Seyran Səxavət: "Qarabağ əlilini incidən məmurun qanını içmək halaldır

"Füzuli yerində olanda mən Bakıda heç kəsi bəyənmirdim, yekə-yekə gəzirdim”

Modern.azsaytının"Qarabağ söhbəti”layihəsi çərçivəsində növbəti müsahibi yazıçıSeyran Səxavətdir.

- Hər halda münaqişə başlayanda erməni ziyalıları ilə görüşmüsünüz. Xatırlayırsınızmı heç?

- Elə Levon Adyanla görüşdüm, o, burda idi.

- O nə deyirdi?

- Mən münaqişə barədə ona heç nə demirdim. O deyirdi ki, bu niyə belə oldu, utanır, xəcalət çəkir. Sonra getdi, bir roman yazdı . Romanın adı "Uzaqlaşan sahillər” idi. Orada mənim də adım var. Abbas Abdullanın, Siyavuş Məmmədzadənin, bir də Natiq Rəsulzadənin və 5-6 Azərbaycan qadınının adı var ki, onlar ermənilərin yadında müsbət qalıb. Qalan hamısını erməni hikkəsi ilə yazıb. Mən ona cavab da yazdım.

- İndi onunla əlaqəniz varmı?

-O romandan qabaq bir dəfə o yazmışdı ki, sözüm yoxdur deməyə. Mənə yazmışdı. Amma açığını deyim, Levon Adyanın xətrini bütümn Azərbaycan yazıçıları çox istəyirdi. Qarabağ ermənisi idi, gözəl də yazıçı idi. Amma ermənidir. Erməni ilə dostluq elə, çomağı əldən qoyma.

- Sosial şəbəkələrdə, saytlarda ziyalılardan Qarabağla bağlı mövqe istəyirlər. Sizcə, ziyalıların mövqeyi yetərlidirmi, cəmiyyətə mesaj verə bilirlərmi? Yoxsa onlara qulaq asan yoxdur?

-Əgər Qarabağ problemi 2-3 gün bundan əvvəl başlasaydı, sənin dediyin kimi, saytların, ümumiyyətlə, KİV-lərin istədiyi kimi mövqeyə ehtiyac var idi. İndi mövqe çoxdan məlumdur. Özü də ziyalılardan mövqe istəyənlər hamısı da tərtəmiz deyillər. Onlar nə isə quyruqları, yaxud yuxa yerləri qapının arasında qalanda başlayırlar ki, ziyalılar haradadır? Ziyalılar yerindədir. Sənin nə yaxşı ziyalı yadına düşüb, ondan danış.

Mövqedən keçib. Qarabağı ermənilər xarici təşkilatlara müraciət edib alıb? Yox. Müraciətlə torpaq geri almaq olar?

- 2016-cı ildə aprel döyüşləri oldu. Həmin döyüşlərdə Azərbaycan əsgəri siz dediyiniz o əsəri yaza bildimi?

- Təxminən bir abzas yazdılar, gör nə qədər ruh yüksəkliyi meydana gəldi. Onlar Ali Baş Komandanın müəllifliyi, müdafiə naziri və xalqın dəstəyi ilə bir roman yazsalar, o əsər dillər əzbəri olar. Elə əsər lazımdır. Yoxsa Seyran Səxavət yazsın. Yenə deyirəm, Rembo kimi təkbaşına qırsın-dağıtsın, amma ortada da heç nə yox. Yenə deyirəm, mənə kitabda yox, reallıqda Qarabağ lazımdı .

-Heç gözləməzdim. Onu "Daş yuxular”a qədər müdafiə etdim. Bu əsəri yazanda dırnaq boyda yer belə qalmadı ki, onu müdafiə edək. Mən ondan heç vaxt gözləməzdim. Dedilər guya Nobel mükafatı almaq üçün bunu edib. Türkiyəli yazar Orxan Pamuk da Nobel mükafatı aldı. Mən elə adamlara nifrət edirəm. Kimsə xalqını aşağılamaqla Nobel, ya da hansısa Komsomol mükafatı alacaqsa, onlar heç olmasın.

- Fərz edək 1988-ci ildir. Azərbaycan ziyalıları ilə erməni ziyalılarını necə müqayisə edərdiniz?

