Yol Romanı
İradə TUNCAY
Sözə nə şəkildəsə aidiyyəti olan insanları xarakterizə edəndə müraciət etdiyin ilkin mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan...
"Yol romanı” Vurğun Əyyuba həsr
olunub və 2012-ci ildə kitab şəklində dərc
olunub. Yenidən təqdim etmək istədik sizlərə...
(Əvvəli burada)
(IV hissə)
Nəsə tez oyanıram və yerimdə o
üzə, bu üzə çevrilə-çevrilə fəlsəfəyə
dalmışam. Mifik, uydurma, real hər nədisə, hər
kimdisə bura Yol qət edib gələnlərin kimdənsə,
nədənsə, nəyəsə, kiməsə
qaçış nədənləri var. Nobel
ödülçüsünün təsviri isə Qars
adına lap mistik çalarlar verib. Allahın da, bəndənin
də unutduğu bir yer ola!.. Allahım, bu nə şəhərdi
belə... Niyə belə cəzb edir ruhu aram olmayanları?
Binası qoyulandanmı belədi?
HAŞİYƏ
Yazanda isə mənbələrə baxmalı oluram. Hər halda bu torpaqlar üçün indi də tarixi göz yaşları tökənlər çoxdu. Yaşayış məskəni kimi məşhur Ani şəhəri ki var, ondan daha qədim olduğu güman edilir. Və Aninin əksinə olaraq Qars heç zaman tərk edilməyib. Səlcuqlular Anini fəth edəndən sonra Qarsın erməni kralı (vallah belə yazıblar türkcə) şəhəri Bizansa təslim edib. Amma dəxli yoxdu, yenə türklərə uduzublar. Monqol istilasından sonra da 1284-də Qarsı bir erməni şahzadənin yönətdiyi bildirilir. (erməni qadınların gücünü nə bilirsiz bəs. Günümüzdə də türk kişiləri onların əlində əsir-yesirdi. Erməni web. saytları ümumiyyətlə, buraları Poteryannaya Armeniya adlandırır). Nəsə bu erməni söhbəti qanımı qaraltdı, çıxıram haşiyədən.
***
Nobel
ödülçüsü bu şəhərdə nə
axtarırdı, İlahi? O, əslində romanı
"Kar" adlandırıb, qəhrəmanı Karsa gətirir,
qəhrəmanın adını isə Kamal Alaquşoğlu
qoyub, qısaca KA adlandırır. Türkiyə türkcəsində
Kar, Kars, KA. Bir az da söz oyunu var burda. KAnın xarakterinə
qalanda asi, nə istədiyini özü də bilməyən,
təbəddülatlar içində boğulan, özü ilə
barışıq yaşaya bilməyən, siyasi
görüşlərinə görə paytaxtdan uzaqlaşan və
sairə...
...Mən indi təvazökar xasiyyətimi bir
yana qoysam və özümü qəhrəman elan etsəm necə
olar? Prinsip etibarı ilə Nobel
ödülçüsü də öz xarakterini verir də
öz romanında. İndi hamıdan qaçsam, tək-təkcənə
həmin qəhrəmanın yolu, izi ilə getsəm, şəhəri
vursam bir-birinə, bələdiyyəni, jandarmanı, hərbçiləri,
polisi işə qarışdırsam, şeyxin
qapısını çalsam, Lacivərdi arasam... Yox,
alınmayacaq... KA əks cinsin nümayəndəsiydi. Kars da
(mən də Orhan Pamuk kimi tələffüz etdim deyəsən)
ucqar əyalət şəhəridi, neyləsən düzgün
anlaşılmayacaq... Heyf, hərdən adamın dəlilik eləməyə
də ehtiyacı olur... Yaxşısı budur,
ağıllı insanı yuxudan ayıldım...
Ağıllı?!. Aqil Abbas... Yox, o da həddən artıq
ağıllıdı və ehtiyatlıdı. Çox
ağıllı adamdan qəhrəmanlıq, dəlilik
gözləmək mümkün deyil. Pamuk qəhrəmanını
abreviatura ilə adlandırır - KA. Samit və sait. A.A. - iki
sait çox uyumlu səslənir. Olmayacaq. Qəhrəman olmaq
istəyindən vaz keçə bilmirəm nəsə. Mənim
adımda necə olar görən sait və samit - İ və
T. Vaay, yox, heç dilə gətiriləsi deyil. Xasiyyətimi
ifadə eləsə də... Abreviatura və cinsiyyət
faktoru qəhrəman olmaq arzumu ürəyimdə qoydu. Və
mən... Ağlıma bir şey gəlir amma... Qalsın
sonraya... İndi isə Aqili yuxudan durğuzmaq lazımdı.
