VƏTƏNDAŞ
YAZIÇI
HÜSEYN
İBRAHİMOV-100
Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun özünəməxsus yeri vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 13 may 2019-cu il tarixli Sərəncamında deyilir: "Zəngin yaradıcılıq fəaliyyətinə malik Hüseyn İbrahimov ədəbi fəaliyyətə ötən əsrin 40-cı illərindən başlamışdır. Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır”.
Azərbaycan nəsrinin inkişafında böyük xidmətlər göstərən xalq yazıçısı Hüseyn İbrahimov 1919-cu il may ayının 23-də Şərur (indi Kəngərli) rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Yeri gəlmişkən bildirirəm ki, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında çox mühüm rol oynayan Şahtaxtı kəndinin onlarla yetirməsi ilə xalqımız həmişə fəxr edir, öyünür.
1944-cü ildə Hüseyn
İbrahimov "Ədəbiyyat qəzeti”ndə
"O, düşməndə qoymadı anasının
qanını” adlı ilk şeirini
dərc etdirir. 65 ilə yaxın bədii
yaradıcılıqla məşğul olan
yazıçının bu illər ərzində
səkgiz povesti, beş
romanı, üç dram
əsəri, yüzdən artıq hekayəsi və
novellası oxuculara təqdim olunmuşdur.
"Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2019-cu il tarixli Sərəncamında görkəmlu yazıçının yaradıcılığı yüksək qiymətləndirilmiş, onun ədəbi mühitin formalaşmasında xidmətləri layiqincə dəyərləndirilmişdir. Sərəncamda deyilir: "Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf etmişdir”.
Hüseyn İbrahimov
"Ədəbiyyat milli sərvətdir”
adlı məqaləsində yazırdı:
"Yaradıcılığa başladığım gündən
ədəbiyyata bir həyat fənni kimi baxmışam. Fikirləşmişəm ki, ədəbiyyatı təkcə şagirdlər,
tələbələr, ziyalılar deyil, bütün xalq, millət
oxuyur, öyrənir”.
Ədəbiyyata həyat fənni kimi baxan Hüseyn İbrahimov bir vətəndaş yazıçı kimi Naxçıvanda ədəbi mühitin formalaşmasına, yeni yazıçıların, şairlərin ədəbiyyata gəlişinə xüsusi həssaslıqla yanaşmışdır. Hüseyn İbrahimov 1954-1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialının məsul katibi, 1980-1997-ci illərdə Yazıçılar Birliyi Naxçıvan şöbəsinin məsul katibi, 1997- 2007-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Bu illər ərzində Hüseyn İbrahimov demək olar ki, Naxçıvanda gözəl bir ədəbi mühit formalaşdırmışdır.
1958-ci ildə ermənilərin Naxçıvan
iddiaları başlamışdı. Həmin dövrdə Azərbaycan
Yazıçılar İttifaqının Naxçıvanda səyyar
plenumu keçirilib. Həmin
dövrdə Naxçıvanda SSRİ Yazıçılar
İttifaqının Naxçıvanda yaşayıb –yaradan üzvləri dörd
nəfər idi: Hüseyn
İbrahimov, Məmmədəli Tarverdiyev, Müzəffər Nəsirl və Hüseyn Əzim. Səyyar plenumda
Rəsul Rza, Mehdi Hüseyn, Əli Vəliyev və digər
görkəmli şair və
yazıçılarımız iştirak
edirdilər. Həmin dövrdə Naxçıvanda ədəbi
mühiti canlandırmaq məqsədi ilə
Hüseyn Razi,
Əliyar Yusifli, Əhməd Mahmud, Məşkur Əkbər və Kəmalə
Ağayeva SSRİ Yazıçılar
İttifaqına üzv qəbul olundular. Beləliklə, Naxçıvanda İttifaq üzvlərinin sayı ona yaxınlaşdı.
