El şairi Sücaətin
qardaşı: “Nəzakət Məmmədovanı sevirdi”
Adalet.az Kulis.az-a
istinadən "Qardaşımın üzü köməyim
olsun” layihəsindən el şairi Sücaətin
qardaşı, tanınmış jurnalist Hidayət
Elvüsalla müsahibəni təqdim edir.
- Sizi 70 yaşınızın tamam olması
münasibəti ilə təbrik edirəm. Söhbətimizbelə
bir maraqlı vaxta təsadüf edir. Sizin 70 yaşınız
olur və biz qardaşınız, şair Sücaətdən
danışacağıq.
- Çox sağ olun. Bu barədə söhbət
eləmək mənə həmişə xoşdur.
- Deyirlər, çox nadinc olub.
- Hə, bir az dəliqanlı idi. Dalaşqan
idi. Amma ayaqyalın bir uşaq görəndə oturub
ağlaya bilərdi. Həm də bu qədər kövrək
adam idi.
- Sizinlə dalaşmırdı ki? Bəzən
nadinc uşaqlar balaca qardaş-bacısını incidir...
- Qətiyyən! Nəinki bizi incitmirdi, onun
qorxusundan heç kim yanımızdan keçə bilmirdi. Onun
yolunu o qədər saxlayırdım ki, yanında nə araq
içirdim, nə siqaret çəkirdim. Yalnız
qaçqınlıqdan sonra bir dəfə məni
çağırdı ki, gəl otur, içək. Amma yenə
də siqaret çəkmədim yanında.
- Şeirə həvəsi necə
yaranmışdı?
- Həvəs
demək olmaz, şeir dəlisi idi. O vaxt çap olunmayan
şairləri axtarırdı, tapırdı, şeirlərini
yayırdı. Məzahir Daşqının
şeirlərini ilk dəf ondan eşitmişdim. Müxtəlif
müəllifləri... Yaddaşı çox
yaxşı idi.
-
Uşaqlıqdan yazırdı?
- Hə. Orta məktəbdən yazırmış, gizləyirmiş. Sonradan məlum
oldu ki, gözəl şeirlər yazırmış.
- Bir
silsilə sevgi şeirləri var. Erkən gənclik illərinə
aid. Ünvanlı idi o şeirlər?
-
Ünvanlı idi. Amma ad çəkməyəcəm
(gülür).
- Siz də
bilirdiniz ki, filankəsə yazır?
- Əlbəttə, bilirdim.
- Sücaətin
müğənni Nəzakət Məmmədovanı sevdiyi
haqqında balaca dastanlar düzəldiblər. Bunlar
nə dərəcədə realdır?
- Bu əhvalatı
Mübariz adında bir aşıq düzüb-qoşmuşdu.
Bu, tərbiyəsizlikdir. Adam
belə şey danışmaz.
-
Azaflının qızı Gülarə Azaflı da oxumuşdu.
Hətta qəbri üstündə şeir dediyini də
söyləyirdi:
Dur əzizim
barışmağa gəlmişəm
Dözəmmirəm,
dözüm sənsiz qalıbdı
Öz
ürəyim öz sinəmi eşitmir
Odum sənsiz,
közüm sənsiz qalıbdı
- Məsələ
budur ki, belə bir hadisə olmayıb, bunların
hamısı quramadır. Amma bəli, tanış
idilər, Nəzakət xanım bizim evimizdə də olub.
- Şair doğrudan da ona vurulmuşdumu?
- Elə
deyirdilər. Nəzakəti mən də
tanıyırdım. Onların arasında belə bir
şey ola bilərdi. Amma o dərəcədə
yox ki, qəbrinin üstünə getsin, ağlasın,
şeir oxusun.
-
Atanız müəllim olub?
- Yox, atam
savadsız adam idi.
- Yunus
müəllim... Belə oxumuşam. Fizika
müəllimi...
- Yox. Səhv yazırlar. Fizika müəllimi Yunus kişi Çələkdar kəndindən idi.
Ermənilərlə vuruşan Yunus kişi...
Mənim atam molla məktəbi oxumuşdu.
