Yol Romanı
İradə TUNCAY
Sözə nə
şəkildəsə aidiyyəti olan insanları xarakterizə
edəndə müraciət etdiyin ilkin mənbə yenə
söz olur. Yazdıqlarında özünü nə dərəcədə
gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə,
nə qədər gizlətməyə çalışsan da
arada nəsə sivişib əlindən qaçacaq və sən
sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən.
Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan.
Yaxından tanıdığını zənn etdiyin bir
dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər
qaçıb. Nə deyəcəyini unudursan...
"Yol
romanı” Vurğun Əyyuba həsr olunub və 2012-ci ildə
kitab şəklində dərc olunub. Yenidən təqdim etmək
istədik sizlərə...
(Əvvəli
burada)
(V hissə)
HAŞİYƏ
Deyirlər bir vaxtlar bu şəhərdə həyat qaynayırmış, çiçəklənirmiş, bölgənin incisiymiş. Keçmiş zaman şəkilçiləri və "bir vaxtlar” sözcüyü... Olan budu ki, sonra tənəzzül gəlib. Şəhər zənginləri İstanbula köç ediblər. Buralara da başqa köç başlayıb. Böyük ehtimalla indi sözləri boğazlarında qaynada-qaynada tələffüz edib səsləndirən toplumun gəlib bölgədə yerləşməsi də o zamana təsadüf edib.
Sərhədlərə yaxın olması da
yaşamı təhlükəli qılıb. Bu sərhəd
söhbəti də şəhərin başından əskik
olmur, Tanrım! Türkiyənin quzey doğusunda eyni adlı
ilin mərkəz ilçəsi. Vikipediyada yazıblar ki, Qars
sözünün mənası gürcücədən -
Karsilaki (yəni qapı şəhər) sözündən gəlir.
İnanmağım gəlmir, gürcülərin özü nədi
ki, hələ şəhərlərə də ad qoysunlar. Yəni
həqarət mənasında demirəm - amma bütün
Gürcüstan boyu yol gedirsən, toponimika türk sözləridi,
sonuna bir "i” əlavə etməklə guya gürcüləşdiriblər.
Başqa mənbəyə baxdım. Mahmud
Kaşqarlının əsərlərində dəvə, ya
da qoyun yunundan yapılan əlbisə, karsak (tülkü) dərisindən
gözəl kürk deyə bəhs edir. Bir qaynağa görə
də şəhərin adı eramızdan əvvəl
Qafqazlardan gələn bulqar türklərinin Karsak
oymağından gəlməkdədi. Ağlabatan
budu. Çünki Naxçıvandan Qarsa qədər gəldiyim
yolda o qədər doğma sözlər oxudum ki, yəni
yaşayış məntəqələrinin,
çayların, dərə-düzənin adında (toponimlərdə).
Əslində nisbətən yeni tarixə nəzər salsaq,
min il əvvələ məsələn, (tarix
üçün min il nədi ki?) Səlcuqlu imperiyası
dağılandan buralar Azərbaycana aid olub. Burda da kiçicik
bir izahat verim bilməyənlər üçün. "Azərbaycan”
sözü tarixən bizim indi Cənub dediyimiz torpaqlara aid
olub. Bizim hal-hazırda yaşadığımız ərazilərin
ismi isə Aran olub. XX əsrin əvvəlində
bizim ilk respublikanın təməli qoyulanda məmləkətə
ad axtaranda "Azərbaycan” sözü yada düşür.
Qızğın mübahisələrdən
sonra bu toponimin üzərində dayanıblar. Hacı
Zeynalabdin Tağıyev isə sona qədər bunun əleyhinə
olub, hətta belə bir söz də işlədib: "Bu nərdən
çıxdı, yahu?” Min ilə nisbi
baxmağımdandı deyəsən Səlcuqlulardan gəldim
XX əsrin əvvəlinə - qayıdım geriyə. Hər hansı imperiyanın dağılması
böyük faciələrlə müşayiət olunur.
