Qan Turalı: “Mənim təbəssümüm də qalmaqaldır”

Adalet.az tanınmış yazar, ssenarist Qan Turalıyla Ayxan Ayvazın söhbətini təqdim edir.

- Tural, birinci, səni təbrik edirəm. "Adam” filmi xeyli mükafatlar qazandı, yaxşı reaksiyalar oldu. Bu filmin ideyası necə yarandı? Bir az ondan danışaq.

- Çox sağ ol, Ayxan. Neftçalanın Kürdili adasında tək yaşayan Vitali Pronin haqqında Səbuhi Məmmədli məqalə yazmışdı. Prodüser və rejissor dostlarım dedilər ki, çox maraqlı mövzudur, bunu mütləq işləyək. Sonra müraciət elədik Dövlət Sərhəd Xidmətinə. Onlar da sağ olsunlar, başda Elçin müəllim və şəxsi heyət. Bizə çox köməklik elədilər ki, filmi çəkək. Film beləcə istehsal olundu. Çoxlu uğur qazandı. Hələ də uğur qazanmaqdadır. Xarici festivallarda da iştirak eləyəcək... Məncə, bütün bunlar hələ başlanğıcdır. Bu işdə rejissor Emil Əli gənc olmasına baxmayaraq həqiqətən də misilsiz istedad və zəhmət nümunəsi olmuşdur. Eləcə də filmin mənimlə birgə prodüserliyini edən Ali Arazın da entuziazmı... Çox məhdud imkanlarla "Adam” filmi ortaya çıxdı.

- Ümumən son dövrlər çəkilən filmlərə münasibətin necədir? Bu sahəyə yeni daxil olmuş biri kimi səncə çatışmayan nələr var?

-Mən başqa yoldaşların işlərinə qiymət vermək istəmirəm. Bununla kinoşünaslar məşğul olsalar yaxşıdır. Mən proza yazdıqdan sonra ədəbi tənqidçiliyin daşını atmışam. Sənət etikasına əməl etməlk vacibdir. Sadəcə, ən ümumi şəkildə demək istəyirəm ki, bütün qazanılan uğurları inkar etmədən kinomuz öz qızıl dövrünü yaşamır. Bununla belə çox böyük canatım və yüksəlişlər gözə dəyir. Tez-tez "Azərbaycanfilm”də oluram. Çox istedadlı, hekayələri, ssenariləri və şövqləri olan gənc rejissorlar görürəm. İnanıram ki, qazanılmış uğurlar gələcək kino intibahının çox güclü rüşeymləridir. İndi bizdə çox güclü bir kino nəsli yetişib. Bu nəslin çox güclü potensialı var. Hətta mən fərəhlə deyə bilərdim ki, Azərbaycan kinosunda heç vaxt bu qədər güclü potensial olmayıb. Lakin çox təəssüf ki, bəzi dövlət məmurları kinoya ayrılan vəsaiti kəsməkdən danışırlar. Mədəni, savadlı, milli və bəşəri dəyərlərlə tərbiyə edilmiş vətəndaş yetişdirmək dövlətin ümdə vəzifəsidir. Məgər bunu incəsənətsiz etmək mümkündür? Azərbaycanda nə qədər idealist müəllim varsa səni əmin edirəm ki, onların bir insan kimi formalaşmasında "Bizim Cəbiş müəllim” filminin də böyük rolu olub. Doğrudur, kommersiya filmləri istehsal edilir, lakin onların belə bir məqsədi və məramı yoxdur. Azərbaycan kinosu Azərbaycan xalqının, Azərbaycan Respublikasının sərvətidir. Ümid edirəm ki, bu shaəyə diqqət də, maliyyə də artılacaq. Və bu maliyyənin daha səmərəli xərclənməsi üçün də orijinal mexanizmlər ortaya çıxacaq.

- Sən ədəbiyyat adamısan, ədəbi mühitdən çıxmısan. Kino mühiti ilə necə dil tapırsan? O əvvəlki "ədəbiyyat söhbətləri” üçün darıxmırsan ki?

