Batumidə ermənilərə
necə acıq verdik?
Eminquey
Bu
yazı bəzək-düzəksizdir. Mən Batumini sadəcə
kamera gözüylə izah etməyə çalışacam.
Nəhayət ki çatdıq.
Qara dənizin ulduzu - Batumi...
Liman
şəhəri...
Neftimizin
son mənzili...
Acarıstan
Muxtar respublikasının paytaxtı...
Saat
qülləsi, Əlifba binası, hündürmərtəbəli
binalar, bulvar boyu açıq çimərlik,
çınqıllı sahil, Qara dəniz...
Otelə çatanda yağış
başlamışdı. Hamımız dilxor idik. Bu yağışda haranı gəzə biləcəyik
ki? Əşyalarımızı yerləşdirdik.
Tapşırdılar ki, gözləyək, gəzintiyə
çıxsaq xəbər edəcəklər. Hamının üzündən otel
narazılığı yağırdı. Otaqlarda Allahın başmağı belə yox idi.
İstirahətin dadını çıxarmaq
lazımdır, dadını. Neyləmək
lazımdır? Marketə gedib qəşəngcə
pivə almaq, eyvanda oturub mənzərəni seyr edərək
keflənmək lazımdır. Bakıda 4
manata içdiyimiz pivəni marketdə 2 manata görüb
sevindik.
- Həsən,
pivəni götür, getdik e…
Biz pivəmizi içməkdə olaq, zaman keçsin, qəfil
yağış kəssin və Gün özünü
göstərməyə babaşlasın. Elə bil
göylər də bizim otel dilxorluğumu görüb
könlümüzü almaq istəyirdi. Xəbər
gəldi ki, saat 4-də çıxırıq gəzməyə.
İlk səfərimiz Batuminin "Botanika
bağı" olacaq.
Düşündük ki, yolda ac qalmayaq deyə nəsə
yeyək. Batumi öz xaçapurisi ilə məşhurdur.
Acariya xaçapurisini yeyəndən sonra adam
4-5 saat acmır. Təndir çörəyinə
bənzəyir. Qayıq formasında
hazırlanır. İçində acı pendir, yumurta və
yağ olan bu acarurini yemək səbr tələb
edir. Bir qırağından qırıb
içinə batırıb yavaş-yavaş yeyirsən.
Bizim yanımızda sarı bir pişik də
uzanıb özü üçün şellənirdi. Dostlaşmışdım. Adını
da Acaruri qoymuşdum.
Amma ağız dadıma uyğun olmadı bu Acaruri, elə
yoldaşım Həsənin də. Nədənsə kafelərdə,
restoranlarda gürcülərin servisi çox zəifdir, ləngdir.
Qara dəniz
ayaqlarımızın altında
Biz Botanika bağına çatanda günorta idi. Botanika
bağının girişində bazar var. Cürbəcür
suvenirlər satırlar. Dondurma, çay,
şirə, nə istəsəniz var. Ləzzətli dondurma
alıb dəmir yoluna yaxınlaşdıq. Mənzərənin gözəlliyinə valeh oldum.
Mütləq burada bir fotom olmalıdır.
Yol yoldaşım Həsənə dedim:
- Relslərin
üstündə otururam, elə çək ki, qatar gəlib vurmasın.
Gülüşdük...
Sonra bağın girişindəki bazara qayıtdıq. Alış-veriş
üçün vaxt veriblər. Müxtəlif
suvenirlər, əşyalar satılan yerdi. Həm də kiçik kafelər var. Yaşlı
qadın satıcılar üstünlük təşkil edir.
Xaç işarəsi olan bir
boyunbağını bəyəndim.
- Skolko
lari?
- 10.
Danışığından erməniyə bənzətdim. Tez-tez
"ara” sözündən istifadə edirdi.
- Kakoy
narod? – deyə soruşdum.
"Gürcüyəm”
– deyə cavab verdi.
Sonra üstündə Batumi yazılan fincan,
külqabı da aldım. Hərəsi 3 lariyə.