İmperator Məlikşahın
ölümündən sonra oğlanları taxt-tac uğrunda
mübarizəyə başladılar. Təbii, kənar
qüvvələr də bundan yararlandı, uzun sözün
qısası, Osmanlı dövləti yaranıb da,
güc-qüdrət toplayana qədər buralarda gürcülər,
Çingiz xanın ordusu, Qızıl Orda, Qaraqoyunlular,
Ağqoyunlular at oynatdı. Yavuz Sultan Səlim
Doğuya yapmış olduğu son səfərində bu
yörələri Osmanlıya qatmaq istəyini gerçəkləşdirə
bilmədi. Yalnız Qanuni Sultan Süleyman
dönəmində Qars və ətraf ərazilər
imperiyanın sınırlarına daxil oldu. O məşhur
film ki var, indi hamımız baxırıq - "Möhtəşəm
yüzyıl” - orda Sultan sadalayır ha öz
torpaqlarını və deyir "Azərbaycanın” hakimi. Bax,
orda deyilən "Azərbaycan” buralardı - Qars və ətrafları...
Bu, haşiyədi... Çıxaqmı haşiyədən?.. Sən heç zaman nə haşiyələri,
nə çərçivələri, nə sərhədləri
sevmədin... Amma hər zaman əsiri oldun, Qumral
gözlüm...
***
Deyirlər bir vaxtlar buralarda kübar, zəngin adamlar
yaşarmış. Bu adamlar öz sərvətlərini iki
böyük imperiyanın qovşağında yerləşən
ticarət yollarından qazanarmış. Yol?
YOL?! Yenə Yol?! Deyirlər rus
çarı III Aleksandr sevgilisiylə burda görüşərmiş,
bu ətrafda rus çarlarına aid "Ov köşkü” də
var. Deyirlər... Başqa nə deyirlər?
Eee, o qədər söz deyirlər ki... Həm də onu deyirlər
ki, 92-ci ildə Kafkas universitetinin
açılması şəhərin həyatını tamam
dəyişib. Universitet? Hə, axı bizi
orda gözləyirlər... Mən də Diogen
çəlləkdə düşünən kimi
yatağımda fəlsəfi düşüncələrə
dalmışam.
Qalx
görək, Qumral gözlüm...
UNİVERSİTET
Əslində Universitetin kampusunda gəzəndə bura
haqqında müəyyən təsəvvür yaranır. Bəlkə
100 hektara yaxın sahəsi var və bu sahədə heç
bir şey sıxlıqla, bir-birinin içinə girərək
yapılmayıb. İnsana hüzur verən
bir açıqlıq var burda və mavi rəngin
üstünlüyu. Dizaynı kim
düşünübsə iyi edib. Mavi rəngin
enerjisi güclüdü. Qaldığımız
Qonaq evinin balkonundan bütün universitet alanı
görünməkdədi. Bu vizual
görünüm - bəs içi necədi görəsən?
... Vurğun Əyyub bizi universitetin həyətində
(daha doğrusu, fakültənin həyətində)
qarşılayır, içəri keçirik. Öyrəncilər elə də çox gözə
dəymirlər, təbiidi, dərslər bitib, ancaq kəsri
olanlar növbəti bütünləmə imtahanlarını
vermək üçün burda qalıblar. Vurğunun kabineti birinci mərtəbədədi.
17 il işsiz qalandan sonra yaxşı
ortamdı. Öz otağı, otağın
qapısında lövhəsiylə-filanıyla. Dərs dediyi fakültə Fənn-ədəbiyyat
fakültəsi adlanır. Amma ad sizləri
yanıltmasın - ədəbiyyat adlansa da ixtisaslar fərqlidir.
