Türkiyə – Rusiya münasibətləri         

Mehman Cavadoğlu

Tarixin təkəri əks tərəfə dönür

 

Türkiyə Rusiyadan Su-35 döyüş təyyarələri almağa hazırlaşır. Bu barədə ABŞ-da nəşr olunandaha çox müdafiə və hərbi-texnoloji məsələlərdən yazan "Defense News” jurnalı məlumat verib. Məlumat yüksək səlahiyyət sahibi olan bir türk yetkiliyə istinadən yayılsa da onun adı açıqlanmayıb. Anonim mənbə deyib ki, sözü gedən təyyarələrin alınması istiqamətində intensiv danışıqlar aparılır və yaxın günlərdə siddi bir anlaşmanın əldə ediləcəyi gözlənilir.

Jurnalın yazdığına görə söhbət 48 ədəd Su-35 qırıcısından gedir ki, bunun da hər birinin qiyməti təxminən 50-70 milyon arasındadır.

Əgər yazılanlar həqiqətdirsə onda bu, iki ölkə arasında S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı baş tutmuş sövdələşmədən sonra ikinci böyük anlaşma olacaq. Türkiyə bu il Rusiyadan 2,5 milyard dollara iki S-400 sistemi alıb ki, bu da olduqca güzəştli qiymət hesab olunur. Odur ki, bəzi müşahidəçilər danışıqların son mərhələsində Su-35-lərin də qiymətində xeyli güzəştlər olunacağını istisna etmirlər.

S-400-lərin alınmasının Qərb, xüsusilə ABŞ müttəfiqlərinin sərt təpkisi ilə üzləşməsini nəzərə alsaq, həmin müttəfiqlərin ikinci belə hərbi sövdələşməyə necə reaksiya verəcəklərini təxmin eləmək çətin deyil.

"Defense News”dakı yazının ardınca Rusiya-Türkiyə münasibətlərindəki istiləşmənin gün-gündən yüksələn xətt üzrə getməsiylə ilgili başqa bir məlumat da yayıldı – bu dəfə artıq anonim mənbələrə istinadən yox, çox yüksək səviyyəli rəsmi şəxsin dilindən. Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz bolqar həmkarı Yekaterina Zaxariyeva ilə birgə keçirdiyi mətbuat konfransında ona ünvanlanan bir sualın cavabında bildirib ki, Türkiyə ilə Suriya lazım bilsələr Moskva Adana razılaşmasında bəzi dəyişikliklər edilməsinə yardımçı ola bilər. Lavrov daha sonra sözünə davam edərək deyib: "Təbii ki, Türkiyə ilə Suriya arasında bir dialoqun qurulması çox vacibdir. Bizbu məsələyə lazım olan dəstəyi göstərməyə hazırıq. Anqara və Dəməşq Adana razılaşmasında hər hansı dəyişiklər etməyi istəsələr bizbunu qəbul edər və dəstəkləyərik”.

Xatırladaq ki. iki ölkə arasında 1998- ci ildə imzalanmış Adana razılaşması tərəflərin terrorla mübarizədə əməkdaşlığından bəhs edir. Bu razılaşmanın ən mühüm cəhətlərindən biri odur ki, sənəddə terror təhlükəsi zamanı Türkiyənin Suriya sərhədlərinə doğru 5 km. girməsi bəndi də öz əksini tapıb. Son anlaşmalardan sonra Türkiyə artıq sərhəddin 30 km. dərinliyinə doğru girmək imkanı qazansa da, hələ Suriya böhranının başlamasından çox-çox əvvəl belə bir sənədin imzalanması terrorla birgə mübarizənin hər iki dövlətin maraq dairəsində olduğunun bariz nümunəsidir. Odur ki, Bəşər Əsəd reallıqla barışmalı, Suriyadakı hadisələrin ilk mərhələsində Türkiyənin sərgilədiyi mövqeydən dolayı içinə yığılmış kini boğaraq Türkiyə ilə birliyinə dodaq büzməməlidir.

Ötən yüzilliyin 20-ci illərində ortaq maraqlar ucbatından Leninlə Atatürk arasında yaranmış qısamüddətli əməkdaşlığı çıxmaq şərtilə Türkiyə-Rusiya münasibətləri öz çoxəsrlik tarixi ərzində heç vaxt indiki qədər yaxın olmayıb. Bu yaxınlığı şərtləndirən bir çox məqamlar olsa da, ən başlıca səbəb, heç şübhəsiz ki, hər iki ölkənin və onların liderlərinin ABŞ və Avropa Birliyi tərəfindən təklənməsidir. Putinin yaxın sələflərindən fərqli siyasətini, bir az da konkret desək, yeni geopolitik iştahlarını, Ərdoğanınsa Atatürkdən sonrakı türk liderlərinin heç birində olmayan müstəqil davranışlarını sinirə bilməyən Qərb unudur ki, bu cür qısnama siyasətiylə onları nəinki özlərindən daha da uzaqlaşdırır, eyni zamanda bir-birilə günbəgün yaxınlaşdırır.

