“Qələmsiz yazılanlar”
– Rəşad Məcidin müqaviməti
İstanbulda, Türk ədəbiyyatı vəqfində
keçirilən təqdimat mərasimindən qeydləri:
"23 Noyabr, saat 14:00” – bu qeydi bir həftə öncədən yaddaş dəftərçəmə yazmışam. Həmin gün Rəşad Məcidin yeni kitabının İstanbulda, Türk Ədəbiyyatı Vəqfində təqdimatı olacaq. Onun "Qələmsiz yazılanlar” kitabının Türkiyədəki oxucular, araşdırmaçılar tərəfindən necə qarşılanacağını səbrsizliklə gözləyirəm. Evdən Vəkfin binasına gələnə qədər bu çoxsəsli, çoxmillətli şəhərdə onlarla fərqli dildə danışan adamların səsini eşidirəm və ana dilimdə uzun-uzun söhbət etmək üçün darıxdığımı anlayıram...
Binanın pilləkənlərini yavaş-yavaş qalxarkən uzaqdan tanış bir səs eşidirəm. Beynimdə bir səs "Rəşad müəllim buradadır” deyir. Görüşürük. Biz söhbət edirik, bu arada toplantı zalı dolur. Bir nəfər yaxınlaşıb Rəşad müəllimin burada olub-olmadığını soruşur məndən. Elə bilirəm, müəllimin tanışıdır, amma sonra məlum olur ki, yoldan keçərkən binanın çölündəki afişanı görüb. Beləcə, onu şəxsən tanıyanlar və sadəcə mətinlərindən tanıyan oxucular bir-bir gəlirlər...
Tədbiri giriş sözüylə açan Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı Azərbaycan Yazıçılar Birliyi ilə olan sıx münasibətlərindən, Rəşad Məcidin şair, jurnalist kimi fəalliyyətindən danışır. Sonra isə onun bioqrafiyasının ən mühüm məqamlarından söz açır.
Kitabın redaktoru yazıçı Bəxtiyar Aslan çıxışının əvvəlindəcə
vurğulayır ki, Rəşad Məcidin
sadəcə Türkiyə üçün
yox, bütün Türk Dünyasıyla bağlı gördüyü çox
önəmli işlər var: "O, Azərbaycanda
jurnalistika sahəsində yeniliklər
yaratmış bir qəzetçidir.
"525-ci qəzet” sadəcə xəbər qəzeti deyil, bir ədəbi məktəbdir.
Yəni bizim bu Vəqfdə
bir araya gəlib etmək
istədiklərimizi Rəşad Məcid qəzet vasitəsilə
etməkdədir. Bu qəzetdə həm gənc
yazarların, həm də ölkənin önəmli
imzalarının dəyərli yazıları
yayımlanmaqdadır. Bununla yanaşı o, həm də şair və
nasirdir. Bu gün burada təqimatını
keçirdiyimiz "Qələmsiz
yazılar” həm də ədəbiyyata yeni
bir janr təklifidir. Bəlkə
də, bütün dünya
ədəbiyyatına bir təklifdir. Bu kitabdakı yazılar qələmlə yox, klaviatura ilə
yazılıb. Sosial mediadakı
paylaşımların ədəbiyyata təsiri haqqında çox danışılır. Bu mövzu hazırda
dünyanın gündəmindədir. İndi
biz "fast food” dönəmi yaşayırıq. Qaçaqaç içindəyik. Beləcə,
ədəbiyyata ayrılan vaxt da azalır. Bəs bu
sürət əsrində insanlar ədəbiyyat
ehtiyacını necə qarşılayacaq? Qərbdə
qısa hekayə janrının inkişafı bu
suala bir az cavab verir.
Yəni əlli-yüz sözlə yazılan hekayələr bu qaçaqaç
içində rahatlıqla oxumaq üçün uyğundur.
"Qələmsiz yazılanlar” da bir az qısa hekayələri
xatırladır. Amma buna
sadəcə qısa hekayə demək çətindir.