Kimya, riyaziyyat, biologiya, fizika, nə bilim daha nələr
də bura daxildi. Yəni bizdən fərqlidi
yanaşma. Ümumiyyətlə, hər
şey fərqlidi. Əsas olan isə budur ki,
bütün Türkiyə universitetləri içində
yalnız Kafkas universitetində Azərbaycan
dili və ədəbiyyatı tədris olunur. Tədris olunmaq
bir yana, buranı oxuyub-bitirən tələbələr
bu ixtisasla (yəni branşla) diplom alırlar və gələcəkdə
bu sahədə çatışmazlıq olmayacaq kimi
görünür. Vurğunun söhbətindən
belə anlayıram ki, fakültədə bizə aid dərslər
ancaq onun üzərindədi, həftədə 32 saat dərs
deyir (sonradan Vurğunun mənə məkub yazan tələbələrinin,
düşüncə tərzi, yazı dili göstərir ki,
Vurğun Əyyub həm də çox gözəl müəllimdi.
Azərbaycanı da, onun mədəniyyətini, ədəbiyyatını
da bu gənclərə sevdirə bilib). Vurğun
bura gələnə qədər də müəllimlər
çalışıb burda. Amma mən bilən
bu bölümün əsas yükünü Hacalı Nəcəfoğlu
üslənibmiş. Təsəvvür
edirsiz? Əslində bu fakültənin
formalaşmasında, yaranmasında onun böyük əməyi
var. Onun və Qars əski baş konsulu Həsən Zeynalovun.
2004-cü ilin aprelində Qarsda Azərbaycan
konsulluğunun açılması da bu şəhərin həyatında
və ümumilikdə siyasi həyatda da önəmli rol
oynayıb.
Bu ərazilər
strateji bölgələrdi və mən indi də fikirləşirəm
ki, Həsən Zeynalovun şəxsi keyfiyyətləri,
prinsipiallığı olmasaydı hər şey başqa
cür ola bilərdi. Çox
xırdalıqları açıb demək olmur, bu, diplomatiyadı.
Diplomatiyanın danışıq dilində isə
ayrıntılar yox, ümumi sözlər üstünlükdədi.
Və Qarsda işlədiyi müddətdə Həsən
müəllim dəfələrlə məni buralara dəvət
etmişdisə də, gedə bilməmişdim. Qismət indiyə imiş. Elə
indi haqqında danışacağım professor Hacalı Nəcəfoğluyla
ilk tanışlığımıza da hörmətli Həsən
Zeynalov səbəb olmuşdu.
-
Qonaqlarımız burdadı - deyir Vurğun telefonla. -
Hacalı bəy bizi gözləyir öz otağında.
Qalxırıq yuxarı və kimyaçı professorun
qarmaqarışıq, səliqəsiz (daha doğrusu, "bədii”
səliqəsiz, kitab və rəsmlərlə
donatılmış) otağına daxil oluruq.
NƏCƏFOĞLU
2007-ci ilin fevralında Haaqada (təsəvvür edirsiz
Haaqada) Xocalı soyqırımına həsr olunmuş konfrans
keçirilirdi. Təşkilatçı İqdır bələdiyyəsi
idi, amma təbii ki, əsl təşkilat işləmləri Həsən
Zeynalovun idi. Bizi də dəvət
etmişdi və mən bu səfərdə qeyri-rəsmi şəxs
kimi iştirak edirdim. (həmişə
olduğu kimi, çünki məmləkətdə rəsmi
şəxs kimi təmsil olunacaqların sayı o qədər
çoxdu ki... Hamının savadı, intellekti, millət
damarı, istedadı aşıb-daşır,
fışqırır, lap püskürür deyənə
növbə çatmır da. Təyyarəyə minik
başlayanda VİP salonda gördüyüm insanlar ki var idi -
yüz faiz əminəm onlar Xocalı adına
heç xəritədə də baxmaq həvəsində
olmazlar. Müxtəlif Avropa ölkələrinə
gedirdilər və hərənin öz işi. Ticarət faktoru ziyarət faktorundan daha üstün
təbii).
