"Cavanşir
Yusiflinin yazdıqlarını başa düşmürəm"
Bir çox tanınmış yazarlar son vaxtlar ədəbi mühitdə yaranan durğunluqla bağlı tənqidçiləri günahlandırırlar. Onların fikrincə, ədəbi tənqidçilər yaradıcılıq mühitini canlandırmaq, yeni əsərlər haqqında təhlillər yazmaq yerinə, vəzifəli, titullu yazıçıları tərifləməklə məşğuldurlar.
Ədəbi tənqidin yeni
üslübda yaradılan əsərlərla
ayaqlaşa bilməməsi, Sovet dönəmi təfəkküründə
qalması da iddialar
arasındadır.
Adalet.az olaraq, bütün bu məsələlərə ədəbi tənqidçi
Əsəd Cahangirlə aydınlıq gətirməyə
çalışdıq.
- Gənc yazıçıların
qalmaqallı yazılarla gündəmə gəlməsinə bir tənqidçi kimi
münasibətiniz necədir?
- Bu onların yaşı üçün təbiidir və zamanla aradan qalxacaq. Bunun əsas səbəbi
yazıçı olmaq istəyənlərin
sayının həddindən artıq çox
olmasıdır və həmin yazıçılar
çalışırlar ki, fərqlənsinlər,
diqqət çəksinlər. Amma bu cür diqqət çəkməyin
ömrü bir həftədən
o tərəfə keçmir.
Yerdə həmişə mətn qalır. Həmin
yazıçılar da gərək
çalışsınlar ki, ortaya ciddi mətn qoysunlar.
- Bəs klassiklərimizlə bağlı tənqidi statuslar, yazılar haqqında nə düşünürsünüz?
- Mənimçün klassiklər
toxunulmazdır, amma təhqiri yox, tənqidi müsbət qarşılayaram.
Klassiklərin bütləşdirilməsinin də əleyhinəyəm,
amma onlara qarşı
yalançı tənqidi münasibətin də əleyhinəyəm.
Hətta ən sevdiyim Füzuli
haqqında tənqidi yazıları da
yaxşı qarşılayaram, əgər bu
tənqidlər tutarlı olsa. Gənclərin
klassiklərə aid yazdıqları isə
mənə tənqiddən daha çox gülməli hay-küy
kimi gəlir. Ümumiyyətlə, tənqidi
anladım, təhqir nəyə lazımdır ki?
- Bəlkə onlara
qarşı aqressiyaları var?
- Bunun psixoloji
səbəbi var. Hər bir
uğursuz, özünü
təsdiq edə bilməyən adamda herostrat kompleksi olur. Başqalarının uğurunu
həzm edə bilmirlər. Bu kompleks də belə hallara
gətirib çıxarır.
- Bu yaxınlarda Kamal Talıbzadənin "Ədəbi tənqid
tarixi” kitabını oxudum
və gördüm ki,
bizim ədəbi tənqid, tənqiddən
daha çox tərifdən
ibarətdir.
- Əslində, o kitab ədəbi tənqidin tarixidir deyə, bu normaldır, amma mən Kamal Talıbzadənin yerində olsam, Füzulini tənqid etdiyi üçün Axundovu tənqid edərdim, Hüseyn Cavidi tənqid etdiyi üçün sovet dönəmi tənqidçilərini tənqid edərdim, sərbəst şeir yazdığı üçün Rəsul Rzanı tənqid edənləri tənqid edərdim. "Körpüsalanlar” povestində qadın azadlığından yazdığı üçün İlyas Əfəndiyevə hücum çəkənləri tənqid edərdim, ya da "Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında Təhminə obrazını yaratdığı üçün Anarı qınayanları tənqid edərdim.Kamal Talıbzadənin kitabına gəldikdə isə o kitabın Sovet dönəmində dərc olunduğunu nəzərə alsaq, hər şey aydınlaşır.
- Deyək ki, gənclər
klassikləri tutarlı tənqid edə bilmirlər. Bəs niyə
bu tutarlı tənqidi tənqidçilər
etmir?
- Çünki Azərbaycan ədəbi tənqidi ştamplaşıb və yeni münasibətin formalaşması o qədər də asan deyil. Tənqidə, tənqid tarixinə münasibət dəyişməlidir. Yeni estetik, ideoloji ölçülər müəyyənləşməlidir. Tələm-tələsik tənqid 1920-ci illərdəki "daloy muğam”, "daloy tar”, "daloy Füzuli” kimi münasibətlər yarada bilər.
