Qələndər Xaçınçaylı

Didərgin

 (povest)

Qarlı,şaxtalı bir qış gecəsi idi. Göydən lopa-lopa yağan qar yerin üzünü yorğan kimi örtmüşdü. Hər yan ağ örpəyə bürünmüşdü.Yağan qarın işıltısından ətraf açıq görünürdü. Xocalı öz ağır günlərini yaşayırdı. Şəhər hər gün erməni silahlı birləşmələri tərəfindən atəşə tutulurdu. Şəhər əhalisi artıq buna alışmışdı.Ətraf rayonlara gediş-gəliş mümkün deyildi,paytaxtla telefon bağlantısı, əlaqələr tamamilə kəsilmiş,şəhər bütünlüklə mühasirədə qalmışdı.Amma xalqa yalandan vəd verilirdi:”Şəhəri tərk etməyin,kömək gələcək,Əsgəranla Ağdamın arası açılacaq”.

1992-ci il fevral ayının 25-i idi.Hər tərəfdə sakitlik hökm sürürdü.Şəhər sükut içində idi.Sanki şaxta,sazağın,təbiətin ağ libasının arxasında nə isə müdhiş bir sirr gizlənmişdi.Qan ağlayan təbiətin özü bir azdan dəhşətli bir hadisənin baş verəcəyindən xəbər veridi.26- keçən gecə işıqlar da sönmüşdü.Erməni və rus silahlı birləşmələrinin qəfil hücumu Xocalının sakitliyini pozdu. Şəhər hər tərəfdən üzük qaşı kimi mühasirəyə alınmışdı. Ağır texnikalardan atılan top mərmiləri dolu kimi şəhərə yağır, günahsız insanlar vəhşicəsinə qətlə yetirilirdi. Zirehli tanklar evləri uçurur, dinc əhaliyə isə divan tutulurdu. Bu, dünya miqyasında misli görünməmiş qanlı bir gecə, əsl soyqırım idi.

Qocalara, qadınlara və uşaqlara işgəncələr verilirdi. Həmin geçə elə bil Allahın özü də ərşə çəkilmişdi. Diri-diri insanların gözləri çıxarılır, əlləri, qolları kəsilir, üzlərinin dərisi soyulurdu. Körpələrin bələklərini açıb odda qızardılmış süngülərə taxıldığını Tanrı sanki görmürdü. Harınlamış və gözləri qızmış erməni zabiti bundan həzz alırdı. Muzdlu əsgərlərə "qırın bu, turkləri, bir nəfər belə sağ qalmamalıdır”, əmrini verirdi. Bəli, bu vəhşət, XX əsrin tarixinə yazılmış qanlı bir səhifə,dəhşətli bir faciə idi. Şəhər qan gölündə üzürdü.Torpağın bəyaz yorğanı al örpəyə çevrilmişdi. Sifətləri soyulmuş körpələrin buz bağlamış gözlərində təbiət donmuşdu...

19 yaşlı Fidanın ailəsi də həmin faciə qəhrəmanlarının sırasında idi.Anası müəllim,atası isə şəhərin məsul işçilərindən idi.Bir neçə gün idi ki,atası evdə gecələmirdi, şəhərin müdafiəsində iştirak edirdi.Babası bir həftə idi ki, Almalı kəndində yaşayan bibisigildə idi. Fidanın bibisinin əri hərbiçi idi.Babası iki körpə uşaqla tək qalmış qızına hayan olmağa getmişdi.Ailənin böyüklüyü nənəsinin üzərinə düşmüşdü.

Uzaqdan topların səsi eşidiləndə nənəsi hamını ayağa qaldırdi.Anası cəld lampa işığında uşaqları geyindirməyə başladı.Nənəsi yataq otağındakı sandığı açdı,içindən bir bağlama çıxarıb Fidana verdi:

-Möhkəm saxla,itirmə ,hamımızin sənədləri burdadir,sənin diplomun da.

Sonra bir balaca düyünçəni gəlininə verib dedi:

-Zeynəb,sən də bunu bərk saxla,nəyimiz varsa,burdadır,bəlkə,Allah bizi bu vəhşilərin əlindən salamat qurtardı,satıb uşaqları ac qoymarıq.

