"Üç
Məmməddən... biri Aslan"
Aydın
Canıyev
və yaxud Məmməd Aslanla
üçlükdə görüşün
təəssüratı
30-40 ilə çatar oxuduğum o yazını: "Üç Məmməddən biri Araz, biri Aslan, biri İsmayıl” - müəllif və dərgi yadıma düşmür! Bəri başdan deyim ki, o yazı, o tipdə yazılar mənə və ümumilikdə bizə ədəbiyyatın nədənini, ədəbi və real şəxsiyyətlərin kimliyini çatdırıb. Mən elə o yazıyla qazandım o üç Məmmədi – burasını da deyim ki, mənim dörd Məmmədim oldu o yazıdan sonra: biri dədəmdi!
İçimdə, ruhumda, düşüncəmdə, təfəkkürümdə,
dünyagörüşümdə yaşayan,
yaşayacaq, eyni zamanda, dünya durduqca da bizim
Özümüzü, Sözümüzü,
Ruhumuzu, Dünyagörüşümüzü,
Təfəkkürümüzü ən ali
məqamlarda yaşadacaq Məmməd Arazdan ifadə edə bildiyim
qədərincə sevgimi izhar etmişəm yazılarımda, növbə...
Məmməd Aslanındır!
O yazıdan əxz etdiklərimi deyim:
a) əlində qələm olub hökm vermək qədərincə müdrikləşən
insan məhz elə "fitva”
verməlidir ki, Lənkəran rayonunun Kərgəlan, Laçının Hoçaz, Gədəbəyin İnəkboğan,
Bərdənin Kətəlparaq, Lerikin Brkandul kəndindəki oxucu
öz Müdriklərini tanısın,
sevsin, dəyərini bilsin
və... onları qorusun! Höküməti
Binəqədidən o tərəfdə qoysaq da, qoymasaq
da, etiraf edək, hər
üç imza qorunub, dəyərləndirilib, etiraf olunub! Day o ayrı məsələdir
ki, bu mənsəbdə
qalmaq üçün
bu imzalar nə
zülmlərdən keçiblər! İnsan
həm də özü özünü
qorumalıdır da – cəmiyyət bəzən
Dahisinə qəyyumluq etmir! Bacım-Ablam,
hər görüşümü Məkkə
ziyarəti saydığım Nazlı Ağayevanın sözü olsun: "Böyük adamları kiçik
ətraflar öldürər!!!” Bundan əlavə,
o yazı mənə - 10-11 yaşlı kənd
uşağına
b) çox böyük sevgi, müdriklik aşıladı, illərlə davam edən "diskriminasiya”ya son qoydurdu. Diqqəti müəllifin möhtəşəm yazmağına yozmayın, müəllifin bəxti gətirmişdi elə Dahilərin yaradıcılığına üz tutmaqda – təqdim etdiyi Dahilərin yaradıcılığındakı ilmələr idi o düyünü açdıran!
Deməli, belə... bu 50 ildə dədəmdən başqa bir kişidən görmədim ki, oğlunu göz dağı etməsin, oğluna bütün bəşəri, mənəvi, kriminal, əxlaqi-etik, əlqərəz, mümkün olan qadağaları tətbiq etsin, səhvlərini bağışlamasın, cəzadan azad etdirməsin... "Bildiniz də nə deyirəm?”, hətta Heydər Əliyev də! Hamı öz oğlunu müqəddəs, bağışlanan, düşmən çəpəri, nə bilim, nə fıstrinkə bilir! Həqiqətdə isə...
Atamın sərt davranışından "Həyatımın
zəhəri - Atam” yazısında
yazmışam, bir ştrixi
də əlavə edim: bütün
ömrüm boyu həsrət
qaldım ki, Atam
uğurlarıma "sağ ol” desin, tərfiləsin!
Hər dəfə bir uğurumu
çatdıranda mütləq bir
misalı olardı ki, bu,
hələ qələbə deyil: "Səndən
qabaq və sən yaşda...”
