Qəşəm İsabəyli

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

Bu günə yaraşmayan şeirlərim

 

Qəzetdə çıxan kimi şeirlərim,

Gözümdən düşür.

Götürüb redaktora zəng eləyib,

Razılıq da bildirmirəm.

Yüz dəfə üzr istəyirəm ürəyimdə,

Min dəfə dil-ağız eləyirəm.–

Bu günə yaraşmayan şeirlərimi

Çap etdiyinə görə.

Hələ də sovet şeirləri yazır

Şairlərimiz.

Hələ də pəhə-pəhlə

Yer verir onlara ölkə mətbuatı,

Deyirlər, yaxşı da görünür səhifədə, ,

Lap bəzəkli gəlin kimi

Bircə başının duvağı çatmır.

Niyə də olmasın?!

Ağzında dişləməyə dişi yox,

Qaş altında görməyə gözü yox,

Kəlləsində söz deməyə sözü yox,

Laldı, kardı, kordu, mırığdı!

Bizə belə şeirlər lazımdı.

Ən azından üzü danlanmayacaq

Şöbə redaktorunun.

Zibillənir, cəhənnəmə zibillənsin

Azərbaycan türkcəsi!

"Yatmışları razı deyiləm, kimsə oyatsın!”

Yola çıxanda

 

Yola çıxanda

Ev adamlarıyla görüşüb çıxın evdən,

Hətta arvadınızla sözə gəlsəniz belə,

Bir bəhanə ilə çevrilib üzünə baxın,

Yola çıxırsınız axı!

Yol düşmən cəbhəsi kimi bir şeydi,

Səhər gedirsən,

Bilmirsən başına nə gələcək axşam.

Yolun maşını var,

Maşının sürücüsü var,

Sürücünün dəlisi var, gici var...

Hər halda yola çıxanda

Ev adamlarıyla görüşüb çıxın evdən!

O qədər gedib qayıtmayanlar olur.

 

Kişilik

 

Yadına gəlirmi heç ilk kişilik əlaməti

Səsinin kallaşdığı gün?

Boğazında cır armud qalmış,

Sonra da su içib, ötürüb,

Danışmağa başladığın səs?

Gördüklərim aldatmırsa məni,

Oğlanları kişiləşən az görürəm indi.

Hətta incəlik notu da düşüb səslərinə,

Hərəkətləri incələşib hətta.

Əl verib görüşəndə,

İki barmağının ucunu qoyurlar

Adamın ovcuna!

 

Ərəblər

 

Şəhəri başına götürüb ərəblər,

Qız-qadınları elə bürünüb-bükülüb...

İlahi, fəlsəfəsi varmış, görəsən

Qaranlıqdan baxmağın həyata?!

Kişilərini demə,

Kişiləri səllimihamısı da tumançaq.

Rəhmətlik Quba nənəm görsəydi,

Müsəlman olduğuna utana bilərdi ancaq!

Özüm heyrətə gəlirəm hərdən, –

İslamı bu ərəblərin cahil babalarımı

Gətirib torpağımıza?!

Sonra da fikir götürür məni

Babəkin qılıncı bir az da kəsərli olsaydı,

Yəqin xristian olub qalacaqdıq indi,

Yəqin müti olmayacaqdıq belə,

Yəqin avropalaşmışdıq da artıq!

 

Ad günü

 

Uşaqlıqda ad günü keçirtməzdilər bizə,

Üç deyildik, beş deyildik, altı-yeddi deyildik,

Bir damın altında bir sürü...

İndiyə baxma, indi təbərrik doğulur uşaqlar,

Molla Cümə demişkənya bir olur, ya iki.

Odur ki, hər il bu sevincin başına yığışırıq,

Gah alqış eləyirikxoşbəxt olasan!

Gah qarğış – 100 yaşa!

Adama deyərlər, niyə 100?!

Niyə ömrə hədd qoyursunuz?!

İndiki kimi yadımdadı,

Anam mənə dua eləyəndə,

Deməzdi, 100 yaşa, 150 yaşa!

tüklər bitsin sinəndə, ay bala!–

Deyərdi.

 

"Pulla görüşürəm

 

Hər fəndə əl atır xanımlar,

İndi daraşıblar Feysbuka.

O günü bir elan görmüşəm

"Pulla görüşürəm”.

Görəsən, siğə haqqı kimin boynunadı?!

Elə-belə soruşdum,

Ağlınıza başqa şey gəlməsin!

Bilənlər bilir,

Özgə ayaqqabısını geyə bilmirəm,

Dar olsun, gen olsunayağımı vurur!

Qadın şairələr

 

Bir foto çıxır qarşıma Feysbukda,

Baxıramqadın şairələrdi.

Hamısı da ilham pərisinin

Qanadı üstdə...

Hərəsi bir təşəxxüsdə,

Hərəsi bir` bir pozada.

Sanki uzaq qalaktikadan

Fəlsəfi baxışlarıyla

Baxırlar həyata.