Özü isə köhnə təklüləni götürdü.Bu tüfəng babasının Bakıda yaşayan jurnalist dostunun idi.Yolu buralara düşəndə babası ilə ova gedırdilər.Artıq tank səsləri yaxınlıqda eşidilirdi.Nənəsi sonuncu göstərişini verdi:

-Fidan,cəld ol,uşaqları götür,arxa qapıdan çıx,quzuların küzündə gizlənin,Zeynəb,biz qarşıdan çıxaq,izi azdırmaq lazımdır.

Fidan özünü itirmədi, qardaşı 4 yaşlı Əzizi və bacısı 6 yaşlı Əzizəni götürüb evdən çıxmaq istəyəndə nəsə xatırlayıb mətbəxə keçdi.Şam yeməyindən təknədə qalmış çörək dilimlərini toplayib sellofana bükdü, paltosunu altında sənədlərlə birlikdə gizlətdi.Arxa qapıdan uşaqlarla çıxdı,çəpəri aşıb qonşunun həyətinə keçdilər.Çəpərin qırağı ilə əyilə-əyilə gedib küzün bərabərinə çatdılar,yenidən çəpəri aşıb öz həyətlərinə keçdilər.Fidan həyəcanlasa da,hər şeyi gözə almışdı,küzə öz həyətlərindən girsə idilər,qarın üzərində ayaq izləri qalacaqdı.Ermənilər də onları asanlıqla tapa bilərdilər.İndi Fidan özlərini nisbətən təhlükəsiz yerdə hiss edirdi,həm də burdan baş verənləri izləmək olardı.

Nənəsi ilə anası küçəyə çıxanda darvazaya çatmağa az qalmış tank dayandı.İçərisindən bir rus,bir saqqallı erməni əsgəri çıxdi.Nənəsigil əks tərəfə qaçmağa başladılar.Nənənin əlindəki tüfəngi görən erməni avtomatdan atəş açdı.Yaralanmış nənə yerə yıxıldı.Anası tez qayıdıb tüfəngi götürdü,erməniyə tuşladı.Bu dəfəki avtomat atəşi ananın həyatına son qoydu.Nənə tüfəngə tərəf sürünəndə növbəti atəş açıldı.Əsgərlər meyitlərə yaxınlaşanda erməni Samvel ananın əlindəki düyünçəni gördü.Düyünçəni onun barmaqları arasından çıxarıb açdı.Qızılları görüb sevincək bağırdı:

-Ara,ara,İvan,yaxşıca varlandıq.Yəqin evdə bundan çoxdu.Gedək,evi axtaraq.

Hər ikisi qayıdıb tanka çıxdılar,tankı birbaşa darvazanın üstünə sürdülər.Darvaza tankın təkərləri altında qalıb xurd-xəşil oldu.Tankı düz pilləkənin qabağında saxlayıb yerə atıldılar.Samvel İvanı itələyib yuxarı birinci özü qalxdı.İvan otağa daxil olanda Samvel artıq sandığı eşirdi.Birlikdə evi ələk-vələk etdilər,heç nə tapmadılar.Erməni avtomatın qundağını qəzəblə otağın qapısına vurub bağırdı:

-Gedək burdan,İvan,bunlar acından ölənin biri imişlər,gedək həyətə baxaq.

Həyətdə gözə dəyən bir şey tapmadılar.Yağan qar küzün üstünü örtüyündən ermənilər heç nə hiss etmədilər.Arxadan gələn tanklar da həyətə daxil oldu.Tankların biri gəlib küzün yaxınlığında dayandı. Bir neçə erməni yaraqlısı əllərində araq şüşəsi tankdan düşdülər,İvanı və Samveli qucaqlayıb öpdülər.Saqqallının biri bağırdı:

