Zaur Ustac "Dağlar"
haqqında
Zaur USTAC
Mənim böyüyüb, boya-başa
çatdığım coğrafi ərazi olduqca mülayim
iqlimə malik, dağətəyi (Ağdam rayonunun
Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü
açandan Günəşin düzənlikdən (Qarqar
çayının aşağı axınında,
yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi
yerdə, Ağ göl ərazisində) al-qırmızı
doğub, haramı çöllərinin üzərindən
qövs çızaraq keçməklə ilin fəsillərinə
görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun
arxasında yenə al-qırmızı rəngə boyanıb
batmasını seyr etməklə keçib... Hava
çox təmiz və açıq olanda Murovdan sonra daim
başı qarlı şiş zirvə
görünürdü. Bu dağa Ağrı
dağı deyirdilər... Kənd ağsaqqallarının
dilində Ağrı dağı ilə bağlı belə
bir deyim var idi: - “Qar Ağrıya düşdüsə,
üçcə günə burdadı”.
Zaur Ustac
"Dağlar" haqqında
Lap
körpəlikdən dağları Günəşin, Ayın
evi bilmişəm... Dünyaya sahiblik – ağalıq edən
qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən
sirli Ayın evi... İndi siz dağların əzəmətini
təsəvvür edin, bir uşaq düşüncəsində...
Dağlar gecənin gizləndiyi, gündüzün dincəldiyi
müqəddəs bir məkan olub mənim üçün...
Dağların yaddaşımda belə dərin iz
qoymasının ilk əsas səbəblərindən biri, bəlkə
də birincisi – kənd uşaqları bunu yaxşı bilər
– qoyun-quzunu axşamüstü örüşdən gətirmək
üçün hər axşam Günəşin
batmasını gözlədiyimdən gözlərimin sürəkli
dağlarda olmasının və mütəmadi olaraq hər
gün eyni mənzərənin təkrar olunmasının da
rolu az olmayıb. Əlbəttə, o
vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi
görünürdü və uşaqlarla həmişə
mübahisə edərdik ki, ora neçə günə gedib
çıxmaq olar?.. Sonra tale elə gətirdi
ki, bu sirli-sehrli dağlara sirdaş oldum...
Zaur Ustac
"Dağlar" haqqında
Hərbi
xidmətimin çox hissəsini 2500 metrdən yüksək
olan dağlarda keçirdim və anladım ki, dağlara
uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər
sirli görünürdüsə, indi bu əzəmətli
qalaların qoynunda olub, düzlərə
yuxarıdan-aşağı baxmaq o qədər, bəlkə də
ondan min qat dah artıq zövqverici, eyni zamanda, ibrətamizdir...
Xüsusi ilə hərdən olur ki, sən zirvədə
olanda düzlərlə, yəni aşağıdakılarla sənin
arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan
buludların üzərində... Aşağıdakılar
buludlara aşağıdan yuxarı baxıb orda Göyün –
dünyanın bitdiyini sandıqları halda, sən o
buludların üzərində olub, kaş dünya elə bu
buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi,
buludların altında qalan bütün günü
boş-boş şeylər üstündə didişən,
söyüşən, bir-birinin ətini yeyib, qanını
içən insanların varlığından heç xəbərim
olmayaydı... Dünya elə bu buludlardan -
yuxarıdakılardan ibarət olaydı – deyə
düşünürsən...
Zaur Ustac
"Dağlar" haqqında
Olduğum ən hündür zirvə
Qapıcıqdır. Bundan əlavə, Murovun, Baba dağın ətəklərində,
Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxının və digər
adını qeyd etmədiyim bölgələrin istər boz,
istər yaşıl dağlarında yayda da, qışda da
çox olmuşam... Batabatda, Cıdırdüzündə
olmuşam... Qeyd edim ki, sakit havalı (çovğunsuz)
qarlı dağlar heç də yazdakı
güllü-çiçəkli dağlardan az
cəlbedici olmur, şəxsən mənim üçün
daha gözəldir... Bunu söz xatirinə deyil,
bir neçə mövsüm ard-arda Batabat yaylağında
yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah
kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı,
Dağdağanı, Əyriqarı, Sisqatarı,
Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü,
Göy gölü və digərləri hamısı bir-birindən
səfalı olur, yayda da, qışda da... Mətləbdən
uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr
idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz...
