Əbülfət MƏDƏTOĞLU

 GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

Doymadığım səfərin təəssüratları

 (Əvvəli burada)

Bəli, bu da Trabzonun girişi. Şəhərə doğru bir az hərəkət edəndən sonra Əhməd qardaşıma özünün dediyi kimi, bir çağrı atıram. Dərhal da cavab verir:

- Əfəndim, hardasan?

- "Cəvahirlər”i keçdim...

- Oldu, beş dəqiqəyə terminaldayam...

Doğrudan da mən terminala çatanda artıq Əhməd Varol orada məni gözləyirdi. Avtobusdan enən kimi ən doğma adamlar kimi bir-birimizə sarıldıq. Dediyim kimi, son dərəcə diqqətli olan Əhməd bu dəfə bir nüansı gözdən qaçırmadı:

- Abi, mən sənə söylədim ki, Trabzona çatmamış məni ara. Sən isə Trabzonun içərisində məni aradın. Yəqin istəmisən ki, əziyyət çəkməyim. Amma belə olmaz. Haqqıma müdaxilə etmə. Qoy işlərimi ürəyimcə görüm.

Üzrxahlıq edirəm. Yol-yorğunluğu, yuxusuzluq bəhanələri köməyimə çatır. bir görürəm ki, Əhməd yol çantamı artıq maşına qoyub. biz onun öncədən mənim üçün müəyyən etdiyiayırdığı otelə gəlirik. Burada da hər şey öz qaydasındadı. Beşmərtəbəli otelin ikinci qatında çox xudmani bir otaq ayrılıb mənim üçün. Demək olar ki, onun pəncərə balkonundan ətrafı seyr etmək mümkündür. Bizi səhər yuxusundan oyadıb oda açarını istədiyimiz cavan bir oğlan 3-cü mərtəbəyə qaldırdı. Mən öncə söylədiyim kimi, elə Əhmədin yanında da soruşdu:

- Hocam, oda xoşunuza gəldi, yoxsa başqa bir odaya dəyişim sizi?

Ona təşəkkürümü bildirdim:

- Hər şey gözəldi! – dedim. Ən gözəli sizin varlığınızdı.

Otel işçisi sağollaşıb gedəndən sonra Əhməd qardaşım da mehriban bir təbəssümlə dedi:

- Abi, sən yuyun, istirahət et, saat doqquzda gəlib səni götürəcəm, səhər yeməyini birlikdə yeyərik. Orada da görəcəyimiz işləri, proqramımızı müəyyənləşdirərik.

Əhməd Varola təşəkkür edərək vurğuladım ki:

- Qardaşım, sən əziyyət çəkmə. Mən artıq buralı sayılıram. Özüm muxtarlığa gələrəm. Həm bir az hərəkət etmiş olaramdedim.

Əhməd Varol mənimlə razılaşmadı

- Olmaz! – dedi. Yürümək məsələlərinə sonra baxarsan. Bu sabah səni özüm götürəcəm. Saat doqquza hazır ol...

Onu yola salıram sonra otelin balkonuna çıxıram. Trabzonun səhər havası, qızaran göy üzü, güclə olsa eşitdiyim dənizin səsi məni otaqda dayanmağa qoymur. əl-üzümə bir ovuc tələm-tələsik su vurub həyətə enirəm. Otelin bir neçə yüz addımlığında dəniz mənzərəsi açıq-aydın görünür. Ona görə mənə elə gəlir ki, mütləq onun ziyarətinə getməliyəm, mütləq dənizlə görüşüb hal-xoş etməliyəm. mən özüm hiss etmədən içimin bütün titrəyişini, bütün pıçıltılarını dənizin səsinə qatmağa bu qovuşmağı Qara dənizin suyunda yuyundurub gün işığına çıxarmağa tələsən bir duruma düşürəm.

Bilmirəm, bu yazdıqlarım, bu dediklərim sizdə hansı hissləri, duyğuları oyadır, amma həqiqətən gözəllik, xüsusilə sahilləri səliqə-səhmana bürünmüş Qara dəniz, bu dan üzü qeyri-adi idi. Ona görə ağlımdan, ürəyimdən süzülən hər şeyi burda misralamağa, şeirə çevirməyə daxili bir ehtiyac duydum. elə həmin ehtiyacın diqtəsilə sözü necə gəldi, necə yaşadım, necə duydumsa o cür addımlaya-addımlaya yaddaşıma yazmağa, pıçıldamağa başladım. Yazdım ki:

 

Sübh döydüm qapısını

Susmuşdu Qara dəniz...

Gecikmişdim onunçün

Küsmüşdü Qara dəniz...

 

qırçınlı ləpələr,

coşqun dalğa var...

Elə bil çəkilmişdi

Uzaqlara dalğalar...

 

Mən sarılmaq istədim

O üzünü çevirdi...

Amma hiss edirdim ki

O da məni sevirdi...

 

Çünki toxunan kimi

Ləpə öpdü əlimi...

Bağışladı deyəsən

Bu dəniz mən dəlini...

 

***

Sahil boyu gəzirəm. mənə elə gəlir ki, bu yerlərdə milyon il bundan öncə olmuşam. Elə bu dəniz milyon il bundan öncə gözlərimin qarşısında dünyaya gəlib. Həmin duruluğuyla, həmin ləpələriylə bir təbii ki, gecə-gündüz öpməkdən doymadığı sahilləriylə...

