Əbülfət
MƏDƏTOĞLU
GÜNAHSIZLIQ ARZUSU
Və yaxud
sümüyə düşməyən hava
Mənim bildiyimə, oxuduğuma
və eşitdiyimə görə ən böyük
ədalət Allaha məxsusdur. Üstəlik,
bildiyimə, oxuduğuma və eşitdiyimə
və həm də şahid olduğuma görə, Yer
üzündə bütün ədalətsizlikləri
insan gerçəkləşdirir. Yəni nəyə and içsələr
də inana bilmərəm ki,
bu dünyada,
xüsusilə Azərbaycan adlı məmləkətdə yüz faiz ədalətli insan var – suyu
da üfürüb içir... otu da tapdamır... gülü
də sadəcə, budağından üzmədən
qoxlayır... qarışqanı görəndə
yanından keçir... kimində
çiyninə toxunmur... kimnisə
ayağını tapdamır... kiminsə çörəyinə
problem yaratmır... kiminsə
işığının qarşısını kəsmir...
kimisə yıxıldığı yerdən qaldırır və
s. və ilaxır. Bax,
bütün bunlar toplum halında bir adamda ola bilməz. Kim istəyir inansın, kim
də istəyir inanmasın. Şəxsən mən
inanmıram və şəxsən mən özümü
yüz faiz ədalətli
insan saymıram. Təbii ki,
bunun da səbəbi
digər insanın mənə münasibətidi. Haqqım
tapdandıqca mən də etiraz edirəm,
mən də etirazımla kiminsə haqqını
tapdayıram. Deməli, insan olan kəs yüzə-yüz ədalət
söhbəti edə bilməz.
Bax,
mən də həmin o dediyim məqamı nəzərə
alıb birmənalı şəkildə vurğulayıram ki,
evdən, ailədən tutmuş kollektivə qədər
heç bir yerdə ədalət söhbəti gedə bilməz.
Çünki adamlar təkcə öz sifətləri ilə yox,
həm də başqa sifətlərlə
yaşayırlar. Ona görə də həmin
sifətlər gec-tez üzə
çıxır. Və deməli, ədalət də onda aşkarlanır. Hər kəs beləcə,
öz ədalətinin qurbanına çevrilir, acınacaqlı duruma
düşür. Həmin məqamda göz yaşı da,
alqış da, qarğış da köməyə çatmır. Axı quyunu özün
qazmısan. Nə isə...
Bəli, mən bu yazını
başqa bir ovqatla, başqa bir həvəslə yazmaq,
başqa notlara toxunmaq istəyirdim. Amma
"tək səbr” imkan vermədi. Həmin
o "tək səbr” də qan qaraldıcı oldu, əsəblərimə
toxundu. Anladım ki, saman altından su yeridənlər,
qarışqanı sapa
dırmaşdıranlar elə bilirlər ki,
hamısan ağıllıdılar. Və
onların gördükləri etdikləri guya
heç kimin nə
haqqına basqı deyil, nə də kiminsə
anlayacağı bir məsələ
sayıla bilməz. Çox yanlış
yanaşmadı. Müdriklərin dediklərinə görə,
ağıllı o adamdı ki, qarşısındakını
ağıllı sayır. Ona
münasibətdə özünü, gücünü nümayiş
etdirmir. Axı hər bir
insan həm də qapalı bir varlıqdı. Onun
içərisində, bədənində nələr var, hansı güc var, arxasında kim, nə
dayanır, onu öncədən bilmək mümkün deyil. Zəif
hesab etdiyin birisi səni sözüylə, hərəkətiylə,
ortaya qoyduğu məntiqlə,
arxasında dayanan güclə elə bir duruma salar
ki, heç kim köməyinə, dadına çata bilməz. Ona
görə də nə qarışqanı fil
etmək lazımdı, nə fili
qarşıqa. Hər kəsi öz
adında, öz donunda
görmək daha dürüst
qərardı. Bax, bu
mənada sosial həyatın mənəvi
həyatla qarşılaşdırılması, maddiyyatla, mənəviyyatın üz-üzə
qoyulması ümumiyyətlə, yolverilməzdi. Axı
insanın ən üstün cəhəti
onun mənəviyyat sahibi
olmasıdı. Çox təəssüf
ki, bunu tez-tez unuduruq və nəticədə
də bitib-tükənməyən problemlər,
söz-söhbətlər qarşılıqlı
etimatsızlıqlar yaranır. Təəssüf...