Zaur Ustac
"Dağlar" haqqında
1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya -
Şuşaya getmişdik. İsabulağında,
Cıdırdüzündə olduq... Bu bizim
Cıdırdüzü ilə son görüşümüz
oldu və bir daha dərədə gurhagurla,
şırhaşırla, qıjhaqıjla axan Qarqara
yuxarıdan aşağı, amiranə, könül fərahlığı
ilə baxa bilmədik... (Deyirəm, tək
Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da
hiss etmişəm. Təmiz dağ havasını sinəyə
çəkdikdə qəlbi qəribə fərahlıq hissi,
ruhu coşğunluq çuğlayır... Bu hissi dağ olmayan
yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın
Rusiya ilə sərhədində Xaçmazın sonuncu kəndi
var, Xanoba - Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi
dəniz, çox gözəl havası var, lap dağ
havası kimi...) Olsa-olsa bir neçə dəfə
körpüdən baxıb, sonra da çevrilib çiynimiz
üstündən gözdən itənə qədər
arxamızca boylanıb baxa bildik vəssalam... (...və
bir də indi təzə-təzə peykdən baxıb,
köks ötürmək öyrənmişik...) Bu səfərdən
sonra sentyabrda dərs açılanda “Dağlar”a
aid şeir axtarmağa başladım. Əlbəttə, o
vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin
sevimli dostu olan, nə lazım olsa, bir anın içində
tapıb ovcunun içinə qoyan (uşaq və gənclər
bu nemətin dəyərini anlamalı və bacardıqca
çox faydalanmalıdırlar...) “Google” kimi dostumuz
olmadığına görə bu proses bir qədər çəkdi
və nəhayət, doqquzuncu siniflərin birindən
onların gündəlik işlətmədikləri bir kitab –
“ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı
tapdım. Bu kitabın Aşıq Ələsgərə aid
bölümündə ayrı-ayrı parçalar şəklində
müxtəlif nümunələr var idi:
Zaur Ustac
"Dağlar" haqqında
Bahar fəsli
yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı,
şahı, gədanı -
Tutmaz bir-birindən “aralı” dağlar.
***
Həsənnənə,
Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız
aşıq elsiz niyə yaşadı,
Ölsün
Ələsgərtək qulların, dağlar!
Zaur Ustac
"Dağlar" haqqında
Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim
desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllimim Həsən
müəllimdən (Allah rəhmət eləsin!) bu
“aralı”nın əslində alalı – fərqli
, “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu
öyrəndim... Və o gündən bu günə sanki, namaz
sözləri kimi gün ərzində - hər gün
özümdən asılı olmayaraq dəfələrlə
təkrar edirəm... Əgər, bu sətirləri
nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı,
otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa
bunu əminliklə təsdiq edəcəklər. Bununla
bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ:
Hərbi xidmətdə olanların “kazarma” - əsgər
yataqxanası haqqında yəqin ki, təsəvvürləri
var. Olmayanlar üçün qeyd edim ki, 100-200 nəfərin
birlikdə yaşadığı, hərənin öz
çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də
olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən
ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq
üçün yer) və digər yardımçı otaqlar
nəzərdə tutulmuş böyük bir ev. «Ev»
sözün əsl mənasında ev.
Öz evlərində doğmaca ailə üzvləri ilə
yola getməyənlər bu evdə elə yaxşı yola
gedirlər ki... İndi deyəcəksiniz bütün
bunların məsələyə nə dəxli?..
