BAYRAĞIMIZA SÖYKƏNƏN SƏNƏTKAR

XƏYALƏ ƏFƏNDİYEVA

 

Bəzən şəhərin boğanağından baş götürüb uzaqlaşmaq – kiməsə, nəyəsə sığınıb hüzur tapmaq istəyirsən… Və onda görürsən ki, yenə də dadına əlahəzrət Söz yetişib, səni boğulduğun mühitin içindən alıb xilas etmək üçün yolunun üstündə dayanıb. Belə düşüncəli və qayğılı bir zamanda bir elan dəyir gözünə: "Əziz Seyran Səxavətsevərlər! Mayın 19-da saat 14:00-da Abşeron rayon Mərkəzi Kitabxanasında çağdaş Azərbaycan ədəbiyyatında ədəbi-bədii, fəlsəfi-estetik və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan yazıçı, dramaturq, şair, publisist Seyran Səxavətlə görüş keçiriləcək. Arzu edənlər buyurub iştirak edə - bir az da Seyran Səxavət baxan tərəfdən dünyaya baxa bilərlər”.

Beləcə hüzura qovuşmağa möhtəşəm yer tapırsan - bu dünyada Halal Sözə sığınmaqdan gözəl nə var ki?!

Bayaqdan yeriməyə can çəkdiyin şəhərdə indi uçmağa qanad axtarırsan.

Abşeron rayon Mərkəzi Kitabxananın girişindəcə qələbəlik hiss olunur. Nəinki paytaxtdan, hətta müxtəlif rayonlardan Seyran Səxavətlə görüşmək üçün bura təşrif buyuransöz qədri bilən insanları görürəm, ürəyim dağa dönür. Və təkcə Seyran Səxavətin adına yox, bütövlükdə ədəbiyyatımızın adına sevinirəm. Bəli, bu gün sosial qayğıların adamların boyunu aşdığı bir zamanda dəyər verdiyi yazıçını bircə saatlıq görməkdən ötrü Yardımlıdan, Qazaxdan, Gədəbəydən Bakıya neçə kilometr yol qət eliyib gələnləri görəndə düşünürəm ki, Sənin bir cümlənlə işıqlanan beyin varsa, yazmağa dəyər, Ustad!…

Kitabxananın Oxu zalında ədibin bütün yaradıcılığını özündə əks etdirən "Seyran Səxavət” başlıqlı sərgi düzənlənib.

Hamı gülər üzlə, xoş təbəssümlə, ilıq baxışlarla birbirini salamlayır və tanış olur. Nə gözəl bir mühit var burda. Kənardan baxanlara elə gələr ki, yazıçının görüşünə ya yazıçı gələr, ya şair, yəni hansısa formada ədəbiyyat adamı olar orda iştirak edənlər. Amma burda qonaqlara göz gəzdirirəm – bəstəkar da var, həkim də, mühəndis də, mebel ustası da, energetik də…

Zala daxil oluruq. Kitabxanın direktoru gözəl xanım, nəcib insan, işıqlı ziyalı, istedadlı şairə Məlahət xanım Yusifqızı tədbiri açıq elan edərək hamını salamlayır, dəyər verib bu dəvəti qəbul edib gəldiyi üçün Seyran Səxavətə öz adından, qonaqlar adından təşəkkürünü bildirirzalda əyləşənlərin bəzilərini təqdim edir: şair və bəstəkar Hüseyn Sözlü, həkim-şair Taleh Abbas, şairlərdən Qəzənfər Məsimoğlu, Hümbət Məmmədov, Əlisəfa Əhmədoğlu, Sənan Çıraq, Xaliq Laçınlı, Mehman Göytəpəli, Şöhlət Abbas, Əli bəy Azər, Şəfəq Sahibli, Fərqanə Mehdiyeva, Narıngül, Xalid Laçınlı, Mütalib Tahiroğlu, Arzu Nehrəmli, Sülhiyyə Musaqızı, Mayil Məmmədli, Pərviz Axund, İdris Babayev, Əzizə Ağahüseynqızı, Süleyman Qaradağlı, Rəna Mərzili, Esmira Məmmədli, Arzu Kəskin, Səmayə Güləliqızı, Məlahət Fərəcova, Vüsal Ağayev, Aqil Altun, Mütalib Tahiroğlu, Tahir Əyyuboğlu, Nuridə Misir, Bəydadaş Cəfərli, qiraətçi Bahar Abbasova, Vasif Əlihüseyn, kitabxananın əməkdaşı Pərvanə Muradova, Sevda Əhədova, Xəlil Əhmədəliyev, məktəbli Mehdi Həsənov və adlarını çəkə bilmədiyim yoldaşlar üzrlü hesab etsinlər.