Bağa
daxil olan kimi ağacların, otların qoxusu ciyərlərinə
yağ kimi yayılır. Yollarsa
üzü yuxarıdır, dikdir. Gəzdikcə
dayanır, bağın qoxusunu ciyərlərimizə doldurub
yenidən davam edirik. Müxtəlif
ağaclar var, üstlərində adları yazılsa da,
geniş məlumat yoxdur. Onsuz da insanlar bu
bağa sadəcə gözəllikdən zövq almaq
üçün gəlirlər. Adlar
önəmli deyil.
Batuminin Botanika bağı – dünyanın ən iri
botanika bağlarından biridir. Faunanın ən nadir
və gözəl nümayəndələrinin
toplandığı bu yer 1880-ci ildə rusiyalı alim Andrey
Krasnov tərəfindən salınıb və hamı
üçün qapılarını 1912-ci ildə
açıb.
Botanika bağı 21 hissəyə bölünür. Sahəsi 110 hektar olan
bağda beş mindən çox bitki
növü var: yapon sakurası, maqnoliya, ekvalipt, müxtəlif
növ kaktuslar, bambuklar, palmalar, kiparislər və sairə. Botanika bağında hətta dünyanın ən
yaşlı ağacı belə qorunub saxlanır. Botanika bağı Acarıstanda turistlərin ən
çox üstünlük verdiyi yerlərdən biridir. Bağa giriş bileti 15 laridir.
Yolumuz Botanika bağının ən hündür
nöqtəsinədir. O qədər böyükdür ki, buranı gəzmək
üçün ən azı 7-8 saat lazımdır. Çatmışıq. Eyvana
yaxınlaşanda hündürlükdən görünən
mənzərəni görən kimi ürəyimin
döyüntüsü sürətləndi. İlahi, bura cənnətdirmi? Bəlkə
Adəmlə Həvvanı burdan qovmusan? Bəlkə
bu gözəlliklər içində yaşadığı
üçün Adəmin ömrü o qədər uzun
olmuşdu? Yoldaşım Həsən bu məqamda dilləndi:
- Emin,
burada adam yaşasa ən azı 120 il
yaşayar e.
- Hə,
mən də bunu düşünürdüm. Burda
siqaret çəkmək də ziyan olmaz. Burdan
ciyərini zəhərləyirsən, ordan da təbiət ciyərlərinə
dolur, təzələnirsən.
Hamı axışdı eyvana. Şəkil çəkdiririk
durmadan. Qara dəniz ayaqlarımızın
altındadır. Bizə verilən vaxtın bitməyinə
az qalıb. Çıxışa
doğru irəliləyirik.
Növbəti dayanacaq Maxunçeti şəlaləsidir.
***
Batumidən 30 kilometr aralıda Tamara körpüsü və
Maxunçeti şəlaləsi yerləşir.
Ümumilikdə Acariyada 25 tağlı körpü
qalıb, Tamara körpüsü onlardan ən
böyüyüdür. Adjariçxali çayının üzərində
qaya daşlarından tikilən körpü
konstruksiyasının dəqiqliyi və sıxlığı
ilə heyran edir. Körpünün təxminən 900 il bundan əvvəl inşa edildiyi ehtimal olunur.
Tamara körpüsü Gürcüstan mühəndisliyinin
möhtəşəm nümunəsidir.
Körpünün yanlarında heç bir təhlükəsizlik
tədbiri görülməyib. Əgər
başın fırlansa, ayağın büdrəsə, vəssalam,
aşacaqsan çaya.
Dar cığırla gəlib çatırıq şəlaləyə. Oksigen
bolluğuna düşmüşük. 7
metrlik şəlaləlidir. Töküldüyü
yeri iri daşlarla bağlayıb gölməçə
yaradıblar. Qırğıza oxşayan
oğlan bumbuz suda çimir. Kimdisə əməllicə
hazırlaşıb. Saatı suda da işləyir.