Kolxoz sədri, sovet sədri işləmişdi,
amma partiyaya keçməmişdi.
- Bəs
nə əcəb vəzifələrə qoyurdular?
- Olurdu belə
şeylər. Atam 86 il yaşadı.
Qarabağ hadisələri başlayandan bir az
əvvəl rəhmətə getdi.
-
Maraqlıdır, Sücaətin anasına çoxlu gözəl
şeirləri var, atasına yazmayıb amma.
-
Atasına da var. Amma elə də məşhur deyil o şeirlər.
-
Anasını daha çox sevib yəqin.
- Yox. Atasını çox istəyirdi. Hamımız daha çox atamızı sevmişik.
Sücaətin davakarlığı da elə
atama bənzəyir.
- Bəlkə
çox sevdiyindən yaza bilməyib?
- Ola bilər.
-
Ananız kimlərdən idi?
- Anam Kəlbəcərin məşhur Sübhanlı nəslindəndir. Böyük nəsildir.
Məşhur şair Məmməd Aslan da bu nəsildəndir.
Məmməd müəllimlə
analarımız əmiqızıdır. Tərtərlə
Bərdə arasında ulu babalarımızın torpaq sahələri
olub.
- Sücaətin
həyat yoldaşı kimdir?
- O da
qohumdur. Sübhanlılardandır. Anamın bacısı qızıdır.
- O
cür sevən, sevgidə fədakarlıqdan yazan dəliqanlı
bir şair axırda xalası qızı ilə evlənir...
- Öz
seçimi oldu. Heç kimin təsiri yox idi bu
işə. O, Kəlbəcəri çox sevirdi. Görünür, həyat yoldaşı seçəndə
bu amil özünü göstərmişdi.
- Kəlbəcərə
sevgisi şeirlərindən vulkan kimi püskürür.
- Kəlbəcərin
dəlisi idi. Bir dəfə "Bakı”
mehmanxanasından rayona çıxmalıydı. Onda mən "Səhər” qəzetində işləyirdim.
İşdən zəng elədim ki,
çıxmayıb. Dedim, nə əcəb ləngimisən?
Dedi, vəziyyətim pisdir. Getdim ki, üst
damağı çirk eləyib, qızdırması
qalxıb, halı çox pisdir. Apardım
həkimə, təcili əməliyyat elədilər. Halı özündə deyildi. Dedi, məni Kəlbəcərə
apar, sağalacam. Çox dirəşdi. Axırı həkimlərə məhəl qoymadan
götürüb getdim. Səhər durdum
ki, həyətdə gəzir.
- Bir
oğlu var...
- Bir
oğlu var, iki qızı.
- Azər...
- Azər.
- Gəncərə
yaşayır.
- Gəncədə
yaşayır.
-
Oxşayır atasına?
- Sakit təbiətlidir
bu. Anası həmişə deyir, biz görmüşük
ata oğulun arxasınca gəzər, Azər Sücaətin
arxasınca gəzir (gülür).
- Son
vaxtlaracan xasiyyəti elə idi. Əyilməz.
Məğrur.
- Hə.
O, əyilməzdi heç vaxt.
- Şeirlərində də var. Vuruşqanlıq. Etiraz. Əyilməzlik.
- Hə. Ona görə də sovet dövründə nəşr
eləmirdilər.
- Bəzən
sizə Sücaətin qardaşı, bəzənsə ona
Hidayət Elvüsalın qardaşı deyirlər. Hansınız məşhursunuz?
- Həmişə
mən onun qardaşı olmuşam. Bu gün də
elədir. Bu gün də harda mənə
söz verirlər, deyirlər, Sücaətin
qardaşıdır. Aqil Abbas da elə
deyir. Məni kimlə tanış eləsə,
deyir, Sücaətin qardaşıdır. Sücaət həm
də çox tərbiyəli, təmkin, hər şeyin yerini
bilən adam idi. O, Məmməd Arazla, Məmməd
İsmayılla, Sabir Rüstəmxanlıyla, Səyavuş Sərxanlıyla,
Rasim Balayevlə, Şeyx Əbdüllə yaxın dost idi. Bizim evə də gəlib-gedirdilər. Məmməd Araz bizə qonaq gələndə hələ
uşaqları balaca idi.