Gedirəm odasına, görürəm ayılıb da, geyinib
də... Səhər tezdəndən oyanmağa öyrəncəli
Vurğun telefonla oyadıb.
... Enirik aşağı. Səhər yeməyi,
çay və mənim sevimli sualım:
- Hara gedirik? - bazar günüdü, sayın
hocanın bu gün işi yoxdu, bizə bələdçilik
vəzifəsini uğurla davam etdirəcək.
- Sarıqamışa gedək, oralar xoşuma gəlib.
Gecə də qalarıq.
- Belə uzaq yerdi ki? - deyirəm.
- Yox, yaxındı. Orda niyə qalmaq istəyirsən
ki, Aqil, gəzib qayıtmaq olar - deyir Vurğun. Və deyəsən
razılaşırlar.
Təki gəzmək olsun, təki yol olsun...
Şəhərciyin səliqəli ərazisindən
çıxıb da, gecəqondu məhəllələrindən
keçib gələn əsas yola çıxırıq.
Burda yol azmaq mümkün deyil, hər yerdə işarələr
var.
Sarıqamış son illər sürətlə
inkişaf edən dağ kurortudu. İnkişaf etməyinə
edir də, amma mən Türkiyənin başqa turistik bölgələrində
gördüyüm vüsəti burda görə bilmirəm. Bəlkə
mənə elə gəlir? Qarsdan təxminən 60 km
uzaqdadı Sarıqamış. Və bir qəsəbənin
içindən keçirik, soruşuruq turistik təsislərin
harda olduğunu. İzah edirlər. Sıxıntı verir mənə
qəsəbənin görkəmi, bizim əyalət qəsəbələrinə
oxşayır. Amma bir az irəlidə açıqlığa
çıxırıq və...
SARIQAMIŞ
İlahi, nə gözəllikdi bu? Dağlar,
şam ağacları və ortada bir zolaq. Bura kayak mərkəzidi
axı. Yəni professionallar üçün deyil, amma yeni
öyrənənlər üçün rahat bir yer
sayılır. Mən bilmirəm ha, oxuduqlarımın
günahkarıyam. Ümumiyyətlə, bura qışda gur
olur. O zolaq ki görünür meşənin ortasında, xizəklə
sürüşmək üçündür.
Yaxınlaşırıq - "Kayakçı" heykəlindən
başqa kimsə gözə görünmür. Heç otelin
kafesində də - taxta-dəmir qarışıq bir pilləkənləri
var, qalxırıq yuxarı, bu taqqıltıya kafedən bir
qarson ərincək-ərincək boylanır. Çay istəyirik,
içirik də... Vurğun burdakı yaşamını
anladır, işindən danışır. Dinləyirəm və
bir neçə ay əvvəl Cavanşirlə, Cavanşir
Quliyevlə Kiprdə etdiyim söhbət yadıma düşür.
Günlər keçir ağır-ağır... Təxminən
belə...
Çayı içib meşəyə doğru qalxırıq. Bizim getdiyimiz yolda qışda kayak yapırlar deyəsən. Zatən buralar qış turizmi üçün nəzərdə tutulub - ən yaxşı istirahət vaxtı isə dekabrın 20-dən martın 20-nə qədərdi. İndi isə iyun ayıdı, iyunun 26-sı. Hava sərindi. Gün yandırmır. Amma dağdı da, yuxarı qalxdıqca oksigen çatışmır. Ona görə də Çamurlu adlanan bu dağın və Sarıçam adlanan bu meşənin ətəklərində elə otun üstündə bir yerdə sərələnirik. Həyatdan zövq də almaq olur, bioloji yaşını unutmaq da olur burda. Fotoaparatımın yaddaşındakı lazımsız şəkilləri təmizləmək istəyirəm, əlim bir düyməyə toxunur və Naxçıvanda çəkdiyimiz bütün şəkillər silinir.
- Aqil, sənə bir söz deyəcəm, amma
hirslənmə.
- Hə.
- Şəkillər pozuldu.
- Hansı şəkillər?
- Bütün çəkdiyimiz şəkillər.
- Necə pozuldu?
- Düyməni düzgün basmadım, o da elə
oldu.
Deyinməyə başlayır, mən də
sakit qulaq asıram.
