AĞ ADAMIN
HƏDİYYƏSİ
Aqil ABBAS
Kəlbəcərdən Laçına gedəndə Gəlin qayasını keçəndən sonra Yüzbulaq adlandırılan bir yaylaq var. Bu yaylaqda bir-birindən bəzən on metr, bəzən əlli metr, bəzən bir az da aralı göz yaşı kimi bulaqlar qaynayır. Axırıncı dəfə saymaq istədim, görüm doğrudanmı burda yüz bulaq var, sayıb qurtara bilmədim. Yoruldum. Dedim gələn dəfə sayaram, gələn dəfə də… İnşallah, bir gün qismət olar, sevinc göz yaşlarımı o bulaqların suyu ilə yuyaram. Çox qəribədir ki, orda olmayanları inandıra bilmərəm ki, hər bulağın öz dadı var. Dəniz səviyyəsindən 1500, 1700 metr hündürlükdə olan yaylaqda bu bulaqların qaynaması Tanrının möcüzəsidi. Yerin təkindən daşları, qayaları, torpağı oya-oya və saflaşa-saflaşa qaynayan dupduru, gün işığı tək təmiz bulaqlar.
Əgər o bulaqların gözünə
daş qoysan, ağzını bağlasan mümkün deyil,
özünə bir cığır tapıb gedib hardasa
qaynayacaq.
İstedad da belədi. Nə qədər
basdırmaq istəsən, nə qədər mane olmaq istəsən,
ağzına daş bassan da mütləq qaynayıb
çıxacaq. Özü də elə istedadlılar da
Yüzbulaqdakı pinarlar kimidi. Hər istedadın
yaratdığı əsərlərin öz dadı, öz
tamı, öz gözəlliyi, öz saflığı, hətta
öz duzu var.
Mən bir istedadı vaxtında qiymətləndirə
bilməmişəm, hətta mane olmuşam, Tanrı
günahımdan keçsin. Problemlər, uşaqlar, kirayə
evlər…
Ağır cehiz mebelini
dostlarımla bu kirayə evdən o birisinə – yeddinci mərtəbəyə,
ordan endirib başqa bir kirayə evin dördüncü mərtəbəsinə,
ordan daha başqa bir kirayə evə o qədər
daşımışdıq ki, Vaqif Bayatlı bir dəfə
dedi:
- Bir-iki dəfə də sənin bu mebellərini
daşısaq, hamımız ştanqist olajıyıx.
Sonra da Qarabağ müharibəsi. Bütün
günü çöllərdə, səngərlərdə.
Ailənin bütün yükü onun üzərində.
İki nəfər də ipə-sapa yatmayan ərköyün
oğlan. Bir də elə mən boyda problem. Bax, beləcə
böyük bir istedadın önünü kəsmişdim.
Amma saf daş suyu kimi olan bu istedad
qaynayırdı və bir gün gün üzünə
çıxmalıydı...
… Naxçıvandakı imkanlı
qohumlarından qapılarını döyən çox idi.
Amma o, məni seçdi.
Belə bir şeirim var, qızlara tövsiyyəm budur ki, şairlərə ərə getməsinlər.
Getməyin şairə ərə,
Geyməyiniz şeir,
Yeməyiniz şeir,
İçməyiniz şeir,
Hətta ölməyiniz şeir.
Getməyin şairə ərə.
O, şairi seçdi. Özü
də gözünün önündə dünyanın ən
böyük şairlərindən birinin necə
yaşadığını, hansı məhrumiyyətlər
içində olduğunu, millətinin dərdindən
sağalmaz xəstəliyə tutulduğunu görə-görə
şairi seçdi.
Həmin
şeirdə bir yer də var:
Ümidini
bağlayıb bir ümidsizə
Taleyini,
şam
eləyib əritməyə dəyməzmiş.
Lap
Allahın özüylə də
bu kirəkeş
otaqlarda
gül
ömrünü çürütməyə dəyməzmiş.
O da
ümidini bir ümidsizə bağlamaqdan çəkinmədi.
Düzdür, mən Məmməd Arazın təbirincə
desəm, «gələcəyə inam sarıdan dünyanın ən
varlı adamıydım». O, bahalı villalarda yox, mənimlə
kirəkeş otaqlarda gül ömrünü
çürütməyi seçdi. Mən də
onun bu alicənablığının əvəzinə
istedadına mane oldum. Amma, yuxarıda
dediyim kimi, istedad həmin o Yüz bulaqdakı bulaqlar kimidi,
xeyri yoxdu, bir gün qaynayacaq.
Ailə, uşaq… bir müddət işsiz qaldı. Uşaqlar bir az
gimrikləşəndən sonra Az.TV-də işə davam elədi.