-Ara, akbercan, Xocalını aldlq. Bir dənə də olsun kənddə türk qalmayıb. Hamısını güllədən keçirdik, tankın altına salıb əzdik. Meyitlərin içində bələkdə balaca bir qızcıqaz sağ qalmışdı. Onu da süngüyə taxıb bayraq əvəzinə tankın lüləsinə taxmışıq.Bu bədbəxtlər elə bilirdilər, Ağdam yolu açıqdır,hamı ora qaçırdı.Biz də rahatca hamısını qırırdıq. Biz türklərin hamısının axırına çıxacağıq, Qarabağda bir türk belə qalmayacaq. "Qələbəmizin şərəfinə”- deyərək araqdan içib sərxoş olan ermənilər "Qarabağ” mahnısını oxuya-oxuya küzün ətrafında dövrə vurduqca balaca uşaqlar qorxuya düşdülər. Fidan bacı və qardaşını bağrına basıb qulaqlarlna pıçıldadı ki, səslərini çıxarmasınlar, yoxsa o qaniçən qatillər onlara da rəhm eləməzlər. Əziz və Əzizə qorxaraq Fidana bərk-bərk qısıldılar. Bir müddətdən sonra erməni tankları evi uçurub getdilər. Xoşbəxtlikdən onlar həmin gecə düşmən əlinə keçmədilər.

... ... ...

Artıq səhər açılmışdı, qar da yağmırdı. Güllə səsləri kəsilsə də, şəhər od tutub yanırdı.Yanan evlərin tüstüsü göyün üzünü bulud kimi örtmüşdü. Xocalıda bir başı papaqlı belə qalmamışdı. Şəhər əhalisi soyqırıma məruz qalsa da, Fidan və onun qardaşı, bacısı sağ qalmışdı. Sakitlik olduğunu görən Fidan ətrafa göz gəzdirdi. Erməni faşistləri şəhəri tərk etmişdilər. Fidan qardaş və bacısını küzdən çıxardıb həyətdən çıxdı. Hər tərəf insan cəsədlərii ilə dolu idi. Qətlə yetirilmiş qadınlardan birinin qalın yun şalını külək vurub kənara atmışdı. Fidan yerdən şalı götürdü və onun qarını çırpdı, sonra həmin şalla qardaşını kürəyinə sarıdı, bacısının əlindən tutub meşəyə tərəf yol aldılar.Fidan meşənin hər qarışına bələd olduğundan, yolları yaxşı tanıyırdı. Körpələri yormamaq üçün tez-tez dayanır,gizlətdiyi çörər dilimləyini onlara yedizdirirdi.Gecəni meşədə keçirməli oldular.Aydınlıq gecə idi.Fidan ətrafı gəzib quru ağac budaqları topladı.Əziz dedi:

-Bacı,ocaq yandıracaqsan?

-Yox,gülüm,ocaq yandırsam,tüstü qalxar,ermənilər bizi tapar.

Fidan ağac budaqlarını üst-üstə yığdı,bacardığı qədər tarazlıq yaratdı.Uşaqları yanaşı əyləşdirdi,yun şal ilə çiyinlərini örtdü.Hərəsinin əlinə bir dilim çörək verdi.Əzizə gördü ki,bacısı yemir,dedi:

-Bacı,bizə verirsən,ancaq özün yemirsən,qopxursan biz aclıqdan ölərik?

Fidan doluxsunmuş gözlərini bacısının üzündən yayındırıb dedi:

-Yox,mələyim,mən hələ acmamışam,indi nağıl deyib sizi yatızdıracağam,sonra özüm də yeyəcəyəm.

Bunu deyib barmaqları ilə paltosunun altında qalmış axırıncı çörək dilimini yoxladı.Növbə ilə uşaqların uzunboğaz çəkmələrini çıxardı,ayaqlarını ovuşdurub yenidən geydirdi.Nənəsinin danışdığı nağıllardan yadında qalanı danışmağa başladı. Xumarlanan Əziz birdən ağlamağa başladı:

-Bəs anamla nənəm nə vaxt bizə çatacaqlar?

-Onlar bibigilə gediblər,babanı da götürüb gələcəklər.

Bir azdan uşaqlar yuxuya getdilər.Fidan uşaqların keşiyini çəkdi.Paltosunu soyunub onları bükdü,özü isə donmasın deyə ora-bura qaçdı. Üç saatdan sonra uşaqları oyatdı,yenidən ayaqlarını ovuşdurdu,axırıncı çörək dilimini bölüb onlara verdi.Əzizi kürəyinə sarıdı, yollarına davam etdilər.Günortaya yaxın kənd yoluna çatdılar.