Məktəbli Mehdi Həsənov Seyran Səxavətə yaxınlaşır və səsi titrəyə - titrəyə, balaca əlini yazıçıya uzadır. Sizin üçün vətənpərvər bir mahnı ifa etmək istəyirəm, - deyir. Bütün tədbir iştirakçılarının gözlərini yaşardan bu möhtəşəm ifadan sonra Seyran Səxavət Mehdini dağ boyda köksünə sıxır, ona gələcək həyatında uğurlar arzulayır. Beləcə kövrək və duyğulu notlarla başlanan tədbir olduqca yüksək səviyyədə davam edir. Tədbir iştirakçıları yazıçıya bir – birindən maraqlı suallar ünvanlayır və Seyran Səxavət özünəməxsus cavabları ilə zaldakıları düşündürür, yeri gəldikcə onları heyrətləndirir, incə yumoru ilə güldürür. Müəllifə ünvanlanan suallardan aydınca hiss olunur ki, bu insanlar həm də olduqca diqqətli oxuculardır və onlar Seyran Səxavətin əsərlərini ta 70 – cillərdən bu günəcən ardıcıl və müntəzəm izləyir, oxuyurlar.

Görüş üçün Yardımlıdan təşrif buyuran şair Əlisəfa Əhmədoğlu Seyran Səxavəti görməkdən, söhbətini dinləməkdən olduqca məmnunluğunu dilə gətirir: "Seyran müəllim, Sizin o qədər zəngin, həm də yüksək zəhmətlə yoğrulmuş tərcümeyi halınız var ki, biz Seyransevərlər orda sadəcə bir şeyin əlavə olunmasını arzu edirikSeyran Səxavətə əslində çoxdan layiq olduğu, haqq etdiyi xalq yazıçısı fəxri adını.” Əlisəfa bəyin bu arzusu zalda əyləşən hər kəsin ürəyindən xəbər verir və alqışlarla qarşılanır.

Əlbət ki, zamanında verilən qiymət qələm adamının ən böyük qazancıdır. Axı onlar bu xalqın ruhunu, varlığını ayaq üstə saxlayan mənəvi sütunlardır. Yadıma ürəyi vətən boyda olan vətəndaş ziyalı Aqil Abbasın Seyran müəllimin 60 illiyində dediyi sözlər düşür: "Mən son illərdə Seyran Səxavətin qələmindən çıxan bütün əsərləri ədəbi hadisə adlandırmışam və bu fikrimdə də qalıram. Seyran Səxavətə bir babat vəzifə və fəxri ad arzulayıram. Ondan sonra da tənqidçilərimiz "Nekroloq” romanı ilə bağlı 19 nekroloq həcmində məqalə yazmaq üçün sosializim yarışına başlayacaqlar.

Seyran müəllim, tənqidçilərdən küsməyin, necə ki, Sabir Əhmədov küsmür. Seyran müəllim, oxuculardan da küsməyin, necə ki, Məhəmməd Füzuli küsmür.”

Aqil müəllimin dediyi kimi, Seyran Səxavət kimsədən küsmür. Çünki o heç zaman belə şeylərin – nə ad, nə də ki vəzifənin iddiasında olmayıb. Adının önündə hansısa epitetin olmasından asılı olmayaraq Seyran Səxavət milyonların ürəyində səltənət qurub və xalqın sevilən yazıçısıdır.

Elə bu günlərdə yenicə xalq şairi adını almış təzə - tər Musa Yaqub bir müsahibəsində demişdi ki: "Seyran Səxavət təkcə "Nekroloq” romanı ilə dünya ədəbiyyatında özünə ölməzlik qazanıb”.

Və ya ədibin qələm dostu, xalq şairi Sabir Rüstəmxanlı dediyi kimi: "Seyran Səxavət Sözün estetik hakimiyyətində Vicdanın prezidentidir.”

Vicdanın prezidenti... Bu dünyanın maddi heç nəyində gözü olmayan adama Vicdanın prezidenti olmaqdan ucaad vermək olar?!

Tədbir iştirakçılarının Seyran müəllimə suallar verdiyi, maraqlı müzakirələr getdiyi bir zamanda iki yaşlı qızım həyəcanla nəsə kəşf edibmiş kimi qolumu dartır: "Ana, bax, Seyran babanın arxasında nə böyük Azərbaycan var!” – deyib Seyran Səxavətin arxasındakı Azərbaycan bayrağını göstərir.

İngilislər belə yerdə "No comment!” deyirlər – "Şərhsiz!”... Balaca adamın ayaqüstə alqışlanası böyük kəşfi... O körpənin anlamadan dediklərində o qədər dərin məna var ki... Bəli, Seyran Səxavətin arxasında böyük Azərbaycan var o Azərbaycan Seyran Səxavətin adını dəyərini lap çoxdan verib...

 

Ədalət  2019.- 30 may.- S.6.