BİR
ÖMRƏ ÜÇ UĞURLU İNSAN TALEYİNİ
SIĞIŞDIRAN ALİM
Bu vəfasız ömür, bu
coşğun dərə
Gərək boş-boşuna axıb
getməsin!
Bu gözəl cahanı sanıb pəncərə,
Hər gələn sadəcə
baxıb keçməsin!
Mikayıl Müşfiq
Bizim çox vaxt özümüzə
bağışlaya bilmədiyimiz ən böyük
nöqsanımız insanlara fərdi yanaşa bilməməyimizdir. Bəzən
bir dahi ilə uzun illər yanaşı yaşayır, amma onun
bu misilsiz özəllikləri barədə başqalarından
eşidir, hətta buna təəccüblənirik. Bəzən
isə həmin şəxsiyyətin parlaq dühasının
fərqinə varanda çox gec olur...Bu məqamda mərhum
şairimiz Cabir Novruzun dərin yanğı ilə dilə gətirdiyi
-"Bir sözüm var ay adamlar, sağ olanda qiymət verin insanlara " şerindəki acı həqiqət
yada düşür. Sevimli şairimizin bu
çağırışı nə yaxşı ki, bəzən
gec də olsa gerçəkləşir,
sağlığında Azərbaycan mədəniyyətinə,
elminə böyük töhvələr verən dəyərli
insanlar haqqında kitablar yazılır, telekanallarda onlar barədə
sanballı verilişlər təşkil edilir, onların xidmətləri
xalqa tanıtdırılır. Bunlar dahilərimizin
əməyinin tam şəkildə
qarşılığının verilməsi anlamına gəlməsə
də, insan sağ ikən fəaliyyətinə verilən qiymətə
sevinir, daha yaxşı çalışmaq, yaşayıb
yaratmağa ruhlanır. Şair
Əbülfət Mədətoğlunun sözləri ilə
desək, qələm əhlinin ərsəyə gətirdiyi hər
əsər onun üçün bir təsəllidir. Bu təsəlli
az da olsa ona stimul verir və
unudulmayacağına, yaddaşlarda yaşayacağına inam təlqin
edir.
Qarşımdakı
yüksək zövqlə tərtib edilmiş, 6 il bundan əvvəl dərc edilmiş
"Tanınmış filosof, ekoloq və sosioloq Sakit
Hüseynov-65" adlanan kitabı vərəqlədikcə
gözlərim önündə görkəmli alimin geridə
qalan həyat yolu canlanır. Zəngin mənəvi
dəyərləri bir insan ömrünə
sığdıran görkəmli alimin çoxaspektli fəaliyyəti
onun yaradıcılığının kamilliyindən,
müdrik alimin Azərbaycan elminə verdiyi misilsiz töhvədən
xəbər verir. Alim haqda illər əvvəl
yazılmış bu kitab onun həyatını və elmi fəaliyyətini
tam əhatə edir. Bu gün
ömrünün 71-ci baharını yaşayan, şəxsiyyətinə
dərin hörmət bəslədiyim Sakit müəllim haqda
düşüncələrim kitabda əks olunan fikirlərlə
demək olar ki, üst-üstə düşür. Bu nəşrdə Sakit müəllimə həsr
olunmuş məqalələr, onun elmi əsərlərinə
dair rəylər, müsahibələr verilib. Görkəmli
alim Sakit Hüseynovu tanıyanlar, dostları, həmkarları,
respublikanın məşhur alimləri, ziyalıları öz
fərdi düşüncələrində , ürək
sözlərində dostluq və həmkarlıq əlaqələrini
dilə gətirərək Sakit müəllimin savadı,
biliyi, intellekt üstünlüyünü vurğulamaqla
yanaşı, onun sadəliyi, təvazökarlığı, dəqiqliyi,
insanpərvərliyi, xeyirxahlığı və digər nəcib
cəhətlərindən də geniş söz
açıblar və bu insanı tanımaq, onunla dost olmaq
onların şəxsində qürurverici hal kimi dəyərləndirilib.
