Kəramət
Böyükçöl: "Mən Qarabağa görə
vuruşmaram!"
Mənə görə
yazıçının ən vacib xüsusiyyətlərindən
biri onun maraqlı olmasıdır. Maraqsız birinin
yazıçı ola biləcəyinə inanmamışam
heç vaxt.
Həmin o maraqlı adamlardan biri də Kəramət
Böyükçöldü. Yenə camaata əlbəəl
kitabını satmağa başlayan Kəraməti tapıb suallarımı
verdim:
- Kəramət, ən pik həddə gələndə
nəyə and içirsən?
-
Barışın canına.
- Çox yalan danışırsan?
- Ehtiyac
olanda.
- Nə vaxt yalana ehtiyac duyursan ki?
- Məsələn,
kimsə məni məcbur edəndə. Tutaq ki,
bir qadın səni evə tez gəlməyə məcbur edir,
sən də dostlarla oturub yeyib-içirsən, amma onun da
ürəyini qırmaq istəmirsən. Başlayırsan
ona fərqli yalanlar danışmağa ki, bəs təcili bir
işim çıxıb ora gedirəm, vəziyyət
ağırdı. Belə də...
Cəmiyyət də səni məcbur edəndə yalan
danışırsan. Ümumiyyətlə, həqiqətlə
yaşamaq mümkün deyil. Dünya həqiqətlə
idarə oluna bilməz, ölkə həqiqətlə idarə
oluna bilməz, insanlar həqiqətlə idarə oluna bilməz.
Yalana daha çox ehtiyac var. Bizim cəmiyyət
yalan danışanı yox, həqiqəti deyəni cəzalandırır.
Heç kim yalan danışır deyə
peşman olmur, amma həqiqəti dediyimiz üçün
peşman oluruq.
- Ən çox köməyinə
çatan yalan hansı olub?
-
Özümü insanlara yazıçı kimi təqdim eləməyim.
Adamları yazıçı olduğuma
inandırmışam, amma görürəm ki bu
yalanımın arxasında dayanmağa potensial məndə
yoxdu.
Bu məqamda
Kəramətə zəng gəlir:
- Alo, hə,
qardaş, Kəramətdi. Sən hardasan ? Metronunun çıxışında gözlə gəlirəm.
Mən Akademiyanın arxasında kafedəyəm.
Neçə kitab lazımdı? Yaxşı. Gəlirəm.
Kəramət
çantasından 2 kitab götürüb deyir:
- Ulucay, səncanı
üzrlü say, oxucumdu, kitab almağa gəlib. Tez
bu 2 kitabı verib gəlirəm.
5 dəqiqə
sonra Kəramət əlində bir dənə 20-lik ilə
qayıdır:
- Sonra
deyirlər ki, camaat kitab almır!
Təzə
çay gəlir və mən suallarımı verməyə
davam edirəm:
- Səndən narazı olanlar niyə
narazıdırlar, bilirsən?
- Mən
kitablarım, romanlarım var, amma adamlar mənim 2 dəfə
evlənməyimi müzakirə edirlər. Sonra
irad bildirirlər ki, özün paylaşırsan da. Mən sevdiyim qadınla şəkli
paylaşmıram ki sən müzakirə edəsən.
Fikir bildirmək istəyirsən, get kitablarımı oxu, onlar
haqqında nə istəyirsən yaz, de.
- Doğrudan deputat olmaq istəyin var?
- Əlbəttə, deputat olmaq istəyirəm. Son illər
ümumiyyətlə bu mənim ağlımdan
çıxmır. Vəzifə adamı
olmaq üçün, daha şöhrətli olmaq
üçün yox, sadəcə həyatıma rəng qatmaq
istəyirəm.
- Deputat olsan, sən də
"quşlayarsan”?
- "Quşlamaq” üçün deputat olmağa ehtiyac
yoxdu.
- Belə də quşlaya bilirsən,
hə?