Hə, mən öz həyatımı,
öz yaşamımı kimsədən üstün və xüsusi
imtiyazlı saymıram. Allahın verdiyi ömrü özümün,
dostların, doğmaların yardımı, dəstəyi ilə
yaratdığı müəyyən şərait mənə
ayaqda qalmağa
köməklik edir. Bu
da o deməkdir ki, mən iki əllə bir başı təkcə idarə etmirəm,
həm də onun maddi
tələbatını az-çox ödəyirəm.
Lakin haqqıma əl uzadılanda, mənim
olması labüd olan
haqqın özünə, cibinə əl uzadılanda onda sarsılıram, onda özümü aşağılanmış sayıram.
Və başa düşə bilmirəm ki, bunu edənlər məni
yox, özlərini nə sayırlar, nə
hesab edirlər. Yəqin ki,
bu sualın cavabı hər kəsin öz ölçüsüylə bəllidir.
Mən kimisə mənim kimi
düşünməyə məcbur edə bilmərəm. Lakin deməyə borcluyam ki, bilməyənlər də bilsinlər, bir adamın ədaləti etalon
deyil. Və...
Hər dəfə yuxarıda yazdığım və içində olduğum ovqatın sərt küləyi əsəndə, məni silkələyəndə bir kənara çəkilmək, aralanıb uzaqlaşmaq hissi gəlib keçir içimdən. Elə bilirəm ki, uzaqlaşmaq, kənar dayanmaq nəyisə dəyişəcək. Amma görürəm yox! Hər dəfə uzaqlaşdıqca o basqılar bir az da artır, bir az da adamın üstünə gəlir. Onda gücümü toparlayıb Allahımı və səni düşünə-düşünə sərt fikirlərimi kağıza köçürürəm. Bu bir növü özünə təsəlli, özünü ovutmaq kimi bir şeydi. Amma müvəqqətidi. Çünki problem qalır. Deməli, hələ günahı, günahkarı ortaya çıxarmaq, ona kimliyini göstərmək nə mümkün olmayıb, nə də cəhd edilməyib. Deməli, günahın bir ucu da mənim çiynimdədi. Susqunluğumun, reaksiya verməməyimin cavabıdı bu. Elə həmin cavabdan da çıxış edərək bu günlərdə yazdığım misraları xatırlayıram. Yazmışam ki:
Susqunluğum bu anda
Öz-özümə nidadı...
Həyatla aranızda –
Kövrək bir əlvidadı...
And verdim sənə pir, gə
Qalmadı daha sirr, gə...
Məni
zamanla birgə -
Zərif
bir əl budadı...
Gecə,
gündüz bilmədən
Ahım oldu zil, nədən?
Ömrüm keçən ilmədən
–
Uzanan əl butadı...
Arı uçan pətəkdən
Gəzdim
ümid və təkdən...
Bir əl tutub ətəkdən
–
O biri əl vidadı!..
***
İnsan yaşayırsa, işləyirsə,
ümumiyyətlə, cəmiyyətdədirsə,
onun kənara çəkilməsi, özünü
laqeyd göstərməsi
mümkün deyil. Lap mümkün olsa da, doğru deyil. Deməli, gözünün önündə baş verəni görməmək,
guya pəncərədən
bayıra baxmaq prinsipi bu, insanın
ən qüsurlu cəhətidir. Çünki
Allah insanı insana
dost, doğma, həmcins
yaradıb. Deməli, bu varlıq
bir-birinə dayaq durmalı, bir-birinə dəstək olmalıdır
ki, önə çıxa bilsin, qurub-yarada bilsin. Ən azından İNSAN ola bilsin.
Təəssüflər ki, bu məqamda da hamının həmin o böyük hərflərlə
yazdığım insan
olmasına inana bilmirəm, şübhə
içimdə at oynadır.
Nə yazıqlar ki, bu cür atların
cilovu olmur. Bəlkə də belə daha yaxşıdır.
Axı rusların bir təzə sözü
var. Rus dədələri
deyib ki, "inan, amma yoxla”,
yəni nəzarəti
üstündən əskiltmə.
Bizdə
isə bəzən inam elə bir
həddə gəlib çatır ki, əyləşdiyimiz çətiri
altımızdan götürürlər
xəbərimiz olmur.
Güvəndiyimiz kürəyimizə xəncəri saplayıb, ancaq ağrıyanda, qan axnada nə
baş verdiyini anlayıqır. Və
beləcə, yaşayırıq
– ümidsiz və şikəst biri kimi...
