Aydın Canıyev

 Bizi birləşdirən dəyər - Məmməd Araz

əslində... hamının və heç kimin

 

Epiqraf:

Dəymə, gələn Arazdı!

Gəlib gedən Arazdı,

Bizə dəyər, bizim dəyər

Təkcə Məmməd Arazdı!

 

Bu "təkcə" təyininə layiq biləndə... üç Məmməddən ikisinin - Məmməd Aslanın ruhunun, Məmməd İsmayılın özünün inciməyəcəyini dəqiq bildiyim üçün çəkinmədim: çünki elə məndən "yüz il əvvəl" ilk olaraq, onlar Məmməd Araza "şair, həm də kişi" deyiblər. Məmməd Arazın nə özü, nə də sözü heç vaxt heç kimi küsdürməyib, onun haqqında istənilən xoş sözü və təşbehi çəkinmədən demək olar! Çünki... Nəriman Həsənzadənin Nizami haqqında dediyini eynilə Məmməd Araza şamil etmək olar: "yuxarı baxıram papağım düşür, aşağı baxıram eynəyim!" (Yordan Milev öz kitabında sitat gətirib).

Və... Peyğəmbərinin, Atasının, qardaşı oğlunun, sevimli üç şairinin üçünün də adı Məmməd olan biri kimi, düşüncələrimdə həmişə bir eymənmə olub: görəsən, mənim tanıdığım və tanımadığım bütün Məmmədlər Məmməd Araz adına, Məmməd Araz zamanına, Məmməd Araz dünyasına layiq oldularmı? Əlbəttə, Məmməd Aslan və Məmməd İsmayıla görə... çəkinmədən "hə" demək olar! Ancaq deyəsən, yerdə mənim əzizlərim qarışıq Azərbaycanın bütün məmmədlərinin günahını Allah elə Məmməd Arazın Sözünə-Özünə bağışlayacaq. "Qiyamət günü bütün mömin müsəlmanlar üçün İlahi dərgahda zamin Ali-əba yiyəsi olacaqsa, bütün məmmədlərin də xatirinə bağışlanacağı ad Məmməd Araz olacaq!", qənaətindəyəm!

Bu dəqiqə qəzetdə işləsəydim, Sıktıvkara gedib şəxsən Kandapoqadan ən yaxşı qəzet kağızını alar, "Novıe İzvestiya"da səhifələyər, "Molodoya qvardiya" nəşriyyatında 11 min dollar ödəyər və dörd rəngdə 100 min tirajla Məmməd Araza həsr olunmuş xüsusi buraxılışı çap edib... pulsuz paylayardım.

4 rəngin 64 çalarında Məmməd Arazın şeirlərinin portretini, sözlərinin istisini-soyuğunu, florasını-faunasını bəzəyər, qəşəng bir dendrari düzəldərdim.

İlk səhifədə isə Məmməd Arazın əlində əsa ilə nəşriyyata doğru keçən yolda şəklini çəkib epiqrafda yazdığımı şəklin altından verərdim!

Əgər deyirəm də, əgər...

 

Amma indi, yalnızca əlimin altında olan bir gözəl şeirini verib keçəcəm ürəyimi boşaltmağa...

 

İlahi, sən saxla, kallaşır insan,

Ölüm adiləşir, dərd adiləşir.

Bu insan yanında insan da yansa

Sanır tamaşadır - bu haray-həşir...

 

Baş əyir, and içir ana torpağa,

Aşınan, daşınan torpağı görmür.

And içir ulduzlu, aylı bayrağa,

Böyründə dilənən uşağı görmür.

 

Bu insan qara daş, paslıca dəmir,

Görmür, görə bilmir səpilən dəni.

Seçmir, seçə bilmir, seçmək istəmir

Qara geyinəndən geyinəni.

 

İndi bu insanı ayır, tap-tanı

Qələm görə-görə, söz görə-görə!

Qadın təhqirlənir, qoca tapdanır

Qanun görə-görə, göz görə-görə.

 

Ölüm adiləşir, kallaşır insan...

Onsuz da ah-vayı ölü eşitmir,

Kallaşa-kallaşa karlaşır insan,

İçinin səsini çölü eşitmir...