Məşhur «Dalğa» proqramının həm
aparıcılarından, həm də redaktorlarından biri
oldu. Amma uzun çəkmədi. Televiziyanın rəhbərləri hər dəfə
dəyişəndə ixtisara birinci onu salırdılar.
Məmməd Araza gücü çatmayanlar, Məmməd
Arazın kölgəsində qalanlar heyiflərini onun
övladından çıxırdılar.
Hətta bir dəfə məsələyə Ulu Öndər
Heydər Əliyev də qarışdı. Vay dədəm,
vay, Az.TV-nin onu işdən çıxaran rəhbəri indi
ilan dili çıxarıb yalvarırdı ki, geri
qayıtsın. Qayıtmadı. Mən
həyatımda belə tərs adam görməmişəm.
Sonra Etibar Babayev «Space»ə gəldi. Və yenə
televiziya. Bir-birinin ardınca «Bir içim
insan» rubrikası altında altı sənədli film çəkdi.
Təəssüf ki, müqəddəs yeddi rəqəmini
yaxalaya bilmədi.
Özü də sənədli film ənənələrindən
tamamilə kənara çıxdı. Çünki
onun dünyaya da, ədəbiyyata da, sənətə də,
tarixi şəxsiyyətlərə də öz
baxışı vardı.
Əsrin əvvəlində Azərbaycan Demokratik
Respublikasının xaricə oxumağa göndərdiyi gəncləri
və onların sonrakı talelərini, məhv edilmiş talelərini
ilk dəfə O, araşdırıb arxivlərdən
çıxartdı. Lentə aldı, filmləndirdi, milyonlara təqdim
etdi. «Yüz cavan oğlan» filmi belə
yarandı.
Məmməd
bəy Cavanşir Batmanqılıncın nəticəsi, alim və
ictimai xadim Əhməd bəy Cavanşirin qızı, Mirzə
Cəlilin xanımı, Qarabağ camaatının (təkcə
Qarabağ camaatınınmı?) güman yeri Həmidə
xanım Cavanşirin xalqın bilmədiyi xarakterini açan bir
film çəkdi. Həmidə xanımın
simasında keşməkeşli həyatı, fədakarlığı,
ötən əsrin əvvəllərində bütün
çərçivələri məhv etmiş möhtəşəm
bir qadın obrazı yaratdı.
Pənah xanın kötücəsi, zəmanəsinin
görkəmli ziyalısı, Bayat bəylər bəyi Kərim
bəy Mehmandarovun heç kəsə məlum olmayan tarixmizdəki
rolunu araşdırıb çıxarıb filmdə əbədiləşdirdi.
«21 azəri» filmi ilə Cənubi Azərbaycanda
yaşadığımız faciələrin üstünə
işıq saldı. XX əsrin görkəmli şəxsiyyəti,
alimi, dövlət xadimi Əziz Əliyevin həmin proseslərdə
fəaliyyətini ortaya qoydu.
Mənə Cəfər Cabbarlının
ayağını qoyduğu kandarı öpdürdü. Böyük sənətkarın
arxivlərdə hardasa gizlədilmiş məktublarını
belə tapıb üzə çıxartdı.
Təbii ki, atasını da unutmadı. Amma həmin
film təkcə atası haqqında deyildi, həm də qədim
Naxçıvan torpağı, Araz çayı
haqqındaydı. Belə demək mümkünsə,
Naxçıvan torpağı+ sərt iqlimi+Araz çayı=
Məmməd Araz.
O filmlər
«Youtube»də var, izləyə bilərsiniz. Təkcə
«Yüz cavan oğlan»dan başqa. İtib.
Çox təəssüf ki, hələ özümüzdə
olan lent də iyirmi birinci dəqiqədən sonra xarab oldu.
Televiziya rəhbərlərinin demək olar ki,
çoxunda belə bir qısqanclıq var. Özlərindən
əvvəlki rəhbərliyin dövrlərində çəkilən
sənədli filmləri və ya verilişləri yenidən
tamaşaçılara çatdırmağı sevmirlər. Bəzən də
məcbur olub göstərirlər, tarixini silirlər. Etibar Babayevdən sonra bir daha o filmlər göstərilmədi.
Bilmirəm, arxivlərində qalır, yoxsa yox.
Bu filmləri, eləcə də başqa
yaradıcı insanların çəkdiyi sənədli filmləri,
hazırladığı verilişləri Etibar Babayev dədəsi
şair Adil Babayevin xətrinə çəkdirməmişdi.
Bu millətin, bu dövlətin, bu xalqın xətrinə
çəkdirmişdi.