Bir az keçəndən sonra isə
cür-cücü də bezdirir məni. Qalxıb
aralanıram, tək olmaq istəyirəm. Sayın millət vəkili
narahat olur deyəsən:
- Hara gedirsən?
- Siz söhbətinizi eləyin, mən buralarda
bir az gəzim.
- Bir ətək
pul verib arvad almışam, canavar-zad olar birdən...
- Kimə
vermisən- e o pulu. Otuz ildi deyirsən... Canavar olsa lap
yaxşı da, başından olaram... - deyirəm və həm
də fikirləşirəm ki, sayın millət vəkili hətta
belə romantik ortamlarda da realist ola bilir,
qazanıb da kayb edəcəklərini düşünə
bilir. Yəqin yaxşı xasiyyətdi...
... Uzaqlaşıram kişilərdən. Meşənin
o biri tərəfində daha böyük kayak yolu var. Yolun kənarında
da böyük bir daş var. Daşın üstündə
oturub ətrafa baxınıram.
Uzaqdan Allahu-Əkbər dağları görünür. Bu dağlara
niyə belə deyiblər, nə vaxtdan deyiblər? İslamdan əvvəlki adı nə olub?
Allahın Əkbər olduğunu anlamaq üçün
uca-uca dağlara baxmaq gərək deyil ki... Elə bu
otların arasından günəşə boylanan
çiçəkləri görmək bəs eləyir...
Seher yeli
çık dağlara
Güneş
topla benim için
Umutların
arasından
Kirpiklərin
karasından
Döşte
bıçak yarasından
Güneş
topla benim için
Seher yeli,
yar gözünden
Havadakı
kuş izinden
Geceleri
gökyüzündən
Güneş topla benim için.
Səhər
yeli dağlardasın... Dağlarda... Sən içinlə
savaşırsan, Qumral gözlüm, amma bu dağlarda öylə
bir savaş olub ki...
SAVAŞ
...Əslində
bu savaş bu torpaqlarda hər çiçəyin ləçəyində,
şeh damlasında, göydən yağan yağmurda,
rüzgarda, günəşin parıltısında,
rahatlıqla içimə çəkdiyim havada da var.
Kiçicik bir ərazidə, azacıq bir vaxtda 90 min əsgər
həlak olub burda... Təbii, dünya müharibəsi gedirdi, təbii
dünya yenidən bölüşdürülürdü, təbii
dünya imperiyaları dağılırdı...
1914-cü ilin sonları, 1915-ci ilin əvvəlləri. I Cahan
savaşının eyforik illəri. Osmanlı
tarixinin üfüqlərində yeni qəhrəman
parlamaqdadır. Əslində
"İttihad və Tərəqqi” olaylarından sonra Xanədan
da onunla hesablaşmağa məcburdu. Hələ
üstəlik Sultanın çoxsaylı cariyələrindən
doğulmuş və şahzadə adlanan xanımlardan biri ilə
evlənməsi də xeyrinə işləyib. O, Damad
Paşalardan biridi. Yaraşıqlıdı, əzmlidi, hikkəlidi,
amma... Məsələ bu ammadadı... Hərb istedadı yoxdu
bu adamın... Yoxdu... Dövləti-Aliyyənin ali
rütbələrini daşıyır, orduda istədiyi dəyişikliyi
edir, hər kəsi - necə deyim düz alınsın, bəlkə
ən doğrusu bu olacaq - öz avantüralarına qurban etməkdən
çəkinmir. Ənvər Paşa! İçindəki
utopik arzularla, ideyalarla, xəyallarla, iddialarla xarizmalı bir
insan! Əslində bu savaşda onun mənəm-mənəmliyi
çox şeyləri güdaza vermişdi. Ordunun dəyərli fərdlərini istefaya göndərib
də özünə tabe etdiyi, şəxsiyyəti olmayan
kimsələri ətrafına toplamışdı.
Şöhrəti sevən və bölüşə bilməyən
Ənvər Paşa... O, böyük Turanın qəhrəmanı
olmaq istəyirdi...
Ənvər Paşanın planladığı və
Sarıqamış Savaşı adını daşıyacaq hərəkatın
məqsədi 1878-də rusların işğal etdiyi Qars,
Ərdahan və Batumu geri almaqdı. Fikir olaraq
alqışlana bilərdi ancaq. Ənvər
Paşa haqlı olaraq düşünürdü ki, ruslar
Qafqaz və İrandakı vəziyyətdən faydalanacaqlar və
Doğu Anadolunu da istila etməyə çalışacaqlar.