Həmkarlarından birinin yazısında qeyd elədiyi
"alim olmaq asan, adam olmaq çətin "
sözləri alimliyin də asan olmadığını, lakin
insanlığın daha üstün tutulduğunu göstərir
və hər zaman mənəvi zənginliyin alimlikdən
öndə gələn dəyər kimi qəbul olunduğunu
göstərir. Sakit Hüseynovla heç vaxt
yolları kəsişməyən, onu görüb tanımayan
sadə bir insan belə kitabı oxusa bu nəticəyə gələr
ki, görkəmli alimin çoxaspektli fəaliyyəti
ziyalı ömrünün kamilliyindən, onun Azərbaycan
elminə verdiyi töhvələrdən xəbər verir.
Azərbaycan
Milli Elmlər Akademiyası -Fəlsəfə İnstitutu
Davamlı İnkişafın fəlsəfə şöbəsinin
müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit
Hüseynov bir neçə ağır yükü, çətin
sənəti öz üzərinə məharətlə
götürə bilən və bir ömrə üç
uğurlu insan taleyini sığışdıra bilən
ziyalılarımızdandır: filosof, ekoloq və sosioloq.
Yerliçilik, regionçuluq kimi zərərli vərdişlərdən
həmişə uzaq duran, köməyini heç kəsdən
əsirgəməyən, insanlara təmənnasız
yardım göstərən, istedadlı gənclərə dəstək
olub onlara yol açan sadə bir insandır Sakit müəllim. Elmlər
Akademiyasının uzun dəhlizlərində onunla gəzişərkən
etdiyimiz söhbətlər o qədər maraqlı keçirdi
ki, vaxtın necə ötdüyünü belə hiss etmirdik.
Amma bu söhbətlər zamanı diqqətimdən
bir məqam da yayınmadı. Belə ki, əksəriyyəti
gənclərdən ibarət olan əməkdaşlar tez-tez
ona yaxınlaşıb böyük ehtiramla salamlaşır,
ona müxtəlif suallarla müraciət edirdilər. Bu, böyük şəxsiyyətə, dəyərli
alimə olan sonsuz sevginin göstəricisi idi.
Sakit müəllim 1948-ci ildə Cəlilabad rayonunun
Ocaqlı kəndində dünyaya göz açıb. Bu kəndin
yetirmələri arasında xoş sorağı ölkə
hüdudlarını aşan neçə-neçə
görkəmli alim, tanınmış ictimai xadim, dövlət
məmuru olub. Həmin məşhur şəxsiyyətlərdən
ikisinin adını xüsusi qeyd etmək istəyirəm.
Hüquq elmləri doktoru, polis polkovniki ,
ali məktəblər üçün nəzərdə
tutulan bir neçə dərs kitabları müəllifi Etibar
Əliyev və Sakit Hüseynovu daha yaxından
tanıdığım üçün onlar haqda ətraflı
söz açmaq istədim.
Qısa
haşiyə:
Əsil-nəcabətli, qədim və böyük bir nəslin
nümayəndəsi, qəlbimə yaxın bir insan olan Etibar
Hacı Əli oğlu Əliyevi heç vaxt unutmuram. Adı həmişə
yüksək hörmət və ehtiramla çəkilən,
Qarabağ müharibəsi veteranı, dövlət təqaüdçüsü
Etibar Əliyev vəzifədə işlədiyi illərdə
yaradıcı insanlara maddi-mənəvi dəstəyini əsirgəməyən
və sadəliyi ilə insanların sevgisini qazanan bir adam olub. Məni 2001-ci ildə Sakit müəllimlə
tanış edən də məhz Etibar
Əliyev olub. Ömrünün 62-ci
baharını yaşayan əziz və hörmətli dostum Etibar
müəllimə Allahın ona verdiyi ömrü sağlam
başa vurmağı arzu edirəm. Yaxşı
yadımdadır, 2004-cü ildə Etibar Əliyevin təşəbbüsü
ilə Ocaqlı kəndinin keçmişi və bu
günü haqqında yazdığım kitab dərc olunanda
Sakit müəllimin necə ürəkdən sevindiyinin
şahidi oldum. Kitab aramızdakı dostluq
tellərini daha da möhkəmləndirdi. Sakit
Hüseynov doğma yurda, doğulub böyüdüyü kəndə
bağlı bir insandır. 18 ildir ki, bizim
dostluğumuz davam edir. 2004-cü ilin soyuq
dekabr günlərinin birində Sakit müəllimlə təsadüfən
İmişli rayonunda qarşılaşdıq. O, "Azərbaycanda
yoxsulluğun azaldılması" istiqamətində təşkil
olunan tədbirin iştirakçısı, sosioloji təşkilat
qrupunun rəhbəri kimi 3 nəfər elmi işçi ilə
birlikdə rayona gəlmişdi. Hal-əhval
tutandan sonra harda gecələyəcəyimlə maraqlandı.