Yol boyu köç gedirdi.Kuzası ev əşyaları ilə dolu maşın karvanları yol qırağı düzülmüşdü, deyəsən, Bakıya tələsirdi. Fidangil içərisi ev əşyaları, yorğan-döşəklə dolu olan avtomoblə yaxınılaşdılar. Fidan ətrafa nəzər salıb gördü ki, heç kəs yoxdur, cəld bacısını üstü çadırla örtülü yük maşınına mindirdi, sonra qardaşını ona verdi. Axırda özü minib təhlükəsiz yerdə- yorğan-döşəyin arxasında gizləndilər.

... ... ...

Köç maşını yola düşmüşdü. Uşaqlar ac olsalar da, dinmirdilər. Əziz qorxudan cınqırını çıxartmırdı. Amma Fidan çox diribaş idi. Döşəyi qaldırıb qazanın içində dəsmala bükülü bir parça çörəyi gördü. Tez çörəyi qazandan çıxardı, onu iki yerə bölüb tifillərə verdi. Balacalar boyat çörəyi iştahla yeyib yuxuya getdilər.

Dərdi köksünü parçalayan Fidanın gözlərinə yuxu getmirdi. Vəhşıcəsinə qətlə yetilmiş doğmalarını, Xocalı sakinlərini xatırladıqca gözlərindən axan isti yaş gilələri yanaqlarına süzülürdü. Qızcığazın həyatda bir əzizi qalmamışdı. Bütün qohum-əqrəbası amansızcasına qətlə yetirilmiş, ən ağır yük onun çiyinlərinə düşmüşdü. Tərslikdən, həmin il qış çox soyuq keçirdi. Elə bil bu üç fidan balaların taleyinə, bəxtinə yazılmışdı o qış. Fidan dərd,qəm içində boğulurdu:”Bu soyuq qışda, evsiz-eşiksiz, yurdsuz-yuvasız, qərib eldə, ac-sussuz necə baş çıxardacaqlar? Bakının qarlı,şaxtalı, küləkli gecələrində haraya gedəcəklər, kimin evinə üz tutacaqlar, kimlərə əl açıb çörək istəyəcəklər? Öz-özünə düşünürdü və sualı-sualın dalınca yağdırırdı Fidan...

... ... ...

Köç maşını gəlib Bakıya çatdı. Arxa kuzanı açan sürücü uşaqları gördü. Bir söz demədən onları düşürdü. Fidan qardaşını kürəyinə sarıdı, bacısının əlindən tutub köç maşınından aralandı. Özü də bilmirdi ki, ucu-bucağı görünməyən bu şəhərdə necə hərəkət etsin və iki körpə uşaqla gedib harada daldalansınlar, hava da get-gedə qaralırdı. Ömründə Bakını görməmişdi. Şəhərdə bir kimsəsi yox idi. Əlacları kəsilib yaxınlıqda tikintisi yarımçıq qalmış binaya getdilər. Deyəsən, həmin binada təkəm-seyrək qalan var idi. Pəncərələri sellafonla örtülmüş otaqlardan lampa işığı gəlirdi. Fidangil pəncərəsi nazik taxta parçası ilə örtülmüş balaca bir otağa daxil oldular. Xoşbəxtlikdən otaqda odun sobası vardı. Köhnə taxtadan düzəldilmiş stolun üstündə iki qalın stəkan və bir də üst- başını his basmış alüminiumdan düzəldilmiş qulpu qırıq çaydan var idi. Bunu görən Fidan çox sevindi.” Görünür, tikintidə işləyən fəhlələr burada nahar edirmişlər”,- dedi. O, cəld otağın içini təmizlədi. Yun şalı taxta parçasından düzəldilmiş oturacağın üstünə salıb qardaş və bacısını onun üstündə oturtdu, özü bayıra çıxdı, bir qucaq taxta və odun parçası tapıb gətirdi. Sonra həyətə çıxıb siqaret çəkən sakinlərin birindən bir qutu kibrit alıb otağa qayıtdı, taxta parçalarından sobaya yığıb yandırdı. Fidan hisli, içərisini qalın ərp tutmuş köhnə çaydanı və sarı kif bağlamş stəkanları həyətdə axan krantın altında möhkəmcə yudu. Rəngi açılmış çaydanı su ilə doldurub gətirdi və sobanın üstünə qoyub qaynatdı. Qaynanmış suyu stəkanlara töküb çay əvəzinə uşaqlara verdi. Özü də qaynamış sudan bir stəkan içdi.