Misal üçün,
"Cücələrim”i yazan "Tofiq Mütəllibov 14 yaşında SSRİ
Yazıçılar Birliyinin üzvü olub, bir dənə yoluq inşa yazıb "5” alıbsan, buna "sağ ol” istəyirsən” tipində...
Növbəti elə "zəhərləmə resepti” tətbiq olunanda həmin o "Üç Məmməddən biri...” yazısını Atama verib oxutdurdum, dedim: "O üç Məmmədin hər biri sən yaşda olanda...”
Doğrusu, Atamın dediyi və Atama dediyim bu gün də dəqiq yadımdadı:
- Aydın, sən ki, ağvalideyn olmaq xislətindən uzaqsan, niyə səni böyük görmək, böyük böyütmək istəyimi əzilmək kimi qəbul edirsən?
- Böyük böyüyürlər, böyük böyütmürlər, ona görə oxutdum ki, bu həyatda mənim on(lar)dan heç vaxt böyük olmayacağım insanlar var, özünü və məni kosmosa hazırlama da, görmə də!
Adamlar Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl yaşayan dünyada oğullarını kosmosda görürlər – layiq olmadıqlarını bildikləri halda! Layiqdilərsə, əlbəttə, görsünlər, layiq deyillər, axı...
Və... v) hər üç nəhəngi həyatda gördüm, zövq aldım – özlərindən, yazdıqlarından, insan kimi son mənziləcən Kişi kimi yaşamaqlarından! Allah birinci və ikinci Məmmədə rəhmət eləsin, üçüncü Məmmədə cansağlığı versin!
Həə, gələk xislət söhbətinə - hər üç Məmmədin imzası nəinki Əsrarəngiz Böyük Söz Səltənətinin möhtəşəmlikləri altından çıxır, hələ ən parlaq ədəbi ulduzların da bu üçünün hər əlinin hərəsinin başında bir əlinin sığalı var! Məmməd İsmayıl bəyənməyəndə, Məmməd Aslan bəyənib, Məmməd Aslan dağ başına çıxara bilməyəndə Məmməd Araz çiyin verib. Bu günəcən oxumamışam da, eşitməmişəm də, inanmıram da ki, üç Məmmədin xeyirxah xislətindən başqa nəsə yanlışı olsun – ola bilər, ovqat və zamanla bağlı "nəsə” anlaşılmazlıq olsun, bunu "baydağ” eləmək də bir kişilik deyil! Bu yaxınlarda üç xeyirxah insanımız haqda üç tanıdığım tanınan imzanın giley-güzar dolu yazılarını oxudum – sən demə, bunlar çox nəhəng bir "şey” olacaqmış, filankəs filan sözü deyib, filankəs filan arayışı verməyib, filankəs maaşını kəsib!
Bu Məmmədin yazısına dəstəyi o Məmmədə dediyimlə verim:
mənim əziz oxucularım, dostlar hər
zaman şahiddir ki, aradabir "tupoy” suallarım olur – bəzən
eləsi olur ki,
ağzı açıla qalır, "o
Aydın Aydın deyirlər, o bu oğlandır, odu bunu yazan?”
Bax, heylə...
1985-ci ilin
sonlarıdır, yığışmışıq S.M.Kirov adına ADU-nun akt zalına (arada Məmməd
Əmin Rəsulzadə, indi heç kimin adına olan BDU), Məmməd İsmayıl döşəyir
e. İndi tələbələr
də canlı-canlı üz-üzədir xalqın və
zamanın möhtərəm şairi
ilə, hərə bir cür
özünü göstərir. "Tupoy” damarım tutdu nə tutdu, o vaxtı kənddə mənə
danışılan lətifədəki sualı verdim, həm də kobudlasaydı, əlimdə
hazır arqumentim vardı: səhər
tezdən dərsdə Famil Mehdi "Pravda” qəzetində
yenidənqurma, sürətləndirmə haqqında baş məqalədən
danışmışdı, ölkədə islahatların
ciddi olacağının bəyanını
çatdırmışdı:
- Ay
Məmməd müəllim, bu zaman bizi hara aparır, nə
olacaq bu yenidənqurmanın axırı, sürətləndirilən
işlərin sonu?
