Faiq QİSMƏTOĞLU
HƏR SAZ
ÇALAN AŞIQDIRMI?!
... İndi kimə selbə
atırsan ya gedir
"aşığa” dəyir, ya gedir "müğənniyə” dəyir, ya da gedir
"jurnalistə” dəyir. Bu sözləri
dırnaq arasına ona görə
alırıq ki, hər yerindən duran, hər əlinə saz
alan, hər əli qələm tutan, hər mikrafon
götürən özünü
aşıq, müğənni, jurnalist
adlandırır. Hansı ki, bu üç sənətin
hər biri çox
müqəddəs, çox da tarixi bir
peşədir. Yəni hər üçü
uzun illərin sınağından,
süzgəcindən keçib bu günümüzə gəlib
çatıb...
Deyirlər ki, biz Koroğlunun, Qaçaq Nəbinin, Cavanşirin,
Sultan bəyin, Pənahəli xanın nəvələriyik.
Amma dərinə gedəndə məlum olur ki, biz
öz fərsiz və bacarıqsız əməllərimizlə
o böyük şəxslərin
adına ləkə gətiririk. Yəni o
böyük şəxslər bu vətənin, bu
torpağın, bu millətin yolunda canlarını, qanlarını fəda
eləyiblər. Bəs biz nə eləmişik?
Bizsə o kişilərlə qürrələnərək
zaman-zaman torpaqlarımızı,
ormanalrımızı, dağlarımızı yadellilərə
peşkəş eləmişik. Və indi
də deyirik bu böyük kişilərin nəvələriyik.
Biz ən yaxşı halda
torpağı itirdiyimizə və o yurdu, o eli
yaddan çıxardığımıza
görə, Keçəl Həmzənin nəvəsi ola bilərik. Bu heç kəsin xətrinə dəyməsin.
Xətrinə dəysə də, su içsin...
... Hansı televiziya
kanalını açırsan vur-çatlasın, çal- oynasındı! Elə bil televiziya kanalları bu xalqın, bu millətin
düşmənidi. Yəni kanallar ona çalışır ki,
millət, xalq o itirilən
torpaqları yada salmasın, unutsun və birdəfəlik əlini çəksin.
Onsuz da biz unutqan millətik. Bu təbliğatı da aparanda oluruq lap yekə bir unutqan. Biz kef
eləyirik, adını çəkdiyim o
qəhrəmanların isə goru
çatlayır...
İndi qayıdaq sazın,
sözün və musiqinin
üstünə. Koroğlunun sazı milləti
cəngiyə, döyüşə, vuruşa
səsləyir. İndikilərin isə
çaldığı havalar bu millətin, bu xalqın
başının altına yastıq qoyur
və şirin yuxuya
aparır. Axı bizim millətin də yatmaqdan çox xoşu gəlir. Yumuşaq
yastıq ola və bir
də gözəl hava! Yat
ki, yatasan! Və bu yuxudan kimdi
oyanan? Oyananda görəcək
ki, nə vardısa, onu
da əlindən alıblar, salıblar
çöllərə...
"Dədə Qorqud” dastanında saza müqəddəs varlıq kimi dəyər verilir. Bir səhnə var və həmin səhnə Anarın ssenarisi ilə çəkilmiş "Dədə Qorqud” filmində də canlanır. Qazan xanla Oğuz savaşa başlamaq istəyir. Dədə Qorqud əlində Qopuz onun qarşısına qaçır, bunun qarşısına qaçır. Qopuzu onlara göstərib deyir ki, sizi and verirəm bu müqəddəs Qopuza, qardaş qırğınını saxlayın! Onlar da qardaş qırğınını saxlamır, bir-birinı qılınc çəkir və axırda məhv olurlar. Və bizim qılıncımız çox vaxt düşməni kəsmək əvəzinə, özümüzü kəsib doğrayır. Böyük Bəxtiyar Vahabzadə də "Özümüzü kəsən qılınc” adlı bir pyes də yazmışdı. Və bu qılınc bu gün də özümüzü kəsməkdə davam eləyir.
Saz bizim
ən qədim alətimizdi. Və saz həm
də Azərbaycan xalqının ruhu, qəlbi,
ürəyi deməkdi. Birindən soruşursan
ki, nə təhərsən? O da deyir ki,
saz kimiyəm. Yəni sağ-salamatam. Tay demir ey tar kimiyəm,
gitara kimiyəm, nə bilim qarmon
kimiyəm. Amma biz bu gün
sazın başına
elə bir oyun açırıq ki, o sazın dədəsinin toyu yadına düşür.
Aşıq ayrı şeydi, müğənni ayrı şeydi, ifaçı da ayrı şeydi. Bir çox
əlinə saz götürənlər bu
qədim sənəti
və ustad aşıqları nüfuzdan
və gözdən salıblar. Hansı ki, onlar elə
də istedadsız adam deyillər.