Otağın bir küncündə köhnə taxt çarpayı var idi.Bir ayağı sınıq olduğu üçün sacayağı oturmuşdu. Fidan gətirdiyi taxta parçalarından üst-üstə yığıb çarpayıya ayaq düzəltdi.Çarpayının üstündəki yorğan-döşəyin köhnə və çirkli olması Fidanın gözünə görünmədi,uşaqları bağrına basıb sobanın istisinə qızmış otaqda yuxuya getdilər...

Həmin gecə anası Əzizin yuxusuna girdi. Əynində xalat vardı. Anası onu bağrına basıb üz -gözündən öpür,saçlarını tumarlaya-tumarlaya:” qorxma mənim balam, hər şey yaxşı olacaq”,- deyirdi. Əziz ağlaya-ağlaya sayıqlamağa başladı:

- Ana, sənin üçün çox darıxmışam, səni buraxmayacağam, mən səni çox sevirəm. Bacılarım da burdadır,bizi qoyub getmə,ana!

Səsə Fidan oyandı. Tez ayağa durub işığı yandırdı, çaydandan su töküb Əzizə içirtdi.Onu möhkəm qucaqlayıb bağrına basdı.

Əziz:

-Mən anamı istəyirəm. Anam gəlmişdi, burda,yanımda idi, gözlərimi açanda onu görmədim.

Fidan qardaşının başın sığallayıb, onu dilə tutdu ki, anamız ölməyib. Anamız mələyə çevrilib, göyə qalxıb. Valideynlərimiz ölməyiblər, onlar Tanrı dərgahındadırlar.Biz onları görməsək də, onlar bizi görürlər. Bax, ona görə də anamız sənin yuxuna girib. Gecələr gələcək, səni əvvəlki kimi qoxulayacaq,oxşayacaq. Sənə” mənim qoçumsan”- deyib bağrına basacaq əzizləyəcək, sənə qoğal bişirəcək. Sən də isti qoğaldan yeyib nənənin nağıllarına qulaq asa-asa şirin yuxuya gedəcəksən...

 

Gecələr beləcə bir-birlərinə sığınıb yatırdılar. Gündüzlər isə Fidan Əzizi Əzizənın yanında qoyur, onlara bərk-bərk tapşırırdı ki, bayıra çıxmasınlar, soyuqlu havada xəstələnərlər. Uşaqlar ac qalmasınlar deyə, özü çörək, yeyəcək dalınca gedirdi. Hətta məcburiyyət qarşısında qalıb tanımadığı adamlara əl açırdı. Artıq qız dilənçiliyə alışsa da, bu ona çox baha başa gəlirdi. Çünki ömründə pis gün görməmişdi, çətinliyə düşməmişdi. Hərdən insafsız adamların söyüşünə, tənəli sözlərinə, şillə-qapazına tuş gəlsə də, buna dözürdü Fidan...

Bu balaca otağa sığındıqlarından bir necə gün keçmişdi.Fidan axşamdan uşaqları yedirib-içizdirmişdi.Hər ikisi çarpayıda bir-birinə qısılıb mışıl-mışıl yatmışdılar.Çarpa-yının ayaq tərəfində özünə yer edən Fidan kürəyini divara söykəyib gözünü bir nöqtəyə dikmişdi.Evlərini,ata-anasını,nənə-babasını fikirləşirdi.Uşaqlıqdan nənəsi belə soyuq qış gesələrində ona maraqlı nağıllar danışardı.Bu nağılların təsirinə düşən Fidan böyüyəndən sonra da nənəsindən nağıl söyləməyi xahiş edərdi.Nənəsi də zarafatla deyərdi:

-Ay qız,sənin ərə gedən vaxtındır,nağıl axtaran yox.

Gözlərindən yaş axa-axa Fidanın yanaqlarında xoş bir təbəssüm əmələ gəldi.Qeyri –ixtiyari öz-özünə dedi:

-Can nənə,həyatını bizə qurban verən nənə!