Ayaqqabıları rezindi. Bir
qız da var, qaraşındı. O da qırğızdan
geri qalmır. Onu görürəm, canıma
üşütmə düşür. Qız sudan çıxdı, köynəyini
yaş-yaş əyninə geyinib getdi. Mən
belə etsəm, gərək bir ay xəstə yatam.
Daşa söykənib bir siqaret yandırdım.
Adamlara baxıb düşünürəm. Bizim təbiətə
olan sevgimiz, istirahət üçüb dağa, şəlaləyə,
çaya qaçışımız min illər əvvəlki
yaşayış tərzimizlə bağlıdır. Amma min illər qabaq telefon yox idi. Bura istirahətdən çox şəkil çəkdirməyə
gələnlər çoxdur.
Nahar vaxtıdır.
Bizi buranın ən hündür yerində yerləşən
restorana gətirdilər. Artıq şəkili Rəhim dayı və doktor
Yalçınla tanış olmuşuq. Onlar birnəfəsə lətifələr
danışır, gülüşürük. Həsən sanki birinci dəfə idi şəkili
görürdü.
- Siz lətifə
danışmasaz belə adam gülmək
istəyir. Çox şirindi danışığınız.
Menyuya göz gəzdirdikdən sonra qərar veririk ki,
Batumidə əsl gürcü xəngəlinin dadına baxmaq
olar. Amma sizə deyim ki, buraların ofisiantları kobuddur.
Biz gürcü xəngəlini sifariş verənə
kimi bir neçə dəfə fikrimizi dəyişdiririk.
Oİfisiant qız əsəbləşir:
- Vay
meeeee!
(söyüşdür, amma siz elə bilin ki,
"vay dədəəə” deyir)
Xəngəl acı olsa da, çox dadlı idi. Həqiqətən
də bura gəlib xəngəl yeməmiş getmək
günahdır.
Batumidə
məni cərimələdilər
Qayıtdıq otelə. Burada keçən
günlərdə artıq səhər saat 7-də durmağa
vərdiş etmişəm. İnsan
vaxtını yuxuya qıymır. Elə
istəyirsən ki, oyaq qalasan. Vaxtını
ancaq buraları görməyə sərf edəsən.
Gecəni
az yatıb səhər oyandım. Acqarına bir siqaret çəkib düşdüm
bufetə. Artıq şəkili
yoldaşlarla birgə əyləşirik. Söhbətimiz
əla tutur. Hamı burdadır. Hərənin əlində bir boşqab
yaxınlaşır ümumi masaya. Yeməklərdən,
salatlardan seçir, çayını süzür, keçib
oturur masa arxasına. Bakıda səhər yeməyimi
yağ-pendirlə açan adam idim. Burada adama iştah gəlir. Həm
də axı hər şey hazırdır. Kolbasa, sosiska,
xiyar-pomidor, pendir, yumurta, qaymaq...
Yeməkdən
sonra Namiq yaxınlaşır bizə:
- Orda demək
istəmədim ki, camaatın yeməyi zəhərə
dönməsin, bufetdə, yeməklərin olduğu yerdə
tarakan gördüm.
Hamımızın
üzü turşuyur...
Artıq Batuminin bulvarına getmək vaxtıdır. Əvvəlcə
"Metro city” adlanan ticarət mərkəzinə getməliyik,
axşamüstünə yaxınsa girişi 15 lari olan yaxtada
Qara dəniz turu olacaq.
"Metro city”dən bircə bunu deyə bilərəm
ki, bahalıq və kasadlıqdır. Yəni ən azı mənim
üçün belədir. Qalanlarını
bilmirəm. Mən burada vaxtımı itirmək
istəmədim. Elə burayla üzbəüz
olan bulvara çıxdım. Gördüm
ki, ayaqla gəzsəm həm yorulacam, həm də bu uzunluqdan
bulvarı gəzib qurtara bilməyəcəm,
yaxınlaşdım kirayə velosiped verilən yerə.
- Privet. Velosiped skolko lari? ( rusca
bildiklərim elə bu qədərdir)
- Odin
ças 15 lari.