Bunların içində aforizmlər də var
və bəzi hissələri gündəlik kimi
oxumaq da olar. Gələcəkdə Rəşad Məcidin
həyatıyla bağlı araşdırma ediləndə bu qeydlər önəmli bir
mənbə olacaq. Bu
mətnlər yazarın hansı gün nəyi
düşündüyünün, hara getdiyinin
ipuclarını verir. Beləcə, sosial media üzərindən
ədəbiyyat tarixi də yazmaq olar.
Kitaba yazdığı ön sözdə akademik İsa Həbibbəyli bu yazıları Qobustan qayalarındakı rəsimlərilə əlaqələndirir. Orijinal bir yanaşmadır. Bir adamın qaya üzərinə rəsm çəkməsi və ya damğa vurmasını bir neçə mənada yozmaq olar. Əvvəla, həmin adam "mən burada yaşadım” mesajını verir, sonra isə "bu coğrafiya mənə aiddir” deyir. Ona görə buna ciddi yanaşmaq lazımdır. Onsuz da simvollarla danışmaq bizi sonradan sənət tarixinə aparıb çıxaracaq. Rəşad Məcidin bu qeydləri də sadəcə bir sosial media paylaşımı deyil. Bunlar gələcəyə olan bir mesaj və eyni zamanda yeni bir janr yaratmaq istəyidir. Bu kitabın içində esse də var, aforizm də, gündəlik də, xatirələr də... Qısası, bu kitabda ədəbiyyat və sosyologiya adına araşdırılacaq önəmli məsələlər var”.
Kitabı Türkiyə türkcəsinə çevirmiş yazıçı və tərcüməçi İmdat Afşar ‘Qələmsiz yazılanlar”ın Türk Dünyasında misli görülməmiş bir kitab olması səbəbilə Türk Ədəbiyyatı Vəqfinin təşkil etdiyi bu görüşü son dərəcə önəmli işlərdən biri kimi dəyərləndirdi. İmdat Avşar kitabın dəyərini daha yaxşı anlamaqdan ötrü çağımız üçün dəyişikliyin nə qədər önəmli olmasını vurğuladı: "Gün keçdikcə öyrəşdiyimiz dəyərlər, sistemlər dəyişməkdədir. Sürətli bir çağda yaşayırıq. İstər-istəməz hamımız bu dəyişmənin içində yer alırıq və zamanla adaptasiya oluruq. Xüsusən texnologiya inanılmaz bir sürətlə inkişaf edir. Məsələn, 20 il öncə istifadə etdiyimiz o böyük telefonlar indi haradadır? Hər şeyin bir son istifadə tarixi var. Var olan bütün texnoloji cihazların, insanların, düşüncələrin, sənətin, ədəbiyyatın son istifadə tarixi var. Bir zamanlar fotoaparat çıxarkən rəssamlar narahat idi. Onlar anladılar ki, fərqli bir yol tutmalıdırlar. Beləcə fiqurativ rəsmlərdən abstrakt rəsmlərə keçildi. Bu nümunələrin sırasını uzatmaq olar. Qısaca demək istəyirəm ki, dəyişiklik qaçılmazdır. Bir zamanlar qalın romanlar yazılırdı, amma indi dövr başqadır. Bu sürət çağında ədəbiyyatın yeni bir yol tapması, zamana uyğunlaşması lazımdır. Bu girişdən sonra Rəşad Məcidin "Qələmsiz yazılanlar” kitabına gəlirəm. Yəqin burada oturan hər kəsin sosial media hesabları var, hər gün internetdən istifadə edirik. Amma bu yenilik içində biz çox şeyin fərqinə varmadıq. Məsələn, Rəşad Məcidə qədər sosial mediada yazdıqlarımıza fərqli bir ədəbi janr olaraq baxa bilmədik. Onun əsas uğuru bundadır ki, bu dəyişikliyi yazar zəkasıyla duydu və belə bir kitab yazdı. Bu kitab, məncə, ədəbiyyat dünyasında yeni polemikalara səbəb olacaq. Kitabda Azərbaycanın ictimai-siyasi həyatına, mədəniyyəti və ədəbiyyatına dair çox dəyərli yazılar oxuyacaqsınız. Biz indi bunun nəzəriyyəsindən ətraflı olaraq danışa bilmirik, çünkü bu janr yenidir. Zamanla ədəbiyyat nəzəriyyələri bunun haqqında yazacaq. Gələcəkdə bəlkə kimsə Rəşad Məcidin facebook statuslarına yazılan şərhləri toplayıb yayınlayacaq, hər şey ola bilər. Mixi yazıdan qələmsiz yazılanlar dövrünə gəlmişik. Rəşad Məcidin sosial medianı ədəbi məkan olaraq görməsi önəmli bir faktordur. Bir daha müəllifi təbrik edirəm”.
