İradə Tuncayla ortaq dərdimiz
Pərvanə
Bayramqızı
Çoxdan
yazmışam. Bəzi səbəblərə görə
paylaşmırdım. Məmməd Araza olan sevgim tərəddüdümə
güc gəldi.
Bu yazıya nə Məmməd Arazın, nə
də İradə Tuncayın ehtiyacı yoxdur. Mənə gəlincə
də şeirlərini sevə-sevə oxuduğum şairin
haqqında qələmimin gücü çatdığı
qədər bir neçə kəlmə yazıb sakitləşəcəm.
Əsərlərini ruhuma yaxın bildiyim söz
adamlarının dərdlərini özümünkü
sanıb, uzaqdan-uzağa ürəyimdə çəkmişəm.
Bu gün o hissləri vərəqə köçürüb
həmin ağrılarla üz- üzə dayanmaq istədim.
Oxucularla yazarlar ən yaxın adamlar olduqlarından onlar
bir-birilərini sətirlərdən, misralardan duyurlar. Sevincləri
də, dərdləri də eyni olur.
Dərd dedim yazını yazmaq səbəbini
xatırladım.
Hərənin
bir dərdi olanda mənimki mindir. Təkcə ölkəmizdə
deyil, Yer üzündəki insanların sayına nəzər
salanda dərdimin nədən çox olması bəlli olur. Hərədən
bir ürək dərd çəkməkdən sinəmdə
Məmməd Arazın vəsf etdiyi dağlartək dağlar əmələ
gəlib. Dərdin də doğması olur. Söz
adamlarının dərdlərini də özləri kimi
çox sevirəm.
Yüzlərlə
oxucular kimi sevdiyim şairləri görmək, onlarla söhbət
etmək arzum olsa da qismət olmadı. Gözümdə qalan
bu arzunun acısını beləcə, sevgimi izhar etməklə
ovutmaq istəyirəm.
Dərdin
birini sinəmə Xəlil Rzanın ürəyindən qopan
ağrı verib. Təbriz dərdi! Xalqın hayına
çatdı, oğlunun dadına yetə bilmədi Xəlil
Rza. Bircə kəlmə sözü məlhəm edib
yarasına səpsəydim bir azca rahatlıq tapardım. Amma
şairə verməyə təsəllim olmadı. Nə deyəcəkdim
ki. Bizim bəxtimiz belədir. İtirdiyimiz Təbrizi bir
də qaytara bilmirik.
Cabir Novruz gözəl-göyçək şeirlərini ruhumuza hopdurdu, bizə nəyin daha dəhşət olduğunu söylədi. Millətin faciəsindən yazıb, özününkünü isə sevənlərinin öhdəsinə buraxdı. Bu da mənə bir dərd oldu.
Elə dərdim də var ki, onu İradə
Tuncayla birgə çəkirik. Mənmi ona, ya o mu mənə
ortaq olduğunu dəqiq deməyə çətinlik çəkirəm.
Oxucu sevgisinin övlad sevgisindən üstün olduğunu demək
olmaz. Elədirsə bəs niyə uşaqlıqdan bu qüssəni
daşımışam? Ekranda Məmməd Arazı görəndə
sevincək televizorun önündə dayanıb onun şeirlərini
öz səsilə səsləndirəcəyini gözləyib
və bu baş verməyəndə niyə qanım
qaralıb? Niyə onun bircə dəfə
dinib-danışmasını görmək üçün
günlərimi həsrətlə ötürmüşəm?
Ailəmizin istəkli üzvü kimi sevmişəm Məmməd
Arazı. Bu sevgini məndə ilk dəfə "Duman, salamat
qal” şeiri oyadıb. Dağı, aranı, leysanı,
çobanı sevmək, bu cür tərənnüm etmək
kiməsə adi görünə bilər. Amma o kimsə nə şair ola bilməz,
nə də həssas insan. Təbiətlə insanın
doğmalığından söz açan,
dağdan-daşdan, hətta leysandan ayrıldığına
xiffət edən bir insanı necə sevməyəsən? Ən
incə hisslərlə yazılmış bu şeir şairin
özünü də dağa döndərdi – sinəsində
dərdi cığır salan, amma dinməyən dağa!
