SEVGİ ADASI
İradə
TUNCAY
Yazarın arxivindən
Həmin vaxtdan bir xeyli
keçib. Amma zaman-vaxt anlayışı
nisbidi təbii. 2011-ci ilin mart ayında
Kiprə səyahət
eləmişdim. Dönüşdə
"Sevgi adası"
adlı bir yazı yazmışdım . Və bu yazıda
bəstəkar Cavanşir
Quliyevlə görüşümüz
haqqında yazmışdım.
Bilənlər bilir -Cavanşir
neçə ildi şimali Kiprdə Yakın Doğu universitetində çalışır.
Ad günündə həmin yazını xatırlamaq istədim.
CAVAN
ŞİR
Yenə həmin Yakın Doğu Universitetinin kampındayıq. Amma bu dəfə
ayrı vəsiləylə.
Bəstəkarın görüşünə gəlmişik. Deyəsən pafoslu alındı. Pafossuz deyim, həmin bəstəkarı 20 ildən
çoxdu "sən"
deyib çağırıram.
Hələ ki, görmür məni. Maşının pəncərəsindən boylanan qadına fikir vermir. Sevincək halı ilə tələsə-tələsə maşına yaxınlaşır.
O, məni görmür,
amma mən görürəm ki, bir az çəkisi artıb, bir az da
saçları ağarıb.
Yerişi dəyişməyib, həmin cəldliklə gəlir. Gözləri
gülür... Gülməyinə gülür, amma həmin tənhalıq yağan baxışlardı.
Hər kəsin yaradıcılığı
özünün ruh halının ifadəsidi.
Musiqisi elə gözlərinə
bənzəyir - Qəm
pəncərəsi.
Maşının yanında öpüşlər-
görüşlər bitəndən
sonra pəncərəyə
ötəri, çəkinə-çəkinə
bir nəzər salır. Elə-belə, ötəri...
Və sonra, gözləri böyümüş
halda baxıb, qapını açır:
- İradəəəəə!
- Həəəə!
***
- Heç ağlıma gəlməzdi sizinlə burda görüşəcəyim,
nə yaxşı oldu.
- Amma biz əvvəldən qərarlaşdırmışdıq səni tapacağımızı.
- Nə yaxşı oldu...
Maşında şəhərin mərkəzinə
gedə-gedə söhbətləşirik. Ordan-burdan, yaşamdan,
qürbətdən, siyasətdən.
Qulaq asdıqca həm də düşünürəm,
niyə belə olsun, niyə? Altmışı haqlamış, musiqimizdə
öz yeri olan, sevilən böyük bəstəkara
böyük Vətənin
(hər halda bizim məmləkət bu adadan çox-çox
böyükdü) bir
guşəsində rahat
bir yer tapıla
bilərdi axı.
Başqa heç nə yazmamış olsaydı belə "Əsgər marşı"nın müəllifidi
axı.
- İndi sizə
şəhəri göstərəcəm. Balaca bir
yerdi.
Maşından enirik. İki-üç gün əvvəl
gəzib-dolaşdığımız Lefkoşaya başqa tərəflərdən baxırıq.
- Burda elə dəbdəbəli, təmtəraqlı
məkanlar yoxdu.
- Necə yoxdu, kazinolar alışıb-yanır.
- Kazinolar heç. Keçən Qurban bayramında
Ramiz Məlikaslanov İstanbuldan gəldi bura bayramı keçirməyə. Apardım
onu kazinoya, bir az məzələndi. Bilirsiz, mən
burda bu adamların içində
müstəqil ölkə
olmanın üstünlüklərini
dərk elədim.
Öz pasportun, pasportunda möhürün. Buralarda asılılı,
tanınmamış bir
yer olmanın kompleksini yaşayır hər kəs. Bizə qibtə ilə baxırlar.
- Cavan, burda heç
antik abidələr yoxdu?
- İndi göstərəcəm. Qarşıda bir sütun var, deyirlər Romalılardan qalıb.
Bir də ki, 400 il
Osmanlıyla nə antik abidə.
- Niyə ki, İstanbulda
yoxdu, ya da bütün Türkiyənin ərazisində
yoxdu?
- Sən oralara baxma, burda yönətim
tez-tez dəyişib.
Cavanşirin Şəki ləhcəsinə
bir az
Kıbrıs şivəsi
də qarışıb.