 

Görmür göz yaşını, çay görən insan,

Vay deyən, saç yolan ananı görmür,

Özü özünün çıxır yadından,

Özünün oduna yananı görmür.

 

O qədər qan tökən əl var ki, görür:

O, axan qanı da axan su bilir.

O qədər qəribə hal var ki, görür;

Ulayan iti qonşusu bilir...

 

Gözümün aynası, oyat nurunu,

Boylan ürəyimə bir səhər çağı,

Gəzdirib sinəmdə boyat nurunu,

İnsanı harayla, insanı çağır.

 

Bir gör ürəyimdə insan yatırmı?

İnsanla baş-başa insaf yatırmı?

İlahi, sən saxla, kallaşır insan,

Kallaşa-kallaşa karlaşır insan...

 

5 sentyabr, 1992-ci ildə yazılıb bu şeir. İndi görün kallaşan, karlaşan insanların törəmələri bu ölkəni günə qoyub, düşüncəmizdə kimlər öz zövqləri ilə dominanatlıq iddiasındadı, milli-mental dəyərlərə kimlər düzən verir, gündəmə kimlər rejissorluq edir!

Xalq şairi adını Ayaz Mütəllibov verdi!

Elçibəy imkan tapdımı, tapmadımı dəyərləndirməyə, bilmirəm.

Heydər Əliyev deyəsən müalicəsini boynuna götürdü.

Bax buna görə Məmməd Araz zirvədi: müstəqillik dönəmində heç bir Şah ona qəzəblənmədi. Müstəqillik həm bu yanı ilə gözəldi: Vətən üçün, Xalq üçün Ləyaqətli Şair, Vətənpərəvər Vətəndaş kimi şam olursansa, heç kim səni sındırmağa can atmır, əksinə, imkanı varsa, "sağ ol" da deyir.

Heç bir kontingentin, qütbün, əqidə daşıyıcısının irad tutmağa vicdanı yol vermədiyi imza olaraq Məmməd Araz bu dünyadan mənim idealım kimi keçdi! Əslində heç kim bilmir Nizami, Füzuli, Nəsimi necə kişi olub, Caviddən, Cəfərdən, Müşfiqdən, Vurğundan, Rzadan hərə bir şey danışır.

Mən Cəfərin Sonasını, Cavidin Müşkünazını, Əhmədin Şükriyyəsini əziz bilirəm.

Amma 1985-ci ildən tanıdıqlarımın içində təkcə, bəli, elə təkcə Məmməd Arazın YARI()NI da onlarla əziz tuturam! O XANIM gözümdə iki qız Anasından, kiminsə Qızı statusundan daha lap çox, Məmməd Arazın əzabkeşi kimi HEYKƏLLƏŞİB.

Cəfərin Sonası, Cavidin Müşkünazı, Əhmədin Şükriyyəsi... bir Məmməd Arazın... Gülxanım müəlliməsi!

Bu gün şairlər hədəfdir.

Məmməd Araz olmadı, Olmaz da! Ola da bilməzdi!

Bax, bayaqdan buna görə reverans edirəm - labirintə düşdüyümü zənn etməyin.

Mən müasiri olduğum şairi həm Kişi görmək istəyirəm:

Mən əyilməz Ata adı saxladım,

Vicdanımı ovuclara sağmadım, - deyən Kişi Ata, Kişi Oğul, Kişi Ər, Kişi Şair, Kişi Vətəndaş!

Çoxdumu eləsi?

Laaaap azdı - mən onun birini gördüm: Məmməd Araz adında!

Sözüylə Özü, Ruhuyla-Düşüncəsiylə Əməli düz mütənasib, üst-üstə düşən Kişi! Yaradıcı İnsan.

var e gij... Aydın Canıyev kimi yazıb, sonra da "dəlixaylıq" edib, yazdığını oxuyandan sonra vicdanınla üz-üzə qalanda gözün hər hansı cümləyə sataşanda özün-özünə deyəsən ki, "yalansa sənin ananı..." qəhqəhə çəkəsən ki, yazmağına yazsan da, hələ vicdanını itirməmisən!