- Bu o demək deyil ki, erməni ziyalılar üstün idi. Bu o deməkdir ki, onlar xalqı əməlli-başlı hazırlamışdılar. Bizim isə ağlımıza gəlmirdi. Mən heç erməni ziyalısı ilə Azərbaycan ziyalısını müqayisə etmək istəmərəm. Zori Balayan, Silva Kapitukyan – hər ikisini tanıyıram. Onlar ziyalı deyil. Ziyalı başqasının qanını axıdar? Ziyalı mənim üçün "Rusiyanın Janqabeni” adlandırılan Armen Ciyərxanyandır. Mənim də şəxsən tanıdığım idi, oturub-durmuşuq. O bir dəfə bu məsələlərdə Azərbaycan xalqının əleyhinə söz demədi. Bir yazıçı da var Qrant Matevosyan – ziyalı cəmi bu iki şəxsdir. Meri Janterquranyan adlı erməni isə köpəyoğlunun biri idi. Mənimlə birlikdə Tiflisdə "komandirovka”da da olub. Orada gürcü balası onu döydü də. Mən gürcüyə dedim ki, həmin erməni deyir, harada kilsə var, ora erməni torpağıdır. Meri Janterquranyan da təsdiqlədi. Nəticədə döyüldü. Yəni, onlar ziyalı deyillər, alçaqdırlar

- Erməni yazıçılarla harada görüşmüşdünüz?

- Moskvada. O zamanlar mövcud olan SSRİ Yazıçılar İttifaqında. İttifaqın binası o zamanlar rus çarı olan II Aleksandrın malikanəsində yerləşdirdi. Orada həm də Aleksandr Fadeyev adına Mərkəzi Ədiblər Evi var idi. Böyük, gözəl restoran idi. Ora ancaq SSRİ Yazıçılar İttifaqının üzvlərini buraxırdılar. Orada gedib, otururduq, çay, kofe, araq içirdik. Ermənilərlə orada qarşılaşırdıq, normal bir şey idi.

- Heç o zamanlar hiss etdirmişdilərmi, öz erməni xislətlərini?

-Yox. Elə onların gücü də bir az budur ki, hiss etdirmirlər. Bizim birimizə bir söz desələr, gəlib ilk növbədə arvada deyərlər ki, sabah hücumdur. Onlarda isə başqa cürdür.

- Ümumiyyətlə, Qarabağın gələcəyini necə görürsünüz?

-Düzünü deyim, məndə möhkəm inam var. Yalançı inam deyil, həm də o demək də deyil ki, mənim inanmaqdan başqa çarəm yoxdur. İçimdən, əqidəmdən söhbət gedirsə, möhkəmdir. Çünki bizim artıq indiki ordumuz 1993-cü ildəki kimi deyil ki. Elə aprel döyüşləri də bunu göstərdi. Erməni qandan qorxan idi. Söz var, deyir necə qorxdusa, elə bil erməni qan gördü. Onun havadarı Rusiya olmasaydı, erməni o qələtləri edə bilməzdi. Yaba, bel ilə onları döyüb Qarabağdan çıxarardıq. Arxalı köpək qurd basar. Mən ümidimi üzməmişəm, görürsən inanıram. İldə 5-6 dəfə də gedirəm Qarabağ tərəfə.

- Yəqin ki, televiziyaları izləyirsiniz. Ermənistanda hakimiyyət dəyişikliyi oldu. Bəziləri sadəlövhcəsinə deyirlər ki, guya Paşinyan hakimiyyətə gəldi, Qarabağı geri qaytaracaq...

-Qarabağı heç kim verməyəcək, qaytarmayacaq. Qarabağı biz özümüz almalıyıq ki, bizimdir. Öz malımızı özümüz geri qaytarmalıyıq. Ancaq müharibə ilə. Başqa yol yoxdur. Bir misal da var idi, deyir, "Allah, allah!” deməklə donuz darıdan çıxmaz.

- Seyran müəllim, "Nekroloq” romanında Qarabağ əlillərindən də yazmısınız. Bu gün bəziləri deyir ki, Qarabağ əlillərinə birmənalı münasibət yoxdur, onlar incidilir və s...

-Yox, Qarabağ əlilləri niyə incidilir ki? Ola bilər kimsə, haradasa alçaqlıq edir, hansısa məmur-filan. Amma mənim neçə qohumum var, hamısına maşın, ev veriblər. O qədər tanıdığım adamlar var ki, dövlət onlara ev tikir. Qarabağ əlillərini incidənlərdə azərbaycanlı qanı yoxdur.

- Qarabağ əlilini incidən şəxsin qanı bizim qandan deyil?