Məsələn, Aşıq
Telli, Aşıq Mübariz, Aşıq Zülfiyyə gözəl
saz çalırlar. Amma onlara heç cürə aşıq demək olmaz. Ən azından ona görə ki, hər üç şəxs saz ifaçısıdır və
müğənnilik eləyirlər.
Mübariz virtuoz saz ifaçısıdı. Sazı çox
qəşəng çalır.
Hətta
bəziləri deyirlər
ki, niyə o, sazı boyununda çalır, atıb-tutur
və sazla akrobatik hərəkətlər
eləyir. Qoy eləsin! Bu kişi
də sazı belə çalır da. Qoy Aşıq Telli
də nə qədər istəyir oxusun, qoy Aşıq
Zülfiyyə də bütün kanallarda saz çalsın. Öz işləridir. Amma vallah,
onlar aşıq deyillər. Bayaq dedik axı,
hər üçü
saz ifaçısıdır
və müğənnilik
eləyir. Allah işlərini avand eləsin. Özünə hörmət eləyən
aşıq bir gündə iki-üç
dəfə televiziya kanallarına getməz.
Aşığa yalvararlar, yaxararlar, bundan sonra hansısa
kanala gedər. Amma camaatın
bu hər üç aşığı,
hər üç saz ifaçısını
televizorda görməkdən
gözləri mazol olub. Onu yaxşı bilirik,
onlar toy üçün
bu addımı atırlar. Çünki zarafat deyil,
heç bir özəl kanal kiminsə qara qaşına, qara gözünə aşıq
deyil. Ora para ödəməsən,
o kanal səni heç vaxt efirə dəvət eləməz. İstedadlı xanəndələr, müğənnilər
var ki, heç
ildə bir-iki dəfə efirə çağırılmır. Amma səsi və istedadı olmayan "müğənnilər”
və "aşıqlar”
o kanal sənin, bu kanal mənim
deyib gündə birində görünürlər.
Bayaq dedik
axı, aşıq sənəti çox
müqəddəs, çox ulu bir sənətdi.
Aşıq dastan bilməlidi, nağıl
danışmalıdı, bayatı, qoşma,
təcnis, dodaqdəyməz, dildönməz şeirlər deməlidir.
Və bir də
aşığın öz geyimi (yəni klassik geyim nəzərdə tutulur)
olmalıdır. Üstəlik də o
aşıqdırsa, meydanda (istər toyxana olsun, istərsə
də səhnə) orda deyişməyi, tərəf
müqabilini sözlə
bağlamağı bacarmalıdır. Biz
bu gün belə
aşıqları görmürük. Biz o aşıqları görürük ki, "toy tutmaq” üçün
efirlərdə dəridən-qabıqdan çıxırlar.
Aşıq deyəndə
yadımıza Aşıq Alı düşür,
Aşıq Ələsgər düşür,
Aşıq Abbas Tufarqanlı düşür, Aşıq Şəmşir düşür, Sarı Aşıq düşür, Aşıq Şakir
düşür, Aşıq Pənah düşür, Aşıq Ədalət düşür və ən nəhayət
Aşıq Əhliman düşür.
Bu böyük
kişilər böyük aşıq məktəbi
yaradıblar. Ancaq bu böyük aşıq məktəbini bu gün televiziyalar
və "aşıqlar” elə günə qoyub
ki, adam bilmir keçmişə boylansın, yoxsa bu günkü
vəziyyətə görə dəsmal götürüb
ağlasın.
Bu gün
elə çox işimiz
dəsmal götürüb
ağlamalıdı. Dəsmal götürüb
ağlamalıdı ki, istedadlı adamlar qalıb həyatın dibində,
istedadsızlar və savadsızlar meydan
sulayır... Dəsmal götürüb
ağlamalıdır ki, aparıb dəvəni
eşşəyin quyruğuna
bağlayırlar... Dəsmal götürüb
ağlamalıdır ki, üç
dəfə həccə gedib,
qayıdıb yenə onun-bunun
haqqını basıb yeyir... Çox şey yazaram, amma tay
yazmıram...
Bax, belə! Bu şənbə də ürəyimi belə
boşaltdım. Sözüm odur ki, xalqın min illərdən bəri qoruyub
saxladığı saza, sözə,
musiqiyə və müğənniliyə belə ucuz yanaşmaq olmaz! Saz və söz heç kimin dədəsindən qalmayıb. Saz və söz bu millətin min illik tarixidi. Onu da qorumaq
hamının işidi. Kimsə pul qazanmaq istəyirsə,
halal xoşu olsun, qazansın!
Sazı qalxan kimi qabağa verib "aşığam” deyərək sazın və millətin ruhunu ləkələməsin. Saz və bu millət əbədidir. Saz varsa, millət də var, millət varsa, saz da var. Və hər yerindən durub saz çalan da aşıq deyil. Bəlkə aşıqdı, siz deyin?!
Ədalət 2019.- 14 sentyabr.-
S.6.