Tağı
TÜRK
KƏSİLMİŞ
QULAĞIN XƏCALƏTİ
(hekayə)
Günəşin batmağına az qalmışdı. Hətəmxan, oğlunun kirvəsi, domulu erməni dostu Samvellə donuz kababından yeyir, tut arağından əlli-əlli vurub, şirin-şirin söhbət edirdi. Məclisin şirin yerində Hətəmxan qədəhləri bir də doldurub Samvelə dedi:
– Gecdir,
bunu da içək, mən gedim.
– Ara,
haraya gedirsən, qal, gözüm üstə yerin var, – deyə
bayaqdan bəri keyfi kök halda deyib-gülən ev yiyəsi qıvraq cavab verdi, – mən də,
xanım da qulluğunda duraq, sabah gedərsən.
Hətəmxan sonuncu qədəhi başına çəkib,
cəld ayağa qalxdı.
– Hətəmxancan,
ara, niyə durdun? – deyə
Samvel Hətəmxanın gözlənilməz hərəkətindən
təəccübləndi.
– Getsəm
yaxşıdır, uzaq yoldur, qaranlığa qalmayım. Uşaqlar da nigaran qalarlar.
– Ara, bir əyləş
görək, niyə gedirsən? – Samvel də ayağa
qalxdı, bir az duruxub sonra əlavə
etdi: – Qaranlığa düşərsən, hər yer
qurd-quşla, quldurla doludur.
Samvel nə qədər etsə də Hətəmxanı
inadından döndərə bilmədi. Arvad-uşağı olan
otağa ötəri nəzər salıb, sanki əlacı kəsilibmiş
kimi dedi:
– Ara, kirvə,
gəl sən daşı tök ətəyindən, yol
qorxuludur, deyirlər Tevon dəstəsilə buralarda hərlənir.
Hətəmxan Tevonun adını çox
eşitmişdi, bilirdi ki, o, Qarabağda məşhur quldur dəstəsinin
başçısıdır. Onu da yaxşı
bilirdi ki, çox əzazil, nanəcib adamdır. Harada anasının əmcəyini kəsən varsa
onun başıına toplaşıb.
Tevon
Stepanyan, keçmiş çar zabiti idi və onun
başçılığı ilə
azğınlaşmış bu erməni quldur dəstəsi
Şuşa, Cəbrayıl, Zəngəzur qəzalarında, Bərdə
və Yevlaxda qarətçiliklə məşğul olur, hətta
qadın və uşaqlara amansız divan tuturdu. Qatı
türk düşməni, quldur və terrorçu Qaragen
Njdenin özü kimi başkəsənlərdən ibarət
ordusunda xidmət etmiş daşnak Tevon soydaşı
Şimavon Davityanı beynəlmiləlçiliyi təbliğ
etdiyinə görə şaqqalayıb qətlə
yetirmişdi. Bununla ürəyi soyumayan
qatı daşnak sonra Şimavonun anasını onun
parçalanmış meyitinin ətrafında əl
çalıb oynamağa məcbur etmişdi. Hətəmxan bu hadisəni yaxşı
xatırlayırdı. O zaman Qarabağda hamı bu cinayətdən
danışırdı.
Samvelin sözlərindən sonra Hətəmxan
özünü təmkinli aparmağa çalışsa da,
üşəndi, sanki qorxu onun canına yavaş-yavaş
sarmaşıq kimi sarılırdı. Tevonun bu cinayəti
beynində cövlan etdikcə bədəni ürpənir,
özünü nə qədər toxdaq saxlamağa
çalışsa da qorxu hissi yenə güc gəlirdi.
Amma Hətəmxan özünü o yerə qoymadı,
atın yüyəni bağladığı dirəkdən
açdı.
Sonra gülümsəyib dedi:
– Di,
salamat qalın. Məndən narahat olmayın.
– Ara,
heç yaxşı olmadı, sağ-salamat get, – deyə
Samvel başını bulayıb çiynini çəkdi.