-Bəli. Eləsinin qanını içmək olar. İştahan çəkdi-çəkmədi.

- Bir ara Yazıçılar Birliyi cəbhə xəttinə getmək üçün təşəbbüs göstərmişdi. O məsələ nə yerə qaldı?

-O işə Nəriman Həsənzadə baxır. Təxmini 10 ay əvvəl mən özüm getmişdim. Əsgərləri düzdüm sıraya, təxmini 30 nəfər idi. Komandirləri də subay idi, özləri də. Onlarla yaxşı söhbət etdik. Özü də mənim orada polkovnik dostum var, təsadüfən gördüm. Fövqəladədə çalışır. Mən özüm xahiş etdim, dedim təsadüfən gəlmişəm, mamamı (atamın bacısını) görməyə gəlmişdim. Amma gələn dəfə hazırlıqlı gələrəm. Uşaqlardan biri qayıtdı ki, Seyran müəllim siz, bəlkə gələn dəfə gələndə biz burda olmadıq. Dedim, harada olacaqsınız? Cavab verdi ki, Yerevan tərəfdə-filan. Xoşuma gəldi. Mən də düşündüm ki, bunu paylaşım.

Ümumiyyətlə, mən kampaniya xarakterli şeyləri xoşlamıram. Özün yekə kişisən, imkanın var, gedirsən get, getmirsən getmə.

- Qarabağ hadisələrində çox məqamlar oldu ki, Azərbaycan xalqının yaddaşında mənfi iz qoydu. Sizə ən çox təsir edən hansı oldu?

-Mən bölə bilmərəm. Elə bütünlükdə Qarabağ və onun ətrafında olan hər şey. Elə şey yoxdur ki, adama təsir etməsin.

- Hadisələrin bu şəkildə cərəyan etməsində o vaxtkı rəhbərliyin də məsuliyyəti var idi. Bütün məsuliyyəti rəhbərliyin üzərinə atmaq olarmı?

-O vaxtı SSRİ hökuməti var idi. Deyir, imam üçün ağlayanda gərək yezid üçün də yer qoyasan. Amma hər halda diribaşlıq nümayiş etdirmədilər, günahları çoxdur. Bunu dəqiqliyi ilə deyə bilmərəm. Çünki SSRİ kimi nəhəng imperiyaya qarşı Azərbaycan nə edə bilər?

1992-ci ildə Mərkəzi Komitənin orqanı olan "Bərəkət” qəzetində sonuncu səhifəni bizə vermişdilər. Həftədə bir dəfə ayrıca "Kasıb” adlı səhifə ilə çıxırdıq. Həmin qəzet 14 nömrə çıxdı. Məsələn, 1992-ci ilin iyunun 2-də çıxan 4-cü nömrəsində qeyd edilmişdi - "Azərbaycan kasıblar cəmiyyətinin pənahı (orqanı)”, "Qəzetin əsası ibtidai icma quruluşunda qoyulmuşdur”, "qiyməti – kasıbın olanından”, "ayda-ildə bir dəfə çıxır”, "ünvan Azıx mağarası” ... Orada çox şeylər var idi. Məsələn, "Soruşun cavab verək”, "Tapmaca desəm, taparsanmı?” adlı rubrikalar var idi.

- Qəzetdə Qarabağla bağlı nələrsə yer almışdımı?

- O qədər şeylər var idi ki qəzetdə. Məsələn, "Kim deyər, erməni nədən əmələ gəlib?”, "Kim deyər, icra hakimiyyəti yaxşıdır, yoxsa raykom?”, "Kim deyər, parlament yaxşıdır, yoxsa Milli Şura?”, "Kim deyər, Şuşanı neçəyə satıblar?”, "Kim deyər, Azərbaycan xalqı nə vaxt ayılacaq?”, "Kim deyər, Xankəndindən Yerevana neçə kilometrdir?” və s. suallar var idi.

Satirik-yumoristik qəzet idi, "Molla Nəsrəddin”yönümlü. Bir dəfə lağlağı üçün elan verdim ki, "Kasıb” qəzetinin redaksiyası Mirzə Ələkbər Sabirin sabun bişirdiyi tiyanı axtarır. Kim onu gətirsə, 50 min manat mükafat veriləcək. Redaksiya tiyanla dolmuşdu. Bakının kəndlərindən köhnə tiyan gətirmişdilər ki, bax bunda bişirib. Amma heç kim başa düşmədi ki, burada söhbət tiyandan getmir axı.