Bir növ sintez. İndi onun danışdıqlarına
qulaq asa-asa həm də fikirləşirəm ki, Cavanşir gənclik illərində efirdə təzə-təzə görünəndə
gözəl, səlist,
məntiqli söhbətləri
ilə bizi inandıra bilmişdi ki, bəstəkarlar Azərbaycan dilində də danışa bilirlər, fikirlərini izhar edə bilirlər. Bizi inandıra bilmişdi ki, estrada
musiqisində saz da səslənə bilər. Cavan sintezi sevir, hər mənada...
- Bax, indi bu
aralıqdan keçək,
yunan Kipri ilə sərhəd məntəqəsini görəcəksiz.
- Açıqdı sərhəd?
- Hə, burdan ora gedirlər, ordan bura gəlirlər,
amma vətəndaşı
olmalısan Kiprin.
- Mənim diplomatik pasportumla olmaz?- deyən Aqil
Abbasa:
- Olar, amma belə
olar da. İndi Ercan hava limanından
İstanbula, ordan da Afinaya uçub,
geriyə - Yunan Kiprinə qayıda bilərsən. Belə
olar!
... Sərhəddə (sərhəd deyəndə
ki, balaca bir qapıdı. Qapıda gömrükçülərmi, sərhədçilərmi oturub
pasportlara baxırlar, vəssalam) qələbəlikdi.
Görünür, hər iki tərəfdə hər iki tərəfi maraqlandıran ticari nələrsə var. Çünki
hamı bərk alış-verişdədi. Nə alırlar burdan, anlamam ki...
- Siyasət öz yerində, amma sıravi insanların öz qayğıları
var. Hər kəs yaxşı yaşamaq istəyir. Və özləri də
deyirlər ki, siyasətçilər imkan
versəydi hər şey başqa cür olardı. Lap əvvəldən. Həyat...
... Həyat ... Deməli, biz də nə vaxtsa olub-bitənləri yenidən unudub hardansa bir qapı
aça bilərik. Və bu qapıdan rahatca bir-birimizə qonaq da gedə
bilərik. Zatən kişilərimizin
erməni qadınları
ilə dostluğu dastan olub, qalır
qadınlarımızın dastan yaratmağı.
Problem deyil...
Sərhəddən aralanıb elə oralarda kiçicik bir kafedə şam edirik. Kişilərin siyasi söhbətləri davam edir. Mən
də siyasət yürüdüb susuram. Dinləyirəm, baxıram, fikirləşirəm...
Ay acıdil, inadcıl, sərt,
ürəyi yuxa, təmənnasız, alicənab
Cavan Şir! Deyəsən
yumşalmısan. Deyəsən dəyişirsən. Nədi səbəb?
İllərmi, qürbətmi? Dəyişməyən nədi?
Tənhalığın? Necə idi o mahnın - arzuda inam, inamda şübhə
qoxusu, ümiddə səadət, səadətdə
onu itirmək qorxusu...
Səssizliyə dözmək çətin. Baş
götürüb bu boşluqdan hara gəldi,
necə gəldi, heç
qaçdınmı?... Bu da
başqa mahnın.
Bakıdakı üçotaqlı, balaca evini
xatırlayıram. Studiyaya çevirdiyi
evini. Qarışıq, səliqəsiz,
qadın əlinə ehtiyac olan ev. İşini-gücünü
atıb da mənim filmlərimlə ilgiləndiyini
də unutmamışam. Üç filmimin musiqi tərtibatını
verib. Hələ üstəlik səsini də
istismar eləmişəm.
Qürurlanmayım? Cavanşir Quliyevin özü, şəxsən...
Özü, şəxsən...
Danışır və qulaq asdıqca
anlayıram ki, darıxır. Darıxır bu adam. Hamımız kimi.
- Siz orda yazı
yazanda ancaq tərifləyin buraları.
Yazıqdılar, qoy gəlib-gedən
çox olsun, - deyir.
(Bakıya gələndən
sonra orda çəkilən şəkillərə
baxanda gördüm ki, bu adada
bizim birlikdə çəkdirdiyimiz yeganə
fotonu da Cavanşir çəkib).
... Universitetin kampına qayıdırıq.
Girişdə Cavan maşından
enir, sağollaşırıq.
Qaranlıqda gözdən itir.
Maşın geriyə dönəndə
qanrılıb arxaya baxıram. Burda - Sevgi adasında
sevdiyim bəstəkarla
yenidən görüşdüm.
Hər şey gözəldi həyatda! Hər şey gözəldi həyatda?! Hər şey gözəldi
həyatda?
23 aprel, 2011
İradə TUNCAY
iradetuncay@rambler.ru
Ədalət 2019.- 23 noyabr.- S.1;3.