- Məncə,
onu yalnız el şairi adlandırmaq bir balaca ədalətsizlikdir.
-
Aşıq da deyirlər. Amma qəti şəkildə
aşıq deyildi. Hərə buna bir ad
qoyur. Hələ təxəllüs də qoşurlar:
Sücaət Dəlidağlı. Deyirəm, a kişi,
mənim qardaşımın adı, imzası Sücaətdir,
özünüzdən ad qoymayın ona.
- Təxəllüsü
yox idi. Təxəllüsü olmayan, tək adla
tanınan el şairi olmayıb.
- Elədir.
- Sizcə
onu niyə bu qədər çox sevirlər?
-
Hamının ürəyindən xəbər verir. Hamını
hiss edir, elə bil.
- Əzbər bilirsiniz onun şeirlərindən?
-
Hamısı yadımdadır. Yanımda dedikcə
yadıma düşür. Amma bu dəqiqə
özüm başlasam deməyə, karıxaram. Şeirlərini çox sevirəm. Bir neçəsinə mahnı da yazmışam.
-
Hansılarına?
- "Gecədən”,
"Sınmayaydı qanadlarım”...
- Onun
bütün külliyyatını bütövlükdə əzbər
bilənlər var.
- Bilirəm.
Kitabını buraxanda unutduğumuz şeirlər
vardı. Nə qədərini
yadımıza saldılar. Şeirlərin
çoxunu camaatın yaddaşından toplamışıq.
Sonra kitabın pirat variantları vuruldu və
minlərlə tirajla satıldı.
- Deyirdi,
şeirim dolaşırsa dildə, bəsimdi. Kitab
çıxarmağa həvəs götərməzdi.
- Qətiyyən.
Ağlına gəlmirdi heç. Nə qədər deyirdilər, gəl çap eləyək,
yaxın durmurdu.
- Bəlkə
bir az da həbsindən danışaq? Niyə tutulmuşdu?
- İlk həbs olunmasının tarixini deyim. Bir
uşağı maşın vurub öldürmüşdü.
Kəlbəcərin özündə. Bu da gəlib soruşur ki, nə olub? Bir "zambaq” vardı, söyüş söyüb
uşağın qarasına, deyib, yolun içində nə gəzirdi?
Sücaət onu vurmuşdu.
- Nə
ilə vurmuşdu?
- Əli ilə. Bıçaq, silah gəzdirən adam
deyildi. Fiziki cəhətdən güclü idi
deyə, elə şeylərə ehtiyacı yox idi.
- Əllə vurmağa görə tutmurdular axı? Uzağı cərimələyirdilər.
-
Tuturdular. Baxır, kimi vurursan.
-
Universitetdən də ona görə qovuldu?
- Hə. Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində oxuyurdu. Kimsə
yazmışdı oralara. Guya
bıçaq vurub kiməsə. Əlli
bıçaq vurub. Nəsə belə-belə
şeylər yazılmışdı. Onun
üstündə çıxartdılar universitetdən.
İkinci kursa təzə keçmişdi.
- Tələbə
biletinə bir şeiri də var.
- Var, hə.
-
Universitetin həyətində bir-neçə məşhur
davası da olub.
- Burda da
olub, Moskvada da. Hər yerdə
dalaşırdı (gülür). Moskvanı
çox sevirdi. Ya Kəlbəcərdə
olurdu, ya Moskvada. Bakını sevmirdi nədənsə.
Moskvada Vısotski ilə tanış
olmuşdu. Dostluq edirdi. Rejissor Əjdər
İbrahimovla da yaxın dost idi. Zəngləşirdilər,
durub gedirdi Moskvaya. Sonra eşidirdim ki,
"Metropol”a gedirmişlər, orda Vısotski ilə
görüşürmüşlər. Bakıda çox
az olurdu.
- Şeirlərində Moskva əhvalı hiss olunmur.
- Yoxdu. Amma bütün yaxın dostları,
tanışları ordaydı.
- Mən
bilən, Kəlbəcər İstisuyunda pavilyonu olub...