Birdən gözü divarın dibindəki yeganə stola sataşdı.Üstündə köhnə çaydan olan stola.Divarla stolun ayağının arasında nəsə qaralırdı.Əvvəldən heç fikir verməmişdi.

Çarpayıdan durdu,stola yaxınlaşdı,əyilib

baxanda gördü ki,köhnə pul kisəsidir.Əlinə

alıb içini açdı.Pul kisəsində xeyli pul var idi.

Amma pullar əzik idi.Görünür,əziyyətlə,həm

 

uzun müddətə yığılmış pul idi.Fidan fikir-

ləşdi:”Yəqin burda qalan fəhlələrdən birinindir.Yazıq indi,Allah bilir,axtarmadığı yer qalmayıb.Bəlkə də,elə bilir, itirib.Nə əcəb,bura qayıtmaq ağlına gəlməyib.Bəlkə,

gəldi,gözləyək,nə bilmək olar.Halal pul yiyə-

sinə qismət olmalıdır”.İşığı söndürüb bacı-

qardaşına qısıldı,yuxuya getdi.

Bir azdan sanki kimsə Fidanı silkələyib

"Ayıl”-dedi.Qız qəfildən gözlərini açdı.Ona elə gəldi ki,bayırda hənirti gəlir.Doğurdan da,qapı yavaşca cırıldadı. Kimsə fənər işığını

otağın künclərinə tuşladı.Fidan qorxusun-dan titrəməyə başladı. Adam çarpayıda

yatanları görmüşdü,yaxınlaşıb işığı onların

üzünə saldı.Fidan qəfildən qışqırdı:

-Əmi,əmi,nə olar,bizi öldürmə.Yox,məni öldür,bu körpələrə dəymə.

Kişi otağa bələd imiş kimi tez işığı yandırdı.Fidan hıçqıra-hıçqıra ağlayırdı.

Kişi onun çiyinlərindən tutub silkələdi:

-Qorxma,qızım,qorxma,mənim sizinlə işim yoxdur,uşaqları oyatma.

Kişinin səsindəki mülayimlik Fidanı sakitləşdirdi.Bir müddət maddım-maddım

kişinin üzünə baxdı,sonra ürəklənib soruşdu:

-Əmi,siz kimsiniz?

-Mən Aydınam.Özüm Ağsu royundanam.

Əmioğlumla gəlib burda fəhləlik edir,ailə-

mizə pul göndərirdik.Artıq xərclik olmasın deyə kirayə ev tutmamışıq,buranı özümüzə

otaq düzəltmişik. Keçən həftə dedik, gedək,

evə baş çəkək.Səhər tezdən çıxdıq,avtobusa pul verəndə əmioğlum məni əlimi cibimə

salmağa qoymadı.Dedi ki,mən verim,sən evə çatanda mənə verərsən.Evə çatanda əlimi cibimə atdım,gördüm,pul kisəsi yoxdur.Bildim ki,burda qalıb.Əmioğlumla pulu yarı böldük.Dedim,pulumu tapanda qaytaracağam.Əmin idim ki,burda qoymuşam.

Fidan tez dedi:

-Əmi,sənin pulunu bu gün tapmışam,budur,

bura qoymuşam.(Döşəyin aşağı ucunu qaldırıb göstərdi.)Bildim ki,yiyəsi gəlib çıxacaq.

Aydının gözü çarpayının ayağına sataşdı.

Gülümsəyib dedi:

-Hə,əmioğlum bir az kökdür,çarpayı onun ağırlığına tab gətirmədi,ayağı sındı.Nə yaxşı düzəlmisən.

Fidanın ona zillənmiş donuq gözlərinə baxıb birdən xatırladı ki,bəs bunlar kimdir axı,soruşdu:

-Qızım,siz kimsiniz,burda nə edirsiniz?

Çoxdan belə mehriban səs eşitməyən Fidan ağlaya-ağlaya başlarına gələnləri danışdı. Ona qulaq asdıqca kişinin gözlərindən yaş sel kimi axırdı. Fidan söhbə-

tini bitirib dayandı.Hər ikisi bir müddət din-

məzcə bir-birinə baxdılar.Nəhayət,kişi dil-

ləndi:

-Qızım,mənim bir təklifim var.Mən gedirəm rayona,evdıkilərə hər şeyi danışacağam.