Həm Bəxtiyar Aslanın, həm də İmdat Avşarın sosial media və ədəbiyyat haqqındakı analtik düşüncələri "Qələmsiz yazılanlar”ın önəmini oxuculara daha ətraflı çatdırdı. Bu fikirlər ədəbiyyatdan çox fəlsəfəylə bağlıydı. Zalda əyləşənlər arasında İstanbulda yaşayan filosof Səlahəddin Xəlilov da vardı. Kitab haqqında o da fikirlərini bölüşdü: "Rəşad Məcidi öncə jurnalist kimi tanımışam. Onun rəhbərlik etdiyi "525-ci qəzet”in müəlliflərindən biri olmuşam. Bizdə qəzetlər çoxdur, ancaq bu qəzetin ictimasi-siyasi, mədəni mühitdə böyük rolu var. Bu qəzet xüsusən gənc yazarların ilk tribunasıdır. Qəzet əslində, zamanın nəbzini tutmaqdır. Bu gün diqqətlə baxsaq, görəcəksiniz ki, cəmiyyətdə ən çox tanınan imzalar jurnalistlərdir. Bəlkə də, zamanın ab-havasını onlar daha yaxşı duyduqları üçün bu belədir. Rəşad Məcidin də əsas məziyyətlərindən biri zamanın ruhunu duya bilməsidir. O, zamanın içindən baxaraq həyata, cəmiyyətə dəyər verir. Jurnalistikanın çevikliyi ilə ədəbiyyatın yaradıcılıq gücünü uğurlu şəkildə sintez edir. Həm klassik müəlliflərlə, həm də gənclərlə yaxşı anlaşır. Gənclik ruhla bağlıdır, zamanla ayaqlaşmaqla, zamanla iç-içə olmaqla bağlıdır. Əgər sən hələ də 40-50 il öncəki kimi düşünür, o şəkildə yazırsansa gənc sayıla bilməzsən. Məsələn, bizim böyük yazıçımız Anarın tez-tez Yazıçılar Birliyinin sədrliyindən getməsini istəyənlər olur. Elə bilirlər ki, gənc biri o posta gəlsə, böyük dəyişikliklər olacaq. Yanılırlar. Anar zamanın ruhunu duyan, zamanın nəbzini tutan böyük yazıçıdır. Bu mənada mən Anarı gənc hesab edirəm. Demək istəyirəm ki, Rəşad Məcid keçmiş, indi və gələcək arasında körpü rolu oynayır. Bu kitabı da klassik ədəbiyyata, geçmişə yönələn inkar yox, alternativ olaraq dəyərləndirirəm. Bu alternativi alqışlayıram, müəllifi təbrik edirəm”.
