Cəlil Məmmədquluzadə
nəslinin davamçıları Azərbaycana gəlir
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Azərbaycana gəlir
Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən ölkəmizə dəvət olunub.
AMEA-dan Azvision.az
-a verilən məlumata görə, Cəlil
Məmmədquluzadə şəcərəsinin nümayəndələri
yaxın vaxtlarda 68 ildən sonra ilk dəfə doğma Vətəndə olacaqlar.
Onlar Azərbaycan Milli
Kitabxanasının və AMEA-nın Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun
təşkilatçılığı ilə ölkəmizdə
Cəlil Məmmədquluzadəyə həsr edilmiş
elmi-mədəni tədbirlərə qatılacaqlar. Cəlil Məmmədquluzadənin
nəslinin davamçıları, həmçinin
yazıçının ev-muzeyini və Fəxri
xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat
İnstitutunun kollektivi
ilə görüşəcəklər.
Akademik İsa Həbibbəyli uzun illərdir ki, böyük Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadənin zəngin
və çoxşaxəli irsini, həyatı,
mühiti və müasirlərini tədqiq
edib öyrənmək, əsərlərini
dünya dillərinə tərcümə
etdirərək kitab halında nəşr
etdirmək sahəsində ardıcıl iş
aparır. İsa Həbibbəyli, eyni zamanda, Cəlil Məmmədquluzadənin
nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək
işi ilə məşğuldur. O, hələ sovet hakimiyyəti
illərində “Vətən” cəmiyyətinin xətti ilə
Cəlil Məmmədquluzadənin xarici
ölkələrdə yaşayıb-yaratmış nəslinin
davamçılarını axtarıb və Azərbaycan ədəbiyyatının
və ictimai fikrinin
inkişafında böyük xidmətləri
olmuş bu ziyalı nəslinin
dünyanın ayrı-ayrı ölkələrində yaşayan nümayəndələrini tapıb
müəyyənləşdirib. Akademik İsa Həbibbəyli ilk dəfə 1992-ci il
yanvarın 25-də Cəlil Məmmədquluzadənin 1941-ci
ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin
(1911-1979) övladları Midhət Cavanşiri
və İren Cavanşiri
ilə Tehran şəhərində görüşüb və onlarla
əlaqələr yaradıb. O, həmçinin 1998-ci
ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan
Tibb Universitetinin məzunu
Məhin Dadipurla nikahından olan qızı Mehri
xanım Səqqətçiya ilə də görüşərək,
onunla da əlaqə qurub.
Məmmədquluzadələr
şəcərəsi ilə əlaqələrini davam etdirən
akademik İsa Həbibbəyli böyük demokrat ədibin
Polşada yaşayan nəvə-nəticələrinin də
ünvanını əldə edərək, onlarla əlaqə
yaratmaq üçün iş aparıb.
İsa Həbibbəylinin
yazdığı “Cəlil Məmmədquluzadənin nəsil
şəcərəsi” Azərbaycan elmində
yazıçıların nəsil ağacından bəhs edən
ilk tədqiqatlardan biridir.
Ədalət 2019.- 14 noyabr.- S.6.