- Bəs sizcə, tənqidçilər
yazıçının ancaq
yaradıcılığını təhlil etməlidilər,
ya onların şəxsi həyatı, mənəviyyatı
da təhlil olmalıdır?
- Bu tənqidin xüsusi qoludur və məncə, yazıçının şəxsiyyəti, şəxsi həyatı da ciddi araşdırılmalıdır. Dünya ədəbi tənqid praktikasında bunu edirlər və çox yaxşı da alınır. Yazıçının tam dərk edilməsi üçün bu lazımdır, hətta deyərdim ki, vacibdir. Bizdə buna müsəlman psixologiyası, milli mental dəyərlər icazə vermir, amma ən azı bu klassiklərlə bağlı edilməlidir.
- 2004-cü ildə "Körpü”
ədəbi tənqid dərgisi təsis olundu,
siz də baş redaktor idiniz. Sonra isə bu dərginin fəaliyyəti
dayandırıldı. Niyə?
- "Körpü”nü özüm istəmədim.
Bir dərgidə söz
azadlığı yoxdursa, yalandan
gözə kül üfürmək üçün dərgi buraxmaq
mənə lazım deyil. "Körpü” Azərbaycanda ilk
ədəbi tənqid dərgisi idi,
yalnız Nizami Cəfərov 1991-ci ildə
"Ədəbi tənqid” adlı kiçik
bir jurnal çap etdirmişdi, o da sadəcə bir nömrə çıxıb fəaliyyətini
dayandırmışdı. "Körpü”
dərgisinin təşəbbüskarı da
özüm idim, 5 il fəaliyyət göstərdik, amma söz
azadlığının olmadığını gördüm, "onu yazma!”, "bunu yaz!” və beləcə, dərginin fəaliyyətinə
son qoydum. Yəni, mən
bir daha başa düşdüm ki, bizdə söz
azadlığı mümkün deyil. Həm də söz
azadlığını boğan, sözə
təzyiq edənlərin elə söz
adamları olması məni daha çox məyus etmişdi.
- İndi
yazıçıların əksəriyyəti tənqidçiləri
daha çox maddi, ya digər maraqlara görə vəzifəli, titullu yazıçıları tərifləməkdə,
onlara mədhiyyələr yazmaqda,
yəni məddahlıq etməkdə
günahlandırırlar.
- Təbii ki, heç bir yazıçı ilə bağlı yalnız onun vəzifəsinə, fəxri adına, imzasına görə yazmaq olmaz. Mən də vəzifəli, titullu yazıçılara aid yazılar yazmışam, amma mən bunu hansısa maraqlarıma görə etməmişəm. Çünki onlar ad-san, vəzifə qazanmamış da, 60-cı illərdə artıq yazıçı idilər. Əsas olan ortadakı mətndir. Mən həmişə mətnə dəyər vermişəm. Onda gərək biz vəzifəsi olan istedadlı yazıçılara aid yazmayaq ki, bizə yaltaq deyəcəklər. Axı bu da qorxaqlıq və ədalətsizlik olar. Axı mən Elçinin "Baş” romanı haqqında necə yazmaya bilərdim? Yazmalı idim və yazdım. Mən heç nəyi olmayan gənclərə aid də çoxlu yazılar yazmışam.
- Son vaxtlar gözə dəymirdiniz. Nə olmuşdu?
- Özümə istirahət
vermişdim. Uzun illərdi ki,
Azərbaycan Yazıçılar
Birliyinə hər kəsdən tez gəlirəm, hamıdan da gec çıxıb,
qapıları bağlayır,
açarı mühafizəçi
Araz kişiyə təhvil verib gedirəm. Yorulmuşdum, dincəlmək istədim.
İndi yenidən gənclərin yaradıcılığı haqqında
silsilə yazılar yazmağa başlamışam.
- Əsəd bəy,
çox vaxt belə bir fikir
deyirlər ki, yaza bilməyənlər, istedadı olmayanlar tənqidçiliyi seçirlər. Bunun bir
kompleks olduğunu deyirlər.
- Bu fikirlə razı deyiləm. Mən 8-ci sinifdə oxuyandan
tənqidçi olmaq qərarına gəlmişdim.