... Amma bir dəfə yazmışdım bu barədə
- qeyri-rəsmi şəxs olmağın öz
üstünlükləri var. Hamını müşahidə
edə bilirsən, hətta lap qulağının ucu ilə
eşitdiyin sözlərin nəyə görə deyildiyinin fərqinə
varırsan.
"Vətən,
Millət, Sakarya” - ortamıdı... Kimin nitqi neçə dəqiqə
çəkəcək, kimi çox alqışlayacaqlar, kim nə qədər ermənini ittiham edəcək
- anladığınız həmişə olanlar... Sayın Hacalı Nəcəfoğlunu ilk dəfə
orda görmüşdüm. Sakit, mütəvazi,
üzərinə diqqət toplamağı sevməyən
birisi kimi yadımda qalmışdı. Arada-sırada,
bayram günlərində Aqil Abbasın elektron poçtuna
ondan təbriklər gəlirdi və mən də Aqil
Abbasın adından ona təşəkkürlər
cavablayırdım. Həsən müəllimlə
söhbətlərimizdə də onu tez-tez
xatırlayırdıq, amma düzünü deyim ki, Nəcəfoğlunun
bu aləmdə necə nüfuzlu biri olduğunu və ən
önəmlisi Azərbaycan üçün necə qiymətli
bir insan olduğunu Qarsdakı görüşlər zamanı
anladım. Tam bir Azərbaycan
sevdalısı.
Tanımayanlar
üçün qısa bioqrafik məlumat:
1955-ci ildə Hacıqabul rayonunda doğulub, 1972-də Azərbaycan
Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, məzun
olduğunda elmi karyerinə başlayıb. Xudu Məmmədovun
aspirantı olub, onun rəhbərliyi ilə elmi müdafiəsini
edib. 1985-ci ildə Azərbaycan Dövlət
Universitetində müəllimlik edib. Ölkədə
vəziyyət dəyişəndə isə Türkiyəyə
gedib və 92-ci ildən orda çalışmaqdadı.
92-95-ci il arası Ərzurum universitetində,
95-ci ildən sonra Qars universitetində dosent, sonradan isə
professor kimi fəaliyyətdədi. Batı dilləri
və ədəbiyyatları, Slavyan dilləri və ədəbiyyatları,
Çağdaş Türk Ləhcələri və ədəbiyyatları
bölümlərinin qurucu bölüm
başkanlığını yapıb. Kafkas
universitetinin Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin
müdiridi.
Təbii, bunlar rəqəmlər və sözlərdi. Rəqəm və
sözlərin arxasında isə həyat dayanır, əməllər,
çırpınan ürək dayanır. Diaspora sözü ki var, son vaxtlar tez-tez işlədirik
və beynimizdə formalaşan stereotip də budur ki, ordakı
həmvətənlərimiz ya bir-birini ittiham edir, ya burdakı
mərkəzi ittiham edir, ya da bayramlarda yerliləri dolmaya qonaq
edirlər. Avropada yaşayırlar - təfəkkür,
zehniyyət dolmadı.
Hacalı
Nəcəfoğlu uzun zamandı Türkiyə Cümhuriyyəti
vətəndaşıdı, amma bu uzun zaman onu öz köklərindən
bir an da ayırmayıb. Diaspora
belə şəxslərlə formalaşmalıdı. Və mən düşünürəm ki, Nəcəfoğlu
elə təkbaşına da diasporadı.
***
... İndi biz onun otağındayıq. Hacalı bəy bizi universitet haqqında bilgiləndirir
və gündəmə gəlmiş yeni problemlə
tanışdırır, millət vəkilinin burda
olmasından ümumi işin xeyirinə istifadə etmək istəyir.
1992-ci ildə fəaliyyətə başlayan universitet,
ilk qurulduğunda bir fakültə, 245 öyrənci, 40 öyrətim
elemanına sahibmiş. İndi burda 6 fakültə, 3 yüksək okul, 5 meslek
yüksekokulu, 1 konservatoriya, 3 institut, 10 araşdırma mərkəzi
fəaliyyət göstərir. 12500 tələbə
oxuyur burda. Öyrənci yurdları, yeməkxana və
kafeteryalar, sağlıq mərkəzləri, klublar...