Mənim iki oğlum,bir qızım var.Onlar məktəblidirlər.Evim üçotaqlıdır.Otaqların birini sizin üçün hazırlayarıq.Sonra da gəlib sizi apararam,olarsınız mənim balalarım.

Bir təhət dolanarıq,ac qalmarıq. Bal da tap-

aq,şor da tapsaq bir yerdə yeyərik.Nə deyir-sən?

Bu təklif Fidan üçün göydəndüşmə oldu.

Dedi:

-Əmi,mənin tibb təhsilim var,mən də işləyə-

rəm,sizə yük olmarıq,əlimdən gələni edərəm.

Sonra pul kisəsini Aydına verdi.Kişi xudahafizləşib getmək istəyəndə Fidan

dedi:

-Əmi,hara gedirsiniz,bura sizin evinizdir,

qalın,səhər gedərsiniz,onsuz da səhərin açılmağına az qalıb.Yəqin həm də acsınız,

bir tukə çörək yeyin.

-Yox,qızım,ac deyiləm,sizin boğazınıza ortaq olmayım.

-Əmi,narahat olmayın,mən sabah yenə...

Fidan”yenə dilənərəm”demək istədi,kişinin

gözündəki qayğını görüb sözünü uddu.

Aydın dedi:

-Onda gəl belə edək, bu puldan bir qədər sənə verim.Mən qayıdıb gələnə qədər dola-

nın,daha küçələrə düşmə.Razı olsan,mən də

sənə qonaq olaram.

Fidan həvəslə ayağa qalxdı,səhər yeməyi üçün saxladığı ərzaqlardan Aydına yemək

hazırladı.Bir az söhbət etdilər,Aydın həyət-

lərindən,dolanışığından,uşaqlarından danış-

dı.Beləcə, səhəri açdılar.

Aydın Fidana ürək-dirək verib rayona

yollandı.Fidangil Aydının verdiyi pulla üç

gün dolandılar.Pul qurtardı.Fidanın gözü

yolda qalmışdı.Aydın əmidən xəbər yox idi.

Dördüncü gün Fidan yenidən adamlara əl açmağa məcbur oldu.Bir həftədən sonra

Fidan Aydına olan ümidini tamam üzdü.

Fikirləşdi ki,evdəkilər razı olmadı deyə

Aydın da onları aparmağa gələsi olmayıb. Özünə təsəlli verdi ki,körpələrə nəsə deyib onları gümana salmamışdı.Amma Fidan heç vaxt bilməyəəcəkdi ki...

Aydın Fidanla sağollaşıb vağzala yollan-

dı.Vağzalda qəfildən hərbi geyimli bir nəfər

onu saxlayıb dedi:

-Aa,qonşu,salam,necəsən?

Aydın diqqətlə baxıb qonşuları Elmarı

tanıdı.

-Salam,salam,sən hara buralar hara?

-Bu gün gəlmişəm,kəndə gedirəm,dedim,bir vağzala baş çəkim,tanış-biliş varsa,onu da götürüm,yolda darıxmayım,söhbət edə-edə

gedək.Nə yaxşı səni gördüm.Sonra gülə-

gülə əlavə etdi:

-Qorxma,yol pulu almayacağam.

Elmar hərbçi idi.Rusiyada yaşayırdı.

 

Yol gedə-gedə gəlişinin səbəbini Aydına

izah etdi.Sən demə,Qarabağda gedən hadisələr onu çox narahat edirmiş.Fikirlə-

şib ki,bu dar gündə elimdə ,obamda olum,

bacarığımı xalqıma sərf edim.Qərar verib ki,birdəfəlik Azərbaycana qayıtsın.İndi gedib ata-anası ilə görüşəcək,1-2 gündən sonra cəbhəyə yollanacaqdı.

Amma atalar demiş:”Sən saydığını say,

gör fələk nə sayır”.Havalar soyuq keçdiyindən yollar buz bağlamışdı.Ağsu

aşırımını keçərkən Elmar qarşıdan gələn

avtomaşınla toqquşmamaq üçün öz maşı-

nını yana verəndə sükan əlindən çıxdı,ma-

şın dərəyə yuvarlandı.Elmar Rusiyada qalan

ailəsi ilə valideynlərinin,Aydın isə Fidanla öz ailəsinin gözünü həmişəlik yollarda qoydu.