Hətəmxan Domu meşəsinə çatanda
artıq günəş yavaş-yavaş Böyük Kirs
dağının arxasında qürub edirdi. Füsünkar
gözəlliyi ilə könül oxşayan Domu kəndinin ətrafı
sıx meşəlik olduğundan o, öz kəndinə –
Yağlıvəndə getmək üçün istənilən
halda meşənin içindən keçməli idi. Ona görə də, bu uzun və təhlükəli
yolu hava qaralmamış qət etmək üçün
atını mahmızlayıb tələm-tələsik
meşəyə girdi. Ətrafda dərin
sakitlik hökm sürürdü. Adətən Hətəmxan
Domu meşəsindən keçəndə atını
yavaş-yavaş sürər, təbiətin gözəlliyindən
zövq alar, hər mövsümə uyğun, moruq, çiyələk,
böyürtkən, qarellə, qarağat... toplayar, bol nemətli
dərələrdən quzuqulağı, baldırğan
yığar, özü ilə götürdüyü
qabları Turşsu bulağından təbii mineral su ilə
doldurar, dizini yerə qoyub özü də doyunca içəndən
və əl-üzünü də yuyandan sonra gedərdi. Bu dəfə isə hər şey fərqli idi.
Onun gözündə bu bitki və giləmeyvələrin, cana can verən, göz yaşı kimi dupduru
bulaq suyunun dəyəri yox idi.
O,
sükut içində mürgüləyən meşənin
səssizliyini pozub, dərinliyinə irəlilədikcə
qorxu və həyəcandan bədəni titrəyir, hər
şıqqıltıya diksinir, ürpənirdi. Hərdənbir öz-özünə nəsə
mızıldanır, tez-tez boylanaraq ətrafı nəzərdən
keçirir, sanki onun sözünü kiminsə eşidəcəyindən
ehtiyat edirdi. Lakin yaxınlıqda kimsə
olsaydı belə, onun boğuq, mızıltılı səsindən
bircə söz belə başa düşməzdi. Hətəmxan
səsini heç kəsin eşitməyəcəyinə
arxayınlaşıb boğazında düyünlənib qalan
sözləri ucadan dedi:
– Allah belə
hökumətin tifağını dağıtsın ki, Tevon
kimi qulduru hələ də tuta bilmir. – Meşənin dərinliyində
əks-səda verən səsindən diksinib boynunu
qısdı. Sonra pıçıltı ilə: – Əşi,
belə hökumət olar, qalxoz oyununu da atıblar
ortalığa, tüfəngimizi də alıblar əlimizdən,
indi bu meşənin ortasında anasının əmcəyini
kəsən Tevon qabağımı kəssə nə edəcəyəm?
– dedi. Nə fikirləşdisə çöhrəsində
təbəssüm yarandı. – Guya ki, tüfəngim olsa
idi, tək canımla quldurbaşının qabağını
kəsib deyəcəkdim ki, düş qabağıma, bəsdi
bu camaata zülm elədin, aparım səni təhvil verim
hökumətə.
O, dərindən
nəfəs aldı. Meşənin dərinliyində
göz işlədikcə uzanan, bəzən isə təpəciklərdə
"itən” araba yoluna baxdıqca tıncıxır,
aşırımın arxasında onu gözləyən təhlükəni
düşündükcə bərk narahat olurdu. Hər dəfə aşırımları
keçdikdə ömründən ömür gedirdi.
Birdən yaxın məsafədən at ayaqlarının
tappıltısı eşidildi. Hətəmxan diksindi, cəld
atını saxlayıb qulaq verdi:
– Yüz
faiz Tevondur. Atlıların sayı çoxdur,
atların ayaq səslərindən hiss olunur ki, 7-8 nəfərdilər,
– deyə öz-özünə pıçıldadı.
Aşırımın o biri üzündə dördnala
çapan atların ayaq səsləri getdikcə
yaxınlaşırdı. Hətəmxan
gözünü aşırıma zilləmişdi. Üzündə yorğunluq, çarəsizlik və
ölmüş ümidin kədəri var idi. Qaçmağa macalı qalmamışdı.
Dəstənin önündə gələn Tevonun
başı göründü. Arxasınca isə səkkiz-doqquz atlı gəlirdi. Araba yolunun
düz ortasında dayanıb karıxmış halda onlara tərəf
baxan atlını görcək sürətlərini
artırıb Hətəmxanın önünü kəsdilər.
Tevon dəstədən
bir az irəli çıxıb:
– Ə, köpək oğlu düş atdan, – deyə Hətəmxanın
üstünə bağırdı.