Universitet
bölgə universiteti olmaq
yolunda
hızla və əmin addımlarla irəliləyən
konumdadı.
Problem nədir? Məsələ burasındadır
ki, kimsə Azərbaycan dili və ədəbiyyatı
ixtisasının buralarda lazım olmayacağı fikrini
yayıb. Bu bölümün bağlanma təhlükəsi
var. Baş konsula bu problemi çatdırmaq, onun dəstəyini
almaq lazımdı. Zatən sayın Nəcəfoğlu
öncədən ona telefon açıb qonaqlarla birlikdə
konsulluğa gələcəyini deyib. Hələlik bizi
aşağıya, birinci mərtəbəyə dəvət
edir. "Heydər Əliyev mərkəzinə”. Mərhum prezident bir vaxtlar bu universitetdə olub
axı. Mərkəz əslində Azərbaycan haqqında
kitabların, tədris vəsaitlərinin,
yazıçılarımızın əsərlərinin
toplandığı bir qiymətli kitabxana konumundadı. Biz də
özümüzlə nə qədər kitablar gətirmişik.
Sayın millət vəkili ilə sayın Nəcəfoğlu
kitabları yerbəyer edirlər. Mən isə divardan
asılmış portretlərə, dolablardakı kitablara
baxıram. Baxışlarım atamın üstündə
dayanır. O bizdən əvvəl gəlib bura - yəni rəsmləri
və kitabları. Ürəyimdə yenə savaş
başlayır deyəsən - bu nə taledi, Tanrım!
Özü heç yerə gedə bilmədi, amma Sözü
hər yerdədi... Gözlərim dolur, yaxşı ki,
heç kim mənə fikir vermir. Çevrilib baxıram. Aqil Abbas kitablarını imzalayır, Nəcəfoğlu
nəsə izah edir, Vurğun da otağın künclərində
düzülmüş dibçəklərdəki gülləri
sulayır. Özü də elə nəvaziş və diqqətlə
edir ki, bu mənzərəyə tamaşa etməyə
gözlər lazım. Təbəssüm gəlir
üzümə...
Zəng gəlir Nəcəfoğlunun telefonuna,
deyəsən bizi gözləyirlər baş konsulluqda.
Yığışırıq getməyə. Vurğun
dodağının altında mızıldanır:
- Siz gedin...
- Sən də gəl, - deyirik israrla. Və
konsulluğa getdiyimiz yolda sürücülüyü də
Vurğun edir.
... Hüznlü şəhərdi Qars. Zatən
Nobel ödülçüsünün təsvirində də
belədi. İndi ötüb getdiyimiz sokaklara baxdıqca həmin
təsvirləri xatırlayıram: "İyirmi il öncə
Karsa gəldiyində KA-yı büyüləyən; sokakları, iri kəsmə daşları və
Türkiyə Cümhuriyyətincə əkilmiş iydə və
kəstanə (şabalıd-müəllif) ağaclarıyla
bu hüznlü şəhər olmuşdu; milliyyətçilik
və qəbilə savaşlarıyla ahşap (taxta)
yapıları tamamən yakılıb-yıkılmış
Osmanlı şəhəri deyil".
Görəsən KA ilə İpəyin buluşduğu "Yeni hayat” pastanesi hardadı? Və varmı? Mən bu düşüncələrdəykən memari yapısı rus evlərini xatırladan bir binanın qarşısında dayanır arabamız. Konsulluq burdadı. Həyətin içindən keçib ikinci mərtəbəyə qalxırıq, Baş konsulun otağına daxil oluruq... Və mənim iri gözlərim bir az da böyüyür...
(ardı var)
Ədalət.-2019.-3 oktyabr.-S.1;3