Əlbəttə, dəxli var. Bu hal digər
xidmət yerlərində də olub. Ancaq BABKM –da
oxuduğum vaxt uzun müddət olduğu üçün bu
“kazarma”nı misal çəkmək istədim.
Deməli, düz dörd il boyunca sərasər
hər gün səhər idmanından sonra (yay, qış fərq
etmir) “kazarma”nın o başından yuyunub, qurulana-qurulana
öz çarpayımın yanına gələnədək –
o başdan, bu başa:
Bahar fəsli
yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı,
şahı gədanı -
Tutmaz bir-birindən “aralı” dağlar.
- bu bəndi o qədər demişdim ki, artıq
mən: “Bahar fəsli yaz ayları gələndə...” - deyən
kimi, bir-iki nəfər, - “...şair yenə başladı...”
- deyənləri çıxmaq şərti ilə, “kazarma”-da
olub öz işləri ilə məşğul olan
(üzün qırxan, yaxalıq tikən, daranan)
uşaqların böyük əksəriyyəti bir
ağızdan: “Süsənli, sünbüllü, lalalı
dağlar” – deyə səsimə səs verirdilər...
Bu vərdişim
günü bu gün də dəyişməyib, elə bil əlimə
su dəyəndə, dağlar, buz bulaqlar yadıma
düşür və sövq-təbii Dədə Ələsgəri,
“Dağlar”ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli
yaz ayları gələndə...” qopur dilimdən... Onu da qeyd
edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də,
“...şair yenə başladı...”- deyənlərdəndir...
Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”ı tam
əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan, sadəcə, Günəşin,
Ayın, gecənin, gündüzün evi bildiyim
dağların böyüdükcə daha geniş anlam kəsb
etdiyini anlamağa başladım. Azərbaycanı
qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım
artdıqca ölkəmizdə də, dünyanın digər
yerlərində də insanların olduqca müxtəlif səbəblərdən
müxtəlif dağları müqəddəs bilib, ziyarətə
getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim... Bir
vaxtlar qeyri-ixtiyarı, sadəcə, nəyə görəsə
xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim
üçün, bəlkə də başqa bir səbəbdən
əzbərlədiyim misralar, sonralar oxuduğum və bu
gün də yenilərini oxumaqda davam etdiyim dağlar
haqqında nümunələr daim fikrimi məşğul edir.
Almanaxla tanış olduqca burada
toplanmış fərqli zamanlarda, müxtəlif statuslu,
müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin
nümayəndələri tərəfindən dağlara xitabən
qələmə alınmış nümunələri oxuduqca
siz də bu barədə düşünə bilərsiniz...
“Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin
şüuraltı bilincində Tanrının Göydə
olması anlayışı yer tutduğundan, dağların da
Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə
onu qutlaşdırır, Yer üzərində Tanrının
təcəllisi səviyyəsinə qədər yüksəldib,
tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik,
zatda varolma anlayışlarını qəbul edib, etməməsindən
asılı olmayaraq, insan yardım istəmək, şikayət
etmək, tərifləmək istədiyi yaradanı,
güc-qüdrət sahibini görmək istəyir və Yer
üzündə görüb, tanıdıqlarından
yalnız dağı, dağları bu mərtəbəyə
layiq bilib onunla eyniləşdirir. Öz
yaradanının daim gözünün önündə - məchul
deyi, əlçatan olmasını arzu edir və bu istəyin
gücü ilə Tanrını dağların timsalında
bir məbud kimi görərək onun varlığın
“Dağlar” obrazında reallaşdırır. Bu
xüsusda yenə Dədə Ələsgərdən bir misal
gətirmək istəyirəm:
Yoxsulu, ərbabı,
şahı, gədanı -
Tutmaz bir-birindən alalı dağlar.