Hətəmxan rəng verib, rəng aldı. Tez atdan yerə
düşdü.
Tevon
soruşdu:
– Ə, türksən, erməni?
–
Türk, – deyə Hətəmxan qorxa-qorxa cavab verdi.
– Hardan gəlirsən?
– Domudan.
– Nə gəzirdin
ə, Domuda?
Dığanın mənasız sualları Hətəmxanı
hövsələdən çıxartdı, amma qorxusundan bir
söz deyə bilmədi. Kirimişcə Tevonun
üzünə baxdı.
Tevon:
– Ə, niyə dinmirsən, səndən söz
soruşmuram?
– Samvelgilə
getmişdim.
Tevon bərkdən güldü, başının
atlıları da ona qoşulub gülüşdülər.
– Nəyə
getmişdin? – dedi, – Tut arağı
içməyə?
Hətəmxan başa düşdü ki, dığalar
onu ələ salırlar, ona görə də onun bu
sualını cavabsız qoydu.
–
Hansı obadansan? – deyə
üz-gözünü turşudan erməni soruşdu.
–
Yağlıvənddən.
Yağlıvənd
sözünü eşidəndə quldurbaşına elə
bil od qoydular. Hirsindən atının
başını necə çəkdisə az
qaldı ki, atın cəvciləri cırılsın.
Quldurbaşı, bir-iki addım geriyə atıb, sonra irəliyə
dartınan atın belində bir azca dikəlib qəzəblə
dedi:
–
Yaxşı keçmisən əlimizə, mən indi səni
tikə-tikə doğrayaram, bu da Yağlıvəndə bir dərs
olar.
Hətəmxan nə qədər yalvardı, xeyri
olmadı. Erməni quldurbaşı inadından dönmədi
ki, dönmədi. Tevon Hətəmxanı
dizi üstə yerə çökdürtdü, sonra
naqanı onun başına dirədi. Ürəyi
gubbultu ilə vuran Hətəmxan dəhşət içində
ölümünü gözlədiyi zaman Tevonun
başının üstündə beşatılan
şaqqıldaı.
– Ə,
Tevon! – Məşədi Paşanın səsi gəldi.
– Ayə, əbləh, sən bilmirsən mənim həmkəndlilərimə
güldən ağır söz deyənin gərək yeddi
başı ola?
Tevonun quldurları
bir istədilər ki, əllərini tüfəngə
atsınlar, Məşədi Paşa atların
ayaqlarını verdi gülləyə. Qəflətən şahə qalxan atlar
dığaların bir neçəsini yerə
çırpdı.
Tevon Məşədi Paşanı çox yaxşı
tanıyırdı. Altmış səkkiz yaşlı
yağlıvəndli "qoca”nın nələrə qadir
olduğunu yaxşı bilirdi. Onu da
yaxşı bilirdi ki, bu "qoca” uzun illər çar
hökumətinə qarşı çıxmış,
sürgün həyatı yaşamış, daim təqib
olunmağına baxmayaraq həmişə kasıb-küsuba əl
tutmuş, incidilən günahsız insaların
qisasını almış, qanını yerdə qoymamışdır.
İndinin özündə də, antisovet təşviqata,
kolxoz işinin pozulmasına və istiqraz əleyhinə təbliğat
apardığına görə adı yeni hökumətin də
"qara siyahısı”na salınıb. Mərkəzi
hökumətdən "Qolçomaq” və "qəddar
cani” olduğu üçün dərhal həbs olunması və
ya yerində güllələnməsi üçün
göstəriş verilib.
Tevon naqanı Hətəmxanın başından çəkib
bir-iki addım geriyə həslədi.
Məşədi Paşa dedi:
– Tevon, deyəsən sən ağıllanmamısan?!
Tevon Məşədi Paşanın nə demək istədiyini o dəqiqə anladı. Bir neçə il əvvəl baş vermiş əhvalat yadına düşdü. Özündən asılı olmayaraq əlini qulağına apardı, udqundu.
Sanki kəsilmiş qulağının xəcaləti düyünlənib boğazında qalmışdı.
Sən demə, Tevon bir neçə il əvvəl yağlıvəndli Qaçaq Rəşidin kəsdiyi qulağının qisasını onun həmkəndlisi Hətəmxandan almaq istəyirmiş.
Ədalət 2019.- 30 may.- S.7.