Amma düşüncələrinin olumsuz bir tərəfi
də vardı. O, bölgədəki türk, müsəlman
toplumun Osmanlıya dəstək olacağını var
sayırdı.
Olan oldu... 1915-ci ilin yanvarında
Sarıqamışın quzey yüksəkliklərində 7
minlik Osmanlı ordusuna qarşı ruslar 30 min nəfərlə
hücuma keçdilər. Geri çəkilmə
əmri gecikmişdi. Ənvər Paşa
komutanı başqa birinə dövr edərək ordudan
ayrıldı. Geriləmə zamanı
ordunun görkəmli simaları əsir düşdü, hərbi
sursatları məhv etmək məcburiyyəti yarandı.
Önəmli olan isə bu deyildi - bölgənin
qara qışında 80-90 min (indi fərqli rəqəmlər
deyirlər, amma minlərdən söhbət gedir) əsgər
donub öldü. Bölgədəki
xalqın ruh halını üstünə gələk -
insanlar rusların, ən çox da ermənilərin
zülmündən qorxub da köç etməyə məcbur
oldu. Bu savaş üç həftə
çəkmişdi, böyük itkilər verilmişdi.
Ənvər Paşa isə İstanbulda bu olayı belə
anlatmışdı: "Getdik, gördük, saldırdık,
geri döndük”... Sezar iddiaları... Tanrım,
nəyin bahasına?
Bu vaxt başqa bir cəbhədə başqa bir komutan bu
olayları diqqətlə izləyirdi. Hələ onun
saatı gəlməmişdi. Amma onlar Monastır hərb
lisəsindən tanış idilər,
tanış nədi, rəqib idilər. Həmin
o komutan da hirsli, iddialı idi, şöhrəti sevirdi, amma
Ənvər kimi şanslı olmamışdı bu günə
qədər. Saraydan qız istəmişdi,
rədd etmişdilər, böyük vəzifələrə
yaxın qoymamışdılar. Hər
zaman paytaxtdan uzaqlara göndərmişdilər. Amma irəlidə
Çanaqqala zəfəri vardı onun taleyində... Mustafa
Kamal... Həmin o zəfər Ənvər
Paşanı çox tedirgin etmişdi əslində və
Mustafa Kamalı təltifləndirmək istəyəndə
Ənvər mane olmuşdu, hətta söyləmişdi ki,
"siz onu yaxşı tanımırsız, bu gün general
olsa, sabah Sultan olmaq istəyəcək, Sultan olsa Allahlıq
iddiasına düşəcək". Və
o əlbəttə ki, haqlıydı.
Türk
tarixinin iki önəmli ismi, iki parlaq ismi... Hər
ikisi riskə getməyi bacarırdı, risksiz qəhrəman
olunmaz axı. Fərqliydilər, amma bu fərq
sonra rasional düşüncəli Mustafa Kamalı Atatürk
yapdı. Ənvər isə ilğımların
arxasınca gedə-gedə kayb etdi...
Mustafa
Kamal İstiqlal savaşı aparanda, Ənvər
Türküstan yaratmağı düşünürdü...
Yenə mane olurdular bir-birinə... Və Mustafa Kamal bunu da həll
etdi... Tale onu seçmişdi... Qəhrəman o oldu!
... Bu nədi belə? Səhər tezdən təqib
edir məni bu söz - Qəhrəman... Bu torpaqlarda nə qədər
adsız qəhrəman da yatır axı..
İnanmıram mən burda turistik cənnətin
yaranacağına... Olmayacaq... Ağrı çoxdu... Necə
ki bizdə indi Nargində turizm cənnəti yaratmaq istəyirlər
ey, orda da olmayacaq...
Səhər
yeli, dağlardasın... İçimdəki buludları qov...
Günəş topla benim için...
... Nə qədər vaxt keçdi görəsən mənim
bu daş üstü düşüncələrimdən?
Qayıdım gəldiyim yerə. Sayın
millət vəkili mənsiz qala bilmir... Son vaxtlar yəni...
... Bax,
dediyim kimidi, məni görən kimi gözləri
parıldayır:
- Harda
qaldın, gedək yeməyimizi yeyək.
Enirik aşağıya, gəldiyimiz yolla, həmin o ərincək
qarsondan menyunu soruşuruq. O da yeməyi bura gətirə bilməyəcəyini
deyir, bizi içəriyə dəvət edir.
- Qayıdaq Qarsa - deyirəm - bəs sən buraları tərifləmişdin? Hələ qalmaq da istəyirdin
burda...
