə...
Strasburq kitabxanası unikal və nadir
kitabları cəmləşdirib özündə. Parisdən
sonra ikinci sayılır. Fasadında isə
yazıçılar və müqəddəslər birlikdə
təsvir olunub. Nə demək istəyirlər, görən?
Bələdiyyə və Vergi idarəsi isə
yəqin bütün dünyada bu kimi idarələrdə nəylə
məşğul olurlarsa, o işi görür. Xüsusi
dayanmayım. Çünki vurğu edəcəyim maraqlı
bir monument var burda, meydanın mərkəzində.
***
Birinci Dünya Müharibəsində həlak
olanların abidəsi. Strasburq, Elzas bölgəsi həmin
müharibənin tam mərkəzində olub, qaynar nöqtəsi
sayılıb. Həm almanlar, həm fransızlar tərəfindən
savaşmağa məcbur olublar. Və 1936-cı ildə şəhər
idarəçiləri əhaliyə müraciət edərək
yardım istəyiblər memorialın hazırlanmasına.
İanə yığılıb müharibədə əzizlərini
itirən insanlardan. 50 frankdan tutmuş 50000 franka qədər
pul verən olub. Sonradan bu siyahını dərc edirlər.
"Canından keçənlərimiz” yazılıb monumentin üstündə... Ana can verən iki oğlunu bağrına basıb. Biri fransız, biri almandı övladları. Hər ikisi uniformasızdı, fərqlənməsinlər deyə. Əl-ələ verib ölürlər, biri Fransaya, biri Almaniya tərəfə baxır. Uğrunda öldükləri torpaqlara. Ana isə öz dərdini belə bölüşür insanlarla. Kilsə ikonoqrafiyasında rast gəlinən ağı – pieta janrı. Məryəm ananın iki oğlu var burda. Fərq eləmir, müharibələrdə saysız-hesabsız analar və oğullar olub. Bu ağı onların hamısına deyilir...
Çökdüm oturdum daşın
üstünə. Məryəm ananın göz
yaşları... Doğma kədərdi. Belə
ağılardan o qədər deyilib ki bizim evlərdə...
***
Uzaqlaşırıq Respublika meydanından. İndi şəhərin lap köhnə tərəfinə gedirik. Gid deyir ki, gəzintimizin əsas hissəsi hələ irəlidədi.
Avtobus bizi dar bir küçədə
düşürür. Gidin dalınca qaçaraq
özümüzü çatdırırıq gedəcəyimiz
yerə. Və qarşımızda xudmani bir meydanın
panoramı açılır. Ortada illərin
yaşıllaşdırdığı
(yaşlandırdığı yox haa) bir kişi dayanıb. Yəni
heykəl. Yəni düzəldildiyi metalın
yaşıllığın deyirəm. Korroziyaya
uğrayıb. Əlində də kağız vərəqi
tutub. Kimdi, görən? Avropada o qədər heykəl var ki,
aman vermirlər adama, kimin kim olduğunu yadda saxlamaq da olmur.
Birdən Qutenberq adını eşidirəm – nə Qutenberq? Gəlib
bizə çörək verən kişinin yanına
çıxmışıq? İlk mətbəəni
quran-yaradan kişi. Mən onun alman olduğun bilirdim, amma burda
qarşıma çıxacağı heç ağlıma gəlməzdi.
Gid məlumat verir – əvvəllər burda yaşıl bazar
olub. Qədirbilən şəhər vətəndaşları
kitab çapının 400 illiyi münasibəti ilə
1840-cı ildə burda qürur duyduqları vətəndaşlarını
ucaldıblar. Mətbəə dəzgahı da arxasında. Əlindəki
vərəqdə də Bibliyadan gəlmə deyim –
İŞIQ OLSUN!!!
İndi də mən bildiklərimdən
danışım bir az...
Strasburqun mərkəzində Qutenberqə heykəl
qoyulması ideoloji-siyasi məsələ idi. Ona Martin
Lüterin sələfi kimi baxırdılar. Protestantizm
ideyalarının yayılmasına xidmət edən biri kimi
yanaşırdılar. XV əsrin axırlarında Strasburqda 16
min əhaliyə 10 mətbəə düşürdü.