-Mən heç zaman ədəbiyyat söhbətləri üçün darıxmamışam. Mənim üçün ədəbiyyat söhbətdən yox, yazıdan ibarətdir. Dünən oturub Allah bilir neçənci dəfə "Şəppəli”ni oxudum. Sonra düşündüm ki, Azərbaycanda hamı, bütün dövlət qulluqçuları, həkimlər, müəllimlər hamı məcburi şəkildə bu kitabı oxumalıdır. Və mənə elə gəlir ki, biz çayxanalarda çox vaxt itirdik. Bir-birimizə oxşamağa başladıq. Özümüzü təkrarlamağa başladıq. Ədəbiyyatın özünü yox ətrafını danışmağa başladıq. Əlbəttə, ədəbi mühitdə çox gözəl, parlaq istedada malik dostlarımla ünsiyyətim hələ də davam edir. Lakin yenə deyirəm, mənə ədəbiyyatla bağlı söhbətlər daima mənasız gəlib. Ədəbiyyat tənhalıq kimi şeydir, onu təkbaşına yaşamaq gərəkdir. Bir tale kimi, bir alın yazısı kimi... Çox şey eləmədim? (gülür)

- Tural, sənlə bu barədə çox söhbətlərimiz olub. "Behzat Ç”ni xüsusi sevdiyini bilirəm. Bir neçə xarici serialları da. Ağlında bir serial ideyası varmı?

- Əslində əlimdə serial projesi var. İki-üç il qabaq yazmışam. Hər şeyi hazırdı. Situativ komediya janrında serialdı. Çox istərdim ki, serialım ekranlara çıxsın. Amma mövcud situasiyada bu mümkünsüz görünür. Serial bizdə konveyer üsulu ilə çalışır. Bu tempə ayaq uydurmaq, bu tempdə yaradıcılıq ortaya qoymaq mənim üçün müşküldür.

- Sirr deyilsə... Nədən bəhs edir serial?

- Qısaca deyim ki, gənclərin həyatındandır.

- Aha...

- Yaradıcı gənclərin həyatı... Yəni bizim həyatımız. Bizim böyük çarəsizliyimiz haqqındadır, Ayxan... (gülür).

- Yaradıcı gənclərin həyatı dedin... Sən yaradıcılığa şeirlə başladın, sonra nəsrə keçdin. Və indi də kino sahəsinə keçdin. Ədəbiyyat fəaliyyətin davam edirmi? Yazırsanmı yeni əsərlər?

-. Bu il bir kitab çap etdirmək istəyirəm. "Dərin cinayət” adlı povest olacaq içində. Adı hələlik şərtidir. "Prokurorun üç günü” povestimin davamıdır. Mən də detektiv qəhrəman silsiləsi başladım axı. Allah axırımı Dronqodan qorusun. (gülür). Düzdür, mənimki "Made in Azerbaijan” brendidir. İdxal deyil. Kitab üçün iki povest nəzərdə tutmuşam. Digəri "Samir, Samiri”dir. "Azərbaycan” jurnalında çap edilmişdi. Və son illər yazdığım bir neçə hekayə. Adın da deyim, day özümünküsən. (gülür) "Ayna”dır adı. Tarkovskiyə heç bir dəxli yoxdur. Borxesə də. Obrazın adıdır. Xüsusi isimdir. Yəni mən ədəbiyyatdan heç bir halda qopmuram. Ruhi-rəvandır ədəbiyyat. Heç nə onun yerini verə bilməz. Elçin müəllimin sözü olmasın, mən hər şeydən əvvəl yazıçıyam.

- Povestinin çapı ilə bağlı bir status yazmışdın.

- Hə, deməli "Dərin cinayət”i verdim nəşriyyata. Onlar da dedi ki, tarixi sənədlər olmalıdır. Dedim sənəd olsa dissertasiya yazaram da. Bədii ədəbiyyata sənəd istəyərlər?

- Tarixi süjetdir deyəsən...

- Anaxronizm və alternativ tarix. Söhbət Mehdi Hüseynzadənin fonunda Məmməd Əmin Rəsulzadə və Stalindən gedir. Bu hələ görünən üzdür.

- Naşir anaxronizmi anlamayıb və çap etməkdən imtina edib?

- Eynən.

- Hansı naşirdi?

- Onu deyə bilmərəm.

- Tural, tək filmlərlə məşğul deyilsən. Həm də dərs deyirsən... Aktiv bir fəaliyyətlə məşğulsan...

- Bəli, həm pedoqoji, həm də yaradıcılıqla məşğulam. (gülür)

- Mədəniyyəti çiyinlərin üzərində daşıyırsan...

