Aqil ABBAS
SULTAN
BƏYİN GORU ÇATLADI
Ötən əsrin əvvəlində
Qarabağı, Şuşanı
erməni işğalından,
daha dəqiq desək, Androniki və onun faşizm
yaranmadan faşistlik edən quldur dəstələrini məhv
edən, çıxdıqları
yerədək qovan
Sultan bəy Sultanovu yəqin ki, gənclər tanımır. Bilmirəm tarix
dərsliklərində adı
var, yoxsa yox. Yəqin ki, olmaz.
Vaqif Bayatlının Səttar Bəhlulzadəyə
həsr etdiyi şeirdə belə bir misra var:
Bəzən insan unudulanda
Ölümlər də gerçək olur.
Tarix də unudulanda torpaqlar işğal edilir.
Nə isə…
Sultan bəyin məzarı Qarsdan 60 km. aralıda yerləşən Köçköy
(kəndin adına
baxın – Köçköy,
yəni köçkünlər
kəndi) adlı bir kənddədi. Mən də bir gün
ürəyim istədi
getdim həmin kəndə, Sultan bəyin
məzarını ziyarət
etməyə. Bu kəndin 60-70 faizi demək olar ki, Laçından Sultan bəylə bərabər
Sovet repressiyasından
canlarını qurtarmaq
üçün Türkiyəyə
köçənlərdi.
Sultan bəy əvvəlcə
İrana keçmişdi,
Sovet hökuməti İrandan təkidlə tələb edirdi ki, Sultan bəyi Sovetlərə təhvil versin. Şah gördü ki,
Bəyi burda saxlamağa gücü çatmır, çağırıb
xahiş elədi ki, İranı tərk eləsin.
Onda Atatürk Sultan bəyə
sahib çıxdı , Türkiyəyə dəvət elədi, ona və qohumlarına,
yəni onunla gələnlərə kənd
bağışladı. Və Sultan bəy
ömrünün sonunadək
həmin kənddə
yaşadı.
Qəbiristanlıqdakı başdaşıların demək
olar ki, əksəriyyətinin arxasına
kiril əlifbası ilə «Laçın» yazılıb. Belə məzarlar adətən
əmanət məzarı
sayılır. Haçansa onların
nəşini qaytarıb
doğulduqları torpaqda
basdıracaqlar.
Necə ki, 26 ildi Qarabağdan
kənarda dəfn olunan bizlərin də məzarı əmanət sayılır. Yəni haçansa
həmin məzarları
Ağdama, Şuşaya,
Kəlbəcərə, Laçına
və sair və ilaxır köçürəcəklər.
Vaqif Səmədoğlu yazır:
Məzarıma
Nə başdaşı qoyun,
nə heykəl,
bir cüt ayaqqabı qoyun,
ayaqyalın geyib getsin.
Sultan bəyin məzarının
üstündə də
nə başdaşı
var, nə heykəl. Heç bir cüt ayaqqabı da yoxdur ki, haçansa
Laçın azad olunanda geyinib gəlsin Laçına.
Məzar çox acınacaqlı vəziyyətdədi. Dedim də, başdaşı yoxdu, başdaşının
yerində bir kubik var. Məzarın üstündəki torpaq dağılmasın deyin ətrafına daş düzüblər. Yəni
yerli əhali deməsə, heç kim bu məzarın bu millətin böyük oğlu, qeyrətli oğlu, Andronikin qulağını kəsən
oğlu Sültan bəyin olduğunu öyrənə bilməz.
Mənim maşınımı
sürüb həmin kəndə aparan qarslı balası, Vurğun Əyyubun ən sevimli tələbəsi Aykut (bütün ıqdırlılar,
qarslılar, ərzrumlular
kimi azərbaycanlı
kökənli ) orda təxminən
100-ə qədər şəkil
çəkdi. Bakıya dönərkən
Gürcüstanda maşını
bir çayxanada saxlayıb yorğunluğumu
çıxarmaq istərkən,
həmin şəkillərə
baxmaq üçün
telefonu açdım.
Mənim
də internetdən, telefondan «əla» başım çıxır.
Nə isə, hansısa düyməni basdım, bir anda bütün
şəkillər məhv
oldu. Az
qaldı ürəyim
partlaya. Çox istədim geri
qayıdıb həmin
kəndə gedim və şəkilləri yenidən çəkim.
Təbii
ki, bunu edə bilmədim.
Və bir anlıq fikirləşdim ki, yəqin Sultan bəyin ruhu istəməyib ki, Azərbaycan xalqı onun belə bərbad və acınacaqlı qəbirini
görsün. Vallah, o şəkilləri onun ruhu pozmuşdu.
Türkiyədə çox gözəl bir qanun var. Düzdür, mən bəzən o qanunları qınayıram. Deməli, qardaş ölkədə
məzarlar bir-birindən
fərqlənməli deyil,
bu bir. İkincisi, bir məzarın üstünü götürmək
istəyirsənsə həm
Türkiyənin Daxili
İşlər Nazirliyindən,
həm də Mədəniyyət Nazirliyindən
icazə alınmalıdır.
Yəni bizdəki kimi, hər kəs dədəsinin qəbrinin
üstünə heykəl
yapa bilməz və ya qara
mərmərdən yüz
min dollarlıq nəsə
qura bilməz və sair və
ilaxır.
Yəni hansısa yüksək dövlət məmurunun, bakanın, ya icra hakimiyyəti başçısının dədəsinin
qəbri hansısa bir imkansızın qəbrindən fərqlənməli
deyil. Təbii ki, həmin
şəxs dövlət
və millət üçün böyük
önəm daşımırsa.