- Hə
(gülür). Ümumiyyətlə, mən bu
"quşlamaq” sözünü qəbul etmirəm. Bilirsən, ölkədə adamların bir hissəsi
ateistdi, bir hissəsi dindardı, bir hissəsi konservativdi, bir
hissəsi liberaldı, nə bilim, kosmopolitdi,
türkçüdü. Məsələn, məni
kosmopolit fikirlərimə görə alqışlayan adam, meyxananı tənqid etdiyimə görə
məni söyür. Cəmiyyət çoxdu, mən
bir adamam. Mən necə edim həm ateist
olum, həm dindar, həm milliyətçi olum, həm
kosmopolit. Yəni əgər fikir
adamısansa, yazıçısansa, neyləsən də səndən
narazı olan adamlar olacaq.
- Səncə deputatlığa namizədliyini
versən, sənə nə qədər adam
səs verər?
-
Çox adam səs verər. Çünki mən bu adamların damarlarını
yaxşı tuturam və onlara uyğun
çıxışlar edərəm. Mən
bu xalqı Siyavuş Novruzovdan daha istedadlı aldadaram. Dəfələrlə bizim deputatlarla oturanda
demişəm ki, siz yalanı da yaxşı danışa
bilmirsiniz. Onlar özləri də
gülürlər. Bütün var-dövlətlərini
yalan üzərində qazanıblar, heç olmasa yalanı
istedadlı, maraqlı danışsınlar da.
Yaxşı
basıb-bağlayın da!
Görürsən kostyumda, qalstukda, yekə
qarnını verib qabağa, tribunada şəhidlər
haqqında pafoslu danışır. Ay alçaq, elə o qarnına baxan
kimi bilinir ki, sən şəhid dərdi çəkən
deyilsən!
Kəramətin telefonuna yenə zəng gəlir. Nömrəyə
baxır, 1-2 saniyə düşünür və telefonu səssizə
qoyub davam edir.
Görəsən
zəng edən kim idi? Sevgilisi,
ya anası? Bəlkə Qəşəm Nəcəfzadə
idi zəng edib hansısa statusuna görə söyəcəkdi?
Ya da hansısa borclu olduğu dostu. Kəramət o zəngi açmır və bu sual
olaraq qalır. Niyəsə heç mən
də soruşmuram. Kəramət fikrini toplayıb davam
edir:
- Ya da
görürsən ki, yalanları divara dirənən kimi
"Bizim Qarabağ kimi dərdimiz var!” deyirlər. Camaat aclıqdan ölür, işıq pulunu ödəyə
bilmir, qaz pulunu ödəyə bilmir, uşağıma yemək
ala bilmir, bu da deyir "Qarabağ kimi dərdimiz var!”. Biz neyləyək?! Qarabağ
problemi yarananda mən heç anadan olmamışdım.
Sən öz yaratdığın dərdin,
problemin məsuliyyətini niyə bizim çiyinlərimizə
qoyursan?! Mən dünyaya gəlmişəm
ki gedim elan olunmamış bir müharibənin gülləsinin
qurbanı olum?
- Millət vəkillərimizdən
heç birini bəyənmirsən?
- Bizim Milli Məclisdə çox yaxşı adamlar var,
amma yaxşı deputat yoxdu. Məsələn, bəlkə
də Siyavuş Novruzov küçədə ayağı
qırılmış bir pişik görsə, onu
götürüb aparar baytara, o dərəcə yaxşı
adamdı, amma bu onun yaxşı millət vəkili olduöu
demək deyil axı. Bütün
günü kanallarda yalan danışır, sonra bəlkə
özü də o çıxışlarına baxanda
gülür. Yəni, mən deputat olsam, həqiqəti
deməsəm də, həqiqətin üstünə getmərəm,
onu qamçılamaram, Əbülfəz Elçibəy
demiş "böyründən keçərəm”.