Zalın Rəşad Məcidə olan sevgisi aşkar hiss edilir. Onu tanıyanların, oxucularının qəribə bir enerjisi var. Elə bil hamı onun haqqında fikir bildirmək, nəsə demək istəyir. Amma vaxt məhduddur. Ona görə son iki nəfərə söz veriləcəyini deyir İmdat Avşar. Hamı maraqla o iki nəfərin kim olacağını gözləyir. Söz tanınmış yazar və tərcüməçi Yasemin Bayere verilir: "Həyat yoldaşımın işinə görə biz uzun müddət Bakıda yaşadıq. Bu illərdə Azəbaycan Yazıçılar Birliyi ilə yaxşı münasibətlərimiz oldu. Rəşad Məcidlə də Bakıda keçirdiyimiz illərdə tanış olduq. Yanılmıramsa, Rəşad Məcidi Türkiyə türkçəsinə tərcümə edən ilk mən oldum. "Sular Güneşe Şarkı Söylerken” kitabında beş nasirin hekayəsini tərcümə etdik. Bu kitabda onun "10 sentyabr” hekayəsi yer aldı. Burada "525-ci qəzet” haqqında çox danışıldı. Mənə görə bu qəzet bir ensiklopediyadır. Bu qəzetdə Azərbaycanın çox böyük alimləri, yazarları, siyasət adamları yazıblar. Qəzetin ictimai və ədəbi baxımdan güclü bir duruşu var. Yadımdadır ki, qəzetin şənbə sayını o zaman da hər kəs maraqla gözləyirdi. Qısacası, Rəşad Məcidi tanıdığım, oxuduğum və tərcümə etdiyim üçün çox məmnunam. "Qələmsiz yazılanlar” kitabıyla ədəbiyyata yeni bir janr gətirdiyi üçün ona təşəkkür edirəm”.
Mən də daxil olmaqla zalın gözü sonuncu çıxış edənin kim olacağını axtarırdı, birdən adımı eşitdim. İndi bu yazını yazarkən, sözsüz ki, öz çıxışıma əlavələr edə, dediklərimə bir az da "bəzək vura” bilərəm. Amma bu davranışı doğru hesab etmirəm və lentdəki səsimi yazıya köçürürəm: "Hamı "525-ci qəzet”dən danışdı, ədəbi məktəb olaraq dəyərləndirdi. 2013-cü ildə mənim də yolum bu qəzetdən keçdi. Burada çox şey öyrəndim, həyatımın önəmli bir dönüş nöqtəsi oldu. Həqiqətən bir məktəb oldu mənim üçün. Mən və mənim mənsub olduğum ədəbi nəsil Rəşad Məciddən, onun qəzetindən çox şey öyrəndik. Bu kitabıyla da Rəşad müəllim hamımızdan gənc olduğunu göstərdi. Qəzetdə çap olunmağa başlayandan bu silsiləni maraqla oxuyurdum. İndi toplu halda oxumaqdan zövq aldım. Həm içindəki düşüncələr, həm də forma olaraq bu kitab bizə önəmli yol göstərdi”.
Kitab təqdimatlarında ən çox gözlənilən çıxış müəllifin olur. Əsəri haqqında başqalarının fikirlərini eşitdikdən sonra müəllifin onu necə dəyərləndirəcəyini, deyilənlərlə razılaşıb-razılaşmadığını bilmək üçün diqqətlə dinləyirik: "İstanbula ilk dəfə otuz il öncə gəlmişəm. Bu şəhərin otuz il əvvəl mənim üçün mistik bir ovqatı vardı, bu gün də İstanbul o ab-havanı qoruyub saxlayır. Əvvəllər bu Vəqfin binasının önündən dəfələrlə keçmişəm. Son illərdə isə Türk Ədəbiyyatı Vəqfiylə xoş münasibətimiz yarandı və bura mənim üçün doğmalaşdı. Keçən ilin baharında biz burada Anar müəllimin 80 illik yubileyini keçirdik və çox gözəl görüşlərimiz oldu. İndi isə burada kitabım çap olunub, onun təqdimatına yığışmışıq.