- (gülüşmə). Allah verəndən...

- Çətin deyil ki? Çatdıra bilirsən hamısına?

- Əlbəttə. Çünki, Ayxan, bunlar hamısı mənim arzuladığım peşələrdi. Yeni layihələrim də var, onların üzərində çalışıram. Məncə, insan daim çalışmalı, özünü inkişaf etdirməlidir. Azərbaycan da elə bir yerdir ki, ürəyincə istədiyin işlə məşğul olmaq xoşbətlikdir. Əgər mən ürəyim istəyən bir işlə məşğul oluramsa, niyə də bacarmayım, niyə çatdıra bilməyim? Yoxsa gedim, bəzi şair-yazıçılarımız kimi bütün günü araq içim? (gülüşmə) Sonra da status yazım ki, xalq bizə qiymət vermir,

- Hətta vaxt tapıb İzzət Bağırovla münaqişə də yaşaya bilirsən...

-Bir status yazmışdım. Yox e, filmin afişasın paylaşıb təbəssüm emojisi qoymuşdum. Media da götürüb bunu yazdı, aləm dəydi bir-birinə. Özü də film sahəsi elədir ki, burda tənqid az olur deyə qəribə qarşılandı. Medianın da burda xüsusi rolu oldu. Bunu xüsusi vurğulamaq istəyirəm ki, media mənim nəşriyyatla problemi işıqlandırmadı, amma İzzətlə olan söhbəti şişirtdi. Yəni bu da mediamızın nə qədər cılızlaşdığının sübutudur. Qısacası, mənim bir təbəssümüm də qalmaqaldır, şair. O mahnı necə idi, sənin bir təbəssümün... (gülür)

- Tural, kino sahəsinə meyl etməyin bir səbəbi də ədəbiyyatdakı durğunluğa görə deyil?

- Əlbəttə, bunun xüsusi rolu var. Mən hesab edirəm ki, ədəbiyyat əvvəlki kimi cəmiyyətdə aktual deyil. Ədəbiyyat elə bir şeydir ki, o gəldiyi zaman zatən yazırsan. Mənim ağlıma povest gəldi, oturub yazdım. Lakin ədəbi prosesdə bir donuqluq var. Yəqin ki, müvəqqətidir.

- Esselər kitabı...

- Hələ planda yoxdur. Daha doğrusu planda var, amma yazı stolumda yoxdur.

- Səni daha çox esseist kimi qəbul edənlər var. Nasir kimi həmişə tənqid edirlər ki, onda bədiilik azdı və s. Bu barədə nə düşünürsən?

- Deyirlər də, Ayxan... Desinlər... Mənim işim yazmaqdır. Bədiilik kateqoriyasını izah da edə bilərəm, lakin anlamazlar. Yola ver, getsin e... (gülür)

- Yazırsan yenə? Esse janrını nəzərdə tuturam.

- Sıfırdan bir esse kitabı nəzərdə tutmuşam. Görək necə olur. Mənim əbədi işim yazmaqdı. Hətta kinoda belə yazıram (gülür).

- Bilirəm ki, Vudi Alleni çox sevirsən. İndi sanki bir az özünü ona bənzətmək də var sanki. Hələ də Vudi Allen sevdiyin rejissor olaraq qalır, yoxsa fikrini dəyişmisən?

-Vudi mənim sevgimdir. O heç zaman ölməyəcək bir sevgi. Əlbəttə ki, mənim üçün Fellini və Lars fon Trier də bir ölçü və meyar olacaq qalacaq.

- Vaxtın az olur yəqin ki... Hətta müsahibəni də qaçaraq alıram səndən. Ədəbi prosesi izləyirsənmi? Yeni imzaları...

-"Ədəbiyyat” qəzetini oxuyuram. Bayaq dediyin yeni imzalarla bağlı durğunluğu ümumi ədəbi prosesdən də müşahidə etmək mümkündür. Xüsusilə diqqətimi çəkən bir imza yoxdur. Amma bu sahədə ədəbi tənqidçilər danışsalar daha yaxşı olar. Xüsusilə də proza sahəsində yeni imzaların olmaması məni narahat edir. Ancaq bu da bir prosesdir.

- Çatışmayan nələr var? Ümumiyyətlə, proses qalıbmı səncə, yoxsa donmuş vəziyyətdədir?

