Yol
Üstündə Qəsr
İradə TUNCAY
(III hissə)
Nəfəsim
kəsilir az qala. Dar dalandan
geniş meydana çıxıram. Gözümə
yerləşmır gördüklərim. Ave Mariya...
Məryəm
Ana, iki min ildən çoxdu insanlıq səni vəsf eləyir.
Məryəm Ana, mərhəmətini əsirgəmə bizdən...
Başımı
qaldırıram, qaldırıram, qaldırıram... Boyum çatmır baxmağa da. Baxmağa
çatmır, görməyə çatmır. Necə ucaldıblar, bəs? O ucalığa necə
ucaldıblar ?
Əvvəldən bilmirdim onunla burda rastlaşacağımı. Ümumiyyətlə,
Strasburq mənimçün sürprizlər şəhəri
oldu...
İlk anda donursan. Beynin təhlil edə bilmir mənzərəni.
Sonra sürətlənir düşüncələrin.
Necə təsvir edim? Daş
poema? Sətirləri qəlbində
yaşayacaq şeir. İlahi musiqi...Yetmir bu söz də...
Təkcə
fasad portalı üzərində neçə poema
yazılıb... Tövrat və İncildən hər detal, hər
nüans... Sanki insan beyninin həcminə
sığışmayacaq qədər informasiya var azacıq
sahədə. Uçacaqsan bu ecazkar
poemanın qanadında göylərə. Uçub
qarışacaqsan səmadan bizə baxanlara...
1015-ci ildə tikilməyə başlayıb və
neçə əsrlər davam edib. Hər memar öz əlavələrini
edib. Memarlar da fərqli olub – almanlar,
fransızlar. İki xalqın
düşüncəsi. Başlanğıcda
roman üslubu. İllər keçdikcə qotika.Və...
katolik diktatı... İçərisi
qaranlıqdı məbədin. Vitrajlardan
süzülən işıq ayrı-ayrı elementləri
aydınladır. Burda gərək sakit oturub dinləyəsən
işıqları da, səssizliyi də, hay-küyü də...
Astronomik saatın vaxt ölçümünü də... Heç rəsmin də çəkmək olmur.
Əks eləmir gerçəyi... Mistik
anlamı olur belə yerlərin. Burda ilahidən
gəlmə nələrsə var. Hər şeyin izahı
olmur. Gerçək olan bu ki kilsə
memarlığı, əvvəllər də məbəd
memarlığı Avropanı inkişaf etdirən təməllərdəndi.
Mühəndis dühası, bütün elmlərin
yanaşı gəlişməsi ilkin prinsiplər olub.
.... Çıxıram burdan. Qaranlıqdan
günəşə. Məbəddən həyata.
Həyat isə qaynayır meydanda. Kiçik kafelər, foto çəkən turistlər.
Amma heç bir rakurs binanın sözlərini
deyə bilməyəcək. Yaxşısı
budu fransızların bu gününə qayıdaq. Bir
fincan kofe və kruasan...
- Kruasan nədi ?
- ... Yaxınlaş ora. Görən kimi biləcəksən.
Bakıda alıram həmişə.
- Siqaret də
almalıyam.
- Hardan? Şənbə günü tütün məmulatları
satılan dükanlar bağlı olur.
- Nə? Yaxşı da, sən də. İndi
siqaret olmayacaq?
- Tamam...
Gedir olmayan nəyisə axtarmağa. Mən də
yanımızda oturan itə tamaşa edirəm. Daha doğrusu, feyziyab oluram görkəmindən.
O qədər xürrəm görkəmi var ki – istəyirəm
təzim edəm, hal-əhval tutam. Söhbətləşəm.
Anlaşarıqmı? Heç
yiyəsinə əhəmiyyət vermirəm.
Turistlər çox olsa da ingilis dili populyar deyil burda. Alman və
fransız dillərinin qarışımından ibarət bir
leksikaları var. Onu da kimdi bilən? Bütün
dünyada əksər hallarda turistlər əlnən-qolnan
anlaşırlar. İtnən risk eləmədim
danışmağa...
- Düz dedin. Siqaret yoxdu. Görüm kimdən alıram.
Yaxınlaşır əlində siqaret olan kimsələrə. İstəyir
və verirlər.
Mən də kruasandan zövq alıram. Təp-təzə,
xırç-xırç...
Gid də
tələsdirir bizi . "Kiçik Fransaya " getməliyik deyir katerlə.
Aqilin yenə
gözü gəzir siqaret üçün, bu dəfə
yaxınlaşdığı adam vermir.
Pərt qayıdır.
- Nemes
oğlu nemes...