15 larimi verdim, şəxsiyyət vəsiqəmi də
üstündə, velosipedimi seçdim. Bulvarda
qırmızı xətt ayrılıb velosiped sürənlər
üçün. Yolda bizimkilərlə
rastlaşdım. Onlar elektron, üç nəfərlik
velosiped seçmişdilər. Qırmızı
xətt boyu onlarla birgə velosiped sürürdüm. Yolun bir tərəfi şəhərin gözəl
binaları, kafelər, bir tərəfi isə Qara dəniz.
Sağıma, soluma doyunca baxıram.
Vaxtımın bitməyinə az
qalmış velosipedi kirayəyə götürdüyüm
yerə çataçatda velosipeddən səs gəlməyə
başladı.
-
Xırrrrrrrrt...
Vəssalam, zibilə düşdük.
Dayandım. Velosiped yiyələri məni görən
kimi başladılar qıy-qışqırığa.
- Şto eta?
Və
başa düşmədiyim başqa sözlər...
Nə dərdimi izah edə bilirəm, nə də
başa düşürəm. Solda dayanan kişi
türkcə danışmağa başladı. Aha,
türkdür deyə sevinməyə başladım. Amma bunun qışqırığı o birilərdən
də çox oldu.
- Bunlar
seni bırakmazlar. Diyorlar ki, 30 lari vermeli.
- Ne? 30 larimi? Benim o kadar param yok
üstümde.
- Bana ne
arkadaş? Onlara söyle derdini.
- Ya ben
seni türk bildim, ama sen...
Sən demə bu türk deyilmiş, gürcü
imiş, velosipedi kirayə verənsə erməni.
- Sen 30
lariyi vermezsen, polisi arayacaklar.
- Ya ben
müsafirim? Sizde müsafirə böylemi
yapıyorlar?
- Sen
şükr et ki, ben sana onların
söylediklerini çeviriyorum. Tercümanlığıma
göre 400 lari istesem napıcaksın?
Həyəcanım
bir az da artdı. Ən
azı 10 dəqiqə sakitcə 30 larini verim-verməyim deyə
düşündüm. Lap polis gəldi,
ona da dərdimi izah edə bilməyəcəm. Həm də vaxtım boşa gedəcək. Cibimdəki son 25 larimi çıxarıb erməniyə
uzatdım. İçimdə isə
"halal eləmirəm” deyib kor-peşman uzaqlaşdım.
Tur yoldaşlarım yavaş-yavaş görünməyə
başlayır. Kimi görürəmsə başıma gələni
danışıram. Hamının da reaksiya belədir:
- Bura
Gürcüstandı, jurnalist!
Axşamüstüdür...
Sahildə dayandıq. Yaxtaların olduğu yerdə xeyli adam var. Biz də öz dəstəmizlə
dayanmışıq. Biletlərimizi isə tur bələdçiləri
qabaqcadan alıb hazır qoyublar. Yaxta
yaxınlaşdı, düşənlər düşdü.
Yaxtaya minməyə başladıq. Qalxdıq ikinci mərtəbəsinə. Möhtəşəm mənzərədir. Günün batışı, dənizin
durğunluyu, şəhərin işıqlı binaları və
əzəmətli "Şeytan çarxı”.
Hamı yerini tutdu. Yaxta asta-asta tərpənməyə
başladı.
Qəfil bir rəqqasə peyda oldu və musiqi
başladı.
Özümü padşah kimi hiss edirdim. Gah əl
çalırdım, gah da sakitcə dayanıb rəqqasəni
süzürdüm. Bir-iki rəqsdən
sonra bizim bələdçilər meydanı ələ
aldılar. Yaxtada Eyyub Yaqubovun "Azəri
torpağı” adlı mahnısı eşidilməyə
başladı. Sanki Azərbaycandan bir parça
Qara dənizi gəzirdi. Amma Qara dəniz
çırpınmırdı.
Bir az keçdi.
Bələdçilər bizim passivliyimizi görüb
meydanı qızışdırdılar.