- Deyəsən
veriliş aparıcısı olmağa hazırlaşırsan.
- Hə.
"APA”-da veriliş aparacam. Əvvəl
müsahibələrimi diktafonla alırdım, indi kamera
qarşısında alacam. Debatvari
veriliş olacaq, amma hamını da sıxmağa
çalışmayacam. Axı mən Qulu
Məhərrəmli kimi adamı verilişə
çağırıb maraqlı olsun deyə hoqqa
çıxara bilmərəm.
- Səncə ölkənin ən mənasız
adamı kimdi?
-
Bütün sahələrdən var e elə adamlar. Məsələn, aşıqlardan aşıq
Namiqdi. Simasından mənasız, məzmunsuz adam olduğu hiss olunur. Sonra o
Hacı Nuran mənə mənasız təəssürat
bağışlayır. İnan Bayram Nurlu
ondan daha çox mənalı görünür mənə.
Ədəbiyyatda da belə adamlar var.
- Məsələn...
Ad çək!
- Məsələn,
Azad Qaradərəli. Hisslərini vaxtında
yaşamayıb, o vaxt çap olunmayıb, qapılar
üzünə bağlanıb, indi görürsən ki
paylaşır "Bu gecə bir romanı bitirdim”. Adam gülməkdən ölür. Bunu əvvəl də demişdim. Bir dəfə
Əkrəm Əylisli soruşdum ki, nə yazırsız, o da
biraz dilxor dedi ki, artıq yaza bilmirəm. Birdən Azad müəllim
də söhbətə girişdi ki "Əkrəm müəllim,
mən də yaza bilmirəm!”. Ta Azad Qaradərəli
bilmir ki, onun yaza bilməməyi ilə Əkrəm
Əylislinin yaza bilməməyi eyni deyil. Əkrəm
müəyyən bir həqiqətə çatmış
yazıçıdı, loru desək, bolt fırlanır,
axırda gəlir dəmirə dirənir, bərkiyir e, bax elədi.
Azad müəllim, sən sarvat olmuş bolt kimisən, sən
niyə yaza bilmirsən?
- Başqa kim var? Mənim özümü də tənqid
eləmisən Rəşad Məcidlə müsahibədə.
- Sənin
öz meydanında olmadığını
düşünürəm deyə qınayıram. Bəzən
sənin gənc olduğunu hiss eləmirəm. Çox
hər şeydən agah kimi aparırsan özünü.
Onsuz da ömür qabaqdadı da. Niyə tələsirsən böyük
görünməyə? Bəlkə bu məndə
də var. Məsələn, əvvəl mənə deyirdilər
ki, gündəm yaratmaq üçün nələrsə
yazıram, mən də inkar edirdim, amma indi görürəm
ki, haqlıymışlar. Əvvəl
hamının məndən danışması, gündəm
yaratmaq mənə ləzzət edirdi, amma indi məndə o
hisslər yoxdu. Çünki onları
vaxtında yaşadım və keçdi. Vaxtında
yaşamasam, gələcəkdə yaşlı vaxtlarımda
bambılıya dönərdim.
Yenə zəng
gəlir və Kəramət cavab verir:
- Alo! Hə, Akademiyanın arxasındakı parkdayam, saat 8-ə
kimi. Yaxşı, çatanda zəng edərsiniz.
Elə mən də fürsətdən istifadə edib
mövzunu dəyişirəm.
- Kəramət, hər dəfə qəfil
nə olur ki başlayırsan əlbəəl kitab satmağa?
Pulun qurtaranda?
- Pul məsələsi
deyil. Darıxıram, sıxılıram. İstəyirəm oxucularımla
görüşüm, söhbət edim. Biraz
maraqlı nəsə olsun. Düzdü,
pul da vacibdi. Biri gəlir kitab alır, pulu
verir, "zdaç” götürmür. Biri 10 kitabın
pulunu yollayır, deyir kim istəsə
kitabı ona verərsən. Hələ o dəfə biri
kitabıma 500 manat verdi, dedi mən kitab
oxuyan deyiləm, bunu statuslarına görə verirəm. Fikirləşdim ki, elə kitab oxuyan olsa, cibində
500 manat olmazdı.