Sahildəki daşlara əlimi vururam. Mamırlanmış bu daşların üstü sabun kimidi. Əl öz-özünə sürüşür daşın üzərində. Sanki bu daşların da isti bir toxunuşa, xoş bir nəvazişə ehtiyacı var. Mən oxşayıram bu daşları. İstəyirəm ki, onların da könlünü alım, onları da dinləyim. Görüşlərinə gec gəldiyim üçün onların da könlünü alım... Təbii ki, bütün bunlar bir şair duyğusallığıdı. Bu dənizi, bu torpağı sevən bir adamın ürəyinin, dünyasının ifadəsidi. Ona görə dəyərli oxucular bu duyğusallıqda gərək məni üzrlü saysınlar. Axı, sevgi etiraf tələb edir. Xüsusilə o yerdəki o yer xatirələrin ünvanıdı, dostluğun, doğmalığın timsalıdı. Bax, bu mənada indi gəzdiyim bu sahildə mən bir neçə dəfə doğmalarımla birlikdə addımlamışam. Burda şəkillər çəkdirmişəm, burda dənizin suyunu ovcuma alıb həmin o doğmaların üst-başına çiləmişəm. isə...

Elə bu məqamda yenə ilham pərisi gəlib durur gözümün önündə. Necə deyərlər, şairliyim vurur başıma. mənə duyğularımı, burda yaşadıqlarımı sözə çevirməyə çağırır, hökm edir. Mən bu istəyə tabe oluram. Təbii ki, nəticədə bu misralar yaranır.

 

Mən kiməm ki, haqq danam

Görüş umdum haqdan an!

Bir elçiyəm - haqdanam

Özümdən özüm sənə...

 

Ömür bitən bir an ki

Səndə keçir hər an ki!

Sına səbri inan ki

Bitməz heç sözüm sənə...

 

Dünyaca günahları

Yıx boynuma ahları...

Açılan sabahları

Qoy baxsın gözüm sənə!

 

Çığırın, ya izin ver

Söykəndiyim dizin ver...

Sən dözmürsən izn ver

Ölüncə dözüm sənə...

 

Ömür an yonqarıdı

Ərimiş son qarıdı...

Xatirə tonqalıdı

Gülüm, hər közüm sənə...

***

Bəli, bir onda hiss edirəm ki, günəş artıq dənizdə çimib. mənim kölgəm yavaş-yavaş sahildən dənizin içərisinə doğru gedir. Elə bir yuxudan ayılıram. Mobil telefonda saata baxıram. Türkiyə vaxtı ilə saat 8-di. Ağlıma ilk gələn bu olur ki, otelə, odaya qayıdım. Çünki dostumun xasiyyətinə yaxşı bələdəm. Bilirəm ki, dediyi vaxtda gəlib odanın qapısını döyəcək. hətta bəzən yoldanca zəng vurur ki:

- Abi, mən çatıram, düşə bilərsənmi?

Bax, bütün bunları dəqiq bildiyimdən dənizə "hələlik” deyib üzü geri otelə doğru qayıdıram. Getdiyim yolu öncədən sizə təsvir etmişdim. Yəni gedəndə dağdan üzü yenişə, dənizə doğru gedirdim. İndi isə qayıdıram. Deməli, sahildən üzü dağa yerimək, addımlamaq lazımdı. Bunun bir az çətin olduğunu hər kəs bilir. Amma həm havanın təmizliyi, həm mənzərənin yaratdığı ovqat, həm də bu yerə candan olan sevgim üzü yoxuşa olan yolda mənim əlimdən tutur. Çox rahatlıqla bu yoxuşu dırmaşıram və gedə-gedə də keçdiyim yerlərdə nələrin dəyişib, nələrin dəyişmədiyinin fərqinə varmaq istəyirəm. Küçə boyu getdikcə artıq müştərilərini qarşılayıb yola salan və meşə odunu ilə kürələrdə bişirilən müxtəlif formalı Trabzon çörəkçilərinin əl işlərinin ətri adamı bihuş edir. Həqiqətən kəndimizdə bişirilən çörəyin ətri gəlir mənə. Hətta bir anlıq dayanıb çörək almaq istəyi də gəlib keçir içimdən. Amma Əhmədin onsuz da məni səhər yeməyinə aparacağını bildiyimdən bu fikirdən vaz keçirəm.

 

Qulağıma tanış bir səs gəlir:

- Hocam, günaydın!

 

Səsə çevrilib baxıram. İsa əfəndidi. Yolun o biri üzünə keçib köhnə dostla-tanışla görüşürəm, hal-əhval tuturam. Nə vaxt gəldiyimi soruşur.

Burda əlavə edim ki, İsa Əhməd bəyin yaxın arkadaşlarından biridi. O elə muxtarlığın önündəcə açdığı mağazasında "ikinci əl” əşyalarını satır. Və biraçar təmiri ilə məşğuldu. Yanında oturub onun işinə diqqət yetirdiyim vaxtlar çox olub. Bu adam civə kimidi, yorulmur, usanmır. Hamıya xoş münasibət bildirməkdən çəkinmir. Onun müştərilərindən çoxu öyrəncilərdi, xüsusilə ali məktəb tələbələri. Çünki onların bir qismi kirayə qaldıqlarından İsa bəyin satdığı işlənmiş əşyalar – stol, stul, qaz sobası, şkaf, tozsoran, paltaryuyan, televizor, yataq dəsti, servislər və sairəni məmnuniyyətlə ucuz qiymətə satır. Və o da maraqlıdır ki, o, tələbələrə həmişə güzəşt edir.

 

(Ardı var)

Ədalət.-2019.-8 oktyabr.-S.6.