Etibar
Babayevdən sonra O da istefa verdi. Və bir müddət işsiz qaldı. Sonra
dedim ki, mənim həm işim çoxdu, həm də qəzet
məni yorur, bəlkə qəzeti götürəsən? Razılaşdı. Qəzetə
də, kabinetimə də bir əl gəzdirdi. Bir qadın səliqəsi, qadın təmizliyi gətirdi.
Ədəbiyyata, incəsənətə daha
çox yer verməyə başladı. Hətta
mənim yazılarıma da senzura tətbiq etməyə
başladı. Mən də əsəbləşib onun
nömrədən çıxartdığı yazımın
yerini ağ saxlayırdım.
Hələ televiziyada çalışarkən, eləcə
də işsiz qalanda ölkədəki müxtəlif problemlərə
həsr olunmuş məqalələrlə mətbuatda mütəmadi
çıxış edirdi.
Ölkə üçün vacib olan sosial problemlərlə
bağlı məqalələrində, ayrı-ayrı
görkəmli şəxslərə həsr etdiyi
oçerkvari (ona görə oçerkvari yazıram ki, ənənəvi
oçerk janrından çox uzaqdı, ad tapa bilmədim)
yazıların üslubu, dili, hadisələrə və şəxsiyyətlərə
münasibəti, baxışı tam fərqlidi.
Şairlik hamının görmədiyini görmək,
duymadığını duymaq, demək istəyib deyə bilmədiklərini
demək, insanlara inam və sevgi aşılamaqdır. Onun məqalələri
də elə əslində şeir kimidi.
Mən tənqidçi deyiləm, onun
yaradıcılığını təhlil etmək fikrim də
yoxdu.
Bir əmim olub Hacı adında. Müharibədən əvvəl
24-25 yaşında Çində, daha dəqiq desək,
Mancuriyada mühəndis işləyirdi. Şərqi
Çin dəmiryolunu çəkirmişlər. Sonra gəlib Qusarda və Tərtərdə Su
Elektrik Stansiyalarını tikib. Bir
neçə dil bilirmiş. 27
yaşında Tərtər SES-i tikəndən sonra
könüllü müharibəyə gedib və itkin
düşüb. Əmimin diplomu, sənədləri,
Çindən atama yazdığı məktubların bir hissəsi
məndədi. Çox arzulayırdım
ki, ondan bir yazı yazım, heç cür yaza bilmirdim.
Bir də gördüm ki, qəzetdə əmim haqqında bir
məqalə çıxıb: «Uzaq yollardan sizi öpürəm».
İlahi, sanki əmimi məndən yaxşı
tanıyırmış, məndən çox sevirmiş.
Kövrəltdi məni. Kaş
atam Onun əmim haqqında yazdığı məqaləni
oxuyaydı. Atamın yanına gedəndə
həmin qəzeti özümlə aparacam. İlahi, nə qədər xoşbəxt olacaq.
Ad günüm ərəfəsində bir də
gördüm qəzetdə «A.A. – Ağ adam, Ağrılar
adamı» adlı bir məqalə yazıb. Məndən
yazıb. Mənim bilmədiyim Məndən. Elə
nüansları, elə ağrıları tutub ki…
- Nə qədər
yolumuz qalıb?..
-
Ağdamdan Yevlağa qədər, yəni yetmiş beş kilometr.
- Nə qədər
yolumuz qalıb?
- Ağdamdan Laçına qədər, yəni
yetmiş üç kilometr.
- Həyatda
nə qədər yolumuz qaıb?
- Ağdamdan Ağdama qədər.
Nə olsa mən həmişə Ağdamla müqayisə
edərəm.
Ağdam mənim qibləmdi, Məkkəmdi, Kərbəlamdı.
O da bunları elə gözəl tutmuşdu ki, ağlatdı
məni.
Hər dəfə
«Yol romanı»nı oxuyanda kövrəlirəm.
Vurğun Əyyubun ölümündən sonra
oxuyanda isə ağladım.
O, bu
romanda Qarsa Orxan Pamukun gözü ilə yox, öz gözü
ilə baxmışdı. Qarsa Orxan Pamukdan fərqli
yanaşmışdı.
Məqalələrində o qədər alt qatlar var ki, hər
dəfə təkrar oxuyanda yeni nə isə tapırsan.
Etiraf edim ki, onun qədər mütaliəli deyiləm. Savadına,
dünyagörüşünə, yaddaşına heyrət
edirəm. Dostlarla oturub nəyisə müzakirə edəndə
hansısa bir suala cavab tapa bilməyəndə, «dosta zəng»:
sənin 30 saniyə vaxtın var. Praqadakı o məşhur
kilsənin ilk memarı kim olub, cavab dərhal
hazırdı.