- Pavilyon
yox, kurort idarəsinin rəisi idi. Sonuncu vəzifəsi.
Pavilyon da ora baxırdı. Həmin
o pavilyonda yaxşı "zapis”ləri vardı. Bir gecə səhərəcən müğənni
Sədi Məmmədov oxuyub, bu da şeir deyib, yazıblar.
Sonra Alim Qasımovla bir videolenti vardı. Hamısı itib-batdı.
- İkinci dəfə niyə tutuldu?
- Yun
İbrahim deyilən bir adam var, onu
döymüşdü.
- Həmişə
də babat adamları döyüb. "Zavmaq”, Yun idarəsinin
rəisi...
- Sadə
adamla nə işi vardı?
- 8 il yatdı?
- Yox. Mən
6 il bilirəm. Yalnız
davalara görə tutulurdu. Başqa işi
yox idi.
-
Ölümünə yaxın çox sərt bir
açıqlama vermiş, Məmməd Aslandan gileylənmişdi.
- Dediyim
kimi, Məmməd Aslan bizim qohumumuz idi. Kimsə
onların arasına girmişdi. Elə bir
böyük düşmənçilikləri yox idi. Bir az da müsahibə götürənlər-filanlar
söhbəti qızışdırırdılar.
-
Demişdi, onun tapdığı həkim gözümü kor
elədi.
- Xəstəlikdən,
ağrıdan deyib yəqin. Bu ciddi söhbət
deyildi.
- Məmməddən
bir incikliyi də vardı deyəsən. Deyirdi,
qaçqınlıqda bizi arayıb-axtarmadı.
- Məmməd Aslan neyləyə bilərdi axı? Hərə
öz başının hayındaydı. Canı
ağrıyırdı, ona görə gileylənirdi hər
şeydən.
- Şəkəri vardı?
- Şəkəri də vardı, amma əsas ürəyi
idi. Dözmədi.
- Qəribədir,
Məmməd Aslan özü də ömrünün son
anlarında gözlərini əməliyyat edən həkimdən
gileyləndi ki, məni kor elədi. Onda Sücaət yadıma
düşdü...
- Məmməd Aslan onu kor eləyə bilməzdi axı. O, xeyirxahlıq eləmişdi,
maşın da tapmışdı ora-bura getməyə. İnciklik olanda hər şey tərsinə yozulur.
Məmməd Aslan ziyalı adam idi. Sücaətin dəfnində də yaxından
iştirak etdi. Şeirlərini də ilk dəfə
Məmməd Aslan çap eləmişdi. Haqqında
böyük bir yazı da yazmışdı. Sücaəti çox istəyirdi. Bəhmən Vətənoğlu idi, Məmməd
idi, Sücaət idi, qardaş idilər. Ömür
boyu bir yerdə olmuşdular. Allah hər
üçünə rəhmət eləsin
- Son
görüşünüzü necə
xatırlayırsınız?
- Burdan
yola saldıq, şübhələndi. Dedi, müalicəm
yarımçıq qaldı? Dedim, yox, deyirlər, bir az evdə istirahət eləsin. Ürəyi
idi. Şəkər də bir yandan
çökürtmüşdü. 58
yaşında rəhmətə getdi. Məzarı
Gəncədədir.
- Məncə, Kəlbəcərə
qayıtmaq ümidini itirdiyi üçün öldü. Yoxsa
yaşayardı.
- Ömrünün sonuna yaxın mənə
bir şeir oxudu:
Yavaş-yavaş unudulur Kəlbəcər
Bəzi ürəklərdə odu qalıbdı
Hava bürosunun məlumatında
Səkkizcə hərflik adı qalıbdı...
- Halbuki əvvəllər belə
yazmışdı:
Bir gün gülə-gülə qayıdacaqdı
Ağlaya-ağlaya köçən Kəlbəcər...
- Hə. Ümidi vardı onda.
- Balaca Sücaət var?
- Hə. Azərin oğludur. Bənzəyir
özünə. Babasının şeirlərindən
də bilir.
-
Müsahibə üçün təşəkkür edirəm.
-
Çox sağ olun.
Ədalət 2019.- 1 oktyabr.- S.6.