Məmməd müəllim başına döndüyüm də qayıdasan ki, ay bala,
nə olasıdı, indi payızdı, sonra qış olacaq,
ardınca yaz, ondan sonra da
çıxacağıq yaya!
İndi öz aramızdır, bu sualdan iki il ötdü, ölkənin ən qiyamçı jurnalını buraxdı Məmməd İsmayıl, dəyişikliklərə gətirib çıxaran, dövlət quruluşunu məhv edən bir mübarizənin içində oldu, neyləyəydim, durub yazaydım, ya da yaxasından tutaydım ki, kişi, bəs deyirdin indi payızdı, qış olacaq, ardınca yaz gələcək, ordan da yaya çıxacağıq, ölkə dağıldı, təkcə vay-qırğın fəsli oldu, o sürətləndirmə də bizi müstəmləkə əsarətindən... klan köləliyinə gətirdi ki?!
Məxləs, özünün
böyük olduğunu
düşünən insanların xırda detallar
üstündə qalibiyyət təranəsi və məğlubiyyət
mərsiyələri səsləndirməsi çox
düşük bir çaba - qısaca izahını verirəm: Məmməd Araz da,
Məmməd Aslan da,
Məmməd İsmayıl da şair kimi ortaya çıxanda Rəsul Rza
AYB sədri idi, Anar
AYB sədri oldu... (hələ İbrahimov Mirzə, Süleyman
Rüstəm və b. bir
yana qalsın) heç
biri də Məmməd Arazın zirvədə
olmasına, Məmməd Aslanın dərələrdən-təpələrdən
keçib Ərzurumun gədiyinə
varmasına, Məmməd İsmayılın Türklük
sevdasına "nəsə” edə bilmədi! - "Ploxomu tantsoru yaytsa meşayet”
Xislət işıqlı
olmalıdır: dünən cavan olanda Sorokinin diliylə qocalara, bu gün
artıq qocalığa adlayanda (Orxan) Saffarinin diliylə cavanlara ölüm
çağırışına meydan
verirsənsə, istəyirsən təkcə Fransada
yox e, külli
Avropada, Amerikada çap olun, nə
yazdıqlarından nümunə götürəcəklər,
nə də şəxsiyyətindən! Dünən Anara oğraş, Əkrəmə
kişi, bu gün Anara kişi, Əkrəmə oğraş
yazmaq da həmçinin!
Yazıçı-şair xisləti belə olmamalıdır,
belədirsə belə, özünə hakim
olub gizlətməlisən, özünü tərbiyələndirməlisən!
Yaxşı və işıqlı nə varsa,
təbliğ, təşviq, təqdir eləməlisən!
Durduğun yerdə özünə sərf edən formada əvvəl qocalığa, sonra gəncliyə ölüm
arzulamaq, belə mətnlərə meydan vermək, belə mətnləri
özünə rəva görmək, mütləq hədəfdə
ikisini saxlayıb birinə kişi,
birinə oğraş demək, eləcə
də "xəlqi qəmkeş Zeynəb”lik edib nəslinin-tayfanın bütün
qız-gəlinlərini yazdığın gic-gic
statuslarda söydürüb
sakitləşmək nə ədəbi fədailikdir, nə həyati!
Heç
manyaklıq da deyil –
sadəcə, bəzi növ qadınlar var, onları həftədə bir
dəfə xurd-xəşil olunca döyməsən,
sümükləri sızıldayır, yeddi
arxa dönənini söyməsən,
qulaqları uğuldayır, bax, odur!
Həyatda biqeyrətləşmə gedir - ədəbiyyatda heç olmasa belə olmamalıydı. Təəssüf ki, biqeyrətləşmə elə birinci ədəbi qəhrəmanlardan başladı, sonra da yazanlar başladı öz "qəh...rəman”larına oxşamağa. Ki... sübut etsinlər: necə də əndazəsiz və nəhəngdirlər, onların "qəh...rəman”ları reallığa çevrilir.