Bəli, həyatın bütün
problemlərinin üzərimizə
basqı etdiyi bir zamanda bu
qədər mövzunun
qatlarına enməyim,
onu sağa, sola çəkməyim heç
də təsadüfi deyil. Söhbət ondan gedir ki, əlini sıxdığım əlimi
biləkdən qoparır.
Bu itki də
adama təbii ki, çox ağır zərbə olur. Və mən də
həyatım boyu zərbələrin dadını,
tamını bildiyimdən,
onu təkrar-təkrar
yaşamaqdan artıq yorulmuşam. Ona görə də daha sarı simdə yox, elə birbaşa bəlli notlarda fikirlərimi ifadə edirəm .
Hətta həzin bir şeir üstündə
demək istəyirəm
ki:
Bitdi qəm ortaqlığı
Nəğmə yarıda qaldı...
Ləçəklər örtülmədi
–
Günah
arıda qaldı...
Kömək ol! – Tanrım deyə
Əlimi
açdım göyə...
Anlamadım ki, niyə -
Duam Tanrıda qaldı!
Dərdi
ha soyalar da
Böyüyüb bor alar da!
Qarışan boyalarda –
Diqqət sarıda qaldı.
Əbülfət, yox olsam da
Söz-sözə toxusam da...
Nə qədər oxusam da –
Ümid darıda qaldı.
***
Mən bu yazını bilgisayara diqtə edəndə demək olar ki, nəfəs dərmədim.
Heç Gülər xanım da gözaltı dönüb
mənə baxmadı. Arada yazının
ovqatına "papaq” atan
Şamxal da susmuşdu. Bütün
bunların bir səbəbi var idi, o
da günün
ovqatıydı. Hamı eyni havaya köklənmişdi. Və bu hava da
oynamaq üçün
deyildi. Bu hava ürəyi ağrıtmaq, əsəbi
tarıma çəkmək, ən azından adamları deyinməyə
məcbur etmək üçün idi. Təbii ki, hava da, onun
sifarişçisi də məlumdu. Sadəcə,
məlum olmayan odur ki, bu havanın
sifarişçiləri görəsən Allahdan
böyük kimlə müqavilə
imzalayıblar? Və o böyük
doğrudanmı onların çiyninə sağ
əlini qoyubdu?
Hə, biz öz
kimliyimizi bilə-bilə özgələrin
kimliyini önə çəkirik. Bu isə bir maskaraddı. Çünki bizim kimliyimizi də özgələr bilir. Deməli, məntiqə görə,
yanlış havaya oynayırıq. Rəhmətlik
Məmməd Araz demişkən, "bu oyunda kim
uduzdu, kim uddu” sualı sonda
ağır zərbəyə çevrilə bilər. Bax, o zərbədən yayınmaq, ona tuş gəlməmək
üçün olduğumuz
kimi olmaq daha doğru qərardı.
Və mən də həmin məntiqə söykənib
yazıram ki, kimsə öz
iddiasını hamıya hakim etməsin,
hamıya həzm etdirməyə çalışmasın. Çünki ən böyük qalib həmişə
sonda gülənlər olub.
Bu məmləkətin və eləcə
də bizim hamımızın durumu kaş ki, sonda gülənlərin
nəsibi kimi olsun.
Əks halda...
Bəli, bir söz adamı olaraq bu yazını səfər öncəsi, yəni sizinlə görüşə bilməyəcəyim zaman kəsiyi üçün yazmaqda məqsədim gizli deyil. İstəyirəm ki, bu zaman kəsiyində mən də təkrar-təkrar düşünüm. Düşünüm ki, yazmağa dəyərmi, yazmaq lazımdımı? Və siz də düşünəsiniz ki, bu yazılanları oxumağa dəyərmi? Əgər gəlib çıxacağımız qərar ümidli, işıqlı olsa, inşallah, onda yenə bu yazılarla, daha doğrusu, xoş ovqatlı duyğusal yazılarla ekran qarşısında, qəzet səhifələrində görüşərik. Olmasa, günah hər kəsin öz boynuna. Mən öz günah payımı təbii ki, bilirəm. Sizdə isə günah görmürəm. O ixtiyar sizin öz əlinizdədi. Sizə günahsız günlər arzusuyla, "hələlik!” – deyirəm.
Ədalət 2019.- 14 sentyabr.-
S.7.