80-dan boylanan ömür

Masallıda tanınmış tarixçi alim, yazıçı-publisist Musa Quluzadənin 80 illik yubileyi qeyd edilib

İlham adlı şahpərim var,

Yol üstəyəm səfərim var...

Yazılmamış əsərim var...

Ağarma, saçım, ağarma!

M.Araz.

 

Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix” kafedrasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Quluzadənin 80 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Yubiley tədbirində rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, ziyalı və ağsaqqallar, yaradıcı insanlar, alim-yazarın dostları, qohumları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində istedadlı alimin əsərlərindən ibarət sərgiyə baxılıb.

Sonra yazıçı-publisist, tarixçi alimin həyat yolundan bəhs edən videoçarx izlənilib.

Səbəbkarı 80 illik yubileyi münasibətilə təbrik edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov alimə gələcək həyat və fəaliyyətində uğurlar arzulayıb.

Masallı rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyev görkəmli alimin həyat və yaradıcılığından danışıb. Deyib ki, Musa Nizam oğlu Quliyev 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olub. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda (1955-1959), daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində(1960-1971) təhsil alıb. Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Lenin adına Mərkəzi Dövlət Muzeyində elmi işçi kimi fəaliyyətə başlayıb, sonradan muzeyin elmi işlər üzrə direktor müavini (1971-1991) olub.

Bir müddət Bilik cəmiyyətində sədr müavini işləyib, Azərbaycan Dövlət Universitetində tələbələrə tarix fənnini tədris edib. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. 15 il akademiyada aspirantura, doktorantura şöbəsinin müdiri olub. "Qızıl qələm” media mükafatı laureatı, 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 15-dən çox bədii kitabın müəllifidir. Əsərləri mükafatlara layiq görülüb, xarici dillərə tərcümə edilib, povesti əsasında "Nabat” adlı bədii film çəkilib.

Bədii yaradıcılığa universitetdə tələbəlik dövründə başlayıb. İlk mətbu əsəri (lirik miniatür hekayə) 1967-ci ildə "Sovet ticarəti” qəzetində işıq üzü görüb. Uşaqlar üçün yazdığı hekayə və nağılları "Azərbaycan pioneri”, "Göyərçin” və "Pioner” qəzet və jurnallarında vaxtaşırı çap olunub. "Uzaqdan gələn səslər” pyesinin tamaşası mavi ekranda nümayiş etdirilib. Xalq teatrı üçün bir neçə pyes "Ulduz” jurnalında dərc edilib(1987).

Yubiley tədbirində iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında nüfuzlu ziyalı, alim, yazıçı-publisist Musa Quluzadəni dövlətinə sadiq vətəndaş, vətənpərvər ictimai siyasi xadim, ulu öndər Heydər Əliyevin ideyalarının yorulmaz təbliğatçısı kimi xarakterizə edib. Rayon rəhbəri bildirib ki, Musa Quluzadə ədəbi yaradıcılığında, siyasi-elmi fəaliyyətində olduğu kimi, həyatda da olduqca səmimi insandır. Onun milli-mənəvi, insani keyfiyyətləri, şəxsiyyəti bütün sadalanan titullarından üstündür...

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli çıxış edərək qeyd edib ki, əvəzsiz milli-mənəvi dəyərlərimizin qiymətli tutulduğu, ölkəmizə yüzlərlə alim, onlarca sosialist əməyi qəhrəmanları, bir neçə general və digər bu kimi fədakar insanlar bəxş etmiş bir yurdun – Masallının övladıdır Musa Quluzadə. Yaxşı insan olmaq hər kəsə qismət olmur. Məni onunla birləşdirən ümumi cəhətlər çoxdur. Müsbət enerjili bu insanla 40 ildir ki, dostluq əlaqələrimiz var. Etibarlı dost, mehriban və qayğıkeş valideyndir. Düşüncələrini, əməllərini daim müsbət məcraya yönəltməyə çalışan bu yaradıcı ziyalının istər elmi fəaliyyətində, istərsə də bədii təfəkkürünün məhsullarında bu uğurlu tamamlamanı aydın şəkildə görürük...

Prezident təqaüdçüsü Şirvan Əbilov deyib ki, maarifpərvər ziyalıları ilə seçilən bir diyarda – Masallıda, Xıl kəndində dünyaya göz açan Musa müəllimin ən ali insani keyfiyyəti onun sadəliyidir. Odur ki, bu səmimi ziyalı, istedadlı alimpedaqoq hər birimizin sevimlisidir. Bu cəhətlər dəyərli yazarımızın yaradıcılığına da sirayət edib. Janrından asılı olmayaraq bütün əsərlərində həyati hadisələr obrazlı şəkildə, rəngarəng çalarlarla oxucuya təqdim edilir.