O an dibi yanmış qazanın

Kəsif iyi acışdırır gözümü,

İki-üç dəfə duzu atılmış xörəyin

Acı təmi göynədir boğazımı.

Soyuyub həlimə dönmüş

Çay bulandırır ürəyimi.

Bu yandan da ərin başına yağan

Qınağa tuş gəlirəm:

Qoymazsan şeirimi yazam?!

 

Biz kişiləri

Yaman günə qoymuşdu yazmaq,

Bunları bizdən betər günə qoyub!

 

Dəli yığıncağı

 

Dəli yığıncağıdı Bakı,

Kimi görürsən,

Görürsən öz-özünə danışır.

Hamının da dilinin əzbəri

Eyni sözdü:

Çörək yoxdu... – deyirlər.

Uşaqlarım acdı... – deyirlər.

–Bu dərd məni öldürəcək... – deyirlər.

Hələ özünü asan da olur.

 

Məhəbbət

 

Bizim bildiyimiz deyilmiş, demə,

Qız-qadınların zövqü,

Allah sirriymiş!

Şəhərə ki, çıxmağını görürsən,

Görürsənaz qala dünya gözəli

Meymunun biriylə qol-qola verib,

Sarmaşa-sarmaşa gedir.

Köpəyoğlu məhəbbətin

Öz qanunları varmış,

Heç bilməzdim!

 

Yazıq anam

 

Tələbəydim, –

"Semaşko”da əməliyyat olunmuşdum.

İndiki "Musa Nağıyevxəstəxanasında.

Yekəpər palata yoldaşım vardı,

Dəmir lomla vurub başını yarmışdılar, –

Ölməmişdi.

Əslində bu yara öldürməliydi onu,

Anormallıq varmış canında, görünür,

Görünür, əsəb telləriylə

Həmahəng deyilmiş bədəni.

Yaş fərqimizə baxmayaraq,

Girəvə düşən kimi

Əclaf işlərindən danışardı mənə.–

Qız-qadınları yoldan çıxartmaq fəndlərini

Qoyardı ovcuma.

sənətin sahibi olduğuyla da

Maraqlı olmamışdım,

Hiss eləyirdim ki, yanıqlı yeridi tələbəlik.

Ağzının acısını məndən çıxardı tez-tez,

Tez-tez məni çağıranda,adımın əvəzinə:

–Student! – Bağırardı.

Kefimə dəysə , fikir verməzdim.

Bir dəfə gördüm üzümə hırıldayır...

olub? – Dedim.

–Anan yol keçirdi, gördüm

Gözünü zilləyib sol ovcuna,

Sağ əlinin çeçələ barmağıyla

Nəyisə sağa-sola çəkirdiiştahla.

Baxdım ki, dəmir pullardı,

Belə günə qalmısınız?!

Bərk utanmışdım onda,

Kasıb olmasaq da, utanmışdım

Anamın müvəqqəti kasıblığından!

İndi ildə, yarımildə bir

Yüzlüklərim, əlliliklərim,

Onluqlarım belə qurtarır,

Düşürəm müvəqqəti kasıblığa.

Qalıram manatın ümidinə.

Hətta xırda pulların da hesabını tuturam.

Anamın ehtiyacları gəlib durur

Gözümün qabağında.

Başıma od ələyir çəkdiyi sıxıntılar!

 

Amerika

 

Biz Amerika deyəndə,

Birləşmiş Ştatları deyirik.

O qədər yuxarıdan aşağı baxmayın bizə,–

Bizim Amerikaya bənzər

Həyat tərzimiz var,

Hər göstəricidə uca deyillər bizdən.

Elə götürək tıxacı...

Oğuz yəhudilərindən Şirin İlya,

Hansı ki, "Şirin dayıdeyirəm ona,

Köçüb Amerikada yaşayır

(Ölübsə Allah rəhmət eləsin,

Qalıbsa, canı sağ olsun!),

Mənə zəng eləyərdi Amerikadan:

–Ay Qəşəm, burda elə tıxaclar olur,

Elə tıxaclar olur,

Mənə andın yoxdu, Allah haqqı,

İki saat, iki saat yarım yolda qalırsan!

Əlimi əlimə vurub, gülərdim:

Şirin dayı, bu da sənin tərifli Amerikan!

Bizə şükr!

Niyə?!

Az qala Bakıdan götürmüşük tıxacı!

Bu dəfə başlayıb Şirin dayı gülməyə,

Elə gülərdi, elə gülərdi, qaqqıltısı

Telefonun membranından çıxıb evi basardı.

–Ay vətənsevər şair, ətimi tökmə, sən Allah!

O qədər tıxaclarınız var, birini desəm, qan düşər!

Sonra da şaqqıldayıb, qaqqıldayardı Şirin dayı!

(Ölübsə Allah rəhmət eləsin,

Qalırsa, canı sağ olsun!).

Ədalət.-2019.-7 sentyabr.-S.13.