AMERİKADA BAYRAĞIMIZI DALĞALANDIRAN MƏKTƏBLİ - İSTEDAD

Üz-gözündən mələklik tökülən bu qızcığaz Bakıda doğulub. Və doğulduğu bu şəhərin, eləcə də bütöv Azərbaycanın adını dünyada tanıtmaq, bu ünvanları öz uğurlarıyla şərəfləndirmək missiyasını özünün kövrək çiyinlərinə götürüb.

Sona Vüsal qızı Mirzəyeva 2007-ci ilin yanvar ayının 9-da doğulub. Əgər Sovet dönəmi olsaydı, 9 yanvar tarixini kimsə aparıb inqilabla, üsyanla bağlayardı. Amma mən Sona Vüsal qızının qazandığı uğurlara istinad edərək hardasa "9 yanvar” tarixini onun uğurlarına bir təkan kimi görürəm. Çünki bu qızcığazın içindəki od-alov, oxuyub-öyrənmək, nümunə olmaq istəyi sonsuzdu. Elə bu səbəbdəndir ki, lap kiçik yaşlarında təhsil aldığı Bakı Oksford məktəbində pedaqoji kollektivin, sinif yoldaşlarının sevimlisinə çevrilib. İbtidai siniflərdə oxuduğu vaxtlarda o, məktəbdə və paytaxtımızda keçirilən riyaziyyat, eləcə də təbiət elmləri üzrə olimpiadalarda uğurla çıxış etmiş və fəxri fərmanlar, sertifikatlar qazanmışdı. Sona Vüsal qızının adına yazılmış "Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr edilmiş” inşa müsabiqəsində, "Azərbaycan - Yurdum mənim” müsabiqəsində, həmçinin bir çox ingilis təmayüllü məktəblərin texniki fənlər üzrə bilik yarışmalarında qalib yerlərin diplomları, hədiyyələri var. 7-ci sinif şagirdi olan bu qızcığaz rəssamlığa da böyük maraq göstərir. Onun çəkdiyi şəkillər "Saf rənglər” Beynəlxalq Rəsm Yaradıcılıq Festivalında diploma layiq görülüb. Çox qəribədir ki, Sona piano arxasında əyləşəndə də hamının diqqətini özünə çəkə bilir. Musiqi təhsili alan Sona ifa etdiyi mahnılarla hər kəsin könlünü oxşayır. Ona görə də onun uğurlarının coğrafiyası get-gedə böyüyür, genişlənir.

Bu günlərdə Sona beynəlxalq miqyaslı bilik yarışmasında Azərbaycanı uğurla təmsil edib. Belə ki, 82 ölkənin iştirakçısı olduğu "Wold Scholars Cup” (dünya alimlər kuboku) bilik yarışmasında ilk turda 9 medal qazanan Sona iyul ayının 21-26-da Niderlandın Haqa şəhərində keçirilən 2-ci tura qatılmışdı. Burada da o, medal qazanaraq Çempionlar turnirinə vəsiqə əldə etmişdi. 1000 nəfərdən artıq şagird arasında keçirilən həmin Çempionlar turnuru noyabr ayının 8-13-də ABŞ-ın Konnektikut şəhərində keçirilmişdir. 1701-ci ildə bünövrəsi qoyulmuş və ABŞ-ın sayca ən qədim 3-cü universiteti olan Yale Universitetində həmin müsabiqə böyük uğurla başa çatmışdır. Sona Mirzəyeva bu yarışmada çox parlaq nəticə göstərərək Amerikadan Da Vinç mükafatıyla qayıtmışdır. Eyni zamanda o, Azərbaycanı bu yarışmada uğurla təmsil edərək ölkəmizə növbəti qələbənin medalını də gətirmişdi.

Uğurların bol olsun, Sona Vüsalqızı! Sən Azərbaycanın gələcəkdə şöhrətli alimlərindən biri olacağına bizi artıq inandırmısan!

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət  2019.- 21 noyabr.- S.6.