- Nə
bildin nemesdi?
- Xəsisliyindən...
***
Şəhərin iki çayı varsa turistlərin
çay axarı ilə gəzməyi təbiidi. Və adama elə
gəlir ki, bu balaca qəsəbəni məhz turistlərin gəzməyi
üçün tikiblər. Şəkil
çəksinlər, kafelərdə dincəlsinlər. Elə şəkil kimidi qəsəbə. Körpülərdən faxverk (adı qəribə
gəlməsin. Görmüsüz bu evləri.
Alman üslubu – çarpaz taxta lövhələri
pəncərənin dörd tərəfindən divara vurulmuş)
evlərə tamaşa etsinlər. Tarixinə
varsaq neqativ çalarlıdı mənası. Bir vaxtlar siflis xəstələrini bu fəhlə qəsəbəsində
qospitalda yerləşdirirlərmiş. Siflis
isə fransız xəstəliyi adlanırmış. O
vaxtlar bu qəsəbədə ağır işlərdə
çalışan fəhlələr
yaşayırmış. Əsasən də
gön, dəri emalı ilə məşğul olanlar. İndi bu fəqir taxta evlər UNESCO-nun irsi
siyahısına salınıb. Bura gələn
də mütləq baş çəkir körpülərə
də, şlüzə də, dar, amma
güllü-çiçəkli küçələrə
də.
Bütün bu məlumatları qulağıma deyirlər. Daha doğrusu,
katerdə audio-gid danışır. Mən
də baxa-baxa dinləyirəm. Körpülər
şəhər istehkamlarının ayrılmaz hissəsidi.
İll çayının qolları üzərində
xarici müdaxilədən qorunmaq məqsədi ilə orta əsrlərdə
tikilib. Hər körpünün
özünün gözətçi qüllələri var.
Birinin tarixi isə lap qorxuncdu – adı kimi. Cəllad qülləsi. Ölümə məhkum
olunmuş canilərə işgəncə verib edam
edirlərmiş. Müxtəlif variantlarda – dilin qopartmaq,
sümüklərin qırmaq, bədən üzvlərinə
dağ basmaq... İnsan övladı əzab verməyə
xüsusi həssaslıqla yanaşa bilir yəni. Bu sahədə də kəşfləri çoxdu.
Görünür tarixə düşmüş
hadisədi ki, turistlərə də danışırlar –
1565-ci ildə şəhərin cəlladın həbs edib,
işgəncələrdən sonra başın kəsirlər.
Səbəb – pul müqabilində zindandan
qaçırmaq, bəzən də əziyyət vermədən
öldürməkmiş. Hər bir halda özü də
bundan can qurtara bilmir. Hətta arvadını da şəhər
meydanında şallaqlayıb, sonra qovurlar şəhərdən...
Orta əsrlərin hadisələridi bunlar.
Uzaq orta əsrlərin. Amma cəllad
da var, işgəncələr də günümüzdə.
Hardasa var...
Gözüm gözəllik görür, qulağım kədərli
söhbətlərə qulaq asır. Qanım qaraldı...
***
Katerdən düşəndə ikili hisslər vardı
ürəyimdə. Gözəldi eləmi? Əlbəttə, gözəldi. Amma qazanıblar, zəhmət çəkiblər.
Rahatdı eləmi? Əlbəttə,
rahatdı. Amma əziyyətlərdən
keçiblər. Ən önəmlisi geri
çəkilməyiblər – irəli aparıb irəli
adamları onları. Bütün bunlardan
vacibi isə – bütün bunlar bizim deyil. Belə
yaşamırıq. Yaxın vaxtlarda da
olacaq kimi görünmür. Səbəblərin də
ucundan-qulağından dedim...
Heç olmasa, bircə dəfə Avropanın inkişaf
eləmiş ölkələrini görən adamlar bilirlər
– o gözəlliyin, səliqə-sahmanın, zənginliyin və
sadəliyin, qanunlara hörmətin heyranı, əsiri olursan. Möhtəşəm və
əzəmətli binaların, elə həmin binalar qədər
soyuq, biganə ağ adamların
baxışları altında əzilə-əzilə fikirləşirsən
– nə xoşbəxtdirlər, İlahi, nə xoşbəxtdirlər...
Bəs, biz nə vaxt belə
yaşayacağıq - deyə fikirləşirsən. Lüks həyat haqqında eyforiyalarım çoxdan
dağılıb – nə qədər ki onlar yaxşı
yaşayacaqlar, biz belə yaşamağa məhkumuq. Bu dəyirmanın suyu hardansa gəlməlidir,
axı. Kimsə belini büküb işləməlidir,
kimsə burnunu dik tutub gəzməlidir. Dünya
yaranandan qanun budur. Anlamasan nə yaxşı, amma
anlayıb içindən keçirəndə çox
ağrılı olur...