"Kim deyər, Allah niyə başımıza daş salıb, qalmışıq altında?”bunlar hamısı sənin dediyin dərdlərdi. "Kim deyər, Babək bu gün sağ olsaydı, Qarabağın əldən verilməsinə görə kimin üzünə tüpürüb, onun balaca tikəsini qulağı boyda edərdi?”, "Kim deyər, müharibə vaxtı çoxuşaqlı ana olmaq yaxşıdır, yoxsa sonsuz?”, "Kim deyər, dünya nə vaxt dağılacaq?”, "Kim deyər, Qarabağ uğrunda döyüşlərdə güllə adamın dizinə dəysə yaxşıdır, yoxsa təpəsinə?”.

Mən deyərdim ki, "Bərəkət” qəzetini bizim "Kasıb”a görə alırdılar. "Alqışlar, qarğışlar” adlı rubrikada deyilirdi – "Səni görüm hakimiyyətə gələsən, gələsən-gedəsən, gələsən-gedəsən”, "Səni görüm, Moskva mehmanxanasının damından öz xalqına güllə atasan”, "Səni görüm, vətənə qayıtmağa üzün olmasın”, "Səni görüm parlamentdə ikitərəfli sətəlcəm olasan, sonra da səsin batsın”, "Səni görüm xərçəng xəstəliyinə yox, vəzifə xəstəliyinə tutulasan”, "Səni görüm xalqın yolunda yanasan, yanasan, yanasan kül olasan”.

- Seyran müəllim, SSRİ Müdafiə Nazirliyində tərcüməçi işləmisiniz. Bu necə baş vermişdi?

- Bişkekdə. Orada Ali Təyyarəçilik Məktəbi var idi. Həmin məktəbdə SSRİ məkanından olan uşaqlar gəlib, təyyarə sürmək öyrənirdilər. Bütün ərəb ölkələrindən, Əfqanıstandan, Şərqi Avropa ölkələrindən gələnlər var idi. Mən orda əfqanlarla tərcüməçi işlədim. Gündə 6 saat müəllim leksiya oxuyurdu, fars dilindən ruscaya və əksinə tərcümə edirdim. Leytenant kimi. 180 manat da maaş alırdım. Sonra bitirdim, ölkəyə qayıtdım.

- Bəzən "xalq diplomatiyası”nı qabardırlar. Bu vacibdirmi?

-Bu da bir cəhd idi, etdilər, gördülər boş şeydir. Münaqişə silahla, zorla həll edilməlidir. Rusların bir sözü var idi, nə ilə xəstələnmisənsə, onunla da müalicə olun. Silahla alıblar, silahla da geri qaytarmalıyıq.

- Qarabağdan olmayan azərbaycanlıların qarabağlılara münasibətini normal hesab edirsinizmi?

-Elə götürək mənim öz nəslimi, heç kəsin xətrinə dəyməsin. Biz Muradxanlı tayfasıyıq. Təxminən 1200 nəfəri keçmişik. Orada da görürsən ki, kimisə bəyənmirik. İndi deyirlər də, qaçqınlar gəldi, yerləşdi. Bəzən deyirlər ki, qaçqınlar bizdən yaxşı yaşayır. Allah səni qaçqın eləsin, get hamımızdan yaxşı yaşa. Qaçqının yaşayışı nə olacaq? Vətən olmayandan sonra sən kimsən? Füzuli yerində olanda mən Bakıda heç kəsi bəyənmirdim, yekə-yekə gəzirdim. İndi yetim quzu kimi büzülüb yatıram. Millətdi də, bu olan şeydir. Elə şeylərə fikir verməyin. Hamıda var, bizdə də olacaq. Qaçqın necə səndən yaxşı yaşaya bilər? Elə bir müddət əvvəl bir yataqxana yandı. Necə olur bəs bu? Sənin Allahın yoxdur? Qaçqınların hamıdan yaxşı yaşadığını deyənlər, qaçqın olmayan qonşusuna da yəqin deyir ki, buna bax, köpəkoğlu maşın aldı. Yəni bu insanın xisləti budur. Onun üçün qaçqın, qardaş, qohum-qonşu fərq etməz. Kimsə ondan yaxşı yaşasa gözü götürməyəcək. Gözü götürməyənlər isə ingilislərdə də, ruslarda da, azərbaycanlılarda da var.

Aqşin KƏRİMOV

Aysel ASLAN

Ədalət.-2019.-16 yanvar.-S.5.