- Sən kitabı neçə tirajla
çap etmisən ki, 10 ildi satıb qurtarmırsan?
- 3
kitabım çıxıb, cəmi də 3 dəfə belə
kitab satmışam. Hər dəfə 150-200
kitab satdığımı hesablasan, hələ 3-4 dəfə
də belə aksiya edə bilərəm.
- Bugün neçə kitab
satmısan?
- Hələ
ki 10 dənə.
- Sənə onu tərifləyəsən
deyə, ya tənqid edəsən deyə pul təklif edən
məmurlar olub?
- O təklifləri
elə adama edərlər ki, bilərlər o adam
pula görə belə şeyə gedər. Məni
tanıyanlar bilir ki mən elə şey etmərəm. Guya mən kimi tərifləmişəm ki? Dəyərli jurnalistimiz Qulu Məhərrəmlini tərifləmişəm.
O da ziyalımızdı. Keçən səfər
Mübariz Mənsimovu təriflədim, birmənalı
qarşılanmadı. Mübariz müəllim
insanlara kömək edir, xeyirxah adamdır, mən də bu
yaxşılıqlarının əvəzi olaraq ona aid bir
status paylaşdım. Hamını
baltalamalı, pisləməli deyiləm ki. Bax mən gənclərin dostu, əzizi, hər
nazımıza dözən Aqil Abbası mən necə tərifləməyim?
Hətta bəzən onu yarı ciddi, yarı
zarafat tənqid edəndə də bizdən küsməyib.
- Qarabağ müharibəsi
başlasa, vuruşmağa gedərsən?
-
Müharibənin başlamasını istəmərəm təbii
ki. Müharibə başlasa, döyüşməyə
qorxaram. Ta məni itələyə-itələyə
döyüşməyə aparsalar da məcbur qalaram. Amma belə soruşsan, istəmərəm, getmərəm.
Başqalarını da düşünmək lazımdı.
Axı niyə 18-19 yaşında bir oğlan
gedib torpağa görə ölməlidir? Özümü də əlimdə silah filan təsəvvür
eləmirəm.
Kəramətin telefonuna yenə zəng gəlir. Tələsik
çantasından iki kitab çıxarır və
"Çatdım, çatdım, 1 dəqiqəyə
ordayam, səni görürəm!” deyib çıxır.
Mən isə Kəraməti gözləmədən
redaksiyaya qayıdıram.
Heç vaxt müsahibənin sonunda müsahibim
haqqında fikir deməmişəm, amma Kəramət
haqqında 1-2 cümlə yazmaq istəyirəm.
Amerikada
universitetlərdən birində professor dərsə girir və
cibindən 100 dollar çıxararaq tələbələrə
göstərir və soruşur:
- Bu nədir?
Hamı
bir səslə cavab verir:
- 100
dollar!
Professor pulu əlində sıxır, əzik-əzik
edir və tələbələrdən soruşur:
- Bu nədir?
Hamı yenə bir səslə cavab verir:
- Yüz dollar!
Professor əzik-əzik etdiyi yüz dolları
yerə atıb üstünə tüpürür və təpikləməyə
başlayır:
- Bəs bu nədir?!
Cavab dəyişmir:
- 100
dollar!
Hə, camaat. Bax Kəramət də həmin 100 dollar
kimidi. Biz Kəraməti rahatca söyə
də bilərik, döyə də bilərik, üzünə
tüpürüb sonra qucaqlaya da bilərik, amma Kəramət
bütün hallarda Kəramət olaraq qalır.
Ulucay Akif
Ədalət 2019.- 21 noyabr.- S.7.