- Nə
bilim, qışda gəlmişdim, adam əlindən
tərpənmək olmurdu, yaxşı da qulluq edirdilər.
-
Qayıdaq - deyirəm. Bu arada Vurğun tələbəsinə
zəng edib buralarda harda bir normal lokanta olduğunu xəbər
alır. Nəsə bir yer deyir o tələbə.
(İrəlidə sizi o tələbə ilə
də görüşdürəcəm). Qəsəbədə
arayıb-axtarırıq. Mənim bəyənəcəyim
yer deyil. Günel Mövlud demişkən, mənim
solçu ruhuma uyğun gəlməyən burjua zövqüm
var... İncə zövqüm yəni... Görünür,
mənim bu xasiyyətlərimi müşahidə edən
Vurğun da eyni qərara gəlir. Sabahdan o
da mənə "solçu burjuy” deyir.
Geri dönəndə Şəhidlik Anıtının
yanından sürür maşını Aqil. İçəri
girir, şəkillərini çəkirəm. Mən belə yerlərdə şəkil çəkdirə
bilmirəm.
Dönürük
Qarsa, elə yorulmuşam yemək yadıma düşmür.
Axşam gedərik də... Vacibdi elə hər yemək vaxtı...
Qalxırıq, qapanırıq odalarımıza...
EVRİKA!
... Necə oxuyurdu Teoman? "Saatım yok, tam olarak bilemem... Bir az bira, bir az şarap önceydi...” Belə bir ortam yəni... Mübahisələr, müzakirələr... İddialar cövlan edir hər birimizin içində, içində nədi, lap ortadadı. Hərdən susuram (Rəşad Məcid deyir ki, İradə susanda da danışır. Və yadıma düşür ki, 2-ci kursda oxuyanda bir ədəbiyyat müəlliməmiz vardı, mənə "Sözsüz mahnı” deyirdi) və müşahidə edirəm. İçimdə komediya var - ay aman, bu kişilər özlərindən necə razıdılar?.. Yox, səhv elədim, Aqil Abbası tanıyanlar bilir, o heç vaxt özündən danışmağı sevmir, tərifi isə ümumiyyətlə, qəbul eləmir. Vurğun Əyyubu tanıyanlar da bilir, heç tərsliyi, inadı, höcəti yoxdu, tez razılaşandı hər şeylə. Yəqin inandınız?! Mən axı heç yalan danışmıram. Burda bir təbəssüm işarəsi qoymaq gərəkəcək. Və mən bəndəniz - İradə Tuncay - Sözsüz mahnı... Adları sadalayıram və həm də fikirləşirəm ki, burda da bir hikmət var ha... Adlarda... İradəli İradə, ağıllı Aqil və vurğun Vurğun kimi... Hər birimizin öz əzablı yollarımız olub... İçimizdə nə çəkirik Allah bilir... Təbii... Amma Vurğunun payına çox düşüb. Hələ soyadına fikir verirəm - Əyyub peyğəmbər Tanrının ən çox əzab göndərdiyi bəndələrdən olub. Deyəsən abreviatura və qəhrəman məsələsində son çözümü tapdım - samit və sait. VƏ - uyğun gəlir. VƏ bağlayıcıdı - burda da siyasətlə ədəbiyyat bağlanır. Siyasi görüşlər məsələsi də var, paytaxtdan uzaq yaşamaq da var. Qəhrəman da tapıldı. Evrika yəni! Qalır mənim romanımı Nobel mükafatına təqdim eləmək... Deyirəm dahiyəm...
***
... Kefimiz yaxşıdı. Qonaq Evinə
qayıdanda VƏ bərk-bərk tapşırır ki, səhər
yatıb qalmayaq, çünki iş həftəsi
başlayır, sabahdan işdə olmalıdı, bizi
universitetdə gözləyəcək. Ağıllı Aqil
başını qoyan kimi yatır. Əşi, yatmıram mən...
Kefim belə istəyir... Əsl şeir yazmalı gecədi...
Qız, sən niyə şeir yaza bilmirsən?... Mən də
belə deyə bilsəydim:
SENİNLE
OLMANIN EN HEYECANLI YANI NE, BİLİYORMUSUN? AYNI
ŞEYLERİ SENİNLE AYNI ANDA DÜŞÜNMEK,
BİRLİKDƏ AĞLAMAK-GÜLMEK. VE BURADAYKEN
BİLE SENİ ÇILĞINCA ÖZLEMEK...
(ardı var)
Ədalət 2019.- 1 oktyabr.- S.1;3.