Amma Məmməd Araz kimi yazıb bir ömür boyu milyonlarla Aydın Canıyevlərə nümunə olmaq da var!

Onu hər aydın Aydın bacarmaz, bacarmayıb, bacaranı da bundan sonra - kallaşan-karlaşan qövmün kişilərinin uşaqlarından gözləməyə dəyməz!

Mən əgər bir fərli zad olsaydım, Məhəmməd Füzuli imam Hüseynin məqbərəsində qulluqçu durmağı özünə şərəf bildiyi kimi, Məmməd Arazın məqbərəsində səcdədə durmağı Məkkə ziyarəti, Kərbəla şərəfi, Məşhəd baqiliyi bilərdim. Çünki Məmməd Arazın ömrü bir beytdə yazılan kimidi: "Qəm eləmə, mənim ömrüm Ölümümdən sonra gəlir" (Şahinə Könül).

Ölümündən sonra Ömür yaşayan ömür yaşadan Şairin, Müqəddəs Kişinin hüzuru cənnət həzzinin ta kəndisidir!

Onsuz da ömrümüzü sülənti, tülüngü, tüllab, tüfeyli dönəminin döngəliklərində dalana dirədik. Ayağısürüşkənləri yerdən qaldırmaq üçün əyildik, başımızı paçalarından yuxarı görmədilər, beynisürüşkənlərin üstünə çırpılan qapılara açar olduq, əllərindəki dəmir pullardan bizi fərqləndirmədilər!

Anamızı, xanımımızı, qızımızı elin qadınlarının dərdinə şərik etdik, elin yasına büründük, özümüzə toyu haram bildik, gülməyi yasaq bildik, əynimizi təzələmədik, həqarət etdilər!

yaxşı ki, belə gəldin (yaşadın), Məmməd Araz!

yaxşı ki belə keçdin-köçdün, Məmməd Araz!

Çoxlu istedadlı şairlər, nasirlər olacaq. Onlar hardasa, hansısa məqamda qovalayıb çatmağa az qalacaqlar, bəlkə bəzi parametrlərə görə hətta bərabərləşəcəklər , amma lakin... heç biri Məmməd Araz kimi dəyər ola bilməyəcək.

Bu günə qədər dəyər olanların adını çəkdim, bu gün olanın da, sabah köçənin içində Məmməd Araz görmürəm, şair, nasir görsəm , hətta filosof da ola bilən var, amma, amma, amma...

Çünki hamı şöhrət istəyir, ad istəyir, ev istəyir, vəzifə istəyir, alır da, amma təkcə Məmməd Araz oğul olmaq istədi!

Təkcə Məmməd Araz istədiyi kimi oğul oldu!

O bəlkə dəqiq bilirdi ki, biz yetim xalqıq, elə buna görə qızlarına xitabən bizə səslənirdi bildirirdi neyləmək lazımdı:

Sizə yetim deyən olsa... bu dünyanı məhvərindən laxladın!

Fəqət biz getdikcə kallaşdıq və karlaşdıq. Özümüzü laxlada bilmirik e!

Belə xalqın da şairi olmaq bir ayrı kişilik!

Səcdəndə sevgilərim və sayğılarımlayam Ustad, Ustad, Ustad, Dahi, Dahi, Dahi Məmməd Araz!

Heç olmasa onunla özümə təsəlli verirəm ki, bu ölkədə bu xalqın içində Məmməd Araz cənnətinin qapısında qulluğunda qulluqçu olmağa mənim kimi bir əyilməz jurnalist oğlu var bu Vətənin!

Bu şah qulluğundakı təltifdən - addan, evdən, təqaüddən qat-qat şərəflidir və bunun adı QULLUQ deyil, İBADƏTDİR!

Tanrının dərgahlarında-aləmlərində eləsi var ki, orada mələklər Tanrının möhtəşəm yaratdığı nəyəsə görə əbədi səcdədədir!

Mənə o səcdə ləzzətini bu dünyada Məmməd Araz yaşatdı!

 

Ədalət  2019.- 19 oktyabr.- S.5.