Düşünürəm ki, bu kitab – "Qələmsiz yazılanlar” mənim müqavimətimdir. İndi dövr dəyişir, yazı arxa plana keçir, informasiyanın ötürülmə forması dəyişir, virtual dünya həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bir dəfə özəl bir şirkətdə işləyən gənc bir mühəndislə söhbət edərkən dedi, otuz il sonra indiki ixtisasların əksəriyyəti qalmayacaq. Mən ona dedim ki, bilmirəm hansı ixtisaslar qalacaq, ya yox, amma yazı həmişə qalacaq. Necə ki, qədimdə Qobustan qayalarına yazırdılar, biz də bəyaz bir yer tapıb oraya yazacağıq. Tez-tez Cek Londonun "Dünyada yaradıcılıq ləzzətindən üstün ləzzət yoxdur” sözünü xatırlayıram. Bir gözəl cümlənin, əsərin nöqtəsini qoyanda aldığın zövqü və gücü heç nəylə müqayisə etmək olmaz. Əgər bu sürətli dəyişmə dövründə biz köhnəyiksə, Məmməd Arazın sözlərilə desək, od kimi, su kimi köhnəyik. Və ya Kamal Abdullanın "Ən yaxşı yeni ən yaxşı unudulmuş köhnədir” dediyi mənada köhnəyik. Yadımdadır, 1998-ci ildə qəzetlərin kağız variantının yoxa çıxacağını müzakirə edirdik. O vaxt inanmazdım, amma indi sosial media bu barədə məni ciddi düşündürür. Bu mənada deyirəm ki, "Qələmsiz yazılanlar” mənim müqavimətimdir. Bu kitabımla göstərmək istədim ki, forma nə qədər dəyişirsə dəyişsin, biz yenə bunun ən yaxşısını edə bilərik. Bir zaman mobil telefonlar yeni çıxanda bizdən əvvəlki nəsil bu cihazlardan istifadə etmək istəmirdi. Bir tədbirdə telefon uzun-uzun zəng çalanda hamı bir-birinə baxdı. Heç kəsin gözləmədiyi anda məlum oldu ki, bu bizim ustadımız, böyük jurnalist və alim Şirməmməd Hüseynovun telefonudur. Ustad dedi ki, indi bu texnologiyanı bilməsən, zamanla uyğunlaşa bilməyəcəksən, geri qalacaqsan. Yəni forma nə qədər dəyişirsə dəyişsin, biz bu dəyişimin içində sevdiyimiz işi, yazını qoruyub saxlayacağıq. Bu sürət əsrində gün ərzində baş verənlərə böyük məqalələr yazaraq münasibət bildirməyə vaxt yoxdur.
İndi bunu sosial mediada paylaşdığımız kiçik mətinlər, analizlər əvəz edir. Artıq bizdən aslı olmadan özünüifadə forması dəyişib.
Bu düşüncələrdən yaranan kitabın yazılmasına məni ən çox həvəsləndirənlərdən biri akademik İsa Həbibbəyli oldu. Onun ədəbiyyata yeni janr gətirməyimlə bağlı dediyi xoş sözlər məni daha da həvəsləndirdi.
Kitabımın nəşrinə görə böyük ənənəsi olan bu Vəqfi yaşadan Sərhat Kabaklıya, həm bu kitabı çevirdiyinə, həm də Azərbayan ədəbiyyatından çoxsaylı tərcümələrinə görə İmdat Avşara, kitabın redaktoru Bəxtiyar Aslana və çıxış edən, mənim haqqımda, kitab barədəfikirlərini bölüşən hər kəsə təşəkkür edirəm. Bu gün burada iştirak edən jurnalistlərə də dərin minnətdarlığımı bildirirəm.”
Beləcə, tədbir başa çatır. Rəşad müəllim oxucuları üçün kitab imzalayır. Sonra Gülhanə parkında dolaşmağa çıxırıq. O əsnada bir oğlan yaxınlaşıb: "Salam, Rəşad müəllim” - deyir. Rəşad müəllim oğlana baxıb onu tanımağa, bu simanı nə zaman, harada gördüyünü xatırlamağa çalışır. Amma alınmır. Çünkü bu oğlan sadəcə hansısa bir tanış deyil. O, oxucudur. Adını bilmədiyimiz, üzünü görmədiyimiz, oxuması üçün kitablar yazdığımız oxucu! Hər oxucu kimi o da şəkil çəkdirmək istəyir sevimli yazarıyla. Və birdən kənarda dayanan kişiyə əl edib çağırır. "Atamdır - deyir, - sizi gördük, çox sevindik, istədik ki, sizinlə şəkil çəkdirək”.
Tanış bir simayla qarşılaşmağın mümkünsüz olduğu bu on altı milyonluq şəhərdə bir oxucu yazarıyla qarşılaşdı. Ədəbiyyatın bizi dünyanın hər yerində doğmalaşdırdığı hissinə olan inamımız bir qədər də artdı.
Ədalət 2019.- 30 noyabr.-
S.10-11.