Sola dönüş
İradə TUNCAY
İkimizik maşında. Mən
və danışan qız. Daha doğrusu, telefonun naviqatoru. O danışır, mənə yolu göstərir. Yaxşı nəsnədi bu naviqator. İnternet
normal olsa misli-bərabəri
yoxdu. Həəə, əslində yol göstərənlər normal
mühitdə normal anlaşılır.
- Derjites pravee
- deyir. - Yaxşı- deyirəm ... ”Azad qadın” heykəlinin yanından yuxarı
qalxıram. Simvolikdir deyəsən.
Sükanı idarə edən qadın Azad
qadının yanından ötüb keçir...
Bir vaxtlar
burdan keçməyi sevirdim.Vanil
qoxusu vardı bu məhəllədə.
Karamel fabrikinin qoxusu . Biz burda
yaşamışıq bir vaxtlar.
İndi getdiyim yolda isə tramvay işləyirdi.
Bir idiot qohumumuz vardı, gözümə dixlofos fısqırtmışdı. Anamın
məni qucağına alıb ayaqyalın bu
tramvay xəttinin üstündən
qaçmağın dumanlı xatırlayıram. Poliklinikaya qaçmağın. Həkimin
gözlərimə baxmağı da gözümün qarşısında... Tramvaylar yoxdu indi. Poliklinika
qalıbmı? Bilmirəm. İndi bu küçədə çoxlu
təzə tikililər var. Tikili varsa, sökülənlər
də çoxdu. Maşının sürətin
azaldıb boylanıram. Həmən arxadan
siqnallayırlar. Hara tələsirsiz, bala? Təxirəsalınmaz işləriniz var? Uranı zənginləşdirmə prosesinə
gecikirsiz?
Hərdən özümü
bu şəhərdə "Firuzə”
hekayəsinin qəhrəmanı kimi hiss edirəm. Tanımıram şəhəri.
Siz də yəqin Firuzəni
tanımırsız. Qarşılıqlı dolanırıq bu tanımamaqlarla ...
***
Son illər hər dəfə Əqrəb bürcü ulduzların içində öz aparıcı yerini tutanda, hər dəfə soyuq noyabr küləkləri pəncərəni döyəndə anlaşılmaz duyğuların, hisslərin təsirinə düşürəm. Hər dəfə müəyyən bir yaş səhifəsini qatlayıb yeni bir səhifə açanda həyat adlı bu kitabın müəllifi ilə – yəni Zamanla bizim ömrümüzü müzakirə eləmək istəyirəm. Bizim – yəni bu gün orta yaşlarını yaşayan insanların. Bu kitabı fəsil-fəsil vərəqləsək, birinci səhifəsindən bu günə gəlib çatsaq hansı nəticəni çıxaracağıq? Müəllif nə demək istəyirdi, baş qəhrəmanlar kim idi, ana xətt nə idi? Ümumi bir fikrə gələ biləcəyikmi? Və bizim yaşıdlarımız – xoşbəxt sovetlər ölkəsində doğulub bu gün azad və müstəqil məmləkətin vətəndaşları olan yaşıdlarımız – həyatdan nə gözləyirdilər, nə aldılar? Mən düşünə bilən, hər şeyi təhlil edə biləcək insanlara xitabən soruşuram: 20-25 il əvvəl ətrafınızda bolşevik təfəkkürlü hədyanlara inanan, inanmasa da əl çala bilən yırtıcılarla üzbəüz gələndə həyatın dəyişəcəyinə, dünyanın düzələcəyinə inanırdınızmı? Və bu düzəlişlərdə öz payınızın olacağına ümid edirdinizmi? Bu gün bizi yeni yetişən nəsil haqlayıb, yeni nəsil. Onlar yeni dövrün insanlarıdır – ola bilər ki, bizim kimi kitaba hörmətlə