... ... ...

Aradan xeyli vaxt keçmişdi. Fidan yaşamağa nə rahat bir sığınacaq, nə də ki, iş yeri tapa bilirdi. Aclıq və yorğunluq onu taqətdən saldığından yanaqları solmuşdu. Arıqladığından sifətində ləkələr, dodaqlarının qıraqlarında qırışlar əmələ gəlmişdi. Hansı qapını döyüdü, kimin yanına gedirdisə, heç bir kəsin ona rəhmi gəlmirdi, bəziləri ona yalnız miskin dilənçi kimi baxırdı.

Hər gün cəbhə bölgəsindən şəhid cənazəsinin gəlməsinə baxmayaraq, paytaxda müharibə yaşanmırdı. Hamı öz kefində, iş, gücündə idi. Elə bil bu ölkədə müharibə getmirdi. Qarabağ sanki yaddan çıxmışdı. Amma cəbhə bölgəsində vəziyyət günbəgün ağırlaşırdı, kəndlərimiz bir-birinin ardınca işğal olunur, günahsız adamlar isə qətlə yetirilirdi. Çünki o illərdə müharibə dövlət səviyyəsində aparılmırdı. Təpədən dırnağa kimi müasir silahla silahlanmış erməni ordusu ilə əli dəyənəkli kənd camaatı döyüşürdü. Ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Maymaq rəhbərlərimiz hələ də Kremilin diktəsi ilə oturub- dururdular. Artıq Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdı, Qarabağdan isə böyük köç axını başlamışdı. Gələn köç ölkənin müxtəlif bölgələrinə səpələnsə də, onların haqq səsinə əhəmiyyət verən yox idi. Amma paytaxtda cavan oğlan və qızlarımız şəhərin bar və diskotekalarından çıxmaq bilmirdilər, öz” kübar” həyatlarını yaşayırdılar. Çarəsiz didərginlər isə quru can hayında qalmışdılar, bir parça çörəyə möhtac idilər, bilmirdilər hara üz tutsunlar, kimin qapısına getsinlər. Fidan da həmçinin... Hara gedirdi, hansı məmurun qapısını açırdı, kimsəsiz və çarəsiz qalmış bu kənd qızına ya söz atırdılar, ya ələ salırdılar, ya da ona çəp-çəp baxırdılar; "didərgin” deyib, qapıdan əliboş qovurdular. Hər gecə uşaqları yatırandan sonra gizlicə ağlayırdı Fidan. Göz yaşları içində boğula-boğula deyirdi:

- Ey insanlar, məni eşidirsinizmi? Erməni faşistləri Azərbaycanın bir parçası olan Xocalı kimi bir şəhəri darmadağın etdilər. On mindən çox əli yalın, günahsız əhalisini isə gülləbarana tutdular, tankların altına salıb vəhşicəsinə qətlə yetirdilər. Biz yetim qalmış didərginlər Xocalıda həlak olmuşların övladlarıyıq və canımız,qanımız bir olan siz bakılılara pənah gətirmişik. Siz bizə qucaq açmaq əvəzinə, qışın bu sazağında "didərgin” deyib təhqir edirsiniz, alçaldırsınız. Bəs bu evsiz- eşiksiz qalmış didərginlər insan deyil, bura vətən deyil, biz bu vətənin övladları deyilik? Bəs biz hara gedək?

Küçələrə düşən qız öz acı taleyi ilə barışmalı olurdu. Çətinliyə qatlaşır, əzab-əziyyətlərə sinə gərirdi. Çünki özündən başqa iki körpə qardaş və bacısının yaşaması üçün həyatını qurban verməyə hazır idi.

Əxlaqsız yuvasına çevrilmiş kafelər, barlar və saunalar bütün günü, gecəli-gündüzlü saat əqrəbi kimi işləyir, cavan gözəgəlimli qızları yoldan çıxarıb əxlaqsız yuvasına dəvət edirdilər.

 

Ədalət 2019.- 6 sentyabr.- S.7.