Misaldan
göründüyü kimi, bəşər övladına bu
günə qədər məlum olan bütün məlumat
qaynaqlarının hamısı nəzərə alınmaqla,
yalnız və yalnız Böyük Allaha məxsus olan, onun
“Adil” adının hökmlərindən irəli gələn,
“ədalətlilik”, “bərabərlik” prinsiplərini, yəni
qarşısındakıları, yaratdıqlarını,
bütün mövcudatı bərabər görmək,
onları bir-birindən fərqləndirməmək sifətini
əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir
oğlu “Dağlar” obrazının üzərinə proyeksiya
edir. Məhz bu xüsusiyyətinə görə
Dədə Ələsgərin yaratdığı “Dağlar”
obrazı yeganədir və özündən əvvəlkilərdən
və sonrakılardan seçilir. Dahi söz
ustadının yaratdığı “Dağlar” Adil Allah kimi
heç kimi, heç bir xüsusiyyətinə görə
bir-birindən fərqləndimir, ayrı-seçkilik etmir... Bu
minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin
Abdala məxsus “Dağlar” adlı ilk nümunədən
üzü bəri bu gün də yazılan nümunələrdə
kefimiz kök olanda dağları vəsf edir, şəninə
təriflər yağdırır, ələmə qərq
olanda isə özümüz özümüzdən
dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət
umuruq... Bunu da qeyd etməsəm olmaz... Son vaxtlar nədənsə,
dilimdən daha çox:
Həsənnənə,
Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız
aşıq elsiz niyə yaşadı,
Ölsün
Ələsgərtək qulların, dağlar!
- bu bənd qopur və Dədə Ələsgərin
dilindən, özüm üçün dəfələrlə,
dönə-dönə təkrar edirəm:
Arsız
aşıq elsiz niyə yaşadı,
Ölsün
Ələsgərtək qulların, dağlar!
Otuz ildən
artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün
ərzində dəfələrlə səbəbini bilmədən,
qeyri-ixtiyari təkrarladığım misraları indi Dədə
Ələsgərin nələr hiss etdiyini, nələr
çəkdiyini bir köynək daha yaxından anlayaraq,
xüsusilə təklikdə qalanda dönə-dönə,
düşünə-düşünə təkrar edirəm:
Arsız
aşıq elsiz niyə yaşadı,
Ölsün
Ələsgərtək qulların, dağlar!
Ancaq, neyləmək
olar... Ölmək də olmur... Bu dünyanı yaşamaq,
çözmək məcburiyyətindəyik... Bu fikir məni
o qədər məşğul edir ki, yenə dağlar qoynunda
– Şamıxıda olduğum vaxtlarda ölüm haqqında
belə kiçik, ancaq ölümün tam tərifi kimi
alınmış «Ölüm nədir?»
adlı bir şeir yazmışam:
Ölüm,
ən şirin nemət,
Ən
sonuncu diləkdir…
Ölüm,
sonuncu fürsət,
Ümidsizə
ümiddir…
07.01.2014.
Şamaxı
Çalışın
ölümdən uzaq olun, həyatdan zövq almağa
çalışın... Nə olur-olsun yaşamaq gözəldir...
Heç bir səbəb onu bilərəkdən
sonlandırmağa əsas ola bilməz. Sənin
çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin
çıxış qapısı var ki, əslində bu yer həyatını
yaxşıya döğru dəyişəcəkb bir
dönüş nöqtəsidir...
Odur ki, mən
də şalışıram tək qalmayım:
Arsız
aşıq elsiz niyə yaşadı,
Ölsün
Ələsgərtək qulların, dağlar!
- deməyim.
Tuncay mənə
nə qədər “...şair yenə başladı...” desə
də, mən elə: “Bahar fəsli yaz ayları gələndə...”
- deməyə davam edim...
Allah sənə
qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər!
Ruhun şad olsun!.
Qeyd: Kitabla maraqlananlar Bakı şəhəri,
«İnşaatçılar» metrostansiyasının
üstündə yerləşən “LİDER KİTAB
EVİ”nə müraciət edə bilərlər.
Ədalət.-2019.-7 sentyabr.-S.14.