1955-ci ildə Hüseyn İbrahimovun təşəbbüsü ilə Naxçıvan yazıçılarının əsərlərindən ibarər "Səadət mahnıları” adlı ədəbi almanax çap olundu. 1958-ci ildə Naxçıvan mətbəəsində ilk dəfə olaraq Hüseyn İbrahimovun təşəbbüsü ilə üç kitab nəşr olunub. Bu kitabların biri Hüseyn İbrahimovun "Baharın hekayəsi” povesti idi ki, bu əsər Hüseyn müəllimin ilk uğurlu povesti hesab olunur. Həmin ildə Müzəffər Nəsirlinin "Mənim muxtar respublikam”, Hüseyn Razinin isə "Kəndimizin səhəri” adlı ilk şeir kitabları çap olunur.
2
Hüseyn İbrahimov
məsul vəzifəyə irəli çəkildiyi üçün 1960-1980-ci illərdə Azərbaycan
Yazıçılar Birliyinin
Naxçıvan şöbəsinə şair
Müzəffər Nəsirli rəhbərlik edir.
Həmin illərdə bir neçə ədəbi
almanax nəşr olunub.
1980-ci ildə Hüseyn İbrahimov
yenidən Yazıçılar birliyinə məsul katib seçilir. Bu illərdə Hüseyn
müəllimin təşəbbüsü ilə "Araz-1”,
"Araz-2", ”Araz-3”, "Qoy
tanısın dünya səni”, "Şəhidlik-ömrün
nur çağı”, "Araz-4”,
"Səhər nəğmələri”
adlı ədəbi almanaxlar nəşr olunub. Bu ədəbi almanaxlar Naxçıvan ədəbi mühitinin canlanmasına geniş
imkan yaratdı.
Ötən əsrin 80-ci illərində Naxçıvanda Yazıçılar birliyinin əvvəl 13, sonra isə 18 nəfər üzvü yaşayırdı. 1998-ci ilin əvvəllərində Hüseyn İbrahimovun təşəbbüsü ilə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsi müstəqil təşkilata çevrilərək Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi adlandırıldı və Hüseyn müəllim yenidən birliyin sədri seçildi. Həmin dövrdən başlayaraq birliyə yeni üzvlər qəbul olundu və onların sayı 62 nəfərə çatdırıldı. Bu gün muxtar respublikamızda Azərbaycan və Naxçıvan Yazıçılar Birliyinin 80-ə yaxın üzvü yaşayır ki, onların da əksəriyyəti şair və yazıçı kimi ilk xeyir-dualarını məhz Hüseyn İbrahimovdan alıblar.
Bu gün
Naxçıvan və Azərbaycan ədəbi mühitində
gözəl tanınan onlarla
yazıçının və şairin ilk kitablarının nəşrinə hələ
ötən əsrin 80-90-cı illərində ilk
qayğını da məhz Hüseyn İbrahimov
göstərib. Güllü Məmmədova, Elman Həbib, Həmid
Arzulu, Muxtar
Qasımzadə, Həsən Valeh, Əhməd
Sədərəkli, Asim Yadigar,
Akif Axundov, Bayram İsgəndərli, Rüstəm Behrudi, Səfər Alışarlı, Vaqif Məmmədov, Vaqif Kərimov,
İnqilab Orxan, Kəmaləddin
Qədim, İbrahim Yusifoğlu,
Rafiq Oday, Məmməd
Tahir, Rafiq Babayev, Sultan
İsmayıl, Mircəlal Xanaraz, Lətifə
Əhmədzadə və başqaları ilk
kitablarının sevincini məhz Hüseyn İbrahimovun
dövründə onun qayğısı
sayəsində yaşayıblar. Sonrakı illərdə
də ilk kitablarını çap
etdirən Xanəli Kərimli, Həsənəli Eyvazlı,
Elbəyi Maqsudov, Əbülfəz Ülvi, Səhlab Məmmədov, Rəhilə
Elçin, Fərəc Fərəcov,
Şirməmməd Qüdrətoğlu, Mirkərim Həsrət,
Allahverdi Aqil, Maarif Təmkin, Hüseyn
Bağıroğlu, Nazlı Hacılı, Sürəyya Nəsib,
Zeyqəm Vüqar, İlyas
Fərəməzoğlu, Kəmalə Nəsrin, Qafar Qərib, Zaur Vedili, Elxan Yurdoğlu
və onlarla digər şair
və yazıçımız bir insan kimi, bir
yazıçı
3
kimi Hüseyn İbrahimovun onlara göstərdiyi diqqət və qayğını bu gün də minnətdarlıq duyğusu ilə yada salırlar.