Masallının ilk peşəkar teatr rejissoruilk Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Ağalar İdrisoğlu çıxışında yubilyarın yaradıcılığından bəhs edib. Vuğulayıb ki, oxunaqlı ədəbi nümunələrin – mənsur şeirlərin, televiziyaradio pyeslərinin, esselərin, povest və hekayələrin müəllifi olan bu yaradıcı ziyalımızın əsərlərindəki diqqətçəkici məqam maraqlı mövzu seçimində, uğurlu bədii tapıntısındadır. Özünəməxsus üslubda (mənsur şeiresse janrında) yazan Musa Quluzadə ədəbiyyatımızda bu sahədə məşhurlaşan Xalq yazıçısı, əslən Masallıdan olan Gülhüseyn Hüseynoğlundan sonra uğur qazanan ikinci yaradıcı şəxsdir.

O, həmçinin təpədən-dırnağacan Azərbaycan dövlətçiliyinə bağlı ziyalı alimin 1990-1993-cü illərdə ölkədə yaşanan məlum hadisələrə biganə qalmamasından, respublikada yaranan xaos, özbaşınalıq dövründə Masallının ziyalı zümrəsilə səfərbərlik tədbirlərində yaxından iştirakından danışıb. Bu məsələlərin respublika səviyyəsində qaldırılmasında xüsusi xidmətləri olub.

Göstərilib ki, bu günbu hörmətli və nüfuzlu şəxsiyyət müstəqil Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini davam etdirir.

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, "Masallı ziyalıları” ictimai birliyinin sədri Qardaş Fətullayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, müəllim Səxavət Əliyev və başqaları çıxış edərək Musa Quluzadənin keçdiyi həyat yolu barədə fikirlərini, xatirələrini bölüşub, onu gözəl dost, ailə başçısı və səmimi, qayğıkeş insan, müdrik el ağsaqqalı, istedadlı alim, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib səxsiyyət kimi dəyərləndirib, yüzlərlə kadrların yetişməsində müstəsna xidməti olan pedaqoqun şərəfli ömür yolunun gələcək nəslə örnək olduğunu nəzərə çatdırıblar, yubileyi münasibətilə təbrik ediblər.

Həmçinin bütün ömrünü ləyaqətlə yaşayan, yalnız zəhmət və əməksevərliyi hesabına yüksək mövqelərə yüksələn Musa Quluzadənin 50 ilə yaxındır ki, pedaqoji işlə məşğul olduğunu diqqətə çatdıran natiqlər onun elmi fəaliyyətindən, apardığı tədqiqatların əhəmiyyətindən, idarəçilik səriştəsindən, bədii yaradıcılığından danışıblar. Bildirilib ki, bu vaxta kimi tarixçi alim kimi 250-dən artıq elmi məqaləsi, 4 monoqrafiyası, bir elmi kitabı ("Azərbaycanın dövlətçilik tarixi"), təcrübəli və səriştəli yazar kimi 16-ya yaxın kitabı ("Püstə”, "Onu hamı görmək istəyirdi”, "Təbliğat vasitələrinin təsir gücü”, "Meşədən səs gəlir”, "Ötən günlərin sorağında”, Qafqaz şeyxülislamı Allahşükür Paşazadə haqqında "Şəfqətli və mərhəmətli qəlb" (Qeyd edək ki, "Haqq yolun yolçusu” sənədli povesti Azərbaycanda görkəmli din xadimləri haqqında yazılmış ilk əsərdir), "Dünya yaxşılarındır", "Bu da bir ömürdür", "Xatirələrdən boylanan ömür" və s.), yüzlərlə publisistik yazıları nəşr edilib.

Sonra Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solisti Miriş Hüseynov ustad sənətkar Rəşid Behbudovun repertuarından "Üzüyümün qaşı firuzədəndir” və "Nazəndə sevgilim” kompozisiyalarını ifa edib, gənc müəllim Cəbrayıl Əlili yubilyarın "Durna qatarı” və "Sənin gözlərinlə” mənsur şeirlərini səsləndirib.

Tədbirdə yubilyara Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Mərasimdə yubilyarın dost və həmkarlarının, eləcə də tarix elmləri doktoru Əsədulla Cəfərovun, professor Həsənbala Sadıqovun, tibb elmləri doktoru Vəsadət Əzizovun, pedaqoqika elmləri doktoru Fərahim Sadıqovun, filologiya elmləri doktoru Nadir Məmmədovun və digərlərinin təbrik məktubları oxunub.

Musa Quluzadə tədbir təşkilatçılarına və iştirakçılara, xüsusi olaraq rayon rəhbərliyinə öz minnətdarlığını bildirib, yublleyinin belə yüksək səviyyədə keçirildiyinə görə qürur duyduğunu söyləyib.

 

Sonda yubilyarla xatirə şəkli çəkilib.

 

Əlihüseyn ŞÜKÜROV,

Akif AĞAYEV.

MASALLI.

Ədalət 2019.- 30 may.- S.8.