Rusiya ilə məsələ xeyli bəsitdir, ABŞ və AB-nin orda demokratik bir dövlət qurmaq illuziyası puç oldu. Odur ki, bir vaxtlar adına şər imperiyası dedikləri və çox böyük çətinliklər hesabına çökdürdükləri Sovetlərin yeni dirçəlişini əsl fəlakət və məğlubiyyət sayır, buna hər vəchlə mane olmağa çalışırlar.

Bəs, Türkiyə? Özünün NATO müttəfiqinə, həm də bütün Yaxın Şərqdə yeganə dayağı və güclü hərbi potensiala malik bir müttəfiqinə qarşı bu cür kin-kidurətli mövqe nədən qaynaqlanır?

Təbii ki, Türkiyə Avropa standartlarına uyğun gələn bir demokratik dövlət deyil. Elə buna görə də onun AB-nə üzv olması barədə hələ Ərdoğanın hakimiyyətə gəlişinin ilk dönəmlərində başlayanbir müddət intensiv şəkildə davam edən danışıqlar, deyəsən, artıq biryolluq keçilməz dalana dirənib qaldı. Açığı, dərindən incələyəndə burda həm haqsız, həm də haqlı məqamların olduğu üzə çıxacaq. Burda məsələ təkcə dövlətlərin, ölkələrin siyasi, iqtisadi, stratejis. əməkdaşlığından yox, həm də ortaq dəyərlər sistemini bölüşməsindən gedir ki, bu sahədə Qərb və Şərq toplumu, onların mentaliteti, təfəkkür tərzi arasında adi gözlə görünəcək dərəcədə kəskin fərqlər var. Üstəlik, Ərdoğanın aşırı dinçiliyininbu məsələdə axırıncı rol oynamadığı heç kimə sirr deyil.

Ancaq terrorizmlə mübarizə, ölkənin ərazi bötövlüyünü qorumaq hər bir dövlətin təməl haqqıdır, axı. Təəssüf ki, Qərb müttəfiqləri bu məslədə də Türkiyəyə qarşı səmimi deyillər və onun bu yöndəki hər hansı təşəbbüsünü süngüylə qarşılayırlar. Addımbaşı Anqaranın ünvanına haqlı-haqsız təhdidlər yağdırmaq, onu sanksiyalarla hədələmək artıq Qərb siyasi dairələrinin az qala hobbisinə çevrilib. Düzdür, belə məqamlarda NATO yetkililəri nisbətən təmkinli mövqe sərgiləyirlər, ancaq nəzərə alsaq ki, dövlətlərin hərbi müttəfiqliyinin taleyi də hərbiçilərin yox, siyasətçilərin əlindədir, onda heç etibarlı hərbi tərəfdaşlıqdan da danışmaq mümkün deyil.

Beləliklə, Rusiyayla Türkiyənin Qərbin yuxusuna haram qatan bugünkü əməkdaşlığının təbii şəkildə, necə deyərlər, zamanın diqtəsiylə gündəmə gəldiyini, bir az da bədii-psixoloji çalara bürüyərək özünüqoruma instinkti nəticəsində yarandığını söyləsək, yanılmarıq.

Dünən Vaşinqtondan, onsuz da, böhran dövrünü yaşayan ABŞ-Türkiyə münasibətlərinin daha da pisləşməsinə rəvac verəcək yeni bir xəbər də gəldi. Konqresin Nümayəndələr Palatası Türkiyənin əleyhinə birdənbirə iki qərəzli qətnamə çıxardı. Bu qətnamələrin biri "Sülh çeşməsi” əməliyyatı ilə bağlı Türkiyəyə sanksiyalar tətbiq olunması, ikincisi isə artıq uzun illərdir ki, ABŞ siyasətinin kif basmış qovluğunda özünə yer eləmiş və Domokl qılıncı kimi Türkiyənin başının üstündən asılmış qondarma erməni soyqırımı məsələsiylə bağlıdır. Doğrudur, hər iki sənəd Senatda qəbul olunduqdanprezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Ancaq münasibətlərin indiki səviyyəsində həmin üzdəniraq qətnamələrin hər iki instansiyadan keçəcəyi ehtimalı çox böyükdür. Erməni soyqırımı məsələsilə bağlı bu cür təşəbbüslərin qarşısı vaxtilə prezidentlər tərəfindən son anda alınsa da, indiki reallıqlar çərşivəsində, üstəlik, sabah hansı addımı atacağını bu gün özü də bilməyən birisinin evin sahibi olduğu bir dönəmdə bir daha baş verəcəyini proqnozlaşdırmaq xeyli çətindir.