yanaşmırlar, ola bilər ki, yazılarını başdan-ayağa orfoqrafik səhvlərlə yazırlar, ola bilər ki, baletlə operanın fərqini anlamırlar... Əsas məsələ odur ki, onlar həyata uyğunlaşmağı öyrəndilər. Bizi bəyənmədikləri üçün bizə məxsus bu kiçicik künc-bucaq ki var, ordan da sıxışdırıb çıxarmaq istəyirlər. İnanın ki, dediyim atalar-oğullar, nəsillər arasındakı anlaşılmazlıq problemi deyil. İndi iş elanlarına baxsanız orda yalnız və yalnız 20-25 yaşlı gənclərə tələbat var. Olğun bir insanın işləmək hüququ yoxdur? Dünən bizə heç yerdə imkan vermirdilər ki, uşaqsınız, bu gün ancaq uşaq axtarırlar. Cəmiyyət niyə belə pedofil olub? Bildiklərimizi, savadımızı tətbiq etməyə nə vaxt imkan olacaq? Biz nə vaxtsa savad və istedadımızın müqabilində çörək qazana biləcəyik? Şantaj eləyə bilməyən, rüşvət ala bilməyən, əyilə bilməyən, işini ancaq düz yolla quran adamlar nə vaxt cəmiyyətə lazım olacaqlar?
Bu günlərdə bir dostum gileyləndi ki, vaxt keçdikcə hiss edirəm ki, boğuluram, hiss edirəm ki, öz yerimdə deyiləm,
öz istədiyim işi
görmürəm. Bizim
yaşıdlarımızın əksəriyyəti belə düşünür. Düşünür,
çabalayır və heç nə edə
bilmir. Biz yaşda insanın başında inqilab havası olmur. Cəmiyyətə
öz biliyi ilə
xidmət etmək ehtirası olur. Bu enerjini işə
çevirmək vaxtı gəlib çatmayıbmı? Göz-qaş oynatmağı, əzalarını
titrətməyi bacarmayanların da
ağlına, sənətinə, istedadına görə
müəyyən bir mövqe
tutmağının vaxtı gəlib çatmayıbmı? Kişiliyi, gücü
ciblərində olanların öz
pullarını kiməsə klip çəkdirməyə
yox, xalqın taleyüklü
problemlərinə yönəltməyin vaxtı gəlib
çatmayıbmı? Gənclərin heç
olmasa burdan getmək ümidi var...
... - Derjites pravee
– deyir qız. Yaxşı
– deyirəm...
Yanımdan ötən maşındakı
adam tanış
gəldi elə bil. Deyəsən, müğənni idi... Nəsə dəqiq baxa bilmədim. Yekə maşında idi.
Bu da bizim
həyat kitabımızın
yeni bir fəslidi. Məmləkət dönüb olub
böyük bir səhnə – 7-dən 77-yə hamı
artist olmaq istəyir.
Mentalitet
10-12 ilə görün
necə dəyişib.
XX əsrin əvvəllərində
Əbdürrəhim bəy
Haqverdiyev "Qacar"
dramını yazanda aktyorlar ondan xahiş eləmişdilər
ki, qadın obrazı yazmasın, aktrisa yoxdur. İndi kişi
başını qaldırıb
baxsaydı fəxr eləyərdi. Bir qəribə tendensiya
da var. Pulsuz adamlar artist olmaq istəyirlər, pullu adamlar şair, bəstəkar. Bu fəslin səhifələri
çox olacaq, ya yox, onu
deyə bilmərəm.
Hələ ki davam edir. Yekə maşınları olur artistlərin... Gör nələri görə-görə
gəlirik ey....
***
Bu dairəyə niyə
gəldim axı? Burdan keçmək qıl körpüsündən keçmək
kimi bir şeydi... Amma Brejnevi xatırladım...