Yaxşı, yaxşı, başa düşdüm, deyəcəksiniz sən Məmməd Aslandan yazırsan, ya ədəbi icmaldı, yainki də elə 40 il qabaq yazılmış "Üç Məmməddən biri...” yazısında ilişib qalmısan? Deməyim bu: BÖYÜK OLMAQ ÜÇÜN böyük insanların böyüklüyünü etiraf və qəbul edirsən, sonra da onları qoruyursan. Məmməd Aslan kimi, böyük imzaların əhatəsində, eləcə də böyük düşmənlərlə mübarizədə tarazlığını saxlayır, müvazinətini itirmir və mətn yazıb ortaya qoyursan! Hələ mətn yazmaqla da iş bitmir! Sonra o mətnin sahibinin şərəf və ləyaqətini qoruyursan! - qoymursan satılsın, sınsın, cındırlaşsın! Məhəlliləşmirsən, millilləşirsən, ondan sonra beynəlmilli olursan. Məqsədin milliliyi beynəlmilli etmək olur. Beynəlmilli olana boyun əymirsən – ölkən kimi, iqtidarın kimi! Soxuşdurmursan "qlobal, bəşəri Avropa, Amerika” dəyərlərini. Sonacan özün qalırsan... ta o vaxtacan ki, özünü soxuşdurursan o "bəşəri, qlobal Avropa, Amerika”ya. Özgürlüyün özəti, nədəni bu: sovetləşmədən canını qurtardın, day onda niyə qərbləşməyə can atırsan ki? Nə fərqi var ki, heç bir halda özün deyilsənsə? Balacasan, miskinsən, acizsən, gücsüzsən? Otur, ara yollarını böyüməyinin, böyük olmağının, başını işlət, dlini zəhər tuluğuna döndərib xəstə beyninin xəbis ürəyindən qaynaqlanan iyrənc iddialarına meydan vermə!
Bax, bunu
nümayiş etdirmişdi
Məmməd Aslan – 15 sovet
resublikasının tərkibində 100 millətin içində!
İki klanın, beş
rayonun əlində girinc
qalmısan e, mağmının balası!
Məmməd Aslan, Məmməd Araz, Məmməd İsmayıl, elə Məmməd
olmayan Əkrəm də böyüklərin
içində böyük idilər!
Hərənizin iki-üç
şeiri (ya da bir-iki hekayəsi) var (dəqiqdir də ki, ondan artıq deyil),
müstəqil Azərbaycan sizə dar gəlir
və... getdikcə kiçilir,
cılızlaşırsınız! Bu boyda nəhəng kişilər bir vaxtda, bir
zamanda, bir düşmənin
əlinin altında bu boyda
böyük qalıblar!
Məmməd müəllimlə necə dostlaşmağımı yazmışam, bu yazıda təkrar eləmək istəmirəm – kitab variantında birləşdirəcəm. Amma eynən mənə qarşı göstərdiyi diqqəti başqa istedad yiyələrinə də etdiyini çatdırmaqla bu insanın necə bir söz və istedad sevdalısı, dil və türklük təşnəsi olduğunu çatdırmaq istəyirəm - milli qürur kişisi olaraq, Məmməd Aslan hər zaman nüfuzunu istedadın və ləyaqətin tərənnümünə sərf edib. Təəssüflər olsun ki, içi özümqarışıq, çox az-az xatırlayırıq. Bizi heç zaman tək qoymayan Məmməd Aslanı xatırlamamaq, yazmamaq nankorluq olar, əlbəttə ki.
... Ömrünün son günləriydi, Əlövsət müəllimlə rastlaşdıq. Məmməd müəlimi soruşdum, müalicə aldığını, onun yanında olduğunu söylədi, imkan yaranan kimi görüşəcəyimizi vədələşdik.