Yallını eşidən kimi bir-bir ayağa qalxdıq. Yaxta bizi
atıb-tutur, bizsə buna məhəl qoymayıb bir-birimizin əlini
buraxmırıq. Bu, bizim tur camaatı ilə
ilk birliyimizdir.
Niyə çox çətinliklə birləşə
bilirik?!
Yaxta gəzintisi sona çatır. Axşam
naharının vaxtıdır. Qərar
verilir ki, bulvarın sonunda "Əli və Nino” heykəlini də
görək, sonra "Meduza” adlı restoranda axşam
naharı edək.
Dənizkənarı bulvarın ən möhtəşəm
abidələrindən biri də "Əli və Nino”nun heykəlidir.
Heykəl
Qurban Səidin azərbaycanlı oğlanla gürcü
qızın sevgisindən bəhs edən "Əli və
Nino” romanından ilhamlanaraq yaradılıb. Abidənin
müəllifi heykəltəraş Tamar Kvesitadzedir.
Əli və Ninonun sevgi hekayəsini sizə hər bir
batumili danışa bilər. Müsəlman Əli və xristian
Ninonun metal fiqurları hərəkət edir. Mexanizm
elə qurulub ki, heykəllər hər gün səhər saat
yeddidə hərəkətə başlayır və on dəqiqədən
bir qovuşurlar. Gecələr isə, heykəllər,
xüsusi olaraq quraşdırılmış vasitələrlə
işıqlandırılır və bütün proses
kompüter texnologiyalarının köməyi ilə idarə
olunur.
Mən Bakıdakı dostlarıma söz vermişdim ki,
məhz burada onların sağlığına çaxır
içəcəm. Bir az anamı xatırladı. O burda
olduğum ərəfədə mənimlə
yazışır, hal-əhvalımı soruşur, çox
içmə, özünü soyuğa vermə deyə tənbeh
edir, bir sözlə varlığını hiss elətdirir. Bir qurtum da onun sağlığana içirəm.
Sevginin,
eşqin sağlığına!
Restoranda yaxtadakı birliyimiz pərən-pərən
düşdü. İki-iki, üç-üç əyləşdik.
Mən özümə alkoqollu kokteyl sifariş
etdim. Balaca səhnədə gürcülər
(biz gürcülər bilirdik) mahnı oxuyurlar. Arada gürcü rəqsi də nümayiş olunur.
Bələdçilər işarə etdi ki,
bizim mahnılar çalınacaq, hamı rəqsə dursun.
Sonra dedilər ki, ermənilər bura gəlir.
Mütləq hamı oynamalıdır. Mən onsuz da rəqs etməyi sevirəm, eşitdim
ki, ermənilər gəlir, daha da coşdum. Özbək yoldaşımız da çiyinlərini
oynada-oynada qoşuldu mənə. Çal
oynasın, vur çatlasın.
Ermənilərə
acıq verdik...
Buranın ofisiantları həm gürcücə bilirdi,
həm türkcə, həm də rusca. Kobud deyildilər.
Bu mənə nəsə qəribə gəldi.
Burda bir iş var.
Hesabımızı ödəyib restorandan
çıxanda yağış başlayır. Tam romantik
havadır. Amma mənim yanımda bığı burma kişilər gəzir. Bir
anlıq tənhalığımın dibinə
düşdüm.
Delfinariyaya getməliyik.
Axşam seansı olduğu üçün 20 lari pul
vermişik biletə.
Qara dəniz sahilində keçmiş Sovet
İttifaqının ilk delfinarisi yerləşir. 1975-ci ildən
buraya dünyanın müxtəlif yerlərindən turistlər
gəlir. Delfinariyə giriş 15 laridir (
10 manat). Delfin şousu açıq səma
altında keçirilir. Tamaşaçılar
zalı amfiteatrı xatırladır. Yay
aylarında delfin şousuna maraq çox olduğundan, biletləri
əvvəlcədən əldə etmək məsləhət
görülür. Şou üç dildə
keçirilir: gürcü, rus və ingilis. Delfinlər
öz təbəssümü və məharəti ilə bizdə
əsl uşaq sevinci və xoşbəxtliyi oyadır. Delfin şousu unudulmaz xatirələr və müsbət
əhval-ruhiyyənin zəmanətidir.