O qədər
uzada bilərdim ki, gördüklərimi. Lap bir
qəsəbədə gördüklərim bizim
payımıza düşən torpaq payının
bütünündə yoxdu.
***
Əziz oxucum, diqqətlisənsə yarıda
saxlamışdım hüquq monumentində söhbətimi. Davam edim... Çünki
ən önəmlisi haqq-hüquq məsələsidi.
Orta əsrlərdən bu günkü gül-çiçəkli
Avropaya yol insanlıqdan, ədalətdən keçib...
İnsan hüququ zireh kimidi – o, bizləri
qorumalıdı. Emosiyalarımız kimi mücərrəddi
və onlar kimi hamıya məxsusdu. Zaman
kimidi – hamıya eyni cür münasibətdədi. Varlıya da, kasıba da, qocaya da, cavana da. Ağa da, qaraya da. Hündürə
də, bəstəboya da. O, hamıya hörmətlə
yanaşmağı təqdir edir, hər kəsdən də
bunu gözləyir. Mərhəmət, ədalət, həqiqət
anlamlarına fərqli yanaşa bilərik – amma
rastlaşdığımız an
tanıyacağıq...
Valideynləri uşağa zooparka getməyi vəd ediblər
–bu onun haqqıdı. Pulunu ödədiyim mallar mənim
haqqımdı – kimsə bunu poza bilməz. Vətəndaş ölkə konstitusiyasına
uyğun seçki hüququndan istifadə edə bilər.
Qarşı tərəf belə vəd veribsə.
Amma insan hüquqları qarşı tərəfin nə
deyəcəyindən asılı olmayaraq mövcuddu. Və insan
hüquqları olmadan biz öz potensialımızı realizə
edə bilmərik. Vurğu – bu ifadədə!!! Bu mənəvi yükü olan bir anlamdı.
Biz öz
potensialımızı realizə edə bilmirik!!!
Orta əsrlərdə küçə
tamaşalarında istifadə etmək üçün karliklər
lazım gəlirdi. Balaca uşaqları məngənədə
sıxıb böyüməyə qoymurdular. Eybəcər məxluqlar alınırdı.
İnsan qəlbi də elədi...
İnsan
ləyaqəti və bərabərlik – əsas prinsiplər!!!
Azadlıq,
başqalarına hörmət, dözümlülük, ədalət,
məsuliyyət, diskriminasiyasız cəmiyyət...
Hə...
Bunları düşündüm o monumentin
qarşısında... Haqlıdılar
avropalılar Strasburqda o abidəni qoymaqda. Nail olublar.
Baxdım, baxdım insan fiqurlarına. Çox nəsnələr
fikirləşdim. Qayıdandan sonra dostlarıma göstərdim
o rəsmi... Gender ağırlıqlı izah
verdilər. Bəlkə də
haqlıdılar.
***
...Amma
üstündən dörd il keçəndən
sonra bu yazını mənə biçarə şəhər
yazdırdı. Olan o... O da kabab tüstüsündə boğulur ...
P. S.
Strasburqdan ayrılanda – yenə gələcəm bura dedim. Bir il sonra getdim. Yağışlı
nəmli havada. Yenə Ave Mariya dedim.
Yenə...
Xatırlayırsanmı
yağışlı bir gün idi
Geniş
meydan, qırmızı kirəmidli damlar
Ucu ərşə
dayanan Notr Dam,
Və sən
üzünü göyə tutub əfv dilədin
Müqəddəs
Məryəm anadan...
Geniş
meydana sığmayan ürəyin
Dərdlərini
İll çayına yüklədin
Ağır
oldu deyən... aparmadı ...
Körpüyə
yaslanıb baxdın
Yad adama
baxan kimi
Hamıdan
gizlətdiyin
Qəm yükünün ağır ləngərinə.
Heç
ağlamadın da yağışla birgə,
Heç
bağırmadın...
Uzaq oldu deyən... eşitmədi.
Öz dərdi
özünə bəs Məryəm ananın
Müqəddəslərin
səni dinləyəcək halı yox...
Onların
da dərdi hansısa çayda ləngər...
Çətiri
üzünə tut, qızım, üzün islanmasın
Qarışan
rəngin də adı yox ...
Yağışlı,
nəmli bir gün idi Strasburqda,
Yad şəhərdə,
Və
doğma kədər...
2015-2016 avqust - Strasburq,
2019 may
- Bakı
Ədalət 2019.- 18 may.- S.1;3.