Açığı, hazırkı şəraitdə Türkiyəyə yönəlik bu cür sərt addımların atılacağı gözlənilən idi. Ancaq məsələnin acınacaqlı tərəfi həmin sənədlərin qəbul edilməsində yox, necə qəbul olunmasındadır. Çünki hər iki qətnamə, demək olar ki, demokrat və respublikaçı konqresmenlər tərəfindən yekdilliklə, birincinin əleyhinə 16, lehinə 403, ikincinin əleyhinə 11, lehinə 405 səslə qəbul olunub. Demokratik yolla seçilmiş parlamentlərdə hətta sıradan hər hansı bir sənədin qəbulu zamanı da çox nadir hallarda bu cür həmrəylik nümayiş etdirilir.

Təbii ki, məsələnin iki kökü var. Bunun birincisi, son vaxtlar Amerika siyasi dairələrində əndazəsini aşan antitürk ovqatdırsa, ikincisi Türkiyə prezidentinin bəzən haqlı, bəzən haqsız olaraq gün-gündən artan antiamerika və nə qədər qəribə də olsa, antiisrail ritorikasıdır. Məsələ burasındadır ki, Ərdoğan məşhur "ayn moment” demarşından sonra məqsədli və ardıcıl şəkildə zahirən kiçik və gənc İsrail dövləti, mahiyyət etibarıylasa dünya siyasətini ovcunda gəzdirən bütün İsrail övladlarıyla münasibətləri açıq düşmənçilik səviyyəsinə qaldırdı. Hələ çox-çox uzaq tarixi dövrlərdən bu qövmlə türklərin yaxşı münasibətləri olmuşdu. Xristianlar tərəfindən hər addımbaşı təqiblərə və qətliamlara uğrayan yəhudilər fürsət düşdükcə türklərin himayəsinə sığınmış, Osmanlı dövləti onlara qahmar çıxmış, havadarlıq eləmişdi.

Ermənilərdən fərqli olaraq yəhudilər unutqan millət deyil, yaxşılığı yaddan çıxartmırlar. Yəhudi lobbisi məhz uzaq keçmişdən Ərdoğana kimi mövcud olan sıx dostluq münasibətlərinə görə Türkiyəyə həmişə dəstək olmuş, onun maraqlarının müdafiəçisi qismində çıxış eləmişdi. Bax, Nümayəndələr palatasındakı dünənki səsvermənin bu cür biabırçı nəticəsinin başlıca səbəblərindən biri də həmin dəstəyin itirilməsiylə bağlıdır. Odur ki, tarixin heç bir dönəmində indiki qədər güclü olmayan yəhudilərlə bu səviyyədə düşmənçilik etmək lazım deyildi. Özükimin-kimin, Ərdoğanın aşiqi olduğu Osmanlını dar ayaqda ingilislərin ayağına verən, öz din qardaşlarına arxadan zərbə vuran ərəblərin ucbatından.

Bəli, bu gün Türkiyə-Rusiya yaxınlaşmasını zəruri edən, artıq onu strateji tərəfdaşlıq müstəvisinə çıxardan əsas amil Qərb siyasi dairələrində həddini aşan və getdikcə təhlükəli mərhələyə qədəm qoyan antitürk siyasətidir. Sanki tarixin təkəri əks tərəfə dönür. Vaxtilə Kremlin təhdidlərindən yayınmaq üçün NATO-ya qoşulmuş Türkiyə indi Qərbin təzyiqlərinə sinə gərmək üçün Moskvaya üz tutur. Razılaşın ki, Putin üçün bundan əla fürsət ələ düşməzdi. Hazırda dünyanın yeganə fövqəlgücü olan bir hərbi blokun Şərq cinahındakı ən böyük dövlətlə ən strateji silahların alqı-satqısı səviyyəsinə qədər dərinə işləyən əməkdaşlığın səbəblərini də məhz burda axtarmaq lazımdır. Hələ bir aşağıdakı açıqlamaya fikir verin: "Kürdlər (oxu: terrorçular) Soçi anlaşmasında nəzərdə tutulduğu kimi sərhəddən 30 km. aralıya çəkilməsələr türk ordusu tərəfindən məhv ediləcəklər”. Sitatın müəllifi vaxtilə hazırda gündə bir adla zühur edən həmin seperatçı terror təşkilatını yaratmış və bəsləmiş rəsmi Moskvanın rəsmi sözçüçü Dmitri Peskovdur.

Belə görünür ki, indi Türkiyənin yox, Qərbin seçim anıdır. Əgər Qərb öz strateji müttəfiqinə yönəlik açıq düşmənçilik siyasətindən əl çəkməsə Anqara-Moskva əməkdaşlığının strateji partnyorluq həddinə yüksəlməsi qaçılmaz zərurətə çevriləcək.

Ədalət  2019.- 2 noyabr.- S.1;4.