Arxamda oturan türklər idi. Onlardan biri tez-tez yerindən
qalxır, şəkil çəkdirmək üçün
dizləri üstə oturur və tez-tez də arxası mənə
dəyər. Az qalır ki, kürəyimdə
otura. Bakıda olsaydıq, buna görə indi əlli
dəfə üzr istəmişdilər məndən.
Delfinlər dəridən-qabıqdan
çıxırlar. Amma onlardan biri deyəsən yenidir. Ya da yaşı azdır. Delfin
dostlarından geri qalır. Hovuzdan kənara
çıxanda delfin dostları əziyyət çəkməsə
də, bu balaca delfin çox əziyyət çəkir.
Şou ustaları balaca delfinə bir neçə
dəfə yem atsalar da xeyri olmur. Məncə,
onların atdıqları yem yox, dopinq idi. Çünki
qoz boyda yemlə bu boyda delfinlər doyası deyil ki. Atdıqları dopinq idi ki, delfinləri o dəqiqə
cuşa gətirirdi.
Şounun sonuna yaxın şou ustalarının bir
işarəsilə delfinlər tamaşaçılar tərəfə
yaxınlaşdı. Quyruqları ilə suyu o yan-bu yana
dağıtmağa başladılar. Hətta
tamaşaçılardan bir neçəsinin
üst-başı suya qərq olmuşdu. İslanan
adamlar o dəqiqə zalı tərk edirdilər.
Bu
tamaşadan ən çox zövq alan isə
uşaqlar idi...
Delfinariyadan çıxıb avtobusun dayandığı
yerə getdik.
Bir az uzaqda idi. Biz avtobusda
olanda baxdıq ki, otaq yoldaşım Həsən yoxdur. Sürücümüz Zöhrab dayı Həsənə
zəng vurur, ona avtobusun yerini başa salmağa
çalışır, amma rominqdə olduğu
üçün balansı qurtarır. Bir az
gözləyəndən sonra səbrimiz tükənir,
hamı Həsəni qınamağa başlayır. Axırda tərpənirik. Zöhrab
dayı deyir ki, diribaş uşaqdır, otel də uzaqda deyil,
taksiylə gələr.
Biz otelə çatanda artıq Həsən taksiylə
bizdən qabaq çatmışdı. Taksi isə hələ
də ordaydı. Həsən bizdən bir az
incimişdi. Ki, niyə onu gözləmədik?!
Həsəndən necə gəldiyini
soruşduq.
- Taksi
tapdım, erməni idi sürcüsü.
Hamnın diqqəti Həsənə kəsilir.
- Nə, erməni?
- Hə...
- Söhbət elədin?
- Hə...
- Nə deyib-elədi?
- Haralı olduğumu soruşdu, azərbaycanlı olduğumu dedim.
- O nə
dedi?
- Dedi,
bizim sizinlə problemimiz yoxdu. Problem hakimiyyətlərdədir.
Biz burada bir-birimizlə can deyib can
eşidirik. Heç Ermənistanda da camaat
Qarabağı istəmir, əsgər getmək istəmir.
Hə, bir də, mən ona get desəm də, o gözlədi
ki, siz gələsiz, sonra getsin.
Hamımız mat-məətəl Həsənə
baxa-baxa qaldıq.
Oteldə
öyrəndik ki, oturduğumuz "Meduza” restoranı elə
ermənilərin imiş...
Qeyd: Gürcüstanı bəyənsəm də, gürcüləri heç sevmədim, heç. Soyuq, quru millətdirlər. Hiss olunur ki, bizdən də zəhlələri gedir. Baxmayaraq ki, bizim neftimizlə dolanırlar.
Ədalət 2019.-
11 sentyabr.- S.6.