Vaxtilə Azərbaycanın Qarsda
Baş konsulu işləmiş Həsən
Zeynalov Kərbəlayi
İsmayılın Iqdırdakı
məzarını adına layiq götürmək üçün
bir neçə il çalışdı.
Daxili İşlər
Nazirliyi, Mədəniyyət
Nazirliyi ilə az qala savaşa çıxdı.
Təbii
ki, Azərbaycan iqtidarı da Həsən Zeynalova böyük dəstək verirdi. Nəhayət,
Türkiyə hökuməti
Kərbəlayi İsmayılın
məzarının üstünün
götürülməsinə və büstünün qoyulmasına icazə verdi. Amma
onu da qeyd
edim ki, Həsən Zeynalov Kərbəlayi İsmayılın
məzarını abadlaşdırarkən
Iqdırdakı həmin
qəbiristanlığı tam abadlaşdırdı ki, orda yatanların əzizləri də Həsən Zeynalova və Azərbaycan hökumətinə təşəkkür
elədi.
Həsən müəllimdən sonra Qarsda Baş konsul işləyən Ayxan müəllim də Sultan bəyin məzarının götürülməsinə
çox çalışdı,
amma alınmadı. Ya gücü
çatmadı, ya da vaxtı. Bilmirəm, həmin məzar yenə əvvəlki kimidi, yoxsa yox.
Yəqin
elə əvvəlki kimidi, yoxsa qəzetlər
(söhbət bizim yox, Türkiyə qəzetlərindən gedir)
bunu bizə minnət kimi manşetlərə daşıyardılar.
Azərbaycanı , Bakını
rus-erməni işğalından
azad edən Nuru Paşanın şəhid olmuş əsgərlərinə ölkəmizin
hər yerində abidələr ucaldılıb.
Heç
uzağa getməyək,
Bakı-Şamaxı yolunda
bir türk əsgərinin məzarı
var.
Mən uşaq
olarkən (onda Bakı-Kürdəmir yolu
yoxuydu, maşınların
hamısı Bakı-Şamaxı
yolu işləyirdi) haçan Bakıya gələrdiksə atam maşını həmin əsgərin dəfn olunduğu yerdə saxladardı. Məzar da yoldan xeyli uzaqdadı, bizi götürüb aparardı məzarın üstünə. Bir
«Fatihə» surəsi oxuyardı, sonra bizə bu məzarın
sahibinin kim
olduğunu anladardı.
O vaxtdan bəlkə
60 il keçir,
mən həmişə
o yoldan keçəndə
ailəmlə, balalarımla
maşını saxlayar,
bir «Fatihə» surəsi oxuyaram. Sonra Azərbaycan hökuməti,
daha dəqiq desək, Ulu Öndər hakimiyyətə
gələndən sonra
həmin yerdə bir mavzoley yaratdı.
Təkcə mən yox, ordan kim keçərsə
ya maşınlarını
saxlayarlar, düşüb
ziyarət edərlər,
ya da ən
azı bir «Fatihə» surəsi oxuyarlar. Və Bakıda da
Şəhidlər Xiyabanında böyük
bir abidə ucaldılıb.
Deyirlər biz
qardaşıq axı, mən də elə
düşünürəm. Bəlkə də Azərbaycanda ən
böyük pantürklərdən biriyəm.
Çünki gözümü
açandan atam məni
belə tərbiyə edib, mən də
övladlarımı elə tərbiyə etmişəm. Yəni
doğrudanmı Türkiyə hökuməti Sultan
bəyin məzarını götürə bilməz? Ola bilər bu gün Türkiyə iqtisadi
baxımdan bir az
çətinlik çəkir, kardeşim,
icazə verin, necə Kərbəlayi
İsmayılın məzarını götürtmüşük,
Sultan bəyin də məzarını
götürək. Demirəm üstünə ya heykəl qoyaq, ya nə bilim nə, heç olmasa səliqəyə
salaq. Ən azı ona
görə ki, bugünki
Türkiyənin qurucusu, bugünki
Türk dövlətinin banisi
Atatürkün ən yaxın
arkadaşlarından biri olduğu
üçün.
Yaxşı, bunu
buraxdıq Türkiyənin üstünə, onsuz
da həll etməyəcəklər.
Ermənistanda Sultan bəyin
qulağını kəsdiyi Andronikin heykəlini
ucaltdılar. Həmin vaxt Sultan
bəyin Qarsda həmin kənddəki goru çatladı.
Yəni doğrudanmı ölkəmizdə Sultan bəyə bir heykəl
ucaldıla bilməz?
Ermənilər Njdeyə , Andronikə heykəl
ucaldırlar, hətta gedib Gürcüstanda
bir insan qatilinə
heykəl ucaldırlar, biz isə özümüzün qeyrətli
oğullarımızdan biri Sultan bəyə heykəl demirəm,
Allahın adicə bir büstünü
qoymuruq.
Niyə görəsən? Bəlkə qorxuruq ki, ermənilərin
xətrinə dəyər?!
Nə isə… Amma onu bilirəm ki, Sultan bəyə hardasa bir heykəl qoyulmasa da, Azərbaycan xalqının qəlbində onun çox böyük heykəli var.
Sultan bəy, Laçın
azad olunacaq. Eybi yox,
onda nəşini Laçına daşıyarıq,
heykəlini də Laçında ucaldarıq.
Ədalət 2019.- 2 noyabr.-
S.1-2.