-Bu haqda danışmaq mənə çətindir. Amma dediyim ki, ədəbi proses donuqlaşıb. Bəlkə də ictimai-siyasi proseslərlə bağlıdır. Ya da sosial media insanların ədəbiyyata ayıracaqları vaxtı alır. ELə yazıçılarımız da sosial mediada daha çox vaxt keçirirlər. Bir də qarışıqlıq dövrüdür sanki. Ədəbiyyat üçün bir az durulmağa ehtiyac var. Mən öz şəxsimdə bütün bunları hiss edirəm.

- Bizim, yəni ədəbiyyatçıların rejissorlarla sıx əlaqələri yoxdur. Sanki aramızda uçurum var. Əvvəllər belə deyildi. Bu əlaqələri təzədən qurmaq mümkündümü? Bərabər iş görmək baxımından soruşuram.

-Yazıçı kinoda iştirak etməməlidir. Kinoda ssenarist peşəsi var ki, mahiyyət etibarı ilə yazıçılığa daha yaxın sahə odur. Ssenari də ədəbi formadır, lakin onu hekayə, ya da povestlə qarışdırmaq olmaz. Necə ki, drama səhnə üçün yazılırsa ssenari də film üçün yazılır. Romanın isə belə bir problemi yoxdur. O oxunmaq üçündür. Yaxşı hekayə hələ yaxşı ssenari demək deyil. Yazıçılarımız ssenari yazmağı öyrənməlidirlər. Mən Azərbaycan ədəbiyyatının çox güclü potensialı olduğuna inanıram. Bu potensial ssenariyə çevrilməlidir. Lakin bir məqama da baxaq. Götürün, dünyanın ən yaxşı filmlərini... Görün, neçəsi ekranizasiyadır? Tolstoy, Hüqo, Balzak, Dostoyevski kimi ustaların əsərlərinə nə qədər uğurlu film çəkilib? Bu mənada kinonun spesifik sahə olduğunu qəbul etmək lazımdırBütün bunları praktik və nəzəri şəkildə öyrənmək lazımdır. Bir yazıçımız deyirdi ki, mənim romanıma film çəksələr Oskar alar. Soruşdum ki, bu il Oskarı hansı film alıb, bilmədi. Yəni, belə yazıçılarla Oskar ala bilməyəcəyimiz o qədər aydındır ki...

- İndi nə ilə məşğulsan?

-Mədəniyyət nazirliyinin sifarişi, "Azərbaycanfilm”in dəstəyi ilə Zen Filmdə "Soraq” adlı qısametrajlı filminin çəkilişlərini başa çatdırdı. Bu bizim dövlət sifarişi ilə ərsəyə gələn ilk işimiz idi. Və istər "Azərbaycanfilm”in, istərsə də nazirliyin dəstək və qayğısını açıq şəkildə hiss etdik. Faktiki olaraq yaradıcı prosesə qətiyyən müdaxilə edilmədi və işin yaxşı alınması üçün bütün imkanlar səfərbər olundu. Hazırda filmin montajı gedir.

Bundan əlavə işçi adı "Nəfəs” olan qısametrajlı filmin hazırlığına başlamışıq. Hər iki filmin rejissoru mənim əziz dostum Pərviz Həsənovdur. Bayaq sən yazıçılarla rejissorların əməkdaşlığı haqqında sual verdin. Məncə, ən vacib olan yazıçının, daha doğrusu ssenaristin öz rejissorunu tapmağıdır. Azərbaycan və eləcə də dünya kinosu tarixində ssenarist-rejissor əməkdaşlığının çox gözəl nümunələri var. Bu iş kollektiv işdir, başqa cür alınmır.

- Son olaraq Tural, belə bir sual vermək istəyirəm: film, ədəbiyyat, yoxsa teatr? Üçü arasında qalsan hansını seçərdin?

- Keçmiş gömrük naziri demişkən, nə fərqi var, hamısı puldu da. Yəni, hamısı yazıdı da... Axırda bir cümlə də deyim?

-De...

-Həyatdan maraqlı heç nə yoxdur. Bircə yazı istisnadır.

- Öz fikrindi?

- Yox, Orxan Pamuk...

Söhbətləşdi: Ayxan Ayvaz

Ədalət.-2019.-16 yanvar.-S.5.