Həmişə oxuduğum kitablara,
izlədiyim filmlərə,
tamaşalara aid yazılar
yazırdım. Uşaqlıqdan özümü ədəbiyyatşünas
olmağa hazırlamışam.
Mənim
ümumiyyətlə bədii
yaradıcılıqla məşğul
olmaq iddiam olmayıb. Düzdü, şeirlər də
yazmışam, poema da, amma bunları
daxili qüvvənin diktəsi ilə yazmışam. İndi də
istəsəm, şeir
də yazaram, hekayə də, roman da, amma daxilimdən
gəlmədiyi müddətdə
heç nə yazmıram. Mən yazıçı olmaq istədim, şair olmaq istədim, ola bilmədim?
Yox! Mənimçün
tənqidi məqalə,
esse yazmağın verdiyi ləzzət heç də şeir, ya roman yazmağın verdiyi ləzzətdən az deyil.
- Bəs müasir ədəbiyyatımızı necə
qiymətləndirirsiniz?
- İndi ədəbiyyatda
canlanma var, amma bu süni
canlanmadır. Elə bil narkotik təsiri altında baş verir. Bu 20 illik səs-küyün, çoxluğun arasında
üzə çıxara
biləcəyimiz çox
az mətn
var.
- Ədəbi tənqid
belə mətnlərin
ortaya çıxmasına
təkan verə bilməz?
- Ədəbi tənqid
yol göstərə bilər, işıq sala bilər, amma ədəbi tənqid istedad yetişdirə bilməz. Füzulini,
Nəsimini, Danteni, Balzakı tənqidçi
yetişdirmişdi? Tənqidçi Allah deyil axı.
- Digər tənqidçilərimizin
fəaliyyətini necə
qiymətləndirirsiniz?
- Düzü nəsə deyəndə, mənimlə düşmən olurlar deyə, ad çəkməyəcəm, amma tələbəlik illlərimdə çox bəyəndiyim tənqidi yazılar olub. Məsələn, Yaşar Qarayevin "Meyyar şəxsiyyətdir”, "Realizm, sənət və həqiqət” kitabları, Nizami Cəfərovun "Füzulidən Vaqifə qədər” kitabı, 90-cı ildə "Ədəbiyyat qəzeti”ndə çap olunmuş "Yatmışdım, üstümə gəldi ərənlər” məqaləsi, xüsusilə Kamal Abdullanın bir neçə ay dayanmadan oxuduğum "Gizli Dədə Qorqud” kitabı, "Yolun əvvəli və sonu” esselər toplusu... Amma elə bu müəlliflərə hörmətimlə yanaşı, deməliyəm ki, artıq bizim ölkədə yazılan heç bir tənqidi yazı, esse, məqalə mənə intellektual qida vermir.
- Belə çıxır ki,
müasir ədəbi tənqidimizin durumunu siz də bəyənmirsiniz.
- Yalandan tərifləmək
istəmirəm. Ad çəkmək də
istəmirəm.
- Mən ad çəkərəm.
Məsələn, Cavanşir Yusifli haqqında nə düşünürsünüz?
- Mən onun
yazılarını başa
düşmürəm. Bütöv
yazılarından sadəcə bir cümlə,
bir fikir yadımda
qalır. Onun yazıları mənə intellektual qida vermir.
- Bəs İradə Musayeva?
- İradə Musayevanın 17-18 il
qabaq "Azərbaycan” jurnalında "Şeirimizin bu günü, bu günümüzün şeiri”
adlı təhlili məqaləsi dərc olunmuşdu.
Pis deyildi. Vaqif Səmədoğlu haqqında
monoqrafiyası da pis deyildi, amma sonrakı fəaliyyəti
məni qane etmir.
Xüsusən, nəsr təhlillərində mətləb hasil olunmur.
Bizim tənqidin bəlalarından
biri də odur ki, hansı məzhəbə qulluq
etdiyi bilinmir. Bilinmir strukturalistdir, poststukturalistdir, modernistdir,
ya postmodernistdir. Tənqidçi
hansısa cərəyanın meyarları ilə
yanaşmalıdır mətnə. Bizdə isə bu yoxdur.
- Niyə yoxdur?
- Çünki sovet ideologiyası bunların hamısını qadağan etmişdi. İndi isə yeni meyarlar təyin olunmayıb.
Söhbətləşdi:
Ulucay Akif
Ədalət 2019.- 13 sentyabr .- S.6.