Ayrı-ayrı dövrlərdə bir sıra qüdrətli şair və yazıçılar, tənqidçilər Hüseyn İbrahimovun yaradıcılığı barədə xoş sözlər deyiblər. Xalq şairləri Rəsul Rza, Fikrət Qoca, Nəriman Həsənzadə, Xalq yazıçıları Mirzə İbrahimov, Süleyman Rəhimov, Qılman İlkin, alimlərdən Məmməd Arif, İsa Həbibbəyli, Kamran Əliyev, Yavuz Axundlu, Qulu Xəlilov, Təhsin Mütəllibov, Arif Əmrahoğlu, Hüseyn Həşimli, Qara Namazov, Ayaz Vəfalı, Şahin Səfərov, Mətanət Saraçlı və başqaları ayrı-ayrı dövrlərdə görkəmli yazıçının yaradıcılığı barədə mətbuatda çıxışlar etmişlər.
Akademik Məmməd Arif yazırdı: "Hüseyn
İbrahimovun müsbət qəhrəman uğrundaki axtarışları, mənəvi
intellektual keyfiyyətlərə malik sürətlər yaratmaq
təşəbbüsü qiymətlidir. Yazıçı səmimiyyətlə
təsvir etdiyi təmiz vicdanlı qəhrəmanları
oxucuya sevdirə bilir”.
Hüseyn İbrahimovun "Günəş doğan yerdə”, "Sabahın sorağında”, "Bahar yağışı”, "Əsrin onda biri”, "Böhtan” romanları, "Baharın hekayəsi”, "Qu quşları öləndə oxuyurlar”, "Göyərçinin məhəbbəti”, "Ürək səhv edəndə”, "Ölməz mahnılar” povestləri haqqında mətbuatda xoş sözlər deyilib. Xalq şairi Rəsul Rza 50-ci illərdə müəllifin yaradıcılığına yüksək qiymət verərək yazırdı: "Hüseyn İbrahimovun "Baharın hekayəsi” povesti ciddi yaradıcılıq işinin məhsuludur. Buradaki hadisələrin həyatiliyi, ayrı-ayrı obrazların inandırıcılığı, məqsəd aydınlığı və əsərin ümumi ruhundan çıxan tərbiyəvi mənası bizə bu əsəri son vaxtlarda yaranmış əsərlərimizin yaxşı nümunələri sırasına qoymağa haqq verir”.
Müəllif bir
yazıçı kimi insanları mənən
saf, təmiz, vicdanlı, ləyaqətli
görmək istəyirdi. Məhz elə ona
görə də yazıçının yaratdığı
müsbət insan obrazları həyatda
namərdlərə, əliəyrilərə, vicdansızlara
qarşı mübarizə aparırlar və bu
mübarizədə də həmişə qalib
olurlar.