Kitab demək –etiraz demək idi. Faktiki Qutenberq şəhəri
kitab paytaxtına çevirə bilmişdi. Hətta heykəl
üçün yer seçiləndə protestant kilsəsi Müqəddəs
Fomanın yaxınlığında dayanmışdılar.
Üzü Strasburq məbədinə baxan (katolisizmi simvolizə
edən) Qutenberq sanki "mən sizin hakimiyyətinizi
darmadağın etdim”- deyir. Yəni heykəlin müəllifi
belə demək istəyir – mətbuat, söz
azadlığı kilsənin təsirini yoxa endirəcək. Nəzərə
alsaq ki, həmin dövr Fransada senzuranın gücləndiyi, mətbuat
üzərində basqının gücləndiyi dövr idi,
satirik- siyasi sözün çəkisi artırdı. Yəni
sətiraltı deyilən sözün. Mətbuat müxalif
düşüncəli respublikaçıların əlində
güclü silaha çevrilirdi. Heykəlin müəllifi
David d’Anje də o sıradan idi. Düşündüklərini
Qutenberq vasitəsi ilə dilə gətirirdi. (Allahım, onlar
söz azadlığı uğrunda döyüşəndə,
biz heç bilmirdik mətbuat nədi...)
Abidənin postamenti dörd tərəfdən barelyeflərlə əhatə olunub. Dünyanın dörd qitəsi əks olunub kitabla bağlı illüstrasiyalarda. Avropanı təsvir edəndə müəllif çətinliklərlə üzləşir. Martin Lüterin fiquru katoliklərin kəskin etirazına səbəb olur. Dəyişməyə məcbur olur. Dekart, Rotterdamlı Erazm, Kornel, Russo, Şiller, Kopernikin fiqurları bəzəyir indi barelyefi. Daha neytral fiqurlar. Asiyanı Osmanlı sultanı, Çin imperatoru, hind filosofu, fransız şərqşünası və sairə. Afrikanı sadə afrikalılardan başqa avropalı filantroplar, keşişlər və sairə... Amerikanı – yeni torpağı isə əlində İstiqlaliyyət bəyannaməsini saxlamış Franklin, Vaşinqton, Lafayet, Cefferson təmsil edir. Solda isə hinduların əlindən tutmuş Bolivar görünür. Belə bir maraqlı kompozisiya yəni... Olub-keçənləri özündə ehtiva edən, mahiyyətini bildirən.
Abidənin açılışı
münasibəti ilə şəhərdə 3 gün bayram
olunur. Xalq gəzintiləri...
Belə uzun-uzadı Qutenberq söhbəti
yormasın sizi. Avropanın irəli addımlarının
gücü elmdədi. Tarixin bütün dönəmlərində
mübarizə aparıblar gələcəkləri
üçün. O, kitabı simvolizə edib – Maynts, Vyana,
Frankfurt-Mayn şəhərlərində heykəli var. Deməli,
onun özü raritetdi Avropa üçün...
Uşaq vaxtı bir sovet filminə
baxmışdım. İnqilabın qızğın
vaxtlarıdı Rusiyada. Gizli polisin rəisi Avropaya gedən
dostundan xahiş edir ki, görsə-eləsə ilk mətbəəni
yaradan adamın heykəlinə tüpürsün. Gizli mətbəələrdə
çap olunan vərəqələr çar hakimiyyətini
laxlatdı. Yəni zarafat olsa da – mənası dərindi. Mətbəə,
qəzet çox qaranlıqları gün üzünə
çıxarır...
Meydanın hər tərəfində
qızğın küçə ticarəti var. Şəhərin
şəkilləri, çantalar, dondurma, suvenirlər... Bir az
aralıda isə balacalar karuseldə fırlanırlar.
Özü də bu karusel lap köhnə vaxtların
karuselidi...
Avropanı nə qədər gəzsən də
hər zaman "görməmiş” qalırsan. Hər zaman
yenidi. Hər zaman kəşflərin olacaq.
Bir tini keçib yeni meydana çıxanda elə bir mənzərə açılır ki... Nəfəsim kəsilir az qala...
(Ardı var)
Ədalət 2019.- 11 may.- S.1;3.