Sonra mən, hər zaman olduğu kimi, dalımca qarabaqara
düşən sərgüzəştlərin
burulğanında itdim, həmişə üçümüz görüşdüyümüz
Məmməd Aslanla bu
dəfə alınmadı.
Görün nə qədər çəkdi, neçə il keçdi... görüşməməyimizdən! Məmməd Aslanın, elə Məmməd Arazın da, qəbrinin üstündə olan görüş belə canlı alınır – o qədər ruhu-xatirəsi yaddaşda diri yaşayıblar!
Dostluqda, yoldaşlıqda, əxlaqda, böyüklükdə, kişilikdə böyük Əlövsət müəllimlə bu dəfə Moskvadan qayıdanda zəngləşdik. Əlbəttə ki, Məmməd müəllimi xatırladıq, Məmməd müəllimlə görüşmək, onu ziyarət etmək istədiyimi sözarası dedim. Özünün işləri başından aşan, əziz adamı xəstəxanada əməliyyat olunan Əlövsət müəllim qaşla-göz arasında Məmməd müəllimi birgə ziyarət etməyimiz üçün vaxt tapdı. Hər zaman hər şeyi vaxtında və yerində edən Əlövsət müəllimin özünə dedim, sizə də ona dediyimi çatdırıram:
- Ağsaqqal, siz dostluqda, yoldaşlıqda, əxlaqda, kişilikdə böyük insansınız, buna dəfələrlə yox e, illərlə, bir ömür boyu şahidik, amma rəhmətə gedən şair-yazıçı dostları haqqında danışanların içində ilk dəfədir bu qədər illər keçəndən sonra da adı gələndə kövrələn, görüşünə-ziyarətinə diriymiş kimi hazır olan insan görürəm! Oğlunuz yaşda adamın istəyinə belə bu qədər həssas olmağı ancaq elə Məmməd Aslanı ürəkdən sevən insan bacarar!
Bu qəbirüstü ziyarətdən
çox, həm də hesabat
idi: Məmməd Aslan
- Dədə Məmməd, arxayın ol ki, bizim üçün
saxlayıb, özünün gedib başına vardığın yoldan dönməmişik!
... Biz indi üçümüz də bir yerdəydik. Həmişə bizə şeir oxuyan, dərs keçən, örnək olan Məmməd Aslan – Dədə Məmməd indi bizə baxırdı, görək, biz nə deyib gəlmişik. Nə deyəsiydik. "Yasin” oxunurdu, fatihə... verirdik... bəziləri arvadlarını-qızlarını rahat boşadığı kimi, bu dünyanı sağlığında boş(l)ayan, əlinin dalını yelləyən, əlini gözünə günlük eləyib dünyaya "hə, nə oldu, bəs deyirdin məndən qalib gedən olmayıb” deyən, Sözün, Kişiliyin Fatehi Məmməd Aslana! Dünyadan qalib gedən Məmməd Aslana.
... Baxma hər yazdığım dastan olmadı,
Qələm toy-düyündən, yasdan olmadı.
Qəm etmə ki, Məmməd
Aslan olmadı, -
Axtarsan,
taparsan varaq üstündə!
Həə, varaq üstündə
Aslan olan Məmmədi tapmaq ola bilsin
ki, bir az
çətin olar, çünki indi söz-ədəb hakimliyi
dövrü deyil, həm də Məmməd Aslanın baş redaktoru olduğu "Ekran-efir” qəzetində indi ekran-efiri bayağı şoular, açıq sinələr, göbəklər,
yarıq paçalar bəzəyir... ancaq tapmaq istəyən, ən azından, məzarını... M...asazırda
tapa bilər, halbuki onun məzarı
M...urovun ən uca nöqtəsindən boylanmalıydı!
Əgər gələcəkdə nəfəsim yalnız bir qəbri ziyarət etməyə çatarsa, mən dədəM Məmmədlə
Dədə Məmməd
arasında seçim etməyə məhkum olsam, Dədə Məmmədi seçərdim!
Ədalət 2019.- 10 sentyabr.- S.3.