Hüseyn İbrahimov
böyük müşahidə qabiliyyətinə
malik olan
yazıçılarımızdan biri idi. Onun tarixi
keçmişimizdən bəhs edən "Günəş doğan yerdə” romanı ötən əsrin
60-cı illərinin sonunda əvvəl
"Şərq qapısı” qəzetində çap
olundu. Mən o
romanı hələ orta məktəbdə
4
oxuduğum illərdə qəzetdə çap olunanda böyük maraqla oxumuşdum. Sonra isə müəllifin ən gözəl romanlarından biri olan, müəllimlərimizin həyatından bəhs edən "Sabahın sorağında” romanını oxumuşdum. Sonralar iş elə gətirdi ki, 1982-ci ildə Hüseyn müəllim məni Naxçıvan Yazıçılar İttifaqına işə dəvət etdi və mən düz yeddi il onunla birlikdə işlədim. Müəllifin meliotorların həyatından bəhs edən "Bahar yağışı” romanını da orada işləyən zaman oxudum. Amma Hüseyn müəllimin "Əsrin onda biri” və "Böhtan” romanları mənim gözümün qarşısında yazılıb. Və böyük sevinc hissi ilə deyirəm ki, həm də o iki romanın ilk oxucuları Hüseyn müəllimin kiçik oğlu Munis və mən olmuşam. Hər iki romanı əlyazma şəklində ilk dəfə oxuyanda fikirləşirdim ki, bu romanlar müəllifinə böyük şöhrət gətirəcək. Həqiqətən də elə oldu. Hər iki roman 40 min tirajla çap olunsa da tez bir zaman içərisində oxucular tərəfindən alınaraq sevilə-sevilə oxundu. Yaxşı xatırlayıram ki, Hüseyn müəllim "Əsrin onda biri” romanını "Atabəylər dövləti” kimi sanballı bir əsərin müəllifi görkəmli akademik Ziya Bünyadova göndərdi. Ziya müəllim Atabəylər dövründən, böyük memar Əcəmi Əbubəkr oğlunun həyatından bəhs edən bu tarixi romanı çox böyük diqqətlə oxumuş, hadisələrlə, həmin tarixi dövrlə bağlı bütün qeydlərini səliqəli bir şəkildə qeyd edərək Hüseyn müəllimə göndərmişdi. Mən deyərdim ki, Ziya Bünyadovun həmin qeydləri müəllifə çox gərək oldu və Hüseyn müəllim əsərdə heç bir tarixi yanlışlığa yol vermədən böyük memar Əcəmi ilə bağlı gözəl bir romanı ortaya qoya bildi. Bu roman ədəbi ictimaiyyətin diqqətini daha çox cəlb etdi, mətbuatda filoloq alimlərin, müəllifin qələm dostlarının çox dəyərli yazıları çap olundu.
Romantik poeziyamızın ölməz korifeyi Hüseyn Cavidin taleyindən bəhs edən "Böhtan” romanını da sonralar müəllif əlyazma halında böyük şairin fədakar qızı Turan Cavidə göndərdi. Turan xanım romanı oxuyandan sonra öz qeydlərini yazaraq müəllifə göndərdi. Hüseyn müəllim Turan xanımın həmin dəyərli qeydlərini nəzərə alıb roman üzərində yenidən işləyərək onu təkmil və maraqlı bir əsər kimi oxucularına təqdim etdi.
Şairlərdən Balaş Azəroğlu, Nəriman Həsənzadə, Kəmalə Ağayeva, Vaqif Məmmədov, Həsən Valeh, İbrahim Yusifoğlu və başqaları ayrı-ayrı dövrlərdə Hüseyn İbrahimova maraqlı şeirlər həsr etmişlər.
Hüseyn İbrahimov
33 il Naxçıvan Yazıçılar
Birliyinə rəhbərlik edib. Ədəbi
mühitin formalaşmasında onun çox böyük xidmətləri olub.
Müəllifin özünün
də əməyi yüksək qiymətləndirilib. O,
"Şöhrət” ordeninə, Xalq
yazıçısı fəxri adına layiq
görülüb, Prezidentin
fərdi təqaüdünü alıb.
Naxçıvan ədəbi mühitinin nümayəndələri adından Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında verdikləri Sərəncamlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova səmimi minnətdarlığımızı bildiririk.
Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası
Yazıçılar
Birliyinin üzvü
Ədalət.-2019.-22 may.-S.6.