Coğrafi
baxımdan Naxçıvanla Bakıdan çox-çox uzaqda
yerləşən Gədəbəydə bir məktəblinin
bu şeiri sevməsi Vətən sevgisinin bünövrəsi
idi ki, onu da çobana "Bu qoca dağların biri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən” deməklə
insanın ucalığını göstərən Məmməd
Araz qoymuşdu. Susduğu üçün həmişə
qınadığım şairin dinməyini, sən demə,
ailəsi də arzulayırmış. Bunu bilmirdim. Elə
bilirdim ki, Məmməd Araz dünyaya təkcə oxucuları
üçün gəlib və onun – "tutqun
Arazının” dərdini təkcə biz çəkməliyik.
Dinmədiyinə görə onu qınayaraq şeirlərini
beləcə küsülü şəkildə oxuyurdum.
Dünyanı, dağı-dumanı, çobanı Məmməd
Araz sevdirirdi mənə. Yaşımın az vaxtlarında
daşları qaldırıb orada Məmməd Arazı görəcəyimi
də zənn etmişdim. Axı özü belə demişdi.
Həmin daşın necə daş olduğunu isə
yalnız böyüyəndən sonra bildim, bundan sonra
şairi kitablarında axtarıb tapdım. Şeirlərini
oxuyub dərk etdim ki, Məmməd Araz Azərbaycandır, onun
daşı, torpağıdır.
İllər
sonra öyrəndim ki, bu böyüklükdə ürəyin,
bu dərəcədə qüdrətli sözün sahibi xəstəliyə
məğlub olubmuş, onu susmağa xəstəlik məcbur
edirmiş. Məmməd Araz düşündüyüm kimi
"ağzına su alıb” oturmayıbmış,
sözü dilinin ucunda lal-dinməz qalıbmış. Söz
adamının danışa, yaza bilməməsi necə də
ağrılıdır. Məmməd Araz bu dəhşəti
özü də yaşayıb, sevdiklərinə də
yaşatdırıb. Biləndə ki,
danışmağını özü də, ailəsi də
arzulayırmış lap xəcalət çəkdim. Axı
həmişə onu susduğu üçün
qınamışdım. Sən demə, atası ilə
söhbət etmək arzusuyla şairin səsini eşitmək
arzusu İradə xanımla mənim ortaq dərdimiz imiş. Hər
gün atasının yanında olduğu halda onunla söhbət
edə bilməyən övladın iztirablarını
yaşamaq çox çətindir. Oxucu bundan bu dərəcədə
məyus olubsa ailəsinin əzabını ifadə etməyə
söz tapmaq olmur. (Özüm də bilmədən hansı
sevginin üstün olduğunu söylədim) Sən demə,
bu illər ərzində evdə əzizləri, ekranın
qarşısında da mən eyni ağrını
yaşayırmışıq. Bəlkə də,
danışmağı bacarıb sussaydı bu qədər
sevilməzdi. Məmməd Araz danışmaya-danışmaya
nələr söyləmədi, nələri izah etmədi bizə.
"Məndən ötdü qardaşıma dəydi” deyə
millətin ən böyük eybini göstərdi. Bir
ömrü susub yaşadıqca əvəzindən qələmi
danışdı. Harda ki onun şeiri səsləndirilir təsəlli
tapıram, Məmməd Arazı gördüyümü
düşünürəm.
Uzaqdan-uzağa
xoşuna gəlsəm,
Məni
dindirməyə tələsmə hələ.
Tanımaq
istəsən məni, əzəl sən
Tanış
ol bu kiçik nəğmələrimlə.
Məni
şeirimdə gəz insan kimi
Qəlbimdə
nə varsa ona demişəm.
Anadan-
bacıdan gizlətdiyimi
Kağızdan,
qələmdən gizlətməmişəm.
Gözündə
yanmayım bir ulduz kimi
Gəlib
keç yanımdan səssiz- səmirsiz.
Açıb
varaqları qapımız kimi
Görüşək
sətirlər arasında biz.
Bu misralar
Məmməd Araz deyilmi?
Bir də
İradə Tuncay danışanda təsəlli alıram. Elə
bilirəm Məmməd Araz demədiklərinin
hamısını ona söyləyib gedib.
Pərvanə
Bayramqızı
Dalidag.az
Ədalət.-2019.-17 oktyabr.-S. 5.