Mehmanxanada qalacağımı eşidən kimi
etirazını bildirib dedi ki, orda təmir gedir və bu cür
soyuq havada orda qala bilməzsən. Məni əməkdaşları
ilə birgə kirayə tutduqları evə dəvət etdi.
Restoranda rayon rəsmilərinin iştirakı ilə
Sakit müəllimin şərəfinə verilən ziyafətdə
onun mənə olan dostluq münasibətinin dərin hörmət
üzərində qurulduğuna bir daha əmin oldum. Yemək süfrəsində ilk söhbətə də
məndən başlayaraq istedadlı bir yazar olaraq məclis
iştirakçılarına təqdim etdi. Doğma kəndi haqqında yazdığım kitabla
bağlı ətraflı məlumat verəndən sonra mənə
bir daha minnətdarlığını bildirdi.
Sakit Hüseynov fəal bir
ziyalı kimi cəmiyyət həyatında baş verən
hadisələr, proseslər, ölkənin
qarşısında duran problemlər, əldə olunmuş
nailliyyətlər barədə vaxtaşırı öz
sözünü deməyi, prinsipial mövqe ortaya
qoymağı bacarır. 2018-ci ilin sentyabrında
Çeçenistanın paytaxtı Qroznı
şəhərində təşkil olunan beynəlxalq
konfransda "Qafqaz xalqlarının etnik tarixi və
etnogenzi" mövzusunda çeçen etnosunun
formalaşması prosesində mədəniyyətin rolundan
danışan Sakit Hüseynov Qafqaz xalqları arasında
multikultural dəyərləri, Azərbaycan və
Çeçenistan arasında elmi əməkdaşlığın
zəruriliyini də diqqətə
çatdırmışdı.
2018-ci iln noyabr ayında Türkmənistanın paytaxtı Aşqabad şəhərində "İnkişaf dövründə təhsil və idman" mövzusunda keçirilən beynəlxalq konfransda Sakit Hüseynovun "Təhsil islahatları davamlı inkişaf konteksində" adlı məruzəsi də iştirakçılar tərəfindən maraqla qarşılanmışdı. Bütün elmi fəaliyyəti dövründə Sakit Hüseynov xaricə ölkələrə etdiyi coxsaylı səfərlərində elmi məsələlərlə bağlı fikirlərini çatdırmaqla yanaşı, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin tanıdılması təbliği istiqəmətində də davamlı səylərini əsirgəməyib.
S. Hüseynov həyatı boyu bir
sahədə deyil, bir neçə istiqamətdə səmərəli
fəaliyyət göstərərək, məhsuldar
yaradıcılıq ortaya qoyub.1970-c ildə ali məktəbi
fərqlənmə diplomu ilə bitirdikdən sonra AMEA-nın
Fəsəfə və Hüquq İnstitutunda sosiologiya
ixtisası üzrə aspiranturanın əyani bölməsinə
qəbul olunub. Aspiranturanı başa vurandan sonra AMEA-da elmi
işçi kimi fəaliyyətə başlayıb. Sakit
müəllim 1978-80-ci illərdə Rusiyanın Yekatirinburq
(keçmiş Sverdlovsk) şəhərində
tanınmış sosioloq, fəlsəfə elmləri doktoru.
professor L.N.Koqanın yanında təkmilləşmə prosesi
keçib. Sakit müəllim 5 monoqrafiya, ali məktəblər
üçün 1 dərslik, 150 -dən çox elmi məqalənin
müəllifidir. Sevimli və əziz dostum Sakit Yəhya
oğlu Hüseynov ömür yolçuluğunun 71 ilini arxada
qoysa belə, əslində yaradıcı insan
üçün yaş amili heç bir əhəmiyyət
daşımır. Bu mənada Sakit müəllimi hələ
qarşıda daha böyük yaradıcı fəaliyyətin
gözlədiyi şübhəsizdir. Çünki onun buna həm
həvəsi, həm də enerjisi var.
Mirzəağa Məmmədli
Ədalət.-2019.-22 may.-S.6.