Səfərlərdə ekskursiyalarda gidlə gəzməkdən
zəhləm gedir, hamı sürü kimi düşür
gidin arxasınca. O,dinləmək istəyir, mən isə
yalvarıram ki, gəl özümüz gəzək, gidin
danışdıqları mənim üçün mənasızdı.
Sən də bu şəhər haqqında,
burdakı tarixi abildələr, heykəllər, körpülər
haqqında ondan iki dəfə çox bilirsən.
- Bu kilsədən
sağa dönək, burda Kafkanın heykəli olmalıdı…
- İki küçədən sonra bir kafe var, gedək
orda kofe içək. Vaxtilə Nazim Hikmət orda kofe içib…
- Bax, hər
daşı bir zərgər işi olan bu kilsəni beş yüz ilə tikiblər…
O, mənim
elə həyatda da gidimdi, yol göstərənimdi.
Zövqümüzdə fərqliliklər var. Mən Qədir
Rüstəmovu sevirəm, Rəmişi sevirəm, Akif
İslamzadəni sevirəm, O isə Qədiri, Akifi sevir, Rəmişi
sevmir. Mən deyirəm Füzuli, O deyir Nəsimi. Mən futbol xəstəsiyəm, O yox. Amma məcbur edirəm ki, axıradək oturub mənimlə
futbola baxsın. Amma Bəşir Səfəroğlu
demiş, deyəsən son zamanlar azarlayıb. Birdən mənlə
bir yerdə çığırır: «Ə, ver də topu,
axşam evinizə aparacaqsan?!» Hələ futbolla bağlı statuslar da yazır.
Naxçıvandayıq. Qohumunun, o qohumunun ki
vaxtilə ona çox elçi düşüb, çayın
qırağında gözəl bir restoranı var. Eşidib
ki, buralardayıq, restorana dəvət edib. Deyib-gülürük.
- Bax, bu
qohumuna ərə getsəydin, kənddə
yaşayırdın, restoranı da sənin adına
keçirmişdi ki, Məmməd Arazın xətrinə,
polis, vergi onu incitməsin.
O isə
deyir:
- Ona ərə
getsəydim indi Bakıda yaşayırdı, özü də
deputatıydı.
Bir rus filmində rəfiqəsi generalın arvadına
deyir ki, sənin nə dərdin ərin generaldı. Qadın da
cavab veir ki, mən ona ərə gedəndə
leytenantıydı.
Ona da deyəndə ərin deputatdı. Deyir, mən
onu seçəndə «Elm və həyat» jurnalında 110 manat
maaşa qulluq edən müxbir idi.
Mənim atamın anası Pənah xanın nəslindən
Paşa bəy Cavanşirin qızıdı. Anaları
seyid olanlara cümə günü seyidlik düşən kimi
mənə də həftədə bir dəfə bəylik
düşür. Qəribə bir xasiyyətim
var, bir daraq gəzdirmərəm, bir də səhər cibimə
qoyulan dəsmalı günortadan sonra ayaqqabımı silib
ataram.
Hərdən
forslanıb deyəndə ki, mən xan nəvəsiyəm,
gülür:
- Burnunu silməyindən bilinir.
Yəqin ki, anladınız
söhbət kimdən gedir: heç vaxt atasının
adının arxasında gizlənməyən, atasının
kölgəsinə sığınmayan, müstəqilliyini
heç kimə və heç nəyə qurban verməyən,
atası kimi bu millətin sevdalısı İRADƏ TUNCAYdan!
İstədiyim kimi yaza bilmədim, yəqin
heç xoşuna da gəlməyəcək .
9 noyabr onun ad günüdü. Bu yazı da, bu
yazının çap olunduğu kitab da Onun ad gününə
hədiyyəm, sürprizimdir. Nə yazdığım məqalədən
xəbəri vardı, nə də çıxacağı
yeni kitabından.
Bundan əvvəl üç kitabı
işıq üzü görüb: «Sarı odalar», «Yol
romanı», «Müşfiq insanlar ölkəsi». «Yol romanı»
professor Seyfəddin Altaylı tərəfindən türkcəyə
uyğunlaşıb Avrasiya Yazarlar Birliyinin başkanı Yaqub
Öməroğlu tərəfindən də Ankarada
böyük tirajla çap olunub.
Naşir Şahbaz Xuduoğluna da bu kitabı
oxuculara çatdırdığına görə təşəkkür
edirəm.
Xanımına ad günü hədiyyəsi elədi:
A.A. –
AĞ ADAM, AĞRILAR ADAMI
Ədalət 2019.- 9 noyabr.- S.1;3.