O vaxt bu dairənin adı da başqaydı – XI Qızıl Ordu adlanırdı. Bura açılışına gəlmişdi. Hər zaman
noyabr ayında rəhmətlik Brejnevi xatırlayıram. Onun sonuncu
dəfə 7 noyabr paradında əlini zorla tərpətməyi, maskaya bənzər sifəti yadıma düşür. Ölümü, tappıltıyla məzara
tullanmağı yadıma
düşür. Mənim tələbəlik
illərim Brejnevin həyatının son dövrünə
təsadüf edir.
Həmin
o son dövr Sovet dövlətində də
müəyyən dövrün
sonu demək idi. Daha doğrusu, sonun
başlanğıcı idi.
Ancaq çox dəbdəbəli
və möhtəşəm
sonu. Təntənəli qurultaylar, uzun-uzadı
iclaslar, sürəkli
alqışlar, keçici
bayraqlar və bütün bunların fonunda bomboş dükanlar, talonlar, uzun-uzadı növbələr
– hər şeyə corabdan-kolbasaya tutmuş, evə-maşınacan növbələr.
Kosmosa raket uçurdan, nüvə silahı olan, dünyada nə qədər yetim ölkələri yedirdən Brejnev, yəni sovet hökuməti – öz vətəndaşlarına əyin-baş,
yemək-içmək verə
bilmirdi. Amma insafla danışsaq, bütün bunlar qocalıb-xəstələnəndən, ağlı başından
çıxandan sonra baş verdi.
Ölkə başladı çökməyə.
İndi desəm ki, o vaxt hər şey
pis idi, insafdan kənar olar. Birincisi, Sovet adamları aza qane olmağa öyrəşmişdilər
və hər şeyə əl çalmağa,
"Yaşasın", "Ura"
qışqırmağa həvəskar idilər. İkincisi, Sovetlərin gözəl təhsil sistemi var idi.
Bu gün postsovet məkanındakı ölkələrin
hər sahədəki yükünü Sovet təhsili almış adamlar
çəkirlər. Mühəndisindən, həkimindən tutmuş nazirinə, birinci
şəxsinə qədər. Amma bu təhsil sistemində o
qədər artıq şeylər vardı ki...
Məsələn, hər sessiyada gözümüzü kor
eləyib Sov.İKP tarixini,
qurultayları, həmin qurultaylarda qəbul
olunmuş qərar və qətnamələri
əzbərləyirdik. Sonra məlum oldu ki,
bunlar heç
lazım deyilmiş. Bütün
institutlarda, universitetlərdə ən əsas
kafedra "Elmi kommunizm" kafedrası sayılırdı. Bu fənnə görə, hətta sonuncu kurslardan o qədər uşaqları xaric
eləmişdilər ki. İxtisas
fənləri qalırdı bir tərəfə,
Leninin aprel tezislərini
müəllimlər də, həkimlər də əzbər
bilməliydilər. Deməli, boş
şeylərə ömrümüzün xoş saatlarını, günlərini sərf
eləmişik. Çox təəssüf.
Bunları bizə kim qaytaracaq?
***
...Qayıtmayanlar... Bəlkə qeyri- adi, bəlkə də sıradan bir mənzərədi. İki dağın arasından kiçik bir çay axır... Göz yaşı kimi dumduru suyu var çayın... Amma səsi gurdu, bütün dağ çayları kimi... Gecələr isə ancaq bu çayın şırıltısın eşidirsən. Çox vaxt yağışın səsi də qarışır çayın səsinə...Və bu duet avqustun yandırıcı dağ günəşinə musiqi fasiləsi gətirir. Burada iqlimi idarə edən dirijorun kəskin keçidləri var... Ritmlər qəribə və təzadlı dəyişir ... Dağın bir yamacında oturub çayla sərhədlənən o biri yamacına baxıram... O biri tayda alaçıqlar, öz işində olan insanlar... Xatirimdə belə qalıb. Və o yaşımın möhtəşəm simfoniyası bu gün elegiya kimi səslənir... "Bəlkə bu yerlərə bir də gəlmədim"-demişdi Şair... Şeir orda gəlmişdi dilinə...
Kəlbəcər... İstisu... Bəlkə o yerlərə bir də gələsən?! Xatirələr öldürür adamı...
Maşınım ora gedə
bilmir... Bilməz!!!
***
Siqnal səsi ayırır məni xatirələrdən... Və yaxşı ki, ayırır... Amma burda ayırır da. İnsanın yaşı artdıqca varlığı xatirələrdən ibarət olur. Yoxlarla, varlarla... Yoxlar var həyatımızda, var. Yoxdan Var edən pay verib bizə. Var ola bilmək üçün yoxluğa öyrəşmək gərəkli. Nəyə lazım axı sərsəmlik... Vardı və... yoxdu... Öyrəşsən də budu, öyrəşməsən də...
Nə çətindi Allahım, hisslərinin rəngini çəkmək. Qara da deyil - bulanıqdı. Dərk eləmək, özünə yaxın qoymaq istəmirsən. Hər Yoxluğa hər dəfə öyrəşmək. Varlığın sirri yoxluqdamı? Və bir dostum bu fikirlərimə əlavə edir - birinin yoxluğunu qəbul etmək çox çətindi, qəbul edənə qədər varla yoxun arasında gedib-gəlirsən...
İnsanlar
bölüşmək, paylaşmaq istəyirlər.
Bəzən etiraflar eləmək istəyirlər.
Dünyəvi dinlər bunu məqbul hesab edir. Katoliklər keşişin yanına gedib
günah çıxarırlar, İslamda tövbə anlayışı var... Mənə görə, daha
doğrusu, İslamda
olandı. Bəndəynən Allahın arasına kim girə bilər ki? Üzünü tutdun
yuxarı və "Allahım, əfv elə" dedin... Günahları da
özündən yaxşı kimsə bilməz... Elə etiraflar da var
ki, onu heç
özünə də edə bilmirsən... Amma
öz aralarında bölüşür
insanlar, kimin bəxti
gətirib də məhz anlayana rast gəlsə. Hələ yubiley
yaşına gəlib çatanda
bunları düşünmək…
Siqnallamağına bax da... Hara gedim?
Uçum?
***
Qədim yəhudi dilində "yovel", ya da "yuvel" əvvəllər "qoç buynuzu", sonralar isə "azadlıq ili" anlamı verirmiş. Qoç buynuzunun azadlığa nə dərəcədə dəxli var, deyə bilmərəm (Bəlkə azadlığı qoç döyüşü ilə qazanmaq olar kimi bir interpretasiya da gəlir ağlıma). Amma hər halda Musa peyğəmbərin vaxtından "yovel" qulların sahibindən azad olunduğu, borcluların borcdan qurtulduğu, Toranın xalqa təfsir olunduğu, torpağın dincə qoyulduğu illərə deyirlərmiş. Bu azadlıq zamanı hər əlli ildən bir gəlirmiş. Daha dəqiq desək, yeddi yeddilikdən sonra. Qədim adətlərə görə, yeddi müqəddəs rəqəm sayılırmış və yeddinin yeddiyə vurulmasından sonra (yəni 49-dan) gələn ilin önəmli sayılacağı, nə iləsə yadda qalacağı önəmli sayılırmış. Xristianlıqda Papaların yanında tövbə illəri –JUBİLAEUS düşünülürmüş. Qədim Misirdə fironların hakimiyyətinin 30 illiyi ANNUS adlanırmış. Söz həmin o YOVEL sözündən gəlir. Bu nə sərsəm düşüncələrdi, niyə getdim oralara? Qız niyə danışmır? Və ümumiyyətlə, bu naviqatorlar niyə qadın səsiylə danışır? Yol göstərənlər ancaq qadındır?
- Povernite nalevo – dedi... Şükür... Sola dönmək vaxtıdır. Hamı üçün sola dönmək vaxtıdır. Sola dönüş